Məhkəmə qərarları › İş №2(060)-3865/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3865/2020

17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3865/2020 17.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4285 manat məbləğində əsas borcun, ödənişin bütün gecikdirmə dövrü üçün məhkəmə qətnaməsinin çıxarıldığı günə qədər bank uçot dərəcəsini əsas götürməklə 300 manat məbləğində faizlərin, 200 manat hüquqi xidmətə görə və 30 manat dövlət rüsumunun, ümumilikdə 4815 mant pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh ilə təxminən 20 ildir ki, qonşudurlar. xx.xx.2019-cu il tarixdə Azər ona yaxınlaşıb ona pul lazım olduğunu bildirmiş və ondan hissə-hissə 1.200 manat məbləğində borca pul alaraq 1-2 ay ərzində qaytaracağını bildirmişdir. Həmin vaxt Azərə 1.200 manat məbləğində borca pul, Azər isə ona bu barədə öz xətti ilə yazılmış iltizam vermişdir. Bundan sonra, 2020-ci il fevral ayının əvvəllərində Azər yenə də hissə-hissə ondan 1.244 manat məbləğində əlavə olaraq borca pul almış və özünün pul kartını ona verərək həmin kartda 2000 manata qədər pul olduğunu və ona verdiyi borc pulun əvəzi olaraq həmin pulu Bankomatdan çıxarmağını xahiş etmişdir. O, kartı Azərdən almış və xx.xx.2020-ci il tarixdə "Kapital Bank"ın Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən Bankomatından 1.159 manat məbləğində pul çıxarmışdır. Ertəsi gün - xx.xx.2020-ci il tarixdə o, Azərdən 1.285 manat məbləğində borcunu tələb edəndə, Azər ona demişdir ki, onun "Kapital Bank"a 3.000 manat məbləğində borcu var və ondan xahiş etmişdir ki, "Kapital Bank"a olan borcu bağlaması üçün ona 3.000.00 manat borc versin, Banka olan borcunu bağlasın, Bankdan 10.000 manat kredit götürüb ona olan borcunu tam olaraq qaytarsın. O, Azərə inanıb evdən 3.000 manat məbləğində pul götürmüş və onun şəxsi avtomaşınına əyləşmişlər. Azər pulu sayıb götürmüş və bildirmişdir ki, ona cəmi 4.285 manat məbləğində borcu var. Həmin vaxt o, Azərin pulu sayıb götürməsini və ona cəmi 4.285 manat məbləğində borcu olduğunu etiraf etməsini telefonla video görüntü ilə çəkmişdir. Bundan sonra onlar Bakı şəhəri, 20 Yanvar ərazisində yerləşən "Bravo Market"in içərisində fəaliyyət göstərən "Kapital Bank"ın filialına getmişlər. Orada Azər bankın işçilərinə yaxınlaşıb onlarla nə isə danışandan sonra ona demişdir ki, kredit verilməsi üçün ondan zamin istəyirlər və onu inandırmaq üçün yenə də pul kartını və şəxsiyyət vəsiqəsini ona verib demişdir ki, zamin tapana qədər bu sənədlər onda qalsın, zamin tapıb Bankdan kredit götürəndə onun pullarını qaytaracaq. Onlar həmin gün Bakıdan Sumqayıta qayıtmişlar və Azərin sənədləri onda, 3.000 isə Azərdə qalmışdır. Bundan sonra xx.xx.2020-ci il tarixdə Azər onun mobil telefonuna zəng vurub demişdir ki, Sumqayıtda "Kapital Bank"ın Qubadlı filialına gəlsin, kredit götürürüb pulu qaytaracaq. O, Sumqayıta "Kapital Bank"ın Qubadlı filialına getmiş, Azər demişdir ki, burada ona kredit verməyəcəklər, "Kapital Bank'ın Sumqayıt filialına getmək lazımdır. Onlar "Kapital Bank"ın Sumqayıt filialına getmişlər. Bankda növbə tutmaq üçün Azər ondan sənədləri almış, növbə tutmuş və bildirmişdir ki, onun növbəsi gələn kimi yaxınlaşıb krediti alacaq. Beləliklə, onlar bir neçə dəqiqə gözlədikdən sonra, Azər siqaret çəkmək bəhanəsi ilə çölə çıxmış və onun tanımadığı bir avtomaşına əyləşib getmişdir. O gündən sonra o, dəfələrlə Azərdən pulunu tələb etsə də, lakin bugünə kimi ala bilməmişdir. Faktla bağlı ərizə ilə polisə müraciət etmiş və Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsindən verilmiş xx.xx.2020-ci il tarixli cavab məktubu ilə ona bildirmişlər ki, müraciəti mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməlidir. Ona görə də cavabdehə qarşı "pul tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, cavabdeh tərəfindən iddia edilən borc məbləğindən hazırkı vaxtadək heç bir məbləğ qaytarılmamışdır. Məhkəməyə təqdim etdiyi cavabdeh tərəfindən imza edilmiş iltizamnamə və video-disk cavabdehin ondan borc pul götürdüyünü təsdiq edir. Eləcə də, 300 manat tələbi cavabdehin borcun ödənilməsini gecikdirməsi ilə əlaqədardır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iştirak etmiş cavabdeh izahatında göstərmişdir ki, iddia tələbini qəbul etmir. O, əvvəllər hərbi hissədə gizir işləmişdir. Həmin vaxtlar o, iddiaçıdan hissə-hissə 1000 manat borc pul alaraq faizi ilə birlikdə 1200 manat qaytaracağını demiş, buna görə də 1200 manat borc almasına dair iltizam yazmışdır. İddia ərizəsinə əlavə edilmiş həmin iltizam onun tərəfindən yazılmışdır. Bir müddət sonra ona yenə də pul lazım olmuş və o, iddiaçıdan 3000 manat borc pul götürmüşdür. O, borcunu ödəmək üçün kredit götürmək niyyətində olmuş, lakin zamin tələb olunduğu üçün ona kredit verilməmişdir. Borcu qaytarmaq üçün o, özünə məxsus əmək haqqı kartını iddiaçıya vermişdir. Kartdan hissə-hissə 1200 manat, 500 manat, 800 manat və 400 manat olmaqla iddiaçı tərəfindən pul çıxarılmış, bununla da borcu ödənilmişdir. Onun iddiaçıya heç bir borcu yoxdur. İddiaçının göstərdiyi 1244 manat pulu götürməmişdir, borc pul olaraq 1000 manat və 3000 manat olmaqla, cəmi 4000 manat borc götürüb və bütün borcunu qaytarmışdır. Qeyd olunanların məhkəmə tərəfindən nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş edir. Həmçinin göstərdi ki, məhkəmə iclasında nümayiş edilən video-diskdəki görüntü və səs yazısı ona məxsusdur, o, 4285 manat borcu olduğunu deyərkən iddiaçıdan borc aldığı məbləği faizi ilə birlikdə cəmləşdirib bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş iltizamnamədən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə İddiaçı 1200 manat borc aldığını, həmin borcu xx xxxxxx 2020-ci il tarixdə qaytaracağını göstərmiş, iltizamı həmin tarixdə imzası ilə təsdiq etmişdir. İddiaçı tərəfindən sübut növü olaraq məhkəməyə təqdim olunan və cavabdehin razılığı ilə məhkəmə iclasında tədqiq edilən video yazı materialından müəyyən olundu ki, cavabdeh iddiaçıya 4285 manat borcu olduğunu bildirir. Məhkəmə iclasında cavabdeh qeyd olunan iltizamnamənin onun tərəfindən yazıldığını və həmin video yazıdakı səsin ona aid olduğunu bildirdi və göstərdi ki, həmin məbləğdə borcu olduğunu faizi ilə birlikdə nəzərdə tutaraq demişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında borc müqaviləsi bağlanmasa da borc münasibətlərindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. Cavabdeh iddiaçıya borcu götürdüyünü etiraf etsə də, həmin borc məbləğinin miqdarı ilə razılaşmır və götürmüş olduğu borcu qaytardığını göstərir. Göründüyü kimi tərəflər arasında mübahisə doğuran hal götürülmüş borcun qaytarılması və məbləği ilə bağlıdır. İddiaçı iddia tələbinin əsası olaraq iddia ərizəsinə əlavə edilmiş iltizamnamə və məhkəmə iclasında tədqiq edilmiş videodiskdəki məlumatlara istinad edir. Məhkəmə hesab edir ki, tərəflər arasında borc ilə bağlı münasibətlər yarandığından mübahisə Mülki Məcəllənin «Öhdəliklərin icrası» və «Barışıq razılaşması və mövcud borcun etirafı haqqında mücərrəd müqavilə» fəslində nəzərdə tutulan müddəalar çərçivəsində həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 882.-ci maddəyə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Məhkəmə işin hallarına şərh olunan hüquq normalarına istinadən qiymət verərək, iddiaçı tərəfindən təqdim olunan sübutları Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən sübut növü kimi qiymətləndirərək hesab edir ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü tələb əsaslıdır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Odur ki, iddia qismən təmin edilməli, 4285 manat borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə cavabdehin etirazına gəlincə hesab edir ki, etirazı istinad etdiyi halları cavabdeh məhkəmədə sübuta yetirə bilmədi. Mülki prosessual qanunvericiliyin tələblərinə görə hər bir tərəf istinad etdiyi halları məhkəmədə sübuta yetirmək vəzifəsi daşıyır. Araşdırılan mübahisə üzrə cavabdehin etirazın əsası olaraq göstərdikləri yalnız özünün şifahi bildirdiklərindən ibarət olmaqla heç bir sübuta əsaslanmır. Məhkəmə iddia tələbini 300 manat faiz borcunun tutulması hissəsində əsassız hesab edir. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, iddiaçı 300 manat tutulması ilə bağlı hissədə tələbini təsdiq edən sübut məhkəməyə təqdim etmədiyindən həmin hissədə iddia tələbi təmin olunmamalıdır. İş materiallarından görünür ki, cavabdeh hüquq xidmətin göstərilməsinə görə 200 manat ödəniş etmişdir. Məhkəmə hesab edir ki, hüquqi xidmətə görə ödənilən xərclər məhkəmə xərclərinə aid olduğundan MPM-nin 124.2-ci maddəsinə müvafiq olaraq hüquq xidmətlərinin göstərilməsinin əvəzi olaraq 200 manat iddiaçdan tutularaq cavabdehə ödənilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun 02,10 manatı iddiaçıya aid edilməli, 27,90 manat isə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 4285 (dörd min iki yüz səksən beş) manat borc, hüquqi xidmət göstərilməsinə görə ödənilən xərcin əvəzi olaraq 200 (iki yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 27,90 (iyirmi yeddi manat, doxsan qəpik) manat İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar