Məhkəmə qərarları › İş №2(060)-3714/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-3714/2023

23.05.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3714/2023 23.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Mirzalı qızı Behbudova İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı işə bərpa və məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmə icraatına götürülməsi mümkünlüyünə baxaraq müəyyən etdi : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı işə bərpa və məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən onun – İddiaçı işə bərpa edilməsi və məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi qaydada qeydiyyatda olduğu ünvan Bakı şəhəri, Səbail rayonu, Parlament prospekti, 3 ünvanı olmasına baxmayaraq İddiaçı tərəfindən aidiyyət qaydalarına əməl olunmayaraq iddia ərizəsi Sumqayıt Şəhər Məhkəməsinə təqdim olunmuşdur. Bu isə İddiaçı qanunvericiliyin tələblərinə əməl etmədən məhkəməyə müraciət etməsi ilə nəticələnmişdir. Məhkəmə hesab edir ki, iddia cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə verilməli olduğu hallarda, işin ərazi üzrə aidiyyətinin müəyyən olunması və gələcəkdə qətnamənin icrasının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 149.1-ci maddəsinə görə iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2.2-ci maddəsinə görə ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. 149.2.3-cü maddəsinə görə ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1-ci maddəsinə görə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə geri qaytarır. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəməyə verilərkən MPM-nin 152.1.3-cü maddəsinin tələbləri pozulduğundan iddia ərizəsi geri qaytarılmalı, İddiaçı aidiyyət qaydalarına əməl etməklə cavabdehin rəsmi qaydada qeydə alındığı yerin məhkəməsinə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 152.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı işə bərpa və məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra (aidiyyət qaydalarına əməl etməklə) yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar