Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3595/2021 27.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, İddiaçı, cavabdeh və digər Cavabdeh2 nümayəndəsi Cavabdeh1 iştirakı ilə, iddiaçı İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh2 və Cavabdeh1 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cavabdehlərin Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, 94A saylı evin 10-cu mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, 94A saylı evin 10-cu mənzili (bundan sonra – mübahisəli mənzil) mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. O, həmin mənzili alqı-satqı müqaviləsinə əsasən X1 almışdır. Cavabdehlər onun qohumlarıdır. Onların xahişi ilə o cavabdehləri mənzilinə qeydiyyata salmışdır. Cavabdehlərin onun mənzilində qeydiyyatda olmaları onun əlavə xərclər çəkməsinə səbəb olur. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verdi və həmçinin bildirdi ki, cavabdehlərondan xahiş etmişdilər ki, onları mənzilinə qeydiyyata salsın. O, bununla razılaşmış və cavabdehləri mənzilə qeydiyyata salmışdır. Lakin, cavabdehlər bir müddət sonra mənzildən qeydiyyatdan çıxmalı olduqları halda buna əməl etməmişlər. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh və digər cavabdehin nümayəndəsi Cavabdeh1 məhkəmə iclasında bildirdi ki, iddia tələbi ilə razıdır. Belə ki, digər cavabdeh onun həyat yoldaşıdır. Onlar iddiaçının uzaq qohumlarıdırlar. Onların Sumqayıt şəhərində qeydiyyat yerinə ehtiyacları olduğu üçün iddiaçıya müraciət etmişlər və iddiaçı onları mənzilinə qeydiyyata saldırmışdır. Onların qızları ev almalı idi və onlar həmin evə qeydiyyata düşəcəkdilər. Lakin, həmin məsələ alınmadığı üçün onlar məönzildən qeydiyyatdan çıxa bilmirlər. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.09.2020-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Qeyd edilənlərdən göründüyü kimi mülkiyyətçi öz mülkiyyətində olan yaşayış sahəsinə digər şəxsləri könüllü olaraq qeydiyyata saldırdığı halda onların oradan qeydiyyatdan çıxarılması üçün ümumi məhkəməyə deyil, müvafiq inzibati orqana müraciət etməlidir. İnzibati orqan tərəfindən mülkiyyətçiyə imtina cavabı verilərsə o, bununla bağlı müvafiq inzibati məhkəmədə iddia qaldıra bilər. Hazırkı iş üzrə tərəflərin izahatları ilə müəyyən edilir ki, iddiaçı könüllü şəkildə cavabdehləri öz mənzilinə qeydiyyata saldırmışdır. Cavabdehlərin mənzildən istifadə hüququ yaranmamış və formal olaraq mənzildə qeydiyyatda olmuşlar. Belə olan halda isdə hazırkı tələbə ümumi məhkəmədə baxılması qeyri-mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir (261.0.1.). Məhkəmə hesab edir ki, ərizəçinin tələbinə məhkəmədə baxılmalı olmadığından hazırkı iş üzrə icraata xitam verilməli, iddiaçıya cavabdehlərin onun mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmaları üçün müvafiq inzibati orqana, imtina cavabı aldığı təqdirdə isə müvafiq inzibati məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-264, 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehlərin Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, 94A saylı evin 10-cu mənzilindən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-3595/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-3595/2021
27.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver