Məhkəmə qərarları › İş №2(060)-3851/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3851/2021

18.05.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3851/2021 18.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Novruzova Nailə Xəlfəqulu qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Xanış qızının Cavabdeh qarşı ləyaqətsiz vərəsə elan edilərək vərəsəlik hüququndan və məcburi pay almaq hüququndan məhrum edilmə tələbinə dair ərizəsinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Xanış qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ləyaqətsiz vərəsə elan edilərək vərəsəlik hüququndan və məcburi pay almaq hüququndan məhrum edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh mərhum oğlunun güya arvadı kimi çıxış edərək şəhid ailəsinin malik olduğu imtiyazlardan və güzəştlərdən istifadə etməyə çalışaraq ictimaiyyətdə və dövlət orqanlarında yanlış təsəvvür yaratmağa çalışır. Nəzərə çatdırmaq istəyir ki, həmin qadın bir gün də olsun onun evində gəlin olmayıb və o, onu el adəti ilə evinə gəlin gətirməmişdir. Azərbaycan qadınına xas olmayan hərəkətlər etmiş, və toyun səhərisi günü Cavabdeh atasını çağıraraq, qızını ona təhvil verərək öz evlərinə göndərmişdir. Həmin ərəfədə X5 davam etdiyi üçün mərhum oğlu X1 olaraq müharibəyə getmişdir. 03 oktyabr 1992-ci il tarixdə oğlu X6 şiddətli döyüşlər zamanı şəhidlik zirvəsinə yüksəlmişdir. Bir şəhid anası kimi onun güzəranı yalnız şəhid oğlunun ruhuna dua eləmək, onu yada salaraq ağlayaraq keçirməklə olmuşdur. Bu illər ərzində onun cavabdehlə hər hansı bir münasibəti olmayıb. Sonradan onlara məlum olmuşdur ki, cavabdeh kiminləsə ailə həyatı qurub, həmin şəxsdən bir oğlan övladı da dünyaya gətirmişdir. Cavabdeh nə onun mərhum oğlu nə də ki, onların ailəsi ilə hər hansı bir münasibəti olmamışdır. Bu yaxınlarda onlara məlum olmuşdur ki, Cavabdeh müvafiq dövlət orqanlarına müraciət edərək mərhum oğlu Əvəz Sadıqovun adından istifadə edərək müəyyən imtiyazlar və güzəştlərə nail olmuşdur. Bu barədə bildikdən sonra qızı vasitəsi ilə onunla əlaqə saxlayıb öz çirkin niyyətlərindən əl çəkməyini və şəhid oğlunun adını ləkələməməyini tələb etmişdir. Lakin, Cavabdeh onlarla razılaşmamaışdır. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında cavabdeh izahat verərək bildirdi ki, iddiaçı onun keçmiş qayınanasıdır. 1992-ci ildə Əvəz Sadıqovla ailə həyatı qurmuşdur. Ailə qurduqdan sonra Əvəzin ailəsi birlikdə yaşamışlar. Bir müddət ididaçı ona qarşı yaxşı münasibət göstərsə də, sonra münasibətləri pisləşmişdir. Əvəz X5nə getmiş və gedən zaman onu atasının evinə aparıb qoymuşdur. Əvəzin şəhid olduğunu bir müddət sonuncu görüşlərindən bir müddət sonra bilmişdir. Hər zaman Şəhidlər Xiyabanına gedərək Əvəzin qəbrini ziyarət edir. Əvəz şəhid olduqdan 10 il sonra yenidən faktiki nikahla ailə həyatı qurmuş və həmin nikahdan 1 övladı vardır. Övladı vətən mübaribəsinə iştirak etmiş və hal-hazırda Zəngilan rayonundadır. Göstərilənlərə əsasən iddia tələbini rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehi dinləyərək, iş materiallarını tədqiq edərək belə hesab edir ki, iddia ərizəsi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan: -doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 04.02.1969-cu il təvəllüdlü X3 atası X4, anası İddiaçıdır. ölüm haqqında şəhaddətnamənin surətindən görünür ki, X6 03.10.1992-ci ildə Ağdam rayonu Abdal-Gülablı kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. -nikah haqqında arayışın surətindən görünür ki, X6 ilə Cavabdeh arasında 21.02.1992-ci ildə nikah bağlanmış, nikahın bağlanması haqqında qeydləri kitabında 274 nömrəsi ilə qeyd edilmişdir. -qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surətindən görünür ki, X3 vərəsəsi 31.03.1983-cü ildə X2 ölməsi ilə əlaqədar miras onun vərəsəsi-X7 miras əmlakın 1/3 hissədə və X3 vərəsəsi-X7 miras əmlakın 1/3 hissədə pay almalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, X6 ilə Cavabdeh arasında 21.02.1992-ci ildə nikah bağlanmışdır. X6 03.10.1992-ci ildə Ağdam rayonu Abdal-Gülablı kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid olduqdan sonra onun vərəsəsi olaraq valideynləri və arvadı tanınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-cü maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1134.2ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Həmin Məcəllənin 1139-cu maddəsinə əsasən ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1176.1-ci maddəsinə əsasən vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsinə əsas olan hallar mövcud deyildir. Belə ki, cavabdehin miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətməsi, hər hansı cinayət və ya əxlaqsız hərəkət törətməsi iş materialları ilə sübut olunmur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh ləyaqətsiz vərəsə elan edilərək vərəsəlik hüququndan və məcburi pay almaq hüququndan məhrum edilməsinə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh ləyaqətsiz vərəsə elan edilərək vərəsəlik hüququndan və məcburi pay almaq hüququndan məhrum edilməsinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar