Məhkəmə qərarları › İş №2(060)-3729/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3729/2025

25.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3729/2025 25.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 (maraqlı şəxs 2 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi) doğum faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, 04 may 2023-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş xx xxxx 2001-ci il təvəllüdlü Ərizəçi1 və xx xxxxx 2001-ci il təvəllüdlü Ərizəçi2 27 mart 2024-cü il tarixdə övladlarının doğum faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi1 və Ərizəçi2 oğlu 04 may 2023-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdurlar. Birgə nikahdan 27 mart 2024cü il tarixdə övladları anadan olmuşdur. Lakin doğuş xəstəxanada yox məhz evdə baş vermişdir. X11 üzrə X9 Ərazi Bölmələrinin İdarəetmə Birliyinin Sumqayıt Tibb Mərkəzi” PHŞ 7 nömrəli Ailə Sağlamlıq Mərkəzinin 29 mart 2024-cü il tarixli, 39 nömrəli arayışında qeyd edilmişdir: “Verilir vətəndaş Ərizəçi1 ona görə ki, onun həyat yoldaşı Ərizəçi2 ginekoloji kabinetdə 06 oktyabr 2023-cü il tarixdən 18 mart 2024-cü il tarixədək hamilə diaqnozu ilə dispanser qeydiyyatında olmuşdur. Anamnezə əsasən 27 mart 2024-cü il tarixdə, saat 20:00-da evdə doğuş baş verib. 28 mart 2024-cü il tarixdə ailə həkimi pediatr X1, X5 tərəfindən ana və uşaq müayinə olunmuşdur.” 27 mart 2024-cü il tarixdə doğulmuş övladının doğumunun qeydiyyata alınması ilə bağlı iş üzrə maraqlı şəxs 2 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinə müraciət etsə də, ərizənin icrasından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, doğum faktını təsdiq edən həkim sənədi olmadıqda, uşağın doğulması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət edir. Tək çıxış yolu budur. Qeyd olunanlara əsasən hazırki ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, hazırki mübahisənin məhkəmədən kənar həlli mövcud deyildir.

Tərəflərin mövqeləri:

3. Məhkəmə iclaslarında iştirak edən ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

5. AZ-İİ 571217 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 ilə X2 arasında xx.xx.2023-cü il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 369 nömrəsi ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada “Qurbanova” soyadı verilmişdir.

6. 2 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən Ərizəçi1 və Ərizəçi2 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, uşağın doğumunu təsdiq edən tibbi şəhadətnamə təqdim olunmadığından doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməkləri tövsiyyə olunmuşdur.

7. Sumqayıt 3 nömrəli şəhər xəstəxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi1 həyat yoldaşı Ərizəçi2 ginekoloji kabinetdə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək hamilə diaqnozu ilə dispanser qeydiyyatda olub. Anamnezə əsasən xx.xx.2024-cü il tarixdə saat 20.00-da evdə doğuş baş verib. xx.xx.2024-cü il tarixində ailə həkimi pediatr X1, X5 tərəfindən ana və uşaq müayinə olunub.

17. Məhkəməyə sorğu əsasında daxil olmuş “Sumqayıt Tibb Mərkəzi” PHŞ-nin 7 nömrəli Ailə Sağlamlıq Mərkəzinin 128 saylı, 14 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2021-ci il təvəllüdlü ünvan 1 ünvanında yaşayan vətəndaş Ərizəçi2 hamiləlik dövründə 7 nömrəli Ailə sağlamlıq mərkəzində qeydiyyata alınmışdır, müayinə və müşahidəsi aparılmışdır.

18. “Sumqayıt Tibb Mərkəzi” X14 tərəfindən verilmiş Hamilə və zahının tibbi kitabçasında Ərizəçi2 hamiləliyi 41-ci həftədə başa çatıb, doğuş 27 mart 2024-cü il tarixdə evdə baş verib.

19. Hamiləliyin ilkin müayinəsindən çıxarışdan görünür ki, 06 oktyabr 2023-cü ildə hamiləliyin ilkin müayinəsi həyata keçirlmiş, hamiləliyin müddəti 16-17 həftə, doğuşun gözlənilmə tarixi 11 mart 2024-cü il göstərilmişdir.

20. “Sumqayıt Tibb Mərkəzi” PHŞ-nin 7 nömrəli Ailə Sağlamlıq Mərkəzinin “Sumqayıt Tibb Mərkəzi” PHŞ-nin direktoru Səkinə Sadıxovaya ünvanladığı 171 10 noyabr 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Ərizəçi2 xx.xx.2001-ci il təvəllüdlü, Sumqayıt şəhər, H.Z.tağıyev qəsəbəsi, Fətəlixan 12/1 ünvanında qeydiyyatda olan və yaşayan, 06 oktyabr 2023-cü ildə H1, D0, A0, 16-17 hamilləlik diaqnozu ilə qeydiyyata götürülüb. Hamilə qadın və yoldaşı növbəti müayinəyə gəlməkdən imtina ərizəsi yazmış və hamiləliklə əlaqədar gözləniləcək bütün fəsadlara özləri cavabdeh olacağını bildirmişlər.

21. Ərizəçi2 və X6 tərəfindən “Sumqayıt Tibb Mərkəzi” PHŞ-nin 7 nömrəli Ailə Sağlamlıq Mərkəzinə təqdime dilmiş 25 oktyabr 2023-cü il tarixli İltizamnamədən görünür ki, Ərizəçi2, yoldaşı X3 şahidliyi ilə yazıb bildirmişdir ki, həkim Qəhrəmanova hamiləliyin gedişi zamanı növbəti müayinələrin vacibliyi haqqında söz-söhbət aparmasına baxmayaraq, o özü lazım bildiyi vaxtda gələcəyini bildirmişdir. Ona görə də hamiləliyi ilə əlaqədar gözləniləcək bütün vəziyyətlərə görə özü cavabdehdir.

22. Sumqayıt Tibb Mərkəzi PHŞ-nin 18 iyul 2023-cü il tarixli Ultrasəs müayinənin nəticələrinə dair çıxarışından görünür ki, Ərizəçi2 ultrasəs müayinə nəticəsində 18 iyul 2023-cü il tarixdə uşaqlıq boşluğunda 3 həftə hamiləliyə uyğun d=3mmdöl yumurtası qeyd olunmuşdur.

23. Sumqayıt şəhər Perinatal Mərkəzin 2262 saylı USM protokolundan görünür ki, Ərizəçi2 17-18 həftəlik hamiləlik müşahidə olunmuşdur.

24. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X14 tərəfindən verilmiş 578/2025-TBŞ saylı ekspert rəyindən görünür ki, tədqiq olunmuş göstərilən sistemlərin qrup faktorlarına görə alınmış göstəricilərə əsasən anası Ərizəçi2 olan təqdim olunan uşaq barəsində Ərizəçi1 atalıq faktı inkar edilmədi.

8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X14 tərəfindən verilmiş 375 saylı ekspert rəyindən görünür ki, Ərizəçi1 və Ərizəçi2 övladları olan azyaşlının müəyyən edilmiş sümük yaşı 2-2,5 ilə uyğun gəlir.

9. AZ-İ 070465 və AZ-İ 069625 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Ərizəçi1 xx.xx.2001-ci ildə, X2 xx.xx.2001-ci ildə anadan olmuşdurlar. Miliyyətləri azərbaycanlıdır.

Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

- 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır: - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 310.1-ci maddəsinin tələbinə görə ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.

12. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı

- 4. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. - 4.3. Uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

24. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, ərizəçiləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, ərizə təmin edilməlidir.

25. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Ərizəçi1 və Ərizəçi2 04 may 2023cü il tarixdə nikaha daxil olmuşlar. Onlar məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.2024cü il tarixdə ev şəraitində övladlarının doğulduğunu bildirmiş və uşağın doğum faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişlər. Uşağın doğumu ev şəraitində baş tutmuş, doğuşun baş tutması heç bir həkim tərəfindən təsdiq edilməmiş, hazırkı tarixədək uşağın doğum faktını təsdiq edən heç bir sənəd əldə edilə bilməmişlər.

26. Ərizəçilər məhkəməyə müraciət etməmişdən öncə doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı 2 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə müraciət etmişlər, həmin orqan tərəfindən uşağın doğumunu təsdiq edən tibbi şəhadətnamə təqdim olunmadığından ərizəçinin müraciətinin təmin edilməsindən imtina edilmişdir.

27. Beləliklə ərizəçi tərəfindən uşağın doğumunu təsdiq edən tibbi şəhadətnamə təqdim olunmadığından ərizənin təmin edilməsindən imtina edilmişdir.

28. Göründüyü kimi ərizəçilər uşağın doğumunu müəyyən edən sənədləri başqa qaydada ala bilməmişlər. Belə olan halda doğum faktının müəyyən edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşlar.

29. Məhkəmə qeyd edir ki, doğum fiziki şəxsin hüquq qabiliyyətinin əsasını təşkil edir. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir.

30. Beləliklə də, doğumun bir şəxs üçün zəruri hüquqi fakt olduğu mübahisəsizdir. Doğum özlüyündə hüquqi fakt olduğu üçün onun hüquqi qeydiyyatı da mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə də qanunvericilik doğumun qeydiyyatını müəyyən etmişdir.

31. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında qeyd olunur ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir.

32. İş materiallarına əlavə edilmiş Sumqayıt 3 nömrəli şəhər xəstəxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi1 həyat yoldaşı Ərizəçi2 ginekoloji kabinetdə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək hamilə diaqnozu ilə dispanser qeydiyyatda olub. Anamnezə əsasən xx.xx.2024-cü il tarixdə saat 20.00-da evdə doğuş baş verib. xx.xx.2024-cü il tarixində ailə həkimi pediatr X1, X5 tərəfindən ana və uşaq müayinə olunub.

33. Ərizəçilər bundan əvvəldə eyni ərizə ilə məhkəməyə müraciət etmişlər, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə baxılmamış saxlanılmışdır. Həmin mülki işin icraatı zamanı məhkəmə tərəfindən Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi PHŞ-na soröu göndərilərək Ərizəçi2 “Hamilə qadınların vahid elektron registri”ndə olan hamiləlik dövrü ərzində aparılmış müayinə və müşahidə məlumatları, köməkçi laborator və diaqnosik müayinələri, anamnez məlumatları, növbəti gəlişləri, risk qrupuna daxil olubolmaması barədə məlumatları və onları təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsi ilə bağlı sorğu göndərilmişdir. Həmin sorğuya cavab olaraq “Sumqayıt Tibb Mərkəzi” PHŞ-nin 7 nömrəli Ailə Sağlamlıq Mərkəzinin 128 saylı, 14 oktyabr 2024-cü il tarixli məktubunda xx.xx.2021-ci il təvəllüdlü ünvan 1 ünvanında yaşayan vətəndaş Ərizəçi2 hamiləlik dövründə 7 nömrəli Ailə sağlamlıq mərkəzində qeydiyyata alındığı müayinə və müşahidəsinin aparıldığı qeyd edilmişdir. Həmin məktuba Hamilə və zahının tibbi kitabçası, Hamiləliyin ilkin müayinəsindən çıxarış və.s sənədlər əlavə edilmişdir. Həmin sənədlər əsasında müəyyən edilmişdir ki, Ərizəçi2 hamiləliyin 16-17 həftəsində, yəni 06 oktyabr 2023-cü il tarixdə “Sumqayıt Tibb Mərkəzi” PHŞ-nin 7 nömrəli Ailə Sağlamlıq Mərkəzində qeydiyyata alınmışdır. Daha sonra həmin müəssiyə ərizə ilə müraciət edərək növbəti müayinəyə getməkdən imtina etmişdir.

34. Məhkəməyə təqdim edilmiş yuxarıda adları çəkilən Ultrasəs müayinənin nəticələrinə dair sənədlərdən də görünür ki, Ərizəçi2 18 iyul 2023-cü il tarixdə 6 həftəlik hamiləlik, 01 avqust 2023-cü il tarixdə 8 həftəlik hamiləlik, xx.xx.2023-cü il tarixdə 17-18 həftəlik hamiləlik müşahidə edilmişdir.

35. Məhkəmə tərəfindən eyni zamanda ərizəçilər Ərizəçi1 və Ərizəçi2 xx.xx.2024-cü il tarixdə doğulması ehtimal olunan uşağın biolji valideyni olub-olmaması, azyaşlı kimi qeyd edilən uşağın doğum tarixinin xx.xx.2024-cü il tarixə uyğun olub-olmamasının müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X14 tərəfindən verilmiş 578/2025-TBŞ saylı ekspert rəyində tədqiqat hissəsinin nəticəsi olaraq tədqiq olunmuş göstərilən sistemlərin qrup faktorlarına görə alınmış göstəricilərə əsasən anası Ərizəçi2 olan təqdim olunan uşaq barəsində Ərizəçi1 atalıq faktının inkar edilmədiyi göstərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X14 tərəfindən verilmiş 375 saylı ekspert rəyində isə tədqiqat hissəsinin nəticəsi olaraq Ərizəçi1 və Ərizəçi2 övladları olan azyaşlının müəyyən edilmiş sümük yaşının 2-2,5 ilə uyğun gəldiyi müəyyən edilmişdir.

36. Beləliklə yuxarıda qeyd edilən hallar əsasında məhkəmə belə qənaətə gəlir ki, iş materiallarına əlavə edilmiş, habelə məhkəməyə sorğu əsasında daxil olmuş sənədlər və ekspert rəyi əsasında ərizəçilərin övladlarının doğulması müəyyən olunur. Hamiləliyin gedişatı ilə bağlı sənədlər (hamiləliyin qeydiyyatı, USM müayinələri) əsasında doğuşun gözlənilən müddəti də, yəni 27 mart 2023-cü il tarixi üst-üstə düşür.

37. Uşağı sümük yaşının 2-2,5 arasında olması ilə bağlı ekspert rəyinə münasibətdə məhkəmə digər rəylə ərizəçinin uşağın bioloji atası olması faktı inkar edilmədiyindən, habelə təqdim edilmiş hamiləliklə bağlı sənədlər əsasında uşağın doğuş tarixinin 27 mart 2024-cü il tarixə təsadüf etməsi arasındakı uyğunluğu və sümük yaşının təxmini göstərici olduğunu, genetik faktorların, uşağın çəkisinin sümük yaşını çox göstərə biləcəyi ehtimalını, habelə sümük yaşının minimal göstəricisi ilə təqvim yaşı arasında elə böyük fərqin olmadığını, eyni zamanda sümük yaşına dair göstəricilərin valideynlik faktının üməyyən edilməsinə yönəlmiş meyar olmadığını, uşağın bioloji inkişaf mərhələsinin göstəricisi olduğunu nəzərə alaraq hesab edir ki, qeyd edilən hal təkbaşına doğum və ərizəçilərin uşağın valideynləri olması faktını imkan etmir.

38. Beləliklə, məhkəmə işin hallarına və işdə olan sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, ərizə əsaslıdır Ərizəçi1 və Ərizəçi2 birgə nikahlarından olan övladının 27 mart 2024-cü il tarixdə Sumqayıt şəhərində doğulması faktı öz təsdiqini tapmışdır. Hüquqi əhəmiyyəti olan bu fakt məhkəmə tərəfindən müəyyən edilməlidir, çünki bunun üçün hüquqi zərurət yaranmışdır.

Nəticə:

35. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

Ərizə təmin edilsin. Ərizəçi1 və Ərizəçi2 birgə nikahlarından olan övladının 27 mart 2024-cü il tarixdə Sumqayıt şəhərində doğulması faktı müəyyən edilsin. Doğum haqqında akt qeydləri kitabında uşağın cinsi “kişi”, doğum tarixi “xx.xx.2024cü il”, doğulduğu yer “Sumqayıt şəhəri”, ata qrafasında – “Ərizəçi1” (milliyyəti azərbaycanlı), ana qrafasında – “Ərizəçi2” (miliyyəti azərbaycanlı) qeyd edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar