Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3725/2025 26.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, onun və azyaşlı uşaqları xx.xx.2015-ci il təvəllüdlü X2, xx.xx.2016-cı il təvəllüdlü X1 Sumqayıt şəhəri, BTZ bağları, X7 massivində fərdi yaşayış evinə yaşayış - istifadə hüququnun tanınması, həmçinin tərəfindən ödənilən 100 manat dövlət rüsumunun cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2013-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan iki övladı var: 1. xx.xx.2015-ci il təvəllüdlü X4; 2. xx.xx.2016-cı il təvəllüdlü X3. Ailə həyatı qurduqdan sonra cavabdehlə birlikdə xx.xx.2015-ci il tarixdə Sumqayıt şəhəri, BTZ bağları, X7 massivində fərdi yaşayış evi almışdırlar. Ailə qurandan 2024-cu ilin dekabr ayına kimi həmin fərdi evdə az yaşlı uşaqları ilə birlikdə yaşamışdır. Cavabdeh onu evdən qovmuşdur. Məcbur olub uşaqları ilə birlikdə kirayə yaşayır. Onun və uşaqlarının həmin evdə yaşayış hüquqları var. Lakin cavabdeh buna mane olur. Hesab edir ki, onun və uşaqlarının həmin fərdi yaşayış evinə istifadə hüquqları tanınmalı və həmin mənzilə köçürülməkləri barədə qətnamə qəbul edilməlidir. Mübahisəli mənzil Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyatdan keçirilməyib və mənzilə dair çıxarış verilməyib. Buna görə də mənzil xüsusi mülkiyyətdə olan mənzillərə aid deyil və dövlət mənzil fonduna aid olan mənzillərə dair normalar tətbiq edilməlidir.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, 2013-cü ildə ailə qurmuşdur. Mübahisəli ev 2010-cu ildə tikilmişdir. Şəxsiyyət vəsiqəsi itdiyinə görə bir müddət faktiki nikah münasibətlərində olmuşdurlar. 2012-ci ildə toy mərasimi baş tutmuşdur. Evlənəndə artıq ev tikilib qurtarmışdır.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, 2006-ci ildə evi tikib orada yaşamışdır. Torpaq sahəsinin 1993-cü ilə aid bağçılıq sənədi vardır. Evin çıxarışı yoxdur.
Tədqiq olunan sübutlar:
5. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci və 10 manat kargüzarlıq xərci ödəmişdir.
6. AZ-İİİ 499633 və AZ-İİİ 355921 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X4 xx.xx.2015-ci ildə, X3 xx.xx.2016-cı ildə anadan olmuşdurlar. Uşaqların atası Cavabdeh, anası isə İddiaçıdır.
Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməməlidir.
10. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı və cavabdeh 06 dekabr 2013-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Ailə qurduqdan sonra Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivində fərdi yaşayış evində yaşamışlar. İddiaçı həmin evə gəlin köçmüşdür. Hazırda iddiaçı öz azyaşlı uşaqları ilə birgə yaşayış sahəsindən istifadə hüququnun tanınmasını istəyir.
11. Məhkəmə qeyd edir ki, iddiaçının köçürülməsini istədiyi fərdi yaşayış evi özbaşına tikilidir. Bəllidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etməsə də, o fiziki obyekt olaraq özündə onu inşa etdiyi şəxsin (şəxslərin) əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir.
12. Lakin özbaşına inşa edilmə nəticəsində yaranmış əmlak olan mübahisəli ev (yaşayış sahəsi) daşınmaz əmlakın dövlət reyestrində nə iddiaçının, nə də cavabdehin adına qeydə alınmadığından, iddiaçının və onun övladlarının mübahisəli evə istifadə hüququ əmələ gəlməmiş, habelə özbaşına tikiliyə istifadə hüququnun tanınması yolverilməzdir.
13. Bu səbəbdən də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı onun və azyaşlı uşaqları xx.xx.2015-ci il təvəllüdlü X2, xx.xx.2016-cı il təvəllüdlü X1 Sumqayıt şəhəri, BTZ bağları, X7 massivində fərdi yaşayış evinə yaşayış - istifadə hüququnun tanınması tələbinə dair iddiası təmin edilməməlidir.
Məhkəmə xərcləri:
14. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə iddia tələbi təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Nəticə:
15. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddiaçı Cavabdeh qarşı İddiaçı azyaşlı övladları - xx.xx.2015-ci il təvəllüdlü X4, xx.xx.2016-cı il təvəllüdlü X1 Sumqayıt şəhəri, BTZ bağları, X7 massivində fərdi yaşayış evinə istifadə hüququnun tanınması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva