Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3700/2020 06.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququna xitam verilməsi barədə» iddia tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun mülkiyyətində olan Sumqayıt şəhəri, 5-ci mkr, ev 33, 52 saylı mənzilə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək Cavabdeh Sumqayıt şəhəri, 5-ci mkr, ev 33, 52 saylı mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi, qətnamənin Cavabdeh Sumqayıt şəhəri, 5-ci mkr, ev 33/6, 52 saylı mənzildən qeydiyyatdan çıxarılması üçün əsas kimi göstərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 5-ci mkr, ev 33, mənzil 52 onun mülkiyyətindədir. Mənzil üzərində mülkiyyət hüququnu Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirmişdir. Həmin mənzildə onunla yanaşı 2 oğlu, gəlini, azyaşlı nəvəsi və qohumu olan Cavabdeh qeydiyyatdadır. Cavabdeh ailə üzvü olmadığına görə onunla birgə yaşamır və onun həmin mənzilə olan qeydiyyatı formal xarakter daşıyır və eyni zamanda da onun mülkiyyətçi kimi hüquqlarını pozur. Birincisi, o, cavabdehin əvəzinə kommunal xərclər ödəməli olur. İkincisi onunla heç bir əlaqəsi olmadığından cavabdehin onun xüsusi mülkiyyətində qeydiyyatda qalmasına razı deyildir. Üçüncüsü, cavabdehin onun mülkiyyətində qeydiyyatda qalması onun həmin mənzilə dair sərəncam hüquqlarını məhdudlaşdırır. Odur ki, iddianın təmin olunmasını, bu qətnamənin cavabdehin həmin mənzildən qeydiyyatdan çıxarılması əsas göstərilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, cavabdeh həmin mənzildə 2015-ci ildən sonra formal qeydiyyata götürülmüş, tərəflər arasında istifadə hüququnun verilməsi ilə bağlı razılaşma olmamış, cavabdeh bu mənzildə yaşamamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”in təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 5-ci mkr, ev 33/6, 52 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 28 nömrəli reyestr kitabının 44 nömrəli vərəqində xx.xx.2015-ci il tarixdə qeydə alınmışdır. Asan-Sumqayıt tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, CavabdehSumqayıt şəhəri, 5-ci mkr, ev 33/6, 52 saylı mənzildə qeydiyyatdadır. Beləliklə, işin məhkəmədə araşdırılan halları ilə müəyyən olundu ki, mübahisə predmeti olan mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Cavabdeh həmin mənzildə formal qeydiyyata götürülmüş, həmin mənzilə köçürlməmiş, orada yaşamamış, iddiaçı ilə aralarında notariat qaydada bağlanmış hər hansı saziş yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Məhkəmə araşdırması zamanı tərəflər arasında mübahisə predmeti olan mənzilə dair istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi ilə bağlı notariat qaydasında təsdiqlənən yazılı razılaşmanın bağlanmadığı müəyyən edildi. Göründüyü ki, cavabdehin mübahisə predmeti olan mənzilə istifadə hüququnun yaranması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsində müəyyən edilmiş əsaslar mövcud deyildir. Odur ki, cavabdehin həmin mənzilə istifadə hüququnun olmadığı müəyyən edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin evdə yaşayış yeri üzrə qeydiyyatda olması evə istifadə hüququnun olması kimi qəbul edilə bilməz. Belə ki, "Yaşayış yeri və oluğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qanunvericilikdə yaşayış yeri üzrə qeydiyyatın istifadə hüququ kimi hüquqi nəticə doğurması nəzərdə tutulmayıb. Hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehin evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılmalıdır. Belə ki, həmin maddəyə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafıq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Odur ki, şəxsin yaşayış sahəsində istifadə hüququnun olmadığının müəyyən edilməsi həmin maddənin göstərişinin mənasına uyğundur, şəxsin qeydiyyatdan çıxarılmasına əsas verir. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin tərəflərə və müvafıq dövlət orqanına izah edilməsidir. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 263, 360-cü maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Sumqayıt şəhəri, 5-ci mkr, ev 33/6, 52 saylı mənzilə istifadə hüququnun olmadığı müəyyən edilsin. Hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən Cavabdehnın Sumqayıt şəhəri, 5-ci mkr, ev 33/6, 52 saylı mənzildən qeydiyyatdan çıxarılması üçün əsas hesab edilir. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-3700/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3700/2020
06.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver