Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3665/2024 25.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Hüseynzadə Gülçöhrə Kamal qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, 4-cü mikrorayon, 27A/4 saylı evin 27 saylı mənzilindən çıxarılmasına, mənzilin boşaldılaraq ona təhvil verilməsinə, ödənilməmiş 750 manat kirayə məbləğinin, ödənilmiş 100 manat dövlət rüsumunun və hüquqi xidmət üçün ödənilmiş 400 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, anası X3 etibarnamə üzrə nümayəndəsidir. Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 27A/4, 27 saylı mənzil mülkiyyətində olmaqla, ona məxsusdur. Cavabdeh ilə anası X3 arasında şifahi olaraq kirayə müqaviləsi bağlanaraq, hər ay 250 manat kirayə pulu təyin olunmuşdur. Hal-hazırda cavabdeh onun evində kirayə qalır, 3 aylıq kirayə pulunu ödəmir və kommunal borcları var. Lakin cavabdeh Azərbaycan Respublikası DİN-nin 102 Xidmətinə müraciət edərək, onlara məxsus evdən oğurluq olduğunu və hadisənin isə məhz anası tərəfindən törədildiyini qeyd edərək anasını şərləmişdir. Buna görə kirayə pulunu ödəməkdən imtina etmişdir. Belə ki, anası cavabdehdən mənzilin boşaldılmasını istədikdə, cavabdeh 2000 manat pul qarşılığında evi boşaldacığını bildirmişdir. Hesab edir ki, cavabdehin bu tələbi tam əsassızdır və Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 27A/4, 27 saylı mənzil hazırda Cavabdeh qeyriqanuni sahibliyindən geri götürülməlidir.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, oğlu hərbi xidmətdən gəldikdən sonra evdən çıxardacağını bildirmişdir. Cavabhdeh yalançı şahidlə gəlmişdir ki, 2000 manat məbləğində pul vermişdir. Dekabr ayında 230 manat məbləğində ödəniş etmişdir. 3000 manat məbləğində onu ziyana salmışdır. Daxili İşlər Nazirliyinin 102 Xidmətinə zəng edərək evi oğurlamaqları barədə yalan məlumat vermişdir. Sonra deyir ki, əsəbi olmuşdur. Kirayə müqaviləsi bağlamaq istəmişdir, lakin ev oğlunun mülkiyyətində olduğu üçün müqavilə bağlaya bilməmişdir. Şahidlərdən biri məcburi şəkildə gətirildiyini bildirmişdir. Noyabr ayında 2000 manat məbləğində kirayə haqqını ödəyən şəxs dekabr ayında kirayə haqqını ödəməz. 7 aydır ki, cavabdeh evindən çıxmır. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, iddiaçının ailə üzvləri qeyd olunan mənzilə yaxınlaşa bilmirlər, cavabdeh şikayət edir. Cavabdeh hal-hazırda da mənzildə yaşayır. Anlaqsız şikayətlər verir. Evindən oğurluq edilməsi ilə bağlı şikayət vermişdir. Cavabdeh nə kirayə haqqını, nə də kommunal xidmətlərin haqqını ödəyir. Kirayə haqqı 250 manatdır. 6 aydır ki, kirayə haqqını ödəmir. Mənzil 2022-ci ilin sentyabr ayından kirayə verilmişdir. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Evə köçən zaman ev təmirli olmamışdır. Təmiri ilə əlaqədar 3000-4000 manat aralığında xərc çəkmişdir. Evin iddiaçının oğlunun mülkiyyətində olduğunu bilməmişdir. 22 oktyabr tarixində anası rəhmətə getmişdir. Anasının vəfat etdiyi gündən 3 gün sonra rəfiqəsinə pul vermişdir ki, kirayə haqqını ödəsin. Hər zaman kirayə haqqını vaxtı-vaxtında ödəmişdir. Noyabr ayında 7-8 ay ərzində olan kirayə haqqını ödəmək üçün qardaşı 2000 manat məbləğində pul vermişdir. Kirayə haqqının məbləği 250 manat olmuşdur. 7-8 aylıq kirayə haqqını ödəmək üçün 2000 manat məbləğində pulu iddiaçıya vermişdir. Bununla bağlı şahidi də vardır. Anası rəhmətə getdiyi gündən 40 gün sonra evinə gələn zaman oğurluq hadisəsi baş verdiyini görmüşdür. Evindən 7000 manat məbləğinə qədər vəsait oğurlanmışdır. Lakin ev sahibindən şübhələnməmişdir. Hüquq mühafizə orqanları tərəfindən onlar şübhəli şəxs qismində cəlb edilmişdir. İddiaçının kürəkəni evin qapısını sındırmış və qısa zamanda evi boşaltmağı bildirmişdir. Həmin şəxsin onu döyməsi barədə ekspertizaya getmişdir. İddiaçı yalvarmışdır ki, şikayətini geri götürsün. Buna görə 2-3 ay ərzində kirayə haqqını istəməmiş və o da kirayə haqqını ödəməmişdir. Sonda iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
6. Məhkəmə iclasında şahid qismində iştirak edən X4 ifadəsində bildirdi ki, cavabdeh Sabirabadda qonşusudur, yaxın əlaqələri vardır. Anası vəfat edəndən sonra qardaşı 2000 manat məbləğində pul vermiş və cavabdeh həmin məbləği iddiaçıya vermişdir. Onunla birlikdə pulu iddiaçıya vermişdir.
Tədqiq olunan sübutlar:
7. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 27A/4, 27 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixində qeydiyyata alınmışdır.
8. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır.
9. Sumqayıt Şəhər Polis İdarəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 23 aprel 2024-cü il tarixli Qərardan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə DİN-in 102 xidmətinə vermiş olduğu məlumat əsasında toplanmış material üzrə cinayət hadisəsi olmadığından material üzrə cinayət təqibinin başlanması rədd edilmişdir.
Məhkəmə baxışının hədləri:
10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
11. Azərbaycan Respublikası Konstitusiyasının:
-13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. -29-cu maddəsinin 3-cü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
-82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. -685.1-ci maddəsinə görə əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər. Kirayəçi müqavilənin ləğvinə dair bildiriş vermək əvəzinə neqator iddiası da irəli sürə bilər. -685.2-ci maddəsinə əsasən kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 2.2 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. -686-cı maddəsinə əsasən əgər tərəflərdən biri öhdəliklərini öz təqsiri üzündən o dərəcədə pozursa ki, otaqların kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsi digər tərəf üçün yolverilməz olur, onda hüquq münasibətləri xəbərdarlıq müddəti gözlənilmədən ləğv edilə bilər. Tərəflərin bu maddənin göstərişlərinə zidd olan razılaşmasının qüvvəsi yoxdur.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
13. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia qismən təmin edilməlidir.
14. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 27A/4-də yerləşən 27 saylı mənzil İddiaçı məxsusdur. İddiaçının anası sözügedən mənzili ayda 250 manat ödəmək şərtilə Cavabdeh kirayə verdiyini bildirmişdir. Sonuncu isə noyabr ayında 7-8 aylıq kirayə haqqını ödəmək üçün 2000 manat məbləğində pul vəsaitini X2 verdiyini və bu səbəbdən mənzildən çıxmaqdan imtina etdiyini bildirmişdir. Hazırda həmin mənzildə Cavabdeh yaşayır. Bu səbəbdən iddiaçı onun həmin mənzildən çıxarılması ilə bağlı məhkəmədə iddia qaldırmışdır.
15. Məhkəmə qeyd edir ki, ilk növbədə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
16. Hazırki işin müəyyən edilmiş hallarından görünür ki, mübahisəli yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
17. Həmin mənzillə bağlı iddiaçının anası X3 ilə cavabdeh arasında şifahi kirayə müqaviləsinin bağlanması işin mübahisə edilməyən halıdır. Hər iki tərəf mənzilin kirayəçi Cavabdeh ayda 250 manat kirayə haqqı olmaqla kirayəyə verildiyini etiraf edirlər.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 358.2-ci maddəsinə əsasən əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.
19. Məhkəmə qeyd edir ki, əmlakın kirayəyə verilməsi ilə bağlı razılaşma cavabdehlə sözügedən mənzilin mülkiyyətçisi ilə deyil, onun anası arasında bağlansa da, sonradan iddiaçının kirayə verilmiş mənzildən cavabdehin çıxarılması və həmin mənzilə görə kirayə haqqını tələb etməsi artıq onun həmin müqaviləni bəyəndiyini və həmin müqavilədən çıxış edərək kirayə haqqı məbləğinin ödənilməsini tələb etdiyini ifadə edir.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
21. Beləliklə qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflər arasında kirayə ilə bağlı müqavilə münasibətləri mövcuddur. Müqavilənin formasına gəldikdə isə məhkəmə qeyd edir ki, qanunvericilikdə kirayə müqaviləsinin şifahi və yazılı bağlanması ilə bağlı imperativ göstəriş nəzərdə tutulmamışdır. Eyni zamanda Mülki Məcəllənin əmlak kirayəsini tənzimləyən 33-cü fəslində kirayə müqaviləsinin şifahi bağlanmasını istisna edən hər hansı bir müddəa təsbit edilməmişdir.
22. İddiaçının tələbinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 685-ci maddəsinə əsasən kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər:
23. 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə;
24. 685.2.2 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 692.1-ci maddəsinə əsasən kirayəyə verən bu Məcəllənin 692.4-cü maddəsinin müddəalarını gözləmək şərti ilə yaşayış otağının kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərini yalnız o halda ləğv edə bilər ki, bu hüquq münasibətlərinə xitam verilməsində onun əsaslı marağı olsun.
26. Həmin Məcəllənin 692.2 və 692.2.1-ci maddələrinə əsasən kirayəyə verənin kirayə hüquq münasibətlərinə xitam vermək arzusu kirayəçi müqavilə öhdəliklərinin pozulmasında təqsirli olduqda əsaslı sayılır.
27. İş materiallarına əlavə edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 23 aprel 2024-cü il tarixli qərardan, habelə “Watsap” yazışmalarından görünür ki, cavabdeh onun kirayə haqqı üzrə ödənişləri etməməsi səbəbindən mənzildən çıxarılması ilə bağlı iddiaçı tərəfin niyyətindən məlumatlı olmuş, lakin noyabr ayının sonlarında 2000 manat məbləğində kirayə haqqı verdiyini bildirərək həmin mənzildən çıxmaqdan imtina etmişdir.
28. Cavabdeh tərəfindən əvvəlcədən kirayə haqqı olaraq 2000 manat məbləğində pul vəsaitinin ödənilməsinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh noyabr ayında kirayə haqqı olaraq 2000 manat məbləğində pul vəsaitini ödədiyini bildirsə də bunu təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Eyni zamanda iş materiallarına əlavə edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 23 aprel 2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh DİN-in 102 xidmətinə zəng edərək yaşadığı mənzildən oğurluq edildiyini bildirmiş, onun şikayəti əsasında araşdırma aparılmış, araşdırma zamanı X5 şahidi qismində dindirilmiş və o, ifadəsində bildirmişdir ki, “....Rəqsanə ona demişdir ki, 2000 pulu Elmiradan almaq üçün həmin pulu, guya o, Elmiraya verdiyini təsdiq edib deməlidir, o, yalançı şahid olmağının və tanımadığı şəxsin üzünə qarşı 2000 manat verəcəyini deməyinə tərəddüd etmiş, lakin Rəqsanə təkidlə ondan bunu tələb etmiş, o, da Rəqsanəyə konkret olaraq heç bir söz deməmişdir. Bir müddət sonra Rəqsanə ona zəng edərək guya Elmiraya 2000 manat pulu verməyini izahatda göstərməyi üçün Sumqayıt Polis İdarəsinə getmələrini xahiş etmiş, o da polis idarəsinə getmiş və araşdırma zamanı vicdanı yol vermədiyinə görə həqiqəti danışaraq, Elmira Mirzəyeva adlı qadını tanımadığını, həmin qadına heç vaxtı 2000 manat pul vermədiyi barədə izahat vermişdir.”
30. Beləliklə cavabdeh şahidin yalan ifadəsi vasitəsilə ilə 2000 manat məbləğində pul vəsaitinin mənzilin kirayə haqqı olaraq ödənildiyini sübuta yetirməyə çalışmışdır.
31. Məhkəmə şahid qismində məhkəmə iclasında dindirilmiş X1 ifadəsinə münasibətdə qeyd edir ki, yuxarıda qeyd olunanlarla şahid X1 dedikləri təkzib olunur. Belə ki, yuxarıda adı qeyd edilən “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda cavabdeh pulun tanışı Rauf Mehdiyevə verdiyini və birlikdə Elmiranın evinə getdiyini, Raufun onun yanında Elmiraya 2000 manat pul verdiyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş X4 isə Rəqsanənin onun yanında 2000 manat pul vəsaitini Elmira Mirzəyevaya verdiyini bildirmişdir. Beləliklə sözügedən şahid ifadəsi ilə cavabdehin izahatları arasında ziddiyyətlər mövcuddur. Belə olan halda həmin ifadələr məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilə bilməz.
32. Məhkəmə iddiaçının ödənilməmiş 750 manat kirayə haqqının ödənilməsinə dair tələbinə münasibətdə qeyd edir ki, yuxarıda da qeyd edildiyi kimi hər iki tərəf mübahisə predmeti olan mənzillə bağlı aralarında kirayə münasibətlərinin olduğunu və kirayə haqqı olaraq 250 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə razılığa gəldiklərini istər məhkəmə iclaslarında verdikləri izahatları ilə, istərsə də 3-cü polis bölməsində verdikləri izahatları ilə etiraf etmişlər. Beləliklə cavabdehin iddiaçı tərəflə sözügedən mənzilin kirayəsi müqabilində 250 manat məbləğində kirayə haqqı ödəməsi ilə bağlı razılaşması, habelə həmin mənzildə yaşaması işin mübahisələndirilməyən halıdır.
33. İşin hallarından da görünür ki, iddiaçı tərəfindən tələb olunan 750 manat məbləğində pul vəsaiti iddia ilə məhkəməyə müraciət edilməmişdən əvvəlki dövr üzrə yaranmış kirayə haqqı üzrə borc məbləği ilə bağlıdır. Yuxarıda da qeyd olunduğu kimi cavabdeh noyabr ayında ödəniş etdiyinə istinad edərək ondan sonrakı dövrlər üzrə kirayə haqqını ödəməkdən imtina edir. İddiaçının nümayəndəsi isə polis bölməsində izahatında 18 dekabr 2023-cü il tarixə qədər ona 230 manat kirayə haqqı göndərdiyini, qalan 20 manat məbləğində pul vəsaitini göndərəcəyini bildirsə də həmin məbləğində cavabdeh tərəfindən ödənilmədiyini, həmin gündən sonra kirayə haqqının ödənilmədiyini qeyd etmişdir. Beləliklə cavabdeh iddiaçıya məxsus mənzildə yaşamaqla həmin mənzildən istifadə etdiyi halda buna görə ödəməli olduğu 3 (üç) aylıq kirayə haqqını ödəməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir.
34. Məhkəmə iddianın hüquqi xidmət üçün ödənilmiş 400 manat məbləğində pul vəsaitinin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş 14 fevral 2024-cü il tarixli, 57385 saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən vəkilin xidmətlərinə görə 400 manat məbləğində ödəniş edilmişdir. Eyni tarixli vəkil orderindən görünür ki, vəkil ilə də müqavilə məhz 14 fevral 2024-cü il tarixdə bağlanmışdır.
35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
36. Məhkəmə hesab edir ki, vəkilə hüquqi yardıma görə ödənilən xərclərə görə cavabdehdən 100 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya verilməlidir.
37. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 27A/4-də yerləşən 27 saylı mənzildən çıxarılmalı və Cavabdeh 750 manat məbləğində kirayə haqqı, hüquqi xidmət göstərilməsinə görə 100 manat məbləğində haqq və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. 38.
Nəticə:
39. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 27A/4-də yerləşən 27 saylı mənzildən çıxarılsın. Cavabdeh 750 manat məbləğində kirayə haqqı, hüquqi xidmət göstərilməsinə görə 100 manat məbləğində haqq və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vəfa Şirəliyeva