Məhkəmə qərarları › İş №2(060)-364/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-364/2025

11.02.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-364/2025 11.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Sumqayıt Şəhər İcra Hakimiyyətini və Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsini cəlb edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Rüstəmzadə (Əlizadə) Leyla Cəfər qızına, Cavabdeh4, Cavabdeh5 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh4, Cavabdeh5 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 3, mənzil 25-də yerləşən ümumi sahəsi 66,30 kv.m., olan yaşayış evi xx.xx.2022-ci il tarixli ********** saylı Daşınmaz Əmlakın Dövlət Reyesterindən (Reyester № **********76-05101-093040) çıxarışa əsasən mülkiyyət hüququ iddiaçıya məxsusdur. Cavabdehlər Qubadlı rayonun Padar kəndindən məcburi köçkündürlər. Onlar Qubadlı rayonundan məcburi köçkün düşdükdən sonra, yəni 1992-ci ilin aprel ayında iddiaçıya məxsus olan mənzilə özbaşına girmişlər və indiyə qədər də orda yaşayırlar. Dəfələrlə cavabdehlərin qanunsuz hərəkətlərinin qarşısını almağa , onları mənzildən çıxarmağa çalışsa da buna nail ola bilməmişdir. Ona görə də ərizə ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlərin indiyə qədər iddiaçıya məxsus olan mənzildə yaşamaları onun Azərbaycan Respublikası Konstitusiyası və İnsan Hüquqları üzrə Avropa Konvensiyası ilə qorunan mülkiyyət hüququnu kobud şəkildə pozur. Odur ki, iddiaçı özü hal-hazırda ünvan 1 ünvanında ailə üzvləriylə birlikdə kirayədə yaşayır. Göstərilənlərə əsasən iddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1, Cavabdeh4, Cavabdeh5 ünvan 2 ünvanında yerləşən 25 saylı mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul edərək bildirmişdir ki, ev iddiaçıya məxsusdur, ev ilə təmin olunandan sonra evi iddiaçıya təhvil verəcək.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2n, X6, Cavabdeh4, Cavabdeh5 və həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər.

6. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) mülki işin materialları:

8. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 25 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət üzrə hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə xx.xx.2024-cü il tarixdə, ********** nömrə ilə qeydiyyat aparılmışdır.

9. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı arayışdan məlum olur ki, İddiaçı xx.xx.2017-ci ildən etibarən ünvan 3 ünvanında yerləşən 25 saylı mənzildə qeydiyyatdadır.

10. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Qubadlı rayonunun Padar kəndindən məcburi köçkünlər - X5, Cavabdeh1 və onun ailə üzvləri Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən 14 saylı binanın 25 nömrəli mənzilində məskunlaşmışlar. X5 vəfat etmiş, lakin övladı Cavabdeh1 ailə üzvləri ilə birlikdə yaşamağa davam edirlər və özü, eləcə də ailə üzvlərindən heç biri məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzil təmin edilməmiş və ya onlara mənzil təklif olunmamışdır. Nəzərə çatdırılır ki, 44 günlük Vətən müharibəsində qazanılmış qələbə nəticəsində ölkədə məcburi köçkünlərlə iş sahəsində yeni bir mərhələ başlamışdır. İşğaldan azad olunmuş ərazilərin bərpası, eləcə də orada yaşayış üçün təhlükəsizlik şəraitinin yaradılması, infrastrukturun və daimi yaşayış yerlərinin inşa etməklə məcburi köçkün ailələrinin mərhələli şəkildə daimi əsaslarla yeni yaşayış sahələri ilə təmin edilərək, yaşadıqları mənzilləri və ictimai binaları tərk edərək həmin ərazilərə köçürülməsi nəzərdə tutulmuşdur. Odur ki, bölgələrdə Bakı şəhəri və ətraf rayonlarda məcburi köçkünlər üçün mənzil tikintisi dayandırılmışdır. Halhazırda Komitə tərəfindən işğaldan azad edilmiş ərazilərimizə köçürüləcək məcburi köçkün ailələrinin siyahıları üzrə müvafiq işlər aparılmaqdadır və həmin siyahılar üzrə Cavabdeh1 adı da ailə üzvləri ilə birgə sözügedən ünvan üzrə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının işğaldan azad edilmiş bütün ərazilərimizdə, eləcədə erməni təcavüzü və işğalı nəticəsində zərər dəymiş Qubadlı rayonunun şəhər və kəndlərindən olan məcburi köçkün ailələrinin mərhələli şəkildə öz doğma yurduna köçürülməsi zamanı sözügedən ailənin də köçürülməsi həyata keçiriləcək və mənzil boşaldılaraq özünüzə təhvil verilməsi üçün əvəlcədən aidiyyəti üzrə (şəxslərə) xəbərdarlıq olunacaq.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

11. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından müəyyən edildi ki, ünvan 3 ünvanında yerləşən 25 nömrəli mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Həmin mənzildə Qubadlı rayonundan gəlmiş məcburi köçkünlər məskunlaşmışdır. Hazırda iddiaçı cavabdehlərin mənzildən çıxarılmalarını tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

12. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

13. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir.

14. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

16. Eyni Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla, müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

17. Göstərilən Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

18. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

19. Bundan əlavə, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər.

20. Həmçinin, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. İşin tədqiq olunan faktiki hallarından görünür ki, cavabdehlərin məcburi köçkün kimi iddiaçıya məxsus mənzildə məskunlaşması iddiaçının qanunla qorunan hüquqlarını pozur.

21. Nəzərə alınmalıdır ki, 1992-1993-cü illərdə ölkədə baş vermiş məlum hadisələr nəticəsində yüz minlərlə insanın qaçqın və məcburi köçkün düşməsi çox ciddi sosial problemlər yaratmışdır. Ona görə də ictimai maraq tələbləri baxımından mülkiyyət hüquqlarının müvəqqəti məhdudlaşdırılması, o cümlədən zəbt edilmiş mənzillərdə məskunlaşmış qaçqın və məcburi köçkünlərin həmin yerlərdə müvəqqəti qalmaları ictimai zərurətdən irəli gəlmişdir.

22. Hal-hazırda həmin hadisələrin üzərindən 30 il müddət keçmiş, məcburi köçkünlər cəmiyyətə adaptasiya etmiş, onların sosial təminatı ilə bağlı dövlət səviyyəsində kompleks tədbirlər həyata keçirilmiş, qaçqın və məcburi köçkünlərin böyük əksəriyyəti yaşayış sahələri ilə təmin edilmişdir. Eyni zamanda əvvəllər zəbt olunmuş mənzillərdən məhkəmə qaydasında çıxarılan şəxslərin yaşayış sahəsi ilə təmin edilməsi prioritet vəzifə kimi qəbul edilmişdir. Mövcud vəziyyətdə mülkiyyətçilərin hüquqlarına qoyulan məhdudiyyətin davam etdirilməsi mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulmasına, bununla da, mülkiyyətçinin xüsusi və həddən artıq məhrumiyyətlərə məruz qalmasına səbəb ola bilər. Həmçinin, İkinci Qarabağ müharibəsi zamanı, 25 oktyabr 2020-ci ildə Qubadlı işğaldan azad edilmişdir.

23. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamına əsasən 2022-2026-cı illər aralığında Ağdam, Füzuli, Şuşa, Xocavənd, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Tərtər və Xocalı rayonlarında 34500 mənzilin və fərdi yaşayış evinin inşası nəzərdə tutulmuşdur.

24. Məhkəmə iddiaçının “hazırki işlə bağlı qanuni qüvvəsini almış məhkəmə aktının olması” ilə bağlı izahatına qiymət verərək, qeyd edir ki, sözügedən qətnamədə mübahisələndirilən mənzilin mülkiyyətçisi X4 olduğu halda, hazırki mülkiyyətçisi İddiaçıdır. Sözügedən mənzilin İddiaçı mülkiyyəti olduğundan cavabdehlərin həmin mənzildə məskunlaşması və mənzildən çıxmamaları iddiaçının mülkiyyət hüquqlarını pozur. Şərh olunan hüquq normalarına əsasən İddiaçı ona məxsus mənzil üzərində mülkiyyət hüququ təmin edilməli və cavabdehlər həmin mənzildən çıxarılmalıdır.

25. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsindən göründüyü kimi, məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına yalnız bunun digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmadığı hallarda yol verilir və belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər.

26. Göstərilən normanın tələbləri baxımından məhkəmə hesab edir ki, cavabdehlər məcburi köçkün olduqları üçün başqa yaşayış yeri ilə təmin olunmalıdırlar və bu qətnamə Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən cavabdehlərin yaşayış sahəsi ilə təmin edilməsi üçün əsasdır.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

29. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

31. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

Nəticə hissəsi:

32. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Rüstəmzadə (Əlizadə) Leyla Cəfər qızı, Cavabdeh4, Cavabdeh5 ünvan 2 ünvanında yerləşən 25 saylı mənzildən çıxarılsınlar. Bu qətnamə Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən cavabdehlərin yaşayış sahəsi ilə təmin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar