Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3856/2020 19.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı və etibarnamə üzrə nümayəndəsi Vəkil, Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə xx xxxxxx 2020-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 ona məxsus mülkiyyətində olan Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, M.Müşviq küçəsi, ev 32, 8 saylı mənzildən istifadə hüquqlarına xitam verilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, ünvan 1 ünvanında yerləşən mənzil qanunvericiliyin tələblərinə əməl etməklə xx xxxx 2015-ci il tarixli vərəsəlik şəhadətnaməsi və miras payın bağışlanması müqaviləsi əsasında adına keçmişdir. Bundan sonra onun daşınmaz əmlak üzərində yaranmış hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş seriya RX, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla rəsmiləşdirilmişdir. Həmin ev onun mülkiyyətinə keçərkən həmin evdə qeydiyyatda olan qardaşı Cavabdeh1, onun qızı Cavabdeh4, oğlu Cavabdeh2 qızı və bacısı Cavabdeh3 evin onun adına tam olaraq özəlləşdirilməsinə dair həm razılıq, həm də bağışlanma etsələr də şifahi olaraq qeydiyyatdan çıxacaqlarını bildirmişlər. Onlar hər biri başqa yerdə ailələri ilə birlikdə yaşayırlar və ona məxsus evlə heç bir əlaqələri yoxdur. Cavabdehlər özlərinə məxsus fərqli ünvanlarda yaşayırlar. Buna baxmayaraq ona məxsus evdə qeydiyyatda qalmaqla onun mülkiyyəti üzərində sərəncam vermək hüququnu məhdudlaşdırırlar. Cavabdehlərdən heç kəs qeyd edilən ünvanda yaşamır və mənzildən istifadə etmir. Cavabdehlərin sözügedən mənzildə olan qeydiyyatı formal xarakter daşıyır və eyni zamanda da onun mülkiyyətçi kimi hüquqlarını pozur. Belə ki, o onların əvəzinə kommunal xərclərdə əlavə ödənişlər etməli olur. İkincisi, onlarla artıq heç bir əlaqəsi yoxdur ki, onların onun xüsusi mülkiyyətində olan mənzilində qeydiyyatda qalmaqlarına razılaşsın. Üçüncüsü isə, onların onun mülkiyyətində qeydiyyatda qalması onun həmin mənzilə dair sərəncam hüquqlarını məhdudlaşdırır. Belə ki, həmin mənzili ozgəninkiləşdirmək istədikdə, onların razılığının alınması və yaxud evi satmaq istədikdə alıcıların narazılığına səbəb olduğundan onun üçün əlavə problemlər yaradır. Hesab edir ki, cavabdehlərin ona məxsus mənzilə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd etdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, İddiaçı məxsus evin həyətində iki ayrı-ayrı giriş-çıxışlı mənzil vardır. Digər mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Cavabdehlərdən Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 həmin mənzildə yaşayırlar. Belə ki, Cavabdeh1 iddiaçının qardaşıdır. O ailə qurduğu vaxtdan 18 ildən çoxdur ki, iddiaçıya məxsus sözügedən mənzildə yaşamır. Cavabdehlərdən Cavabdeh3 isə 1998-ci ildə ailə quraraq mübahisəli mənzili tərk etmişdir. Hal-hazırda orada yaşamır. Həyat yoldaşına məxsus mənzildə yaşayır. Arada bir iddiaçıya məxsus mənzilə gəlib-getməsi isə onun həmin evdən istifadə hüququnun saxlanmasına əsas ola bilməz. Belə ki, Cavabdeh3 mübahisəli mənzildə daimi əsaslarla yaşamır. Göstərilənlərə əsasən cavabdehlərin Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, M.Müşviq küçəsi, ev 32, 8 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz edərək bildirdi ki, İddiaçı onun qardaşıdır. Həqiqətən də Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, M.Müşviq küçəsi, ev 32, 8 saylı mənzilin həyətində iki mənzil var. Qardaşı Mehmanın evinin çıxarışı olsa da, həmin həyətdə ona məxsus olan evin çıxarışı yoxdur. Hazırda o həmin sənədsiz evdə yaşayır. Onların qeydiyyata düşməyə başqa mənzilləri yoxdur. Öz evlərinin isə sənədi yoxdur. Onların yaşadığı evin ayrı giriş-çıxışı olsa da, mənzillər arasında ümumi qapılar da var. O, təxminən 12 ildən çoxdur ki, ailəsi və uşaqları ilə birlikdə mübahisəli ünvanda yerləşən sənədsiz evdə yaşayır. İli dəqiq xatırlamır, bəlkə də daha uzun müddətdir ki, orada yaşayır. Əvvəllər mənzillərin kommunal ödənişləri birlikdə idi. Sonradan ailələr arasında olan narazılığa görə evin bütün kommunal ödənişləri də ayrıldı. Hal-hazırda iddiaçı olan qardaşından yeganə istəyi evinin sənədləşdirilməsinə köməklik göstərilməsidir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh4 və Cavabdeh2 Cavabdeh1 ilə eyni məzmunlu izahat verdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbinə etiraz edərək bildirdi ki, İddiaçı onun qardaşıdır. O, 1998-ci ildə ailə qurub qaynanasına məxsus mənzilə köçsə də, onun əşyaları, avadanlıqları hələ də mübahisəli mənzildədir. Bu səbəbdən onun mənzildən istifadə hüququna xitam verilə, o həmin mənzildən qeydiyyatdan çıxarıla bilməz. Bundan başqa o ürəyi istəyəndə qardaşına məxsus mənzildə, ürəyi istəyəndə qaynanasına məxsus mənzildə, bəzən isə bacısına məxsus mənzildə qalır. Növbəli iş rejimində işləyir. Bu səbəbdən daimi yaşayış yeri yoxdur. Mübahisəli evin qardaşının adına sənədləşdirilməsində onun əməyi olub. Bu işi həll etmək üçün o hətta öz torpağını da satmışdır. Sonuncu məhkəmə baxış iclasından sonra mübahisəli mənzilə köçürülmə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan RX seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 mülkiyyət hüququ üzrə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixdə 265 nömrəli reyestr kitabının 30 nömrəli vərəqində qeydə alınmışdır. Azərbaycan Respublikasının Daxili işlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2019-cu il tarixli, ******* nömrəli arayışından görünür ki, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 ünvan 2 ünvanında qeydiyyatdadırlar. İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİB-nin 3 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2020-ci il tarixli 719 saylı arayışından görünür ki, Cavabdeh3 ünvan 3 ünvanında qeydiyyatsız olaraq fasilələrlə yaşayır. Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİB-nin 21 saylı Mənzil Kommunal Sahəsinin tarixsiz üç ədəd arayışından görünür ki, ünvan 2 ünvanında İddiaçı və ailə üzvləri qeydiyyatda olmaqla yaşayır. Cavabdeh1 və ailə üzvləri həmin mənzildə qeydiyyatdadır, lakin orada tikilmiş əlavə tikilidə yaşayır. Cavabdeh3 da həmin ünvanda qeydiyyatdadır, lakin orada yaşamır. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli akta əsasən ünvan 5 ünvanında yaşayan X2, həmin ünvanda yaşayan X1 və 21 saylı MKİS0in sahə ustası Hacıyeva Zöhrə Naib qızı İddiaçı və onun ailə üzvlərinin ünvan 2 ünvanında yaşadığını imzaları ilə təsdiq etmişlər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ünvan 2 Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarış əsasında xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır. Cavabdehlər əvvəllər iddiaçıya məxsus mənzildə yaşasa da, lakin 1998-2000-ci illərdən özlərinə başqa yaşayış yeri seçməklə mənzili daimi olaraq tərk etmişlər. Cavabdehlər artıq 20 ildən çoxdur ki, mübahisəli mənzildə yaşamırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə mübahisəli hüquq münasibətləri xx xxxxxxx 2009-cu il tarixədək yarandığından hazırki mübahisə həmin tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin normaları əsasında həll edilməlidir. xx xxxxxxx 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 6-cı hissəsinə görə şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə görə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Konstitusiya Məhkəməsinin xx xxxx 1999-cu il tarixli qərarına əsasən Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ-ci hissəsini məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və onun ailə üzvlərinin müvəqqəti o, cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxslərin yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Mübahisənin həlli, yəni cavabdehlərin mübahisəli mənzildən olan istifadə hüququnun itirilib-itirilməməsinin müəyyən edilməsi üçün onun bu yaşayış sahəsini tərk etməsinin səbəbləri araşdırılmalı və bu tərk etmənin daimi və yaxud müvəqqəti əsaslarla olmasına qiymət verilməlidir. Belə ki, bu münasibətləri tənzimləyən yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri baxımından bu kateqoriya işlər üzrə əsas şərt icarəçi və ya qeydiyyatda olan şəxslərin mənzildə 6 ay və daha artıq müddətdə üzrsüz səbəbdən yaşamamasını və hüquqları mübahisələndirilən şəxslərin başqa yerdə daimi yaşayış yerlərinin olmasını sübut etməkdir. Bu baxımdan məhkəmə iş materiallarında olan sübutları qiymətləndirərək, belə qənaətə gəlir ki, cavabdehlər mübahisəli mənzili məhz daimi əsaslarla tərk etmişdir. Belə ki, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 mübahisəli mənzildə yaşamaması işin mübahisələndirilməyən halıdır. Məhkəməyə təqdim edilmiş mübahisəli evə dair foto-şəkillərdən də görünür ki, sözügedən ünvanda iki ayrı giriş-çıxışlı mənzil vardır. Sözügedən cavabdehlər iddiaçının mülkiyyətində olan evdə deyil, özlərinə məxsus daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış evdə yaşayırlar. Bunu onların özləri məhkəmə iclasında verdiyi izahatlarında da etiraf etmişlər. Məhkəmə hesab edir ki, cavabdehlərin qeydiyyata düşmək üçün daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış başqa yerlərinin olmaması iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb ola bilməz. Cavabdeh3 münasibətdə isə məhkəmə qeyd edir ki, Cavabdeh3 1998-ci ildə ailə qurmaqla mənzili tərk etmişdir və hal-hazırda orada yaşamır. Məhkəmə hesab edir ki, cavabdehə məxsus bəzi əşyaların iddiaçıya məxsus mənzildə qalması onun orada daimi olaraq yaşamasını təsdiq etmir. Digər tərəfdən cavabdehlər mübahisəli mənzili məcburi olaraq deyil, könüllü olaraq tərk etmişdir. Belə ki, onlar 2000-ci ildən 20 ildən çox keçməsinə baxmayaraq mənzilə köçürülmə barədə iddia qaldırmamış və ya mənzildən istifadəyə maneə törədilməsi ilə bağlı hər hansı orqana şikayət etməmişdir. Bu isə, cavabdehlərin müvəqqəti deyil, məhz daimi əsaslarla mübahisəli mənzildən köçməsi faktını təsdiq edir. Məhkəmə onu da qeyd edir ki, Cavabdeh3 hazırki iş üzrə məhkəmə baxış iclası keçirildikdən sonra, xx.xx.2020-ci il tarixdə mənzilə köçürülmə barədə iddia qaldırması hazırki iddianın uğurluluq ehtimalı ilə əlaqədar mübahisəli mənzildən istifadə hüququna xitam verilməsinə maneə olmaq məqsədi daşıyır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 iddiaçıya məxsus Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, M.Müşviq küçəsi, ev 32, 8 saylı mənzildən istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 İddiaçı məxsus Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, M.Müşviq küçəsi, ev 32, 8 saylı mənzildən istifadə hüququna xitam verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-3856/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3856/2020
19.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver