Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-389/2022 13.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qızına qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh qızına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin və onun azyaşlı övladı 11.05.2009-cu il təvəllüdlü X1 olan Sumqayıt şəhəri, 8-ci mikrorayon, 22A saylı evin, 46-cı mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 mülkiyət hüququ ilə iddiaçıya məxsusdur. O, sözügedən mənzili 21.09.2021-ci ildə daşınmaz əmlakın alqı satqı müqaviləsi əsasında Bayramova Lətifə Ziyəddin qızından almışdır. Həmin mənzilə görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən 27.09.2021-ci ildə çıxarış verilmişdir. Cavabdeh mənzilin keçmiş mülkiyyətçisinin ailə üzvüdür. Bundan əlavə cavabdehin azyaşlı övladı 11.05.2009-cu il təvəllüdlü X3 da iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatdadır. Cavabdehin iddiaçının mənzilində qeydiyyatda olması onun mənzil hüququnun həyata keçirilməsinə mane olur, əlavə xərclər çəkilməsinə səbəb olur. Cavabdehin qeydiyyatı formal xarakter daşıyır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa oxşar izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı xx.xx.1991-ci ildə, Sumqayıt şəhərində anadan olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışına əsasən cavabdeh isə xx.xx.1981-ci ildə anadan olmuşdur. İddiaçı və cavabdeh hazırda ünvan 1 ünvanında qeydiyyatdadırlar. Mənzildə həmçinin 11.05.2009-cu il təvəllüdlü X3 da qeydiyyatdadır. 21.09.2021-ci il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinə Bayramova Lətifə Ziyəddin qızı Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 22A ünvanında yerləşən 46 nömrəli mənzili (bundan sonra – mübahisəli mənzil) iddiaçıya satmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir. 8 saylı Mənzil-Kommunal Sahəsinin 1702 saylı arayışına əsasən Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 22A ünvanında yerləşən 46 saylı mənzildə hal-hazırda iddiaçı yaşayır, cavabdeh və 11.05.2009-cu il təvəllüdlü X3 həmin mənzildə qeydiyyatda olsalar da, orada yaşamırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (152.1.). Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (157.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (157.4.). Göründüyü kimi mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh isə həmin mənzildə yaşamır və formal olaraq qeydiyyatda qalmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarından da biri onun barəsində yaşayış sahəsindən çıxarılma və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamənin olmasıdır. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda qalması iddiaçının mənafeyinə zidd olmaqla bir mülkiyyətçi kimi onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bu səbəbdən iddia təmin edilməli və cavabdehin mübahisəli mənzilə istifadə hüquqları itirilmiş hesab edilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüquqları itirildiyi üçün onlarla birlikdə yaşayan ailə üzvləri olan yetkinlik yaşına çatmayan 11.05.2009-cu il təvəllüdlü X1 da mübahisəli mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh qızının və yetkinlik yaşına çatmayan 11.05.2009-cu il təvəllüdlü X1 ünvan 1 ünvanına istifadə hüquqları itirilmiş hesab olunsun. Hazırkı qətnamə göstərilən şəxslərin həmin mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-389/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-389/2022
13.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver