Məhkəmə qərarları › İş №2(060)-3734/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3734/2022

01.09.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3734/2022 01.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İlkin iddia üzrə İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, İlkin iddia üzrə Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbi barədə ilkin və Cavabdeh İddiaçı qarşı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İlkin iddia üzrə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 72 saylı evin 22 saylı mənzilindən oğlu Cavabdeh iddiaçının əvvəl verdiyi kompensasiya məbləği nəzərə alınmaqla mənzilə istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə ilkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi və Cavabdeh Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 72 saylı evin 22 saylı mənzilinə istifadə hüququnun mövcud olma faktının tanınması və həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ilkin iddia üzrə Cavabdeh nümayəndəsi Vəkil dəqiqləşmə verərək, ilkin iddianın rədd edilməsini və Cavabdeh Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 72 saylı evin 22 saylı mənzilinə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun oğludur. Mübahisəli mənzil (Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 72, mənzil 22) ona məxsusdur. Oğlu 2005-ci ildə X4 ilə ailə həyatı qurmuş və həyat yoldaşını onun mənzilinə gətirmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə mülkiyyətində olan sözügedən mənzilə X1 istifadə hüququ tanınmışdır. Elə həmin vaxtdan da aralarında böyük münaqişə baş vermiş, cavabdeh ailəsi və uşaqları ilə birlikdə kirayə evə köçmüşdür. Artıq 10 ildən çoxdur ki, oğlu ailəsi ilə birlikdə onun mənzilində yaşamırlar. Lakin buna baxmayaraq, oğlu və ailəsi bu illər ərzində onun və digər oğlunun vəsaiti hesabına ayaqda durmuşdurlar. Hal-hazırda da onun bütün təqaüdü onlar üçün xərclənir. Belə ki, mənzildən çıxandan sonra konkret olaraq 2013-cü ildə razılaşmışdırlar ki, mənzili girov qoyub, oğlu Cavabdeh pul verilsin və sonuncu ailəsi ilə birlikdə özlərinə ev alsınlar. Bu məqsədlə "xxxx" ASC-nin "Yasamal" filialı ilə oğlu Cavabdeh arasında xx.xx.2013-cü il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən oğlu Cavabdeh 60 ay müddətinə, illik 26% ödəmək şərti ilə 25.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin qaytarılmasının təminatı kimi onun ilə bank arasında xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsi bağlanaraq mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 72 saylı evin 22 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. Həmin ildən də onun çətin günləri başlamışdır. Həmin 25.000 ABŞ dolları onun üçün az qala 35.000 manat olmuşdur. Bütün məbləği o ödəmişdir. Hal-hazırda da ödəməyə davam edir. 25.000 ABŞ dollardan da o, bir manat belə olsun götürməmişdir. Mənzil hələ də ipotekadadır, hələ də ödənilməmiş 6.000 manat borc qalmışdır. Ona görə də hesab edir ki, Cavabdeh mənzilə dair istifadə hüquqları itirilməlidir. Oğlunun pasport qeydiyyatı formal xarakter daşıyır. Oğlu mənzilə dair heç bir hüquq, vəzifə yerinə yetirmir. Oğlunun mənzilə yaşayış hüququnun itirilmiş hesab edilməsinə dair müvafiq orqanlara müraciət etsə də, bunun yalnız məhəmə yolu ilə mümkün olduğunu bildirilmişdir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Mənzildən cavabdeh və onun ailəsinə düşən payı 9 il qabaq tam şəkildə ödəmişdir, artıq 10 ildən çoxdur ki, cavabdeh və ailəsi onun mənzilindən daha yaxşı olan 4 otaqlı mənzildə kirayədə yaşayırlar. Hətta onda olan məlumata görə cavabdeh özünə mənzil də almışdır, sadəcə mənzil aldığını ondan gizlədir. Ona görə də cavabdehin mənzilə istifadə hüququ itirilməlidir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı onun anasıdır. Mübahisəli mənzil (Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 72, mənzil 22) onun ata evidir. Qeyd olunan mənzil 1986-cı il tarixdə satın alınmış və ilkin sənəd olaraq atasının adına order alınmışdır. Yəni 1986-cı il tarixdən valideynləri ilə mübahisəli mənzildə yaşayır və həmin evdə qeydiyyatdadır. Həmin orderə atası ilə bərabər ailə üzvləri olaraq o və anası da əlavə olunmuşdur. Qeyd olunan tarixdən o, mübahisəli mənzilə köçdüyü üçün hüquq münasibətləri 1986-cı il tarixdən yaranmış hesab olunur. Orderdə adı qeyd olunan ailə üzvlərinin (18 yaşı tamam olmuş şəxslərin) mənzili özəlləşdirməyə dair razılıq ərizələri əsasında mübahisəli mənzil iş üzrə cavabdeh, yəni anası İddiaçı adına rəsmiləşərək xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. xx.xx.2005-ci il tarixdə ailə həyatı quraraq həyat yoldaşı X5 ailə üzvü qismində mübahisəli mənzilə köçmüşdür. Onların birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X9, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X8 adlı övladları anadan olmuşdur. Anası ilə, yəni iş üzrə cavabdeh İddiaçı ilə birgə yaşayıb ümumi təsərrüfat idarə etmişdirlər. Cavabdeh - İddiaçı onun həyat yoldaşını mübahisəli mənzilə pasport qeydiyyatına almadığına görə o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə onun həyat yoldaşı X1 mübahisə mənzilə istifadə və yaşamaq hüququ tanınmışdır. Bundan sonra anası İddiaçı ilə ailəsi arasında mübahisələr yaranmağa başlamışdır. Bu mübahisələrin nəticəsi olaraq anası onun övladlarını və yoldaşını mübahisəli mənzildən qovmuşdur. O, da ailə başçısı olaraq ailəsini tərk buraxmamağa görə ailəsi ilə birgə mübahisəli mənzili tərk etmişdir. Sonralar dəfələrlə mübahisəli mənzilə köçməkləri ilə bağlı cavabdehə müraciət etsə də cavabdeh onu və ailəsini mənzilə buraxmamışdır. Bunun nəticəsi olaraq hal-hazırda o ailəsi ilə birgə ünvan 1 ünvanında kirayədə yaşayır. Mübahisəli mənzildə yaşamaq və istifadə hüquqlarının olmasına baxmayaraq pozulmuş hüquqlarımızın bərpası üçün Sumqayıt Şəhər Məhkəməsinə müraciət edilmiş və məhkəmənin 2(060)-2038/2022 saylı qətnaməsi ilə ailə üzvlərinin mübahisəli mənzilə köçürülmələrinə dair iddiası təmin olunmuşdur. O, hesab edir ki, cavabdeh İddiaçı iddiası əsassızdır. Mübahisəli mənzil onun ata evidir. Uzun müddətdir həmin mənzildə yaşamışdır, qeydiyyatdadır və 1982-ci il qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən ailə üzvü olduğu üçün istifadə hüququ yaranmışdır. Cavabdehin iddiasında onun mübahisəli mənzili könüllü tərk etməsini bildirməsinin heç bir əsası yoxdur. Qeyd olunan mübahisəli mənzillə bağlı heç bir kompensasiya məbləği verilməmişdir. İlkin iddiada qeyd olunan kredit müqaviləsinin biznes təyinatlı olması bu müqavilənin mübahisə predmetinə aid olmamasını göstərir. Odur ki, mübahisəli mənzildə istifadə hüququnun yaranması və hətta ailəsinin həmin mənzilə köçürülməsi ilə bağlı məhkəmə qətnaməsinin olması onun da həmin mənzilə köçürülməsini şərtləndirir. İlkin iddia üzrə İddiaçı və onun nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdilər və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdilər və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə, tərəflərin və onların nümayəndələrinin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən qarşılıqlı iddia təmin edilməli, ilkin iddia isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 14 saylı Mənzil-Kommunal Səhəsinin xx.xx.2022-ci il tarixli aktından görünür ki, Cavabdeh, onun yoldaşı X5 və onların xx.xx.2008-ci il təvəllüdlü X9, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X8 adlı övladları Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 72 saylı evin 21 saylı mənzilində qeydiyyatdadırlar, artıq 10 ildir ki, bu ünvanda yaşamırlar. Qeyd olunanları Gülüşən Hümbətova, Vüqar Məmmədov və Anaqız Hacıyeva öz imzaları ilə təsdiq etmişdirlər. - "xxxx" ASC-nin "Yasamal" filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh fərdi mikro kredit məqsədlə 60 ay müddətinə, illik 26% ödəmək şərti ilə 25.000 ABŞ dolları məbləğində kredit verilmişdir. - xx.xx.2013-cü il tarixli girov müqaviləsindən görünür ki, kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulunun təminatı olaraq İddiaçı məxsus 30.000 manat dəyərində olan Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 72 saylı evin 22 saylı mənzili "xxxx" ASC-yə girov qoyulmuşdur. - Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 72 saylı evin 22 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 59 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində ********* qeydiyyat nömrəsi ilə xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3415/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsindən görünür ki, X1 Sumqayıt şəhəri, 9-cu mikrorayon, 72 saylı evin 22 saylı mənzilindən istifadə və yaşayış hüququ tanınmışdır. - AR-nın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı ünvan 2 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 72 saylı evin 22 saylı mənzili Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, 12/590 saylı order, 14 saylı MİS tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, 4546 saylı mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) və mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə ərizələri əsasında İddiaçı mülkiyyət hüququ qeydiyyata alınaraq xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Mənzil üzərində ipoteka, ipotekanın tutmaya yönəldilməsi barədə bildirişin qeydiyyatı aparılmışdır. - Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-791/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6596/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti, qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6596/2018 saylı, xx.xx.2018ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh "xxxx" ASC-nin xeyrinə cəmi 20.378 ABŞ dolları məbləğində borcun tutulması, tutmanın İddiaçı məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 72 saylı evin 22 saylı mənzilinə yönəldilməsi qət edilmişdir. - xx.xx.1986-cı il tarixli 22 №-li protokoldan görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 72 saylı evin 22 saylı mənzilinin icarədarı X2r. - Həmin orderdən görünür ki, Məhəmməd Əhmədov icarədər, İddiaçı - Məhəmməd Əhmədovun həyat yoldaşı və Cavabdeh - Məhəmməd Əhmədovun oğludur. - xx.xx.2013-cü il tarixli kassa məxaric orderindən görünür ki, 25.000 ABŞ dolları məbləğində məbləğində pul vəsaiti Cavabdeh verilmişdir. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2038/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X1 azyaşlı uşaqları xx.xx.2008-ci il təvəllüdlü X9, xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2012-ci təvəllüdlü X7 ilə birlikdə Sumqayıt şəhəri, 9-cu mikrorayon ünvanında yerləşən 72 saylı evin 22 saylı mənzilinə köçürülməsi barədə ilkin iddiası təmin olunmuş və qarşılıqlı iddia üzrə İddiaçı cavabdeh X3 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbi rədd edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh İddiaçı oğludur. Mübahisəli mənzil 1986-cı il tarixdə satın alınmış və ilkin sənəd olaraq Cavabdeh atası, İddiaçı həyat yoldaşı - Məhəmməd Əhmədovun adına order alınmışdır. Mübahisəli mənzil İddiaçı adına mülkiyyət hüququ rəsmiləşərək xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh xx.xx.2005-ci il tarixdə X5 ilə ailə həyatı qurmuş və sonuncu mübahisəli mənzilə gəlin köçmüşdür. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə X1 Sumqayıt şəhəri, 9-cu mikrorayon, 72 saylı evin 22 saylı mənzilindən istifadə və yaşayış hüququ tanınmışdır. "xxxx" ASC-nin "Yasamal" filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi ilə Cavabdeh fərdi mikro kredit məqsədlə 60 ay müddətinə, illik 26% ödəmək şərti ilə 25.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2038/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X1 azyaşlı uşaqları xx.xx.2008-ci il təvəllüdlü X9, xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2012-ci təvəllüdlü X7 ilə birlikdə Sumqayıt şəhəri, 9-cu mikrorayon ünvanında yerləşən 72 saylı evin 22 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. AR MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 11 iyul 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Həmin Qərarda qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Konstitusiya Məhkəməsinin bu qərarlarda ifadə olunmuş hüquqi mövqeyinə görə yaşayış sahəsinin mülkiyyət forması dəyişdirildikdə, yəni xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alındıqda həmin yaşayış sahəsinə dair digər ailə üzvlərinin yaşayış hüququ ilə bağlı məsələlərin həlli zamanı 2009-cu ilin oktyabr 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Məhkəmə, sözügedən Qərarda keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadəsinin mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri tərəfindən mümkünsüz edilməsi barədə hüquqi mövqeyinin, eyni zamanda ailə üzvünə də şamil olunduğu qənaətindədir. Belə ki, burada vurğulanan amil istifadə hüququ mümkünsüz hala gətirilən şəxslərin xitam verilə bilən və ya bilinməyən ailə üzvü statusuna malikliyi deyil, ona iradəsinə zidd olaraq yaşayış sahəsindən istifadə imkanının verilməməsidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh mübahisəli mənzildən istifadə hüququna malikdir. Belə ki, o, həmin mənzilin mülkiyyətçisi İddiaçı oğlu olmaqla, onun ailə üzvüdür. Cavabdeh ehtiyacı olmasına baxmayaraq mülkiyyətçi ilə birlikdə sözügedən yaşayış sahəsində yaşamaması ilə bağlı məhkəmə hesab edir ki, bu hal onun iradəsinə uyğun baş verməmiş, mülkiyyətçi cavabdehin mübahisəli mənzildən istifadəsini mümkünsüz etmişdir. Bunu tərəflərin izahatı, işin faktiki halları və müvafiq məhkəmə mübahisələri təsdiq edir. Cavabdeh mülkiyyətçi tərəfindən kompensasiya verilməsi məhkəmə araşdırması zamanı mötəbər sübutlarla təsdiq olunmadı. Belə ki, sözügedən kredit biznes məqdəsilə cavabdeh tərəfindən götürülmüş, ödənişlərin bilavasitə mülkiyyətçinin etdiyini təsdiqləyən sübutlar isə məhkəməyə təqdim olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia əsassız, qarşılıqlı iddia isə əsaslıdır. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 72 saylı evin 22 saylı mənzilindən oğlu Cavabdeh iddiaçının əvvəl verdiyi kompensasiya məbləği nəzərə alınmaqla mənzilə istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılması barədə iddiası təmin edilməsin. Cavabdeh Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 72 saylı evin 22 saylı mənzilinə istifadə hüququ tanınsın və o, həmin mənzilə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar