Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3599/2022 18.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi ilə, Cavabdeh və digər Cavabdeh2 nümayəndəsi Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri məhəllə 41 A 5 В saylı evin 31 saylı mənzilinə yaşayış sahəsindən istifadə hüququna xilam verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan SSRİ Sumqayıt Şəhər Xalq Deputatları Soveti icraiyyə Komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən xx.xx.1981-ci il tarixli 12/585 nömrəli order ilə Sumqayıt şəhəri məh.41 A ev 5 В 31 saylı mənzil ölən X3na verilmişdir. X3 xx.xx.2016-cı il tarixində ölmüşdür . Hazırda cavabdehlər qardaşı Cavabdeh1 və anası Cavabdeh2 2013-cü il tarixindən həmin mənzildə yaşamırlar. Həmin faktı Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Komunal X1 12 saylı mənzil komunal sahəsinin və qonşularımın tərtib etdiyi akt da təsdiq edir. Cavabdehlər həmin ünvanda yaşamasalar da onların həmin mənzildə qeydiyyatda olmaları ilə əlaqədar olaraq əlavə komunal xərclər ödəməyə məcbur olur. Hazırda cavabdehlər həmin mənzildə yaşamadıqlarına görə onların yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 etirazla məhkəməyə müraciət edərək İddiaçı onlara qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının istifadə hüquqlarına xitam verilməsini tələb etdiyi ünvan 1 ünvanında yerləşən sahəsi 47,31 kvadrat metr olan 31 saylı mənzil 1981-ci il tarixdən ikinci cavabdeh olaraq Cavabdeh1, Cavabdeh2 mərhum həyat yoldaşı X6 istifadəsinə verilmişdir. Həmin mənzilə dair keçmiş Evlər İdarəsi tərəfindən mərhum həyat yoldaşının adına 16 iyun 1981-ci il tarixdə 12/585 saylı order verilmişdir. X12 21 dekabr 2015-ci il tarixdə olduqca müəmmalı şəkildə vəfat etmiş və onun ölümü ilə bağlı hər hansı həkim rəyi alınmadan iddiaçı tərəfindən tələm- tələsik dəfn edilmişdir. Onun ölümü müəmmalı olduğu kimi, mərhum həyat yoldaşından sonra onun 18 000 ABŞ dolları və 13 000 Azərbaycan manatı şəklində qalmış pulunu da iddiaçı və onunla əlbir olmuş şəxslər gizlicə mınimsəyərək yiyələnmişlər. Bu hallarla bağlı cavabdehlər tərəfindən aidiyyəti hüquq-mühafizə orqanlarına dəfələrlə müraciətlər edilmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş 23 aprel 2016cı il tarixli Qərarla müraciətləri əsasında cinayət işinin başlanılmasından imtina edilmişdir. Nəticədə, Cavabdeh2 həyat yoldaşının əmlakının birgə mülkiyyətçisi olmağı səbəbindən onun həyatı üçün təhlükə mövcud olduğundan, ikinci cavabdeh olan oğlu X8 ilə birlikdə həmin mənzili tərk edərək bugünədək kirayədə yaşamaq məcuriyyətində qalmışdır. Belə ki, iddiaçı cavabdehləri həmin mənzilə buraxmamaqla yanaşı, həyat və təhlükəsizlikləri üçün də təhlükə mənbəyidir. Qeyd edilən mənzildə, Cavabdeh2 ilə yanaşı, Cavabdeh1, X9 və X10 pasport qeydiyyatındadırlar. Həmin mənzil “Mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən mərhum həyat yoldaşının qanuni vərəsələri kimi onların mülkiyyətinə verilməlidir. Ancaq iddiaçının sözügedən mənzilə təkbaşına yiyələnmək niyyətində olması ucbatından həmin mənzilin vərəsələrdən birinin, yaxud ümumi mülkiyyət şəklində bütün vərəsələrin adına keçirilməsi mümkün olmamışdır. Cavabdehlər dəfələrlə iddiaçıya mübahisəli mənzili özəlləşdirərək satmağı və satışdan hər vərəsənin özünə düşən payın pulu şəklində ekvivalentini almağı təklif etsələr də iddiaçı hər dəfə qəti şəkildə bundan imtina etmiş və evin özəlləşməsinə razılığını verməmişdir. Bu səbəbdən cavabdeh 2018-ci ildə ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən sahəsi 47,31 kvadrat metr olan 31 saylı mənzil üzərində orderdə adı göstərilən və mənzildə qeydiyyatda olan şəxslərin mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılmasını xahiş etmişdir. Lakin sonuncunun cavabdehin müraciətinə verdiyi **********19 saylı 14 iyun 2018-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, ərizəyə mənzil sahəsinə hüququ olan şəxslərin mənzili özəlləşdirməyə razılığı barədə ərizələri əlavə edilmədiyindən, mənzil üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılması mümkün deyildir. Cavabdeh bu cavabı qanunsuz və ədalətsiz hesab edirək məhkəməyə müraciət etsə də, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli,2-1 (85)-2212/2018 saylı qərarı ilə iddia tələbləri təmin edilməmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin həmin iş üzrə çıxardığı 19 fevral 2018-ci il tarixli,2- 1(105)-180/2019 saylı qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 iyul 2019-cu il tarixli,2-1(102)- 2205/2019 saylı qərarı ilə də cavabdehin şikayətləri təmin edilməyərək Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli, 2- 1 (85)-2212/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmələr bunu sözügedən mənzilin özəlləşdirilməsinə mənzilə hüququ olan digər şəxslərin, yəni iddiaçı X9 ilə X4 özəlləşməyə razılıq verməmələri və mənzillə bağlı mübahisənin olması ilə əsaslandırmışlar. Göründüyü kimi, iddiaçının iddia ərizəsində bildirdiklərinin ziddinə olaraq cavabdehlər mübahisəli mənzili könüllü şəkildə deyil, öz həyatları və təhlükəsizlikləri üçün iddiaçının yaratdığı təhlükə səbəbindən tərk edərək müvəqqəti olaraq başqa yaşayış yerinə köçüb kirayədə yaşamaq məcburiyyətində qalmışlar. Onların müvəqqəti olaraq məcburiyyət səbəbindən başqa yaşayış yerinə köçərək orada kirayədə yaşamağı mübahisəli mənzilə istifadə və gözlənilən mülkiyyət hüquqlarının itirilməsi üçün əsas hesab edilə bilməz. İddiaçı kimi, cavabdehlərin də mübahisəli mənzilə istifadə hüquqları mövcuddur və həmin mənzilin icarədarı olmuş mərhum X6 mənzil üzərində “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun tələblərinə əsasən mülkiyyət hüququ yarandığından, cavabdehlər də mərhumun vərəsələri olaraq həmin hüququn varisləridir və mənzilə mülkiyyət hüquqları vardır. İddiaçının hər hansı kompensasiya verilmədən cavabdehlərin mənzilə istifadə hüquqlarına xitam verdirmək cəhdi həmin mənzil üzərində gözlənilən mülkiyyət hüquqlarının da əllərindən alınmasına xidmət edir. Cavabdehlər iddiaçıya etdikləri müraciətlərində mənzilin tək onların mülkiyyəti kimi deyil, mənzil sahəsinə hüququ olan bütün şəxslərin mülkiyyəti kimi ümumi mülkiyyət formasında dövlət qeydiyyatından keçirilməsini təklif etmişlər. Lakin iddiaçı hər dəfə cavabdehlərin imtina etməklə mübahisəli mənzili təkbaşına ələ keçirmək niyyətinin olduğunu, göstərmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini, mülki işin məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh və digər Cavabdeh2 nümayəndəsi Cavabdeh1 iddia tələbini qəbul etmədi. Etirazı müdafiə edərək bildirdi ki, iddiaçının iddia ərizəsində bildirdikləri qanunazidd və əsassızdır. Mübahisələndirilən mənzil üzərində mənzil sahəsinə hüququ olan şəxslərin, o cümlədən cavabdehlrin gözlənilən mülkiyyət hüququ mövcuddur. Belə olan halda iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etməsini həmin mənzilə olan cavabdehlərin hüquqlarına xitam verməklə mənzili ələ keçirmək cəhdi kimi qiymətləndirilir. Bu səbəbdən İddiaçı onlara qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə” iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan: DİN tərəfindən verilmiş ******* saylı arayışdan görünür ki, mənzildə X10, Cavabdeh2, X13, X14, Cavabdeh1, X11, X19 oğlu ünvan 1 ünvanında yerləşən 31 saylı mənzildə qeydiyyatdadırlar. 16 iyun 1981-ci il tarixli, 12/585 saylı orderin surətindən görünür ki, həmin mənzil X7 verilmişdir, onunlz birlikdə həmin mənzilə ixtiyarlı olaraq Səkinəxanım Abdullayeva, Hikmət Nəzərov, Xəqani Nəzərov və Sevda Nəzərova köçmüşlər. Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 xx.xx.2015-ci il tarixdə Sumqayıt şəhərində ölmüşdür. Sumqayıt şəhəri 12 saylı MKS-nın təsdiq etdiyi aktdan görünür ki, X10, X2, Cavabdeh1, X11, X19 oğlu 2013-cü ildən ünvan 1 ünvanında yerləşən 31 saylı mənzildə yaşamırlar. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə №-2022-09496 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ilkin məcburi mediasiya sessiyasında İddiaçı iştirak etmiş və bununla bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli, 2-1(85)- 2212/2018 nömrəli qərarı ilə iddiaçı Cavabdeh2 ünvan 2 ünvanında yerləşən, sahəsi 47,31 kv.metr olan 31 saylı mənzil üzərində onun hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 fevral 2019cu il tarixli, 2-1(105)-180/2019 saylı qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli, 2-1(85)-2212/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)-2205/2019 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 fevral 2019-cu il tarixli, 2-1(105)- 180/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhəri məhəllə 41 A 5 В saylı evin 31 saylı mənzil 16 iyun 1981-ci il tarixli, 12/585 saylı orderin surətindən görünür ki, həmin mənzil X7 verilmişdir, onunla birlikdə həmin mənzilə ixtiyarlı olaraq Səkinəxanım Abdullayeva, Hikmət Nəzərov, Xəqani Nəzərov və Sevda Nəzərova köçmüşlər. X12 xx.xx.2015-ci il tarixdə Sumqayıt şəhərində ölmüşdür. Bundan sonra iddiaçı həmin məzildə yaşamış, cavabdehlər isə məcburiyyət qarşısında həmin mənzili tərk edərək, həmin mənzilə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması istiqamətində hüquqi addımlar atmışlar, bununla yanaşı iddiaçının hərəkətlərindən hüquq-mühafizə orqanlarına müraciət etmişlər. Qeyd edilənlərə baxmayaraq onların mübahisəli mənzildən istifadəsini iddiaçı mümkünsüz etmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış münasibətlər 2000-ci ilin sentyabr ayından əvvəlki dövrə təsadüf edir və mənzilin hüquqi statusu dövlət mənzil fonduna aiddir. Sadalananları rəhbər tutaraq, məhkəmə hesab edir ki, tərəflər arasında olan münasibətlər 1982-ci ildə qəbul olunmuş Mənzil Məcəlləsinin hüquq normasının əsasında qurulmuşdur və həmin Məcəllənin normaları əsasında tənzimlənməlidir. 1982-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Mənzil Məcəllənin 87-ci maddəsinə görə yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir . Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli, 2 saylı qərarının 9-cu bəndində isə qeyd olunur ki, kirayəçinin və ya onun ailə üzvlərinin daimi yaşamaq üçün başqa yerə getmələri ilə əlaqədar kirayə müqaviləsinin ləğv edilməsinə dair mübahisəni həll edərkən məhkəmə kirayəçinin başqa yerə köçməsini və ya həmin yaşayış məntəqəsinin başqa yaşayış sahəsinə köçməsini sübut edən sənədləri tələb etməyə borcludur. Belə sübutlara yaşayış sahəsindən qeydiyyatdan çıxmağa, iş yerindən çıxıb yeni yaşayış sahəsində işə düzəlməyə, yeni iş yerindən mənzillə təmin edilməyə və sair sənədlər aid ola bilər. Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən belə hallarda yaşayış sahəsinin kirayə müqaviləsi kirayəçinin və onun ailə üzvlərinin başqa yerə köçdükləri gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasə - Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Məhkəmə qeyd etməyi zəruri bilir ki, cavabdehlərin yаşаyış sаhəsinə ehtiyаcları var və yаşаyış sаhəsinə оlаn ehtiyаclarını mübahisəli mənzildən istifаdə etməklə qаrşılаmаq məcburiyyətindədirlər. Göstərilənlərlə yanaşı məhkəmə hesab edir ki, iddiaçının təkbaşına yəni, mənzildən istifadə hüquqları olan digər şəxslərin razılığı olmadan mənzillə bağlı hərəkət etməyə subyektiv hüququ yoxdur. Bununla yanaşı iddiaçının mübahisəli mənzilə mülkiyyət hüquqları mövcud deyil. Ona görə də, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 yanvar 2010-cu il tarixli Qərarında məsələyə aşağıdakı kimi hüquqi mövqe nümayiş etdirilmişdir: «Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə İ nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir şrraprinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində tutulan ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdinİməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər (§ 124). M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, məhəllə 41 A, 5 В saylı evin 31 saylı mənzilinə yaşayış sahəsindən istifadə hüququna xilam verilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-3599/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3599/2022
18.08.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver