Məhkəmə qərarları › İş №2(060)-3788/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3788/2020

06.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3788/2020 06.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməklə pasport qeydiyyatından çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməklə pasport qeydiyyatından çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanından istifadə hüququna xitam verilməklə, həmin mənzildən pasport qeydiyyatından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Sumayıt şəhəri, 36-cı məhəllə, ev 5/11 mənzil 6 mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdeh onun atasıdır. Cavabdeh 2010cu ildən həmin mənzildə yaşamır. Belə ki, atası Cavabdeh Rusiya Federasiyasında yaşayır və qonşuların imzaladığı 3 saylı MİS tərəfindən verilən akt da bunu təsdiq edir. Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən Sumqayıt şəhəri, 36-cı məhəllə, 5/11 saylı binanın 6 saylı mənzili iddiaçının tam mülkiyyətindədir. Həmin mənzildə qeydiyyatda olan Cavabdeh mülkiyyətçi kimi onun hüquqlarının pozulmasına və əlavə kommunal xərclər çəkilməsinə səbəb olur. ASAN-Sumqayıt tərəfindən verilən yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, cavabdeh hazırda ünvan 2 qeydiyyatda qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, cavabdeh onun atasıdır, həmin mənzil 2008-ci ildən atası tərəfindən alınaraq sonuncunun mülkiyyətində olmuş, sonradan, 2013-cü ildə atası mənzili ona bağışlamışdır. Atası 2010cu il tarixdə Rusiya Federasiyasına getmişdir, uzun müddətdir ki əlaqələri yoxdur. Atasının Rusiyada daimi yaşayış yerinin olub-olmaması barədə məlumatı yoxdur. Hesab edir ki, atası on ildən artıqdır ki, həmin mənzildə yaşamadığından istifadə hüququna xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Mülki iş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylıÇıxarışın təsdiq edilmiş surətindən, ünvan 1 xüsusi mülkiyyət hüququ ilə İddiaçının adına 203 nömrəli reyestr kitabının 69 nömrəli vərəqində daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə qeydə alınmışdır. ASAN-Sumqayıt tərəfindən verilən xx.xx.2020-ci il tarixli, ******* №li arayışından görünür ki, Həsənov X1 şəhəri, 36-cı məhəllə, ev 5/11, mənzil 6 ünvanında qeydiyyatdadır. Beləliklə, işin məhkəmədə araşdırılan halları ilə müəyyən edildi ki, cavabdeh iddiaçının atasıdır, mübahisə predmeti olan ev əvvəl cavabdehin mülkiyyətində olmuş, sonradan iddiaçıya bağışlanmaqla iddiaçının mülkiyyətindədir. İddiaçı cavabdehin artıq həmin mənzildə yaşamadığını, cavabdehin həmin ünvana qeydiyyatının formal olduğunu iddia edərək istifadə hüququna xitam verilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. İddiaçının göstərdiklərinə əsasən mənzil iddiaçının atası olan cavabdeh tərəfindən əldə edilməklə onun mülkiyyətində olmuş, 2010-cu il tarixədək həmin ünvanda yaşamışdır. Məhkəmənin qənaətincə cavabdehin mənzil üzərində mülkiyyət hüquqları qeydə alındığı vaxtdan həm də istifadə hüququ yaranmışdır. Əmlak üzərində mülkiyyət hüququnun iddiaçıya keçməsi ailə üzvü olan cavabdehin istifadə hüququnun itirilmiş hesab edilməsi üçün əsas hesab edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, mülkiyyətçi kompensasiya verməklə istifadə hüququna xitam verilməsini tələb edə bilər. Hazırkı halda iddiaçı kompensasiya təklif etmədən cavabdehin istifadə hüququna xitam verilməsini xahiş etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda genişşəkildə işlədilməsıni qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilməşəklini (formasını) ifadə etdiyini göstərmişdir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa görə ailəüzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu və yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Məhkəmənin həmin Qərarında həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailəüzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamıüçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunmasıüçün xüsusi əhəmiyyət daşıyır. Məhkəmə qeyd olunan Qərarda göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. İddiaçı cavabdehin 2010-cu il tarixdən mübahisəli evdən köçüb getdiyini, Rusiya Federasiyasında yaşadığını göstərərək həmin əsaslara görə iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki prosessual qanunvericiliyin tələblərinə görə hər bir tərəf istinad etdiyi halları məhkəmədə sübuta yetirmək vəzifəsi daşıyır. Bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür və təqdim edilən sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan irəli gəlməlidir. Məhkəmə sübutetmə yükü iddia edənin üzərinə düşür prinsipinə əsaslanaraq hesab edir ki, iddiaçı iddia tələbini məhkəmədə sübuta yetirə bilmədi. Belə ki, iddiaçı cavabdehin daimi yaşayış yeri olmaqla bu yaşayış sahəsinə ehtiyacının aradan qalxması, uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsinə dair məhkəmə hər hansı sübut təqdim etməmişdir. Eləcə də məhkəmə qeyd edir ki, yaşayış yeri üzrə qeydiyyatın ləğv edilməsi məhkəmənin səlahiyyətinə aid olmamaqla “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq icra hakiməti orqanı tərəfindən həyata keçirilir. Beləliklə məhkəmə işin hallarına sadalanan hüquq normalarına istinadən qiymət verərək bu nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməklə pasport qeydiyyatından çıxarılma” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işüzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. MPM-nin 119.1-ci maddəsinə əsaəsn iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməklə pasport qeydiyyatından çıxarılma” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar