Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3816/2023 21.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X9 oğlunun katibliyi, ərizəçinin nümayəndəsi, anası X2, maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, X1 (maraqlı şəxslər: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialı) “18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdud olması faktının müəyyən edilməsi” barədə ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 (bundan sonra - ərizəçi) xüsusi icraat qaydasında ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, onun 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdud olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi 15 iyun 2000-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş və anadangəlmə bud çanaq oynağının çıxığı, hər iki bud çanaq oynağının artrozu, kontrakturası, ətrafların funksiya pozğunluğu, qaz yerişi, hərəkət funksiyasının kəskin pozulması ilə hər iki aşağı ətraf funksiyasının kəskin pozulması, hər iki bud çanaq oynağının kontrakturası, hər iki bud çanaq oynağının koksartrozu, daimi ağrı ilə zəif dərəcəli miopiya xroniki dəmir defisitli anemiya xəstəsidir. O anadangəlmə əlil olsa da, onun əlillik vəziyyəti ilkin olaraq 16 mart 2019-cu il tarixdə rəsmiləşdirilmiş, 04 aprel 2019cu il tarixdə barəsində “ümumi xəstəlik” səbəbi ilə müddətsiz 3-cü dərəcə əlillik təyinatı aparılmış, lakin 18 yaşına çatanadək sağlamlıq imkanlarımın məhdud olması faktı müəyyən edilməmişdir. Ərizəçinin atası X6 16 fevral 2021-ci il tarixdə vəfat etmişdir. O atasının vəfatından sonra ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini istəyir. Lakin, 18 yaşına çatanadək sağlamlıq imkanlarımın məhdud olması faktı müəyyən edilmədiyindən, ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixində məhkəməyə ərizə təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.2000-ci il təvəllüdlü F.İsmayılova xx.xx.2019-cu il tarixdə “Ümumi xəstəlik” səbəbi ilə müddətsiz İİİ qrup əlillik təyinatı aparılmış, lakin 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdud olması faktı müəyyən edilməmişdir. Bu səbəbdən ərizəçi 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdud olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. 2(060)- 3816/2023 nömrəli iş üzrə ərizə əsassızdır və təmin edilməməlidir. Ərizəçinin əlilliyin baş verməsi anı və əlillik qrupları faktının məhkəmə qaydasında müəyyən edilməsinə yol verilmir. Bu səbəbdən də iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi ərizənin məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı ailə başçısını itirməyə görə pensiya təyin edilməsi tələbi ilə müvafiq inzibati məhkəməyə müraciət etmiş və Ali Məhkəməyə qədər məhkəmə mübahisəsi davam etmişdir. Yekun məhkəmə aktı ilə iddia təmin edilməmişdir. Bu səbəbdən hazırkı faktın müəyyən edilməsi barədə xüsusi icraat qaydasında məhkəməyə müraciət edilmişdir. Faktın müəyyən edilməsi ərizəçiyə ailə başçısını itirməyə görə pensiya təyin edilməsi üçün lazımdır. Qeyd edilənlərə əsasən nümayəndə ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə məhkəmə iclasında bildirdi ki, ərizə əsassızdır və təmin edilməməlidir. Ərizəçinin əlilliyin baş verməsi anı və əlillik qrupları faktının məhkəmə qaydasında müəyyən edilməsinə yol verilmir. Qeyd edilənlərə əsasən nümayəndə iş üzrə icraata xitam verilmsini məhkəmədən xahiş etdi. Digər maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi məhkəmə iclası barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və ərizənin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər (14.). Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının Qanununa əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir (3.1.). Göründüyü kimi hazırkı iş üzrə ərizəçi yetkinlik yaşına çatana kimi sağlamlıq imkanlarının məhdudluğu faktının, yəni yetkinlik yaşına çatana kimi əlil olması faktının məhkəmə qaydasında müəyyən edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarından da görünür ki, əlilliyin baş verməsi anı və əlillik qrupları məhkəmə qaydasında hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilə bilməz. Yəni, belə bir faktların müəyyən edilməsi barədə işlərə məhkəmədə baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir (261.0.1.). Məhkəmə hesab edir ki, ərizəçinin tələbinə məhkəmədə baxılmalı olmadığından hazırkı iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır (114.1.4. ). Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir (114.2.). Ərizəyə əlavə edilmiş materiallardan görünür ki, ərizəçi hazırki ərizə üzrə 100 manat dövlət rüsumu ödəmişdir. İş üzrə icraata xitam verildiyi üçün həmin rüsum dövlət büdcəsindən ərizəçiyə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 onun 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdud olması faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. X1 ərizənin verilməsi üçün 23598 saylı qəbzə əsasən ödədiyi 100 (yüz) manat dövlət rüsumu dövlət büdcəsindən ərizəçiyə qaytarılsın. Qərardaddan onun tərəflərə rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-3816/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-3816/2023
21.08.2023 · Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver