Məhkəmə qərarları › İş №2(060)-377/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-377/2021

18.03.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-377/2021 18.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdehlər “X1 Mərkəzi” MMC-ə və Cavabdeh2 BOKT ASC-ə qarşı hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi və bunun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X1 Mərkəzi” MMC tərəfindən keçirilmiş xx xxx 2018-ci il tarixli hərracın və onun nəticəsi olaraq qəbul edilmiş xx.xx.2018-ci il tarixli Y-741 saylı hərracın nəticələri haqqında yekun protokolun etibarsız sayılması və bu protokol əsasında cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Cavabdeh2 BOKT ASC-yə verilmiş çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia tələbinə dəqiqləşmə verərək, Sumqayıt şəhəri üzrə İcra İdarəsi və AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzil mülkiyyət hüququ əsasında ona məxsus olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsinə əsasən borc məbləği cəmi 26.763,45 ABŞ dolları müəyyən edilmiş, borcun ödənilməsi ipotekaya yönəlməklə mənzilin açıq hərracdan satılması qət edilmişdir. Həmin qətnamə əsasında verilmiş icra vərəqəsi cavabdeh Sumqayıt şəhər İcra İdarəsinə göndərilmiş, icra işi açılmışdır. Bunun əsasında İcra İdarəsi xx.xx.2018-ci il tarixli 12K-83/8 saylı sifariş məktubu ilə cavabdeh “X1 Mərkəzi” MMC-yə müraciət etmiş və sonuncu mənzilin hərracdan satışını təşkil etmişdir. xx xxxx 2018-ci il tarixdə Hərrac mərkəzi xx xxxxx 2018-ci il tarixə hərrac təyin etmişdir. Bu ərəfədə iddiaçı mənzilin qiymətləndirilməsini və ipoteka müqaviləsini müxtəlif məhkəmələrdə mübahisələndirmiş və bu məhkəmə baxışları zamanı Bakı şəhər Yasamal rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərardadı ilə mənzilin üzərinə həbs qoyulmuş, Sumqayıt şəhər məhkəməsinin xx xxx 2018-ci il tarixli qərardadı ilə isə mənzilin hərracdan satılmasına qadağa qoyulmuşdur. Bütün bunlara baxmayaraq cavabdehlər xx xxx 2018-ci il tarixdə iddiaçıya bu barədə məlumat vermədən hərrac keçirmiş və mənzili bank öz mülkiyyətinə qəbul etmiş və yekun protokolu imzalamışdır. Ona görə də iddiaçı iddia tələbinin təmin edilməsini xahiş edir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazırki mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə mülki işin materiallarını tədqiq edərək hesab edir ki, mülki iş aidiyyəti üzrə başqa məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Azərbaycan Respublikası MPM-nin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. İş materiallarından görünür ki, “X1 Mərkəzi” MMC-nin hüquqi ünvanı ünvan 2 Monolit Plazadır. Sadalanan hüquq normalarını rəhbər tutaraq, məhkəmə hesab edir ki, cavabdehin ünvanı Bakı şəhəri Səbail rayonunda olduğundan mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 32, 35, 44 və 162-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı cavabdehlər “X1 Mərkəzi” MMC-ə və Cavabdeh2 BOKT ASC-ə qarşı hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi və bunun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət vermək olar. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar