Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3647/2023 10.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı "mənzilə köçürülmə tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı "mənzilə köçürülmə tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur. Cavabdeh onun keçmiş qayınanasıdır. Belə ki, iddiaçı cavabdehin oğlu X4 ilə xx.xx.2017-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan bir övladları var. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikahın pozulması, birgə nikahdan olan Əsmanurun iddiaçının yanında qalması və onun saxlanması üçün aliment müəyyən olunmuşdur. Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 22 ünvanında yerləşən 59 saylı mənzil xx.xx.2017-ci ildə iddiaçının keçmiş həyat yoldaşının adına olmuşdur. İddiaçı ailə həyatı qurduqdan sonra həmin mənzilə gəlin köçmüşdür və bütün cehiz əmlaklarını da həmin mənzilə yerləşdirmişdir. Hal-hazırda da bütün cehiz əmlakları həmin mənzildədir. xx.xx.2018-ci ildə iddiaçının keçmiş həyat yoldaşı həmin mənzili hazırkı iş üzrə cavabdehə bağışlamışdır. İddiaçı həmin mənzildə qeydiyyatdadır. İddiaçının həmin mənzildə istifadə hüququ vardır. İddiaçının daimi yaşayış yeri yoxdur. İddiaçı məcbur qalıb hazırda valideynlərinin yanında yaşayır. Göstərilənlərə əsasən iddiaçının xx.xx.2018-ci il təvəllüdlü X3 ilə birlikdə ünvan 1a köçürülmələri və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin təmin edilməsinə etiraz edərək, bildirmişdir ki, iddiaçı sadəcə əvvəllər birgə nikahda olduğu keçmiş həyat yoldaşından mənzilə istifadə hüququ barədə tələb irəli sürə bilər. Hazırda mənzil cavabdehin adınadır və iddiaçının mənzildən istifadə hüququ yoxdur. İddiaçı ilə keçmiş həyat yoldaşı arasında bağlanan nikah rəsmi şəkildə pozulmuşdur və iddiaçıya aliment təyin olunmuşdur. Bu səbəblə də iddiaçının iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Lakin, iddiaçı cehiz əşyalarını götürmək istəyirsə, bu halda sözügedən mənzilə yaxınlaşaraq cehiz əşyalarını apara bilər. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi rədd edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX № ******* saylı Çıxarışın surətindən görünür ki, ünvan 1 Cavabdeh adına xüsusi mülkiyyət üzrə hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 299 saylı reyestr kitabının 16 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır.
7. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-3536/2021 saylı qətnaməsinə əsasən, iddia qismən təmin edilmiş, iddiaçı Qiyasova Nuranə Ədalət qızı və cavabdeh X4 arasında bağlanmış 11 may 2017-ci il tarixli nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2018-ci il təvəllüdlü X1 iddiaçı Qiyasova Nuranə Ədalət qızının yanında saxlanılması, xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdeh X2 hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Qiyasova Nuranə Ədalət qızına ödənilməsi, alimentin tutulmasının 29 mart 2021-ci il tarixindən hesablanması, iddianın qalan hissədə təmin edilməməsi, 10 manat məbləğində dövlət rüsumunun cavabdeh X2 iddiaçı Qiyasova Nuranə Ədalət qızının xeyrinə tutulması, 10 manat məbləğində dövlət rüsumunun cavabdeh X2 tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
8. İş materiallarına əlavə edilmiş «Elektron Məhkəmə» sistemindən olan çıxarışa əsasən İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
9. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, ünvan 1 Cavabdeh xüsusi mülkiyyətindədir. İddiaçı cavabdehin keçmiş gəlinidir. Hazırda iddiaçı övladı ilə birlikdə sözügedən mənzilə köçürülmələrini tələb edir. Cavabdeh tərəf iddia tələbi ilə razı deyildir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
10. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
11. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir.
12. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
14. Mülki işin hallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, hazırda iddiaçının müvəqqəti qeydiyyatda olduğu mənzil cavabdehin mülkiyyətindədir.
15. Hazırda məhkəmə tərəfindən müəyyən edilməli fakt iddiaçının mübahisəli mənzilə istifadə hüququnun yaranıb-yaranmaması ilə bağlıdır. Bunun üçün qanunvericilikdə istifadə hüququnun yaranması əsaslarına diqqət yetirilməlidir. Məlum olduğu kimi, şəxsin yaşayış sahəsinə qeydiyyata düşməsi özlüyündə yaşayış sahəsinə istifadə hüququnun yaranmasını ehtiva etmir.
16. Məhkəmə qeyd edir ki, tərəflər arasında mənzildən istifadə edilməsi ilə bağlı münasibətlər 2017-ci ildə yaranmış və bu münasibətlər 2021-ci il tarixədək davam etmişdir. Tərəflər arasında münasibətlər 2017-ci ildə yarandığından hazırki mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri tətbiq edilməlidir. İddiaçının cavabdehin mülkiyyətində olan mənzildən istifadə hüququ yaranmışdır. Belə ki, iddiaçı cavabdeh tərəfindən digər qohum qismində, yəni oğlunun arvadı olaraq qeyd edilən mənzilə köçürülmüş və 4 ilə yaxın müddət ərzində həmin mənzildə onunla birlikdə yaşamaqla birgə təsərrüfat aparmışdır. Lakin 2021-ci ildə iddiaçı ilə cavabdehin oğlu arasında bağlanmış nikah pozulmuş və bununla da onların ailə münasibətlərinə xitam verilmişdir. İddiaçı hazırda cavabdehin keçmiş ailə üzvüdür.
17. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında qeyd olunur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
18. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvü hesab edilə bilərlər.
19. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
20. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvləri arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
21. Bundan başqa, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi“ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında göstərmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir.
22. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir.
23. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən isə qardaş və bacıların (88-ci maddə) baba və nənənin nəvələrini saxlaması (89-cu maddə) nəvələrin baba və nənəni saxlaması (90-cı maddə) yetirmələrin öz faktiki tərbiyəçilərini saxlaması (91-ci maddə) ögey oğlu və qızların ögey ata və anası saxlaması (92-ci maddə) vəzifələri müəyyən edilmişdir.
24. Həmin qərara əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
25. Həmin qərarda eyni zamanda göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə edilməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, digər qanunvericiliyin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.
26. Məhkəmə hesab edir ki, iddiaçı cavabdeh məxsus evə 2017-ci ildə gəlin köçərək yaşamasına, birgə təsərrüfat aparmasına baxmayaraq, 2021-ci ildə cavabdehin oğlundan boşandığından ailə münasibətlərinə xitam verildiyinə görə hazırda cavabdehin ailə üzvü statusuna malik olmadığı üçün onun mübahisəli mənzilə heç bir hüququ qalmamışdır.
27. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə mənzilin mülkiyyətçisinin mənzilə sahiblik, sərəncam və istifadə hüquqlarını məhdudlaşdıran müqavilə və qanunla müəyyənləşdirilmiş elə bir hal yoxdur ki, mülkiyyətçi iddiaçının mənzildən istifadə hüququna razılıq verməyə borclu olsun.
28. Məhkəmə onu da qeyd edir ki, iddiaçının azyaşlı övladı ilə başqa yerdə yaşamaq imkanının olmadığını, yaşayış sahəsinə olan ehtiyacını həmin evdən istifadə etməklə qarşılamaq məcburiyyətində olması barədə heç bir sübut təqdim edilmədiyindən iddiaçının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən onun mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanılmasına əsas olmamışdır.
29. Odur ki, iddiaçının övladı ilə birlikdə həmin mənzilə köçürülməsi üçün əvvəlcə həmin hüququn yaranması müəyyən edilməlidir. Hazırda isə iddiaçının yaşayış sahəsinə olan qeydiyyatı formal xarakter daşıdığından onun həmin yaşayış sahəsindən istifadə hüququ yaranmamışdır.
30. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının mənzildən istifadə hüququnun olmadığı müəyyən olunduğundan mənzilə köçürülmə barədə iddiası rədd edilməlidir.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
33. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
34. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
35. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Nəticə hissəsi:
37. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı "mənzilə köçürülmə tələbi"nə dair iddia ərizəsi rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva