Məhkəmə qərarları › İş №2(060)-367/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-367/2024

21.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-367/2024 21.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı Sumqayıt Bələdiyyəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Sumqayıt Bələdiyyəsinin Cavabdeh qarşı "özbaşına tikilinin sökülməsi və zəbt edilmiş torpağın boşaldılması tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Sumqayıt Bələdiyyəsi Cavabdeh qarşı "özbaşına tikilinin sökülməsi və zəbt edilmiş torpağın boşaldılması tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 50-ci məhəllə ərazisində yerləşən Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə aid 1175 kvadrat metr torpaq sahəsinin hər hansı hüquqmüəyyənedici sənəd olmadan Cavabdeh tərəfindən hasarlaması, hasarlanmış torpaq sahəsinin daxilində təqribi sahəsi 200 kvadrat metr olan yaşayış sahəsinin və təqribi sahəsi 80 kvadrat metr olan 4 ədəd qeyri-yaşayış sahəsinin tikilməsi faktı aşkar edilmişdir. Qeyd edilən hal adı çəkilən qurumun işçiləri tərəfindən 21 avqust 2023-cü il tarixdə aktlaşdırılmış və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən baxılması və tədbir görülməsi üçün 15 sentyabr 2023-cü il tarixli məktubla Sumqayıt Bələdiyyəsinə göndərilmişdir. Adı çəkilən aktda o da qeyd edilmişdir ki, Cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsinin 261 kvadrat metr hissəsi 110 kolovoltluq YGEH xəttinin, 361 kvadrat metr hissəsi isə dəmiryol xəttinin mühafiə zolağında yerləşir, həmçinin inşa edilmiş yaşayış sahəsinin 113,5 kvadrat metr hissəsi 110 kolovoltluq YGEH xəttinin mühafizə zolağında tikilmişdir. Sözügedən faktların araşdırılması məqsədi ilə bələdiyyə qulluqçuları tərəfindən aparılmış araşdırmalar zamanı müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən həqiqətən də hər hansı hüquq müəyyənedici sənədləri olmadan Sumqayıt şəhəri, 50-ci məhəllə ərazisində yerləşən Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə aid 1175 kvadrat metr torpaq sahəsi qanunsuz olaraq hasarlanaraq zəbt edilmiş və zəbt edilmiş torpaq sahəsində təqribi sahəsi 200 kvadrat metr olan fərdi yaşayış evi və təqribi sahəsi 80 kvadrat metr olan 4 ədəd qeyriyaşayış obyektləri olmaqla özbaşına tikililər inşa edilmişdir. Bu qanunsuz hərəkətləri ilə cavabdeh torpağın mülkiyyətçisi kimi Sumqayıt Bələdiyyəsinin hüquqlarına və qanuni maraqlarına açıq şəkildə qəsd etmişdir. Cavabdeh X1 bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən müvafiq hüquqmüəyyənedici sənədləri olmadan zəbt edərək istifadə etməsi, həmçinin göstərilən ərazidə müvafiq icra hakimiyyəti orqanlarının razılığı olmadan, şəhərsalma və memarlıq norma və qaydalarını pozmaqla, ərazinin təyinatına uyğun olmadan tikinti işlərini aparması, torpaq sahəsinin mülkiyyətçisi kimi Sumqayıt Bələdiyyəsinin hüquqlarını aşkar şəkildə pozmuşdur. Qeyd edilən özbaşına tikililər torpaq sahəsinin mülkiyyətçisi olan Sumqayıt Bələdiyyəsinin və bu cür tikililərin aparılmasına icazə vermək səlahiyyətinə malik olan aidiyyəti icra hakimiyyəti orqanlarının razılığı alınmadan, həmçinin mülki və torpaq qanunvericiliklərinin, şəhərsalma və tikinti normalarının tələblərinə zidd olaraq inşa edildiyindən, bu tikililər özbaşına tikili kimi qiymətləndirilərək müvafiq hüquqi nəticələr yaratmalıdır. Adı çəkilən ərazidə yerləşən torpaqlar bələdiyyə mülkiyyətinə aid olunmuş və 26 iyun 2001 -ci il tarixli protokol, eksplikasiya aktı və digər torpaqayırma sənədləri əsasında xəritələşdirilərək Sumqayıt Bələdiyyəsinə təhvil verilmişdir. Bələdiyyələrə dair qanunvericilik aktlarına uyğun olaraq bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqda ayrılması bələdiyyənin qərarı ilə həyata keçirilir. Lakin Cavabdeh torpaq sahəsini bu günə qədər qeyri-qanuni tutmaqda davam edir ki, bu da torpağın mülkiyyətçisi kimi Sumqayıt Bələdiyyəsinin hüquqlarını kobud şəkildə pozur. Tərəfindən cavabdehə yol verdiyi qanunsuz əməllərə son qoyulması, zəbt edilmiş torpağın boşaldılaraq qanunsuz inşa edilmiş hasarın digər özbaşına tikililərin sökülməsi təklif edilsə də, cavabdeh edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq, öz qanunsuz əməllərinə davam etmişdir. Göstərilənlərə əsasən Cavabdeh tərəfindən zəbt edilmiş Sumqayıt şəhəri, 50-ci məhəllə ərazisində yerləşən bələdiyyə mülkiyyətinə aid 1175 kvadrat metr torpaq sahəsinin boşaldılması, həmin torpaq sahəsində qanunsuz inşa edilmiş özbaşına tikililərin (hasarın, yaşayış sahəsinin və 4 ədəd qeyri-yaşayış binalarının) cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin onun hesabına əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iddiaçı Sumqayıt Bələdiyyəsinin nümayəndəsi Nümayəndə izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, həmin ünvanda dəmirdən inşa edilən tikilidə yaşamışdır. Belə ki, orada istifadə etməyi üçün su, elektrik və s. yox idi. Ev 2005-ci ildə inşa edilmişdir və o müddət ərzində heç kim yaxınlaşıb sənəd və s. tələb etməmişdir. Həmçinin bildirir ki, iddia ərizəsində qeyd olunan ünvanda ilk ev inşa edən o olmuşdur. Qanunsuz tikiliyə icazə verilməsi üçün iddiaçıdan 5000 manat pul tələb edildi, lakin həmin məbləği verməmişdir. Həmin ərazidə təxminən 350 ev var. Belə ki, kim tələb olunan məbləği verməyibsə, o evlərlə bağlı mübahisələr yaradılır. Bələdiyyənin torpağında iki ev olub, onlardan biri qızınındır. Məhkəmə həmin evin sökülməsi ilə bağlı qətnamə qəbul etdi, lakin aidiyyatı orqanlara müraciət etmiş və ev sökülməmişdir. Belə ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

5. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt Bələdiyyəsinə ünvanlanmış 15 sentyabr 2023-cü il tarixli, 3-21-3/2-13302/2023 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 noyabr tarixli 421 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında” Əsasnamənin tələblərinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsinin mütəxəssisləri tərəfindən monitorinq keçirilən zaman Sumqayıt şəhəri, 50-ci məhəllə ərazisində (elektrik və dəmir yol xəttinin mühafizə zonalarında) vətəndaş Cavabdeh tərəfindən Sumqayıt bələdiyyəsinin mülkiyyətinə aid 0,1175 hektar torpaq sahəsinin hasarlanması və daxilində tikinti işlərinin aparılması faktı müəyyən edilmişdir. Bu barədə aidiyyəti üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinə, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə, Sumqayıt Şəhər icra Hakimiyyətinə, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə tərəflərindən məlumat verilmişdir.

9. İş materiallarında olan 21 avqust 2023-cü il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsinin əməkdaşları: torpaqların idarə edilməsi və istifadəsinə nəzarət nəzarət sektorunun müdiri X3, məsləhətçi X2 iştirakı ilə bu aktı tərtib etmişlər ona görə ki, Sumqayıt şəhəri, 50-ci məhəllə ərazisində yerləşən (koordinatlar: 39T, X390469.00, Y4489984.00), sahəsi 1175 m2 olan torpaq sahəsinin hasarlanması, hasarlanmış torpaq sahəsi daxilində təqribi sahəsi 200 m2 olan yaşayış sahəsinin və təqribi sahəsi 80 m2 olan 4 ədəd qeyri-yaşayış sahəsinin tikilməsi faktı aşkar edilmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin məlumatına əsasən torpaq sahəsinin 261 m2 hissəsi 110 kilovoltluq YGEH xəttinin, 361 m2 hissəsi dərmiryol xəttinin mühafizə zolağında yerləşir. İnşa edilən yaşayış sahəsinin isə 113.5 m2 hissəsi 110 kilovoltluq YGEH xəttinin mühafizə zolağında yerləşir. Ümumi hasarlanmış hissə (0.1175 ha) təsdiqlənmiş bələdiyyə xəritəsinə əsasən bələdiyyə mülkiyyəti kimi qeyd olunmuşdur. Araşdırma zamanı tikinti işlərinin Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, SKZ, yataqxana 2 ünvanında qeydiyyatda olan Cavabdeh və özünü Cavabdeh əri kimi təqdim edən Saleh adlı şəxs tərəfindən aparıldığı müəyyən edilmişdir. Araşdırma zamanı həm də müəyyən edilmişdir ki, yuxarıda adları qeyd edilən şəxslər və aparılan tikintilərin Cavabdeh aid olduğunu bildirən Abid və Rasim adlı şəxslər tərəfindən əvvəllər də 50-ci məhəllə ərazisində 0.02 ha, 0.045 ha, 0.02 ha, 0.028 ha və 0.03 ha torpaq sahələri hər hansı hüquqmüəyyənedici sənəd olmadan, mişar daşlarından istifadə etməklə hasarlanmış və hasarlanmış sahə daxilində fərdi yaşayış evləri tikilmişdir. Sözügedən torpaq sahələrində adları qeyd edilən vətəndaşlar tərəfindən aparılan tikinti işləri barədə ƏMDX, TİOMDN şöbəsinə aşağıdakı xidməti məlumatlar vasitəsi ilə məlumat verilmişdir.

1. xx.xx.2020, ********** - 0.045 ha və 0.02 ha, 2. xx.xx.2022, **********-0.02 ha, 3. xx.xx.2022, **********-0.028 ha, 4. xx.xx.2022, **********-0.03 ha. Qeyd edilən =0.12 ha və digər torpaq sahələrinin dövlət qeydiyyatından keçib-keçməməsini müəyyənləşdirmək üçün TEKUİS və NECAS proqramlarının bazasına baxılmış, lakin məlumatlar əldə edilməmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

10. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Sumqayıt şəhəri, 50-ci məhəllə ərazisində yerləşən 1175 kvadrat metr torpaq sahəsinə dair cavabdehin adına hər hansı hüquqmüəyyənedici sənəd yoxdur və həmin torpaq sahəsi Cavabdeh tərəfindən özbaşına tutulmuşdur. Həmin faktı Cavabdeh məhkəmə iclasında etiraf etmişdir.

b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

11. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara ümumi istifadədə olan torpaqlar, fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar və ehtiyat fondu torpaqlari daxildir.

12. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 241.2-ci maddəsinə əsasən dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir.

14. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır (Torpaq Məcəlləsinin 47-ci maddəsinin 6 və 7-ci bəndləri). Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur (Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci bəndi). Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır (Torpaq Məcəlləsinin 68-ci maddəsi).

15. Bununla əlaqədar məhkəmə qeyd edir ki, hər hansı şəxsin əmlakdan istifadə etməsi həmin əmlak üzərində olan hüququ əsasında realizə edilə bilər. Cavabdehin istifadəsində olan 1175 kvadrat metr torpaq sahəsi onun hər hansı hüquq müəyyənedici sənəd olmadan istifadəsindədir. Dövlət və xüsusi mülkiyyətdə olmayan torpaqlar isə bələdiyyə mülkiyyətindədir.

16. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır.

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

18. Həmin Məcəllənin 180.2-ci maddəsinə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

19. Bu Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

20. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

21. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. Belə xüsusi hüquqi rejimi mühafizə zonaları müvafiq normativ-hüquqi aktlarla tənzimlənir.

22. Eyni Məcəllənin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

23. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

24. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

25. Azərbaycan Respublikası “Şəhərsalma və Tikinti Məcəlləsi”nin 75.1-ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır.

26. Belə olan halda, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən zəbt edilmiş Sumqayıt şəhəri, 50-ci məhəllə ərazisində yerləşən bələdiyyə mülkiyyətinə aid 1175 kvadrat metr torpaq sahəsi boşaldılmalı, həmin torpaq sahəsində qanunsuz inşa edilmiş özbaşına tikililər - hasar, yaşayış sahəsi və 4 ədəd qeyri-yaşayış binaları Cavabdeh hesabına sökülməklə, torpaq sahəsi əvvəlki vəziyyətə qaytarılmalıdır.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

29. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

30. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi:

32. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən zəbt edilmiş Sumqayıt şəhəri, 50-ci məhəllə ərazisində yerləşən bələdiyyə mülkiyyətinə aid 1175 kvadrat metr torpaq sahəsi boşaldılsın. Həmin torpaq sahəsində qanunsuz inşa edilmiş özbaşına tikililər - hasar, yaşayış sahəsi və 4 ədəd qeyriyaşayış binaları Cavabdeh hesabına sökülməklə, torpaq sahəsi əvvəlki vəziyyətə qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar