Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3817/2023 20.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3,Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsinin boşaldılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat X1 qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh1, həyat yoldaşı Cavabdeh2, övladı Cavabdeh3 Sumqayıt şəhəri, 48-ci məhəllədə yerləşən 8 saylı binanın 67-ci mənzilində çıxarılması və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 48-ci məhəllədə yerləşən 8 saylı bina 1995-ci ildə inşa olunmuş və Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin balansındadır. Cavabdeh1, həyat yoldaşı Cavabdeh2, övladı Cavabdeh3 ilə birlikdə Sumqayıt şəhəri, 5-ci mikrorayon, yataqxana 8/12, otaq 4-də qeydiyyatdadırlar. Uzun müddət orada yaşamışlar. Lakin, yaşadıqları 4 saylı otağın şəraitsiz və darısqal olması səbəbindən ev almaq istəmişlər. Bununla əlaqədar Cavabdeh1 şifahi məlumatına görə 20 saylı Mənzil Kommunal Sahəsində işləyən qardaşı 48-ci məhəllə ərazisində 8 saylı binada boş otağın olmasını bildirmişdir. Bu səbəbdən həmin ərazinin Mənzil Kommunal Sahəsinin rəisi X17 yanına getmiş və onunla razılaşaraq ünvan 1 ünvanındakı 67 saylı 3 otaqlı mənzili almışdır. Həmin otağı 2 ay müddətinə təmir edərək ailə üzvləri ilə birlikdə qeyd olunan ünvana köçmüş və mənzilə dair heç bir hüquqi sənədləri yoxdur. Sumqayıt şəhəri, 48-ci məhəllədə yerləşən 8 saylı evin, 67-ci mənzili Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli, 272 saylı sərəncamı və xx.xx.2023-cü il tarixli müqaviləsi ilə X11, övladı X12, övladı X6 və nəvəsi X13 verilmişdir. Hal-hazırda Bəndəliyeva Şəfiqə həmin ünvana Mənzil qeydiyyatına alınmışdır. Adı çəkilən mənzil Cavabdeh1 və ailə üzvləri tərəfindən zəbt edildiyi üçün Bəndəliyeva Şəfiqə mənzilə köçə bilmir. Bu səbəbdən o, dəfələrlə Mənzil Kommunal X5nə gələrək otağın boşaldılmasını tələb etmişdir. Lakin, Cavabdeh1 onlar tərəfindən xəbərdarlıq edilsə də otağı boşaltmaqdan imtina etmişdir. Cavabdeh2 xx.xx.2023-cü il tarixdə məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, məhkəmədən iddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “yaşayış sahəsinin boşaldılmasına dair” iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsini onunla əsaslandırmışdır ki, həmin mübahisəli mənzil cavabdehlər tərəfindən özbaşına zəbt olunmamışdır. Belə ki, cavabdehlərə həmin mənzil məhz iddiaçı olan Birliyin rəhbərinin göstərişi əsasında verilmiş və bildirilmişdir ki, həmin mənzildə 2019cu il tarixə kimi qaçqın ailəsi yaşamış və hal-hazırda mənzil boşdur. Amma yaşayış üçün yararsızdır. Təmirə ehtiyacı vardır. Bundan sonra iddiaçı Birliyin əməkdaşı tərəfindən mənzil cavabdehlərə göstərilir və cavabdehlər Birlik əməkdaşının dediyi şərtlərlə razılaşaraq mənzili tam şəkildə əsaslı təmir etdirmişdir. (təmirə təxminən 20000 manat xərc çəkilmişdir) 2022-ci ilin avqust ayında mənzilə köçüb yaşamağa başlayırlar. Bu müddət ərzində Birliyin əməkdaşından mənzilin onlara aid olması barədə sənəd tələb etsələr də, hər dəfəsində əməkdaş bildirmişdir ki, narahat olmayın, yaşamağa davam edir, sənədləşmə aparılacaqdır. Bütün bu olanlardan Birliyin rəhbəri Hüseyn Həsənovun şəxsən məlumatı olmuşdur. Lakin sonradan cavabdehlərə məlum olur ki, iddiaçı nəinki tək cavabdehlərə həm də başqa digər şəxslərə də eyni qayda ilə mənzillər paylayaraq etibardan sui-istifadə edib, aldatmışdır. Bundan sonra aldadılan vətəndaşlar tərəfindən aidiyyatı dövlət orqanlarına şikayətlər olunur və şikayətlər əsasında hal-hazırda AR Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırma aparılmaqdadır. Onun tərəfindən həmin araşdırmanın vəziyyəti barədə məlumat almaq üçün AR Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə sorğu verilmişdir. Qeyd edir ki, bu məlumatı əldə etmək üçün məhkəmənin də sorğu verməsi məqsədəmüvafiqdir. Yuxarıda adı çəkilən birliyin əməkdaşı İdarəyə dəvət olunmuş və izahatı alınmışdır. Cavabdehlərin dediyinə görə iddiaçı Birlik tərəfindən onlara binanın qəzalı vəziyyətdə olması barədə məlumat da verilmişdir. Bu səbəbdən də həmin binanın həqiqətən qəzalı vəziyyətdə olub-olmaması, həmin binada olan mənzillərə icarə müqaviləsinin bağlanması və vətəndaşlara verilməsi mümkündürmü, mübahisəli mənzilin Şəfəq Bəndəliyevaya verilməsi əsasları vardırmı, əgər vardırsa, bu əsaslar nədən ibarətdir kimi hallar tam araşdırılmaılıdır. Eyni zamanda hesab edir ki, məhkəmə X8 maraqlı tərəf kimi üçüncü şəxs qismində işə cəlb etməlidir. Bütün bu göstərilənləri dəqiqləşdirmək üçün hesab edir ki, məhkəmə hazırlıq iclası təxirə salınmalıdır. Məhkəmə hazırlıq iclasında, əvvəlcədən təyin olunmuş başqa məhkəmə iclası ilə əlaqədar iştirak edə bilməyəcəkdir. Məhkəmə hazırlıq iclasının iştirakı olmadan keçirilməsinə və hazırlıq iclasının təxirə salınmasına etiraz etmirlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddiaərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, dəfələrlə müraciət olunmuşdur ki, mənzili boşaltsınlar. Sonuncu dəfə hətta rəis tərəfindən təklif olundu ki, onlar barəsində Sumqayıt Şəhəri İcra Hakimiyyətinə müraciət olunacaq və mənzil ilə təmin olunacaqdırlar. Mənzil cavabdehə verilməmişdir. Anar adlı şəxs onları aldatmışdır. Mənzil növbəsinin bu işə heç bir aidiyyatı yoxdur. Anar adlı şəxs tək onları deyil, 6-7 şəxsi aldatmışdır. Bir JEK üzrə iyirmi iki yataqxana vardır. Hamısına nəzarət etmək mümkün deyildir. Ərazilərə JEK müdiri baxmalı və məlumat verməlidir. Mənzil barədə heç bir məlumatı yoxdur. O, İdarənin hüquqşünasıdır. Müqaviləni İcra Hakimiyyəti bağlamışdır. Mənzilləri bölüşdürmə şöbəsi müqavilə tərtib etmişdir. Sədaqət xanım yazmış, onlara gətirmiş, onla isə İcra Hakimiyyətinin sərəncamı olduğuna görə qol çəkmişlər. Mənzildə yaşayış olmasına dair məlumatı yoxdur. Hadisədən sonra bilmişdir ki, cavabdeh orada yaşamış və mənzil təmir olunmuşdur. İdarənin rəisinə məlumat gəlmişdir ki, İcra hakimiyyəti başçısının sərəncamı üzrə, növbə ilə mənzil digər şəxsə verilmişdir. Onların o sahə ilə heç bir əlaqələri yoxdur. Boş mənzilər barədə məlumatı Sədaqət xanım verir. Anar onların idarəsinin işçisi olmuşdur. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirdi ki, 40 ildir ki, yataqxanada yaşayırlar. Anar müəllim demişdir ki, orada ev vardır. 40 ildir ki, yoldaşı ev növbəsindədir. Yoldaşı 25 il zəhərli sexdə işləmiş, əziyyətlər çəkmişdir. Yoldaşı zavodda birinci adamdır ki, ev növbəsindədir. Hər iki zavodu birləşdirib bir zavod etdikdən sonra sözügedən şəxs 72ci növbəyə düşmüşdür. İcra hakimiyyətinin qəbuluna düşmək istəmiş, lakin onu içəri buraxmamışlar. Onu müavin qəbul etmiş, o isə demişdir ki, gedib pullarını alıb, evi isə təhvil versinlər. Əlavə olaraq evi də təmir etdirmişdir. Anara dəfələrlə demiş, Anar isə bugün-sabah deyə-deyə onları gözlətmiş, daha sonra xanım əlində kirayə müqaviləsi ilə gəlmiş və demişdir ki, ev onundur. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirdi ki, onlar qapı sındırmamış, sadəcə açarı götürüb və evə girmişlər. 1983-cü il tarixdən ev növbəsindədir. Bəndəliyeva Şəfiqə isə 2015-ci il tarixdən ev növbəsinə daxil olmuşdur. Anar müəllim onları aldatımışdır ki, Hüseyn müəllimin xəbəri vardır. Hazırda isə ona deyilir ki, Sədaqət xanımda 2-3 ev vardır. O evin pulunu vermiş, təmir elətdirmiş və daxil olmuşdur. Anar müəllim onlardan pulu aldıqda, Hüseyn müəllimə zəng etmiş və demişdir ki, razılaşmışlar. 20 min manat pul vermişdir. Mənzilin boş olduğunu isə ona Anar adlı şəxs demişdir. Həsənov Hüseynin qəbuluna getmiş, o isə onları qəbul etməmişdir. Daha sonra onlara demişdir ki, evi boşaltsınlar, o isə təmirə görə Şəfiqə xanımdan pul almağın yollarını axtaracaqdır. İki ay ərzində həmin evdə təmir işləri getmişdir. 2022-ci ilin avqust ayının 13-ündən həmin ünvana köçmüşdür. Həmin mənzilə bir il sonra isə kirayə müqaviləsi bağlanmışdır. Məhkəmə iclasında Cavabdeh3 izahat verərək bildirdi ki, onlar o evi iki ay ərzində təmir etdirmiş, həmin müddət ərzində isə heç kim heç nə soruşmamışdır. Hüseyn müəllim özü demişdir ki, evi tez bir zamanda təmir edib, o evə köçsünlər. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili X4 izahatında iddia tələbini müdafiə edərək bildirdi ki, iddiaçı iddia edir ki, İcra Hakimiyyətinin sərəncamı ilə müqavilə bağlanmışdır. Onlar deyir ki, İcra Hakimiyyəsi sərəncam verir, onlar isə sərəncamdan irəli gələn məsələləri həll edirlər. Sərəncamda qeyd edilir ki, Bəndəliyeva Şəfiqənin həyat yoldaşı Əkbər Haxverdiyev mənzil qeydiyyatında olmuşdur. Ona mənzil verilmiş, lakin Turan Mənzil Kooperativi həmin iki otaqlı mənzili başqa bir şəxsə satdığına görə bu ailə həmin mənzilə yerləşə bilməmişdir. Şəfiqə xanımın həyat yoldaşına ev verildiyi üçün, o mənzil qeydiyyatından çıxarılmışdır. İddia tələbini qəbul etmirlər. Kirayə müqaviləsinə imza atılarkən, cavabdehlərin həmin mənzildə yaşadıqlarını, həmin mənzili təmir etdirdiklərini bilirdilər. Bu barədə İcra Hakimiyyətinə məlumat verə bilərdilər. İcra Hakimiyyəti əgər bu məlumatı bilsə idi o zaman sərəncam verilməzdi. Anar adlı şəxs həmin qurumun tabeliyində olan işçidir. Anar onların məlumatı olmadan heç bir hərəkət edə bilməzdi. Hal hazırda Anar adlı şəxsin barəsində cinayət işi başlanmış, cavabdehlər tək deyildirlər, xeyli zərərçəkmiş şəxslər vardır. Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi cinayət işi başlamış, daha sonra isə Bakı Ağır Cinayətlə Məhkəməsinə göndərmiş, daha sonra iş aidiyyatı üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Hal-hazırda həmin məhkəmənin icraatındadır. Əlavə olaraq Sumqayıt Şəhər Prokurorluğunda Anar adlı şəxsin barəsində cinayət işi başlamışdır. Tərəflər zərərçəkmiş şəxs kimi tanınmışlar. Anar bildirmişdir ki, o Hüseyn adlı şəxsə pul verməmişdir. Bütün vəsaiti özü mənimsəmişdir. Həmin pulların dəyəri 600-700 min manat civarındadır. Özü isə bildirmişdir ki, o Hüseyn adlı şəxsin xəbəri olmadan heç bir iş görə bilməzdi. Cavabdehlərdən alınan iyirmi min manat vəsait də Hüseyn adlı şəxsə verilmişdir. Həmin şəxs söz vermişdir ki, müqaviləni verəcəkdir. Sərəncam ilə bağlı məsələlər də İnzibati məhkəmədə öz həllini tapacaqdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: - Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal X5nin 7 saylı Mənzil-Kommunal sahəsinin 656 nömrəli, xx.xx.2023-cü il tarixli ətraflı arayışından görünür ki, 5-ci mikrorayon, ev 134, yataqxana 8/12, mənzil 42, protokol nömrə 26, xx.xx.1992-ci il tarixdə verilmişdir. Bir otaq, 11 kv.m, 5-ci mərtəbə, 3-cü mərtəbəsi ev sahibi Cavabdeh2 ailə tərkibi 3 nəfər – Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3dur. - Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal X5nin 7 saylı Mənzil-Kommunal sahəsinin 655 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh2 5-ci mikrorayon, ev 134, yataqxana 8/12, mənzil 42 ünvanında yaşayır. Mənzil bir otaqlıdır, sahəsi 11 kv.metrdir. Mənzil beş mərtəbəli evin 3-cü mərtəbəsində yerləşir. Mənzilin daxil olduğu sektor dövlətdir. Mənzilin sahibi Cavabdeh2, ailə üzvləri isə 3 nəfər – Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3dur. - Azərbaycan Respublikası Sumqayıt Şəhəri İcra Hakimiyyəti yanında Mənzil- Kommunal X5nin 15 may 2023-cü il tarixli Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış məlumatından görünür ki, ünvan 4 ildə inşa olunmuş və hal-hazırda Mənzil Kommunal X5nin balansındadır. - Sumqayıt Şəhər İcra hakimiyyəti yanında Mənzil-Kommunal X5nin əsasnaməsindən görünür ki, “Mənzil-Kommunal” X5 Sumqayıt şəhərində mənzil fondunun qorunub saxlanılmasına, təmizlik, abadlıq, yaşıllaşdırma işlərinin keyfiyyətinin və həcminin artırılmasına, sanitar vəziyyətin, kommunal xidmətin səviyyəsinin yaxşılaşdırılmasına, şəhər təsərrüfatında idarəçilik metodlarının təkmilləşdirilməsinə, müxtəlif kommunal xarakterli məsələlərin kompleks və operativ həllinə nail olmaq məqsədi ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının 09 mart 2011-ci il tarixli, 27 nömrəli sərəncamı ilə yaradılmışdır. - Azərbaycan Respublikası Sumqayıt Şəhəri İcra Hakimiyyəti Başçısının 12 aprel 2019-cu il tarixli, 29 nömrəli əmrindən görünür ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal X5nin rəisi vəzifəsinin icrası müvəqqəti olaraq 15 aprel 2019-cu il tarixindən Mənzil-Kommunal X5nin rəisinin birinci müavini X14 həvalə edilməsi, Sumqayıt Şəhər İcra Hakimiyyətinin 2017-ci il 26 sentyabr tarixli, 176 nömrəli əmrinin qüvvədən düşmüş hesab olunması əmr edilmişdir. - 05 may 2023-cü il tarixli Dövlət mənzil fondu yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal X5nin rəisi X18 şəxsində bundan sonra kirayədar bir tərəfdən və bundan sonra kirayəçi adlanan vətəndaş X11 digər tərəfdən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli, 272 saylı sərəncamı əsasında şəhər İcra Hakimiyyətinin Mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsinin iştirakı ilə müqavilə bağladılar. Kirayədar kirayəçiyə və onun ailə üzvlərinə ünvan 1, mənzil 67-də yaşayış sahəsi 50.22 kv.m olan 3 otağı müddətsiz istifadə üçün vermişdir. - Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 27 aprel 2023-cü il tarixli, 272 nömrəli sərəncamından görünür ki, X2 vəfatı ilə əlaqədar onun 2 dərəcəli əlil kimi xx.xx.1990-cı il tarixdən yaşayış yeri üzrə mövcud olan mənzil uçotu həmin tarixdən mərhumun arvadı X7 adına keçirilməsi, Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 22 oktyabr 2015-ci il tarixdə verilmiş 200 saylı sərəncamına düzəliş və əlavə edilərək yaşayış sahəsi 50.22 kvadratmetr olan 3 otaqlı ünvan 1-də yerləşən 67 saylı mənzil vətəndaş X7 4 nəfərdən ibarət tərkibinə təqdim edilməsi və həmin mənzilə dair onunla kirayə müqaviləsi bağlanması əmr edilmişdir. - Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Azərbaycan Respublikası Sumqayıt Şəhəri İcra Hakimiyyəti yanında Mənzil-Kommunal X5nin 15 may 2023-cü il tarixli Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış məlumatından görünür ki, ünvan 4 ildə inşa olunmuş və hal-hazırda Mənzil Kommunal X5nin balansındadır. 05 may 2023-cü il tarixli Dövlət mənzil fondu yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal X5nin rəisi X18 şəxsində bundan sonra kirayədar bir tərəfdən və bundan sonra kirayəçi adlanan vətəndaş X11 digər tərəfdən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli, 272 saylı sərəncamı əsasında şəhər İcra Hakimiyyətinin Mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsinin iştirakı ilə müqavilə bağlamışlar. Kirayədar kirayəçiyə və onun ailə üzvlərinə ünvan 1, mənzil 67-də yaşayış sahəsi 50.22 kv.m olan 3 otağı müddətsiz istifadə üçün vermişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 və onun ailə üzvləricavabdehlər Cavabdeh2, Cavabdeh3 mənzildən çıxmayaraq, mənzildə olan əşyaları götürməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edərək cavabdehlər işin mübahisə edilməyən halı olaraq mənzilə Mənzil Kommunal X5nin keçmiş əməkdaşı ilə aralarında olan razılığa əsasən mənzilə heç bir hüquqi əsas olmadan köçməsi Mənzil Məcəlləsinin tələblərini pozaraq, kirayəçi adlanan vətəndaş X7 qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqlarını pozmaqla, iddia tələbinin hüquqi əsasının özlüyündə əsaslı olması qənaətinə gəlməyə imkan verir. Məhkəmə qeyd olunmasını zəruri hesab edir ki, sərəncamın və onun əsasında bağlanılmış müqavilənin qüvvədə olduğu təqdirdə, iddia tələbinin əsaslılığını şübhə altına alan, həmçinin cavabdehlərin etirazlarının dəlilləri öz təsdiqini tapmır. Bununla bərabər, cavabdehlərin onları heç bir əsas olmadan mənzilə köçmələrinə, mənzildə təmir xərcləri çəkmələri ilə bağlı vurulmuş ziyanın tələbi ilə bağlı iddia qaldırmaq hüququndan məhrum etmir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. İnsan Hüquqlarının və X10 Haqqında Konvensiyaya dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Bütün bunları nəzərə alan məhkəmə iddianın qismən təmin olunmasına maneçilik görmür. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il qeyd olunur ki, hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə əsasən hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. Belə ki, Mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43-cü maddəsində müəyyən olunmuş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur. Əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi prinsipi dedikdə, heç kəsin qanunla müəyyən olunmuş hallardan başqa yaşayış sahəsindən çıxarılmasının, yaşayış sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasının mümkünsüzlüyü başa düşülür. Mənzil Məcəlləsinin 3-cü maddəsinə görə mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsininin 153.1-ci maddəsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Həmin Məcəllənin 153.2ci maddəsinə əsasən qanunvericiliklə yalnız dövlət mülkiyyətində və ya bələdiyyələrin mülkiyyətində ola bilən əmlak növləri müəyyənləşdirilir. Həmin Məcəllənin 155.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsubolan əmlak dövlət mülkiyyətidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə (bundan sonra – Mənzil Məcəlləsi) əsasən mənzil fondu – Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur (17.1.). Mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür: xüsusi mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu; dövlət mənzil fondu – mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu; bələdiyyə mənzil fondu – bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusu (17.2.). İstifadə məqsədlərinə görə dövlət və bələdiyyə mənzil fondu aşağıdakılara bölünür: sosial təyinatlı mənzil fondu – dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusu; xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusu (17.3.). Xidməti yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir (91.1.1). Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir (92). Həmin Məcəllənin 91.3-cü maddəsinə əsasən- Xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. İşin müəyyən edilmiş hallarından göründüyü kimi Azərbaycan Respublikası Sumqayıt Şəhəri İcra Hakimiyyəti yanında Mənzil-Kommunal X5nin 15 may 2023-cü il tarixli Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış məlumatına əsasən ünvan 4 ildə inşa olunmuş və hal-hazırda Mənzil Kommunal X5nin balansındadır. Həmin mənzil xx.xx.2023cü il tarixli kirayə müqaviləsi əsasında X9 verilmişdir. Həmin binanın 67-ci mənzilində yaşayan Cavabdeh1 və onun ailə üzvləri 48-ci məhəllədə yerləşən, 8 saylı binanın 67-ci mənzilinə qanunsuz yerləşmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 və onun ailə üzvləri cavabdehlər, Cavabdeh2 və Cavabdeh3 həmin əşyaları götürməkdən imtina etmişdir. Mülki Məcəllədə həmçinin göstərilmişdir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (152.1.). Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (157.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2.).Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər.Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (157.4.). Məhkəmə onu da qeyd edir ki, Mülki Məcəllənin əqdlərin bağlanması qaydalarını və onların etibarsızlığını müəyyən edən müddəalarına əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır (maddə 329.1). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (337.1). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (337.1, 337.3, 337.4). Məhkəmə hesab edir ki, Sumqayıt şəhəri, 48-ci məhəllədə yerləşən 8 saylı binanın 67-ci mənzili Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin balansında olduğu üçün iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrəbüdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumu ödəməkdən azad olan təşkilat olduğundan, iddia isə qiymətləndirilməyən iddia olduğundan cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 100 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh1, həyat yoldaşı Cavabdeh2, övladı Cavabdeh3 Sumqayıt şəhəri, 48-ci məhəllədə yerləşən 8 saylı binanın 67-ci mənzilindən çıxarılsın və həmin mənzil boşaldılsın. İddianın verilməsinə görə 100 manat dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-3817/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3817/2023
20.09.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver