Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3598/2022 30.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə 30 iyun 2022-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sumqayıt şəhəri, 11ci mikrorayon, 34 saylı evin 59 saylı mənzilinə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 34, 59 saylı mənzil xx.xx.2022-ci il tarixindən onun və qardaşı X1 paylı mülkiyyətindədir. Cavabdeh onların qardaşıdır. Hazırda cavabdeh həmin mənzildə qeydiyyatda olsa da, həmin ünvanda yaşamır. Onun Sumqayıt şəhəri, Yaşıldərə ərazisində dövlət qeydiyyatına alınmamış fərdi yaşayış evi mövcuddur. Hazırda həmin şəxs həmin ünvanda yaşayır. Onun mənzilə olan ehtiyacı tam şəkildə ödənildiyindən və hazırda həmin ünvanda yaşadığından hesab edir ki, cavabdehin hazırkı ünvana yaşayış sahəsindən istifadə hüququna kompensasiya verilmədən xitam verilməlidir. Buna görə də cavabdehin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarma uyğun çıxarılmalıdır. Hazırki hüquq münasibətləri 2000-ci il tarixədək əmələ gəldiyindən mövcud mübahisənin həlli zamanı 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Göründüyü kımi, cavabdeh uzun müddətdir ki, hazırki mənzildə yaşamır. Həmin şəxsin mənzildə yaşamasına tərəfindən heç bir maneçilik göstərilmir. Hazırda cavabdehin könüllü surətdə həmin mənzildən istifadə etməməsi onun həmin mənzilə ehtiyacının olmaması qənaətinə gəlməyə əsas verir və bu səbəbdən cavabdehin həmin mənzilə istifadə hüququna xitam verilməlidir. Yuxarıda qeyd etdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı qızı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul edir. 6-7 il olar ki, həmin evdə yaşamır. 1982-ci ildə həmin evə köçmüşdürlər və bu günə kimi orada qeydiyyatda olmuşdur. Hazırda başqa evdə yaşayır, ona görə də mübahisəli mənzilə olan istifadə hüququna xitam verilməsinə razıdır. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 1/2 hissədə İddiaçı, 1/2 hissədə Cavabdeh payı müəyyən edilməklə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikasının Daxili işlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışından görünür ki, ünvan 2 ünvanında qeydiyyatdadır. Məhkəmə işdə iştirak edən tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ünvan 2 ½ hissədə Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarış əsasında xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır. İddiaçının qardaşı mübahisəli mənzildə mənzildə yaşamış, daha sonra özünə başqa yaşayış yeri seçməklə mənzili daimi olaraq tərk etmişdir. Cavabdeh 6 ildən çoxdur ki, mübahisəli mənzildə yaşamır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə mübahisəli hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixədək yarandığından hazırki mübahisə həmin tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin normaları əsasında həll edilməlidir. 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 6-cı hissəsinə görə şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə görə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ-ci hissəsini məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və onun ailə üzvlərinin müvəqqəti o, cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxslərin yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Mübahisənin həlli, yəni cavabdehin mübahisəli mənzildən olan istifadə hüququnun itirilib-itirilməməsinin müəyyən edilməsi üçün onun bu yaşayış sahəsini tərk etməsinin səbəbləri araşdırılmalı və bu tərk etmənin daimi və yaxud müvəqqəti əsaslarla olmasına qiymət verilməlidir. Belə ki, bu münasibətləri tənzimləyən yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri baxımından bu kateqoriya işlər üzrə əsas şərt icarəçi və ya qeydiyyatda olan şəxslərin mənzildə 6 ay və daha artıq müddətdə üzrsüz səbəbdən yaşamamasını və hüquqları mübahisələndirilən şəxslərin başqa yerdə daimi yaşayış yerlərinin olmasını sübut etməkdir. Bu baxımdan məhkəmə iş materiallarında olan sübutları qiymətləndirərək, belə qənaətə gəlir ki, cavabdeh mübahisəli mənzili məhz daimi əsaslarla tərk etmişdir. Belə ki, cavabdehin mübahisəli mənzildə 6 ildən artıq müddətdə yaşamaması ilk növbədə özünün məhkəmə iclasında verdiyi izahatı ilə təsdiqini tapmışdır. Digər tərəfdən cavabdeh mübahisəli mənzili məcburi olaraq deyil, könüllü olaraq tərk etmişdir. Belə ki, cavabdeh 6 ildən çox keçməsinə baxmayaraq mənzilə köçürülmə barədə iddia qaldırmamış və ya mənzildən istifadəyə maneə törədilməsi ilə bağlı hər hansı orqana şikayət etməmişdir. Bu isə, cavabdehin müvəqqəti deyil, məhz daimi əsaslarla mübahisəli mənzildən köçməsi faktını təsdiq edir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Cavabdeh Sumqayıt şəhəri, 11-ci mikrorayon, 34 saylı evin 59 saylı mənzilinə olan istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Sumqayıt şəhəri, 11-ci mikrorayon, 34 saylı evin 59 saylı mənzilinə olan istifadə hüququna xitam verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-3598/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3598/2022
30.06.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver