Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3682/2022 01.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 29/22 saylı evin 9 saylı mənzilinə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək göstərdi ki, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 29/22 mənzil 9 iddiaçının xüsusi mülkiyyətindədir. Həmin mənzil xx.xx.2006-cı il tarixdən iddiaçının şəxsi mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının oğludurlar. Oğulları iddiaçının evində qeydiyyatda olsalar da, 2000-ci ildən Azərbaycan Respublikasını tərk edərək Rusiya Federasiyasına köçmüşdürlər. Həmin vaxtdan da cavabdehlər ilə münasibəti kəsilmişdir. Nə zəng edirlər, nə də iddiaçı ilə maraqlanırlar. Cavabdehlərin harada olması barədə iddiaçıda heç bir məlumat yoxdur. İddiaçı yaşlı insandır, pensiya ilə dolanır. Cavabdehlərin iddiaçının mənzilində qeydiyyatda qalmaları bir sıra problemlər yaradır, mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneçilik törədirlər və əlavə kommunal xərclərin ödənilməsinə səbəb olur. Buna görə də, cavabdehlərin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə əlaqədar iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 29/22 saylı evin 9 saylı mənzilinə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə yazılı ərizə ilə müraciət edərək, işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238-ci maddəsinə əsasən, işə qiyabi icraat qaydasında baxılmalıdır. Məhkəmə İddiaçı nümayəndəsi Nümayəndə izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, № 00055194 saylı “çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən 29/22 saylı evin 9 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 17 nömrəli reyestr kitabının 56 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyətii Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2022-ci il tarixli “akt”dan müəyyən edilir ki, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 22/29-un sakinləri Q.Mehtiyeva, N.Yulumova və T.Zalova İnşaatçılar qəsəbəsi, ev 22/29, mənzil 9-da qeydiyyatda olan Cavabdeh1 və Cavabdeh2 qeydiyyatda olsalar da, 2000-ci ildən yaşamadıqlarını öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.1967-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.1965-ci il təvəllüdlü Cavabdeh1 dövlət sərhədindən hərəkətləri barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı,xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 29/22, mənzil 9-da qeydiyyatdadır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Beləliklə məhkəmə baxışında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək, məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsasını təsdiq edən halları sübuta yetirib. Belə ki, iddiaçı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 29/22, mənzil 9-un sahibidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə aldırıb və ona hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, № ******* saylı “Çıxarış” verilməklə, o, mənzilə mülkiyyət hüququ qazanıb. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ünvanında yerləşən, 29/22 saylı evin, 9-cu mənzilinə olan istifadə hüquqlarına xitam verilməli və iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238-240 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ünvanında yerləşən, 29/22 saylı evin, 9-cu mənzilinə olan istifadə hüquqlarına xitam verilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qətnamənin surətini aldıqdan sonra, 10 (on) gün müddətinə həmin qətnamənin ləğvi üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə verə bilərlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-3682/2022
Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-3682/2022
01.08.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver