Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3837/2024 15.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evdən və qeyri-yaşayış sahəsindən çıxarılma” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq cavabdehin ona məxsus olan Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən, 979 saylı evdən və həmin ərazidə olan qeyri-yaşayış sahəsindən çıxarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 979 Mülkiyyət hüququ ilə ona (İddiaçı) məxsusdur. Bunu xx.xx.2012-ci il tarixində verilmiş MA seriyalı, ******* saylı dövlət reyestrindən çıxarış da təsdiq edir. Cavabdeh onun qardaşıdır. O, qeyri-qanuni olaraq bağ evini zəbt edərək onun mülkiyyət hüququnu pozmuşdur. Dəfələrlə cavabdehdən bağ evini tərk etməyi tələb etmişdir. Lakin cavabdeh əsassız bəhanələr gətirərək evini boşaltmır. Bu da onun mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur. Həmçinin cavabdeh Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında ona məxsus qeyri-yaşayış sahəsini də zəbt edərək həmin obyektdən təyinatı üzrə istifadə etməyini mümkünsüz etmişdir (VÖEN: 1001 740922).
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bildirdi ki, İddiaçı məxsus torpaq sahəsinin arxa hissəsində balaca qardaşının mağazası vardır. Orada səs-küy olduğu üçün onun oradan çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclaslarında iştirak edən cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirdi ki, cavabdeh hal-hazırda iddia ərizəsində qeyd olunan ünvanda yaşamır.
5. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Evi özü tikmişdir. Bunu təsdiq edən çeklər vardır. Torpaq anasının adınadır.
Tədqiq olunan sübutlar:
6. “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”dan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 979 tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 26 aprel 2012-ci ildə qeydiyyata alınmışdır.
7. X5 ilə Cavabdeh arasında bağlanmış 11 iyul 2012-ci il tarixli icarə müqaviləsindən görünür ki, Sumqayıt şəhəri, Novxanı şossesi ünvanında yerləşən, ümumi sahəsi 40 kv.m olan qeyri-yaşayış sahəsi 5 il müddətinə Cavabdeh icarəyə verilmişdir.
8. Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən X3 ünvanlanmış 13 mart 2009-cu il tarixli məktubdan və Sumqayıt şəhər Memarlıq və Şəhərsalma şöbəsi ilə razılaşdırılmış Sumqayıt-Novxanı yolunda X3 məxsus torpaq sahəsində mövsümi istifadə üçün yüngül konstruktiv elementlərdən quraşdırılması nəzərdə tutulan pavilonun eksiz layihəsindən görünür ki, X3 onun istifadəsində olan sahənin yaxınlığında Sumqayıt-Novxanı yolunda yerləşən sahədə Memarlıq və Şəhərsalma İdarəsinin təsdiq etdiyi eskiz layihəyə əsasən mövsümi istifadə üçün yüngül konstruksiyadan pavilyon quraşdırılmasına etiraz edilməmişdir.
Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
10. Azərbaycan Respublikası Konstitusiyasının:
-13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. -29-cu maddəsinin 3-cü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
-152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. -157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
12. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu:
-1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
13. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməməlidir.
14. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 979 tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 26 aprel 2012-ci ildə qeydiyyata alınmışdır. Hazırda İddiaçı qardaşı Cavabdeh həmin mənzildən və həmin ərazidə olan qeyri-yaşayış sahəsindən çıxarılması ilə bağlı iddia ilə məhkəməyə müraciət etmişdir.
15. Məhkəmə qeyd edir ki, hazırki işdə iddiaçının tələb hüququ, Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtlərindən irəli gəlir. Qeyd edilən normaya əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (vindikasiya barədə iddia). Vindikasiya iddiasının irəli sürülməsi üçün iddiaçı əmlakın mülkiyyətçisi olmalı, mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalı, mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalı və başqa şəxsin faktiki sahibliyində olmalı, lakin həmin şəxsin sahiblik hüququ olmamalıdır. Göstərilən şərtlər isə məcmu halda hazırki işdə mövcuddur. Cavabdehlər bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
16. Hazırki işdə isə qeyd edilən normanın dispozitiv şərtləri tam olaraq mövcud deyildir. Belə ki, iddiaçı sözügedən fərdi yaşayış evinin mülkiyyətçisi olsa da, mənzildən çıxarılmasını istədiyi Cavabdeh həmin mənzildə yaşamır. Bu halı məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 da etiraf etmiş, habelə cavabdehin vəkili də cavabdehin həmin mənzildə yaşamadığını bildirmişdir. Bundan başqa İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddia tələbi verilən Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən 979 saylı evdə qanunsuz yaşadığını iddia ərizəsi məhkəməyə təqdim edildikdən sonra 882 saylı torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçdüyünü bildirmiş və iddia tələbini dəqiqləşdirərək cavabdehin ona məxsus olan Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən, 882 saylı torpaq sahəsində olan fərdi evdən və həmin ərazidə olan qeyri-yaşayış sahəsindən və Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1936F ünvanında yerləşən 0,0250 ha torpaq sahəsindən çıxarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 17 sentyabr 2024-cü il tarixli qərardadı ilə iddianın həm predmeti, həm də əsası dəyişməklə yeni bir iddia ilə məhkəməyə müraciət edildiyindən iddianın dəyişdirilməsi barədə ərizənin icraata qəbulundan imtina edilmişdir.
17. Beləliklə tərəflərin izahatı əsasında iddiaçıya məxsus mübahisə predmeti olan 979 saylı evin cavabdehin faktiki sahibliyində olması müəyyən edilmir. Belə olduğu halda məhkəmə hesab edir ki, iddia Cavabdeh qarşı cavabdehin Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən, 979 saylı evdən çıxarılması hissəsində təmin edilməməlidir.
18. İddianın Cavabdeh həmin ərazidə olan qeyri-yaşayış sahəsindən çıxarılması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının qeyd edilən tələbi qeyri-müəyyən olmaqla, 979 saylı evin yerləşdiyi ərazidə qeyri-yaşayış sahəsinin yerləşdiyini təsdiq edən hər hansı bir sənədi, habelə həmin obyektin ona məxsus olmasını təsdiq edən hər hansı hüquq müəyyənedici sənədi məhkəməyə təqdim etməmişdir. İş materiallarına 11 iyul 2012-ci il tarixli icarə müqaviləsi əlavə edilmişdir ki, həmin müqavilə də X4 (iddiaçı və cavabdehin anası) ilə Cavabdeh arasında Sumqayıt şəhəri, Novxanı şossesi ünvanında yerləşən ümumi sahəsi 40 kv.m olan qeyri-yaşayış sahəsinin sonuncuya 5 il müddətinə icarəyə verilməsi ilə bağlı bir müqavilədir.
19. Bundan əlavə iş materiallarına əlavə edilmiş Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən X3 ünvanlanmış 13 mart 2009cu il tarixli məktubdan və Sumqayıt şəhər Memarlıq və Şəhərsalma şöbəsi ilə razılaşdırılmış Sumqayıt-Novxanı yolunda X3 məxsus torpaq sahəsində mövsümi istifadə üçün yüngül konstruktiv elementlərdən quraşdırılması nəzərdə tutulan pavilonun eksiz layihəsindən görünür ki, X3 onun istifadəsində olan sahənin yaxınlığında Sumqayıt- Novxanı yolunda yerləşən sahədə Memarlıq və Şəhərsalma İdarəsinin təsdiq etdiyi eskiz layihəyə əsasən mövsümi istifadə üçün yüngül konstruksiyadan pavilyon quraşdırılmasına etiraz edilməmişdir.
20. Məhkəmə qeyd edir ki, qeyd edilən sənədlər iddiaçı və cavabdehin anasına mövsümi istifadə üçün yüngül konstruktiv elementlərdən quraşdırılmasına icazə verilməsi ilə əlaqəli olmaqla, iddiaçının həmin sahəyə hər hansı bir hüququnun mövcudluğunu təsdiq edən sənəd kimi qiymətləndirilə bilməz.
21. Beləliklə iddiaçı tərəfindən məhkəməyə həmin qeyri-yaşayış sahəsinin ona məxsus olmasında dair hər hansı hüquq müəyyənedici sənəd, habelə onun istifadəsində və cavabdehin qanunsuz istifadəsində olmasını təsdiq edən hər hansı sübut təqdim edilməmişdir.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.
23. Məhkəmə qeyd edir ki, hazırda baxılan iş üzrə cavabdehin 979 saylı evin yerləşdiyi ərazidə olan qeyri-yaşayış sahəsindən çıxarılmasını tələb edən iddiaçı bu tələbini, özünün həmin qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun olmasını və cavabdehin həmin qeyri-yaşayış sahəsindən istifadə hüququnun olmamasını sübutlarla əsaslandırmalıdır.
24. İddiaçı tərəf isə iddia tələbinin əsaslılığına dair məhkəməyə hər hansı sübutlar təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir.
25. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci, hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci, hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır.
26. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
27. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin ona məxsus olan Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən, 979 saylı evdən və həmin ərazidə olan qeyri-yaşayış sahəsindən çıxarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi tələbi təmin edilməməlidir.
28. Nəticə:
1. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddiaçı cavabdehin ona məxsus olan Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən, 979 saylı evdən və həmin ərazidə olan qeyri-yaşayış sahəsindən çıxarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsinə dair iddiası təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva