Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3693/2020 06.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, 92A saylı evin 34 saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər 7-8-12-ci məhələ, ev 92 saylı evin 34 saylı mənzil xx.xx.2019-cu il tarixdən onun xüsusi mülkiyyətindədir. Həmin mənzili xx.xx.2019-cu il tarixdə alqı-satqı müqaviləsi əsasında 44.500 manata X1 almışdır. Cavabdeh mənzili satdıqdan sonra söz vermişdir ki, 2 ay vaxt ərzində pasport qeydiyyatından çıxacaq. Cavabdeh mənzili satdıqdan sonra özünə məxsus olan əşyaları götürərək mənzildən çıxmışdır. Lakin, cavabdeh pasport qeydiyyatından çıxmağı söz versə də, vədinə əməl etməmişdir. Hazırda əlavə kommunal xərclər ödəməyə məcbur olur. Cavabdehin qeydiyyatı onun mənzil üzərindəki hüquqlarını həyata keçirməsinə mane olur. Cavabdeh onun mənzilində formal qeydiyyatdadır. Məhkəmə iclasında iştirak edən iddiaçı eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Mülki iş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Elektron Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, 92 A saylı evin 34 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydə alınmışdır. AZ-İ seriyalı ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X2 ona məxsus Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, 92 A saylı evin 34 saylı mənzili İddiaçı mülkiyyətinə vermişdir. X4 Hakimiyyəti MKT İB-nin 4 saylı MKS-nin 321 saylı, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh keçmiş ev sahibinin bacısı olmaqla Sumqayıt şəhəri, 7- 8-12-ci məhəllə, 92a saylı evin 34 saylı mənzildə qeydiyyatdadır, lakin yaşamır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 146.1-ci maddəsin əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncüşəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrli qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (qeyri-rəsmi 1 saylı Protokol) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, keçmiş mülkiyyətçinin adına qeyd olunan mənzilin dövlət reyestrində qeydiyyat yazısı ləğv edilmiş və həmin mənzil dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır. Keçmiş mülkiyyətçi ailə üzvləri ilə birlikdə köçüb başqa yaşayış yerinə getmiş, lakin keçmiş mülkiyyətçinin ailə üzvü olan cavabdeh mənzildən qeydiyyatdan çıxmamışdır. Mənzildə cavabdehə məxsus hər-hansı əmlak yoxdur. Cavabdeh qeyd olunan mənzildən qeydiyyatdan çıxmamaqla iddiaçının öz mülkiyyəti üzərində sərəncam vermək hüquqlarını, öz mülkiyyətindən maneəsiz istifadə hüququnu məhdudlaşdırır. Cavabdehin həmin ünvanda qeydiyyatı formal xarakter daşıyır. Cavabdehin mənzildən qeydiyyatdan çıxarılmasıüçün mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Odur ki, cavabdehin mənzildən istifadə hüquqları alqı-satqı müqaviləsinin bağlandığı vaxtdan itirilmiş sayılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işüzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyəgələrkən isə MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh Sumqayıt şəhəri, 7-8- 12-ci məhəllə, 92A saylı evin 34 saylı mənzilinə (Yeni qaydalarla: AZ 5000, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 411, M4, m1) istifadə hüququ itirlimiş hesab edilməlidir. MPM-in 119-cu maddəsinə əsasən iş üzrə 10 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, 92A saylı evin 34 saylı mənzilinə (Yeni qaydalarla: AZ 5000, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 411, M4, m1) istifadə hüququ itirilmiş hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-3693/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3693/2020
06.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver