Məhkəmə qərarları › İş №2(060)-3892/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3892/2025

13.08.2025 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3892/2025 13.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, Ərizəçi2 iştirakı ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etməklə «şəxsin ölmüş elan edilməsi tələbi»nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etməklə «şəxsin ölmüş elan edilməsi tələbi»nə dair ərizə ilə məhkəməyə müraciət etmişlər.

2. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1991-ci ildə Dəvəçi rayonunda anadan olmuş X3 ərizəçilərin oğludur, o, 2014-cü ildə Türkiyəyə işləməyə gedib, evdən çıxdığı tarixdən üç ay sonra zəng edib demişdir ki, geri qayıtmayacaq və hansısa xarici ölkələrə gedəcək, o vaxtdan bəri ondan hər hansı məlumat yoxdur. Bir il sonra ərizəçilərə belə məlumat verdilər ki, o haradasa gedən döyüşlərdə iştirak edib və həlak olub. Ümumiyyətlə onun həmin vaxt harada olması və nə ilə məşğul olması haqqında məlumatları yoxdur. On ildir ki, onun haqqında bildikləri məlumat odur ki, həlak olub. Bu günə qədər evlərinə yaşayış yeri üzrə qeydiyyatda olduğu üçün evə dair sərəncam verə bilmirlər. Ərizəçilər öldükdən sonra digər ailə üzvləri müxtəlif problemlər ilə üzləşəcək. Oğlunun ölümünün rəsmiləşdirilməsinə ehtiyac var. Göstərilənlərə əsasən xx.xx.1991-ci ildə Dəvəçi rayonunda anadan olmuş X1 ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Ərizəçi1 izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Növbəti iclasların onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.

4. Məhkəmə iclasında Ərizəçi2 Samədin oğlu ərizəni müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. Belə ki, iş materiallarında olan 07 may 1989-cu il tarixində verilmiş İV-ЖГ № 489155 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 və X2 nikahlarını 07 may 1989-cu il tarixdə bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında elə həmin tarixdə 08 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Həsənova soyadı verilmişdir.

9. İş materiallarında olan AZE № 07074200 seriaylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1991-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuşdur.

10. İş materiallarında olan Dəvəçi rayon ZAQS şöbəsi tərəfindən xx.xx.1991-ci il tarixdə verilmiş XVİ-ЖГ № 352593 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 10 dekabr 1991-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, atası Ərizəçi2, anası isə Ərizəçi1dır.

11. İş materiallarında olan məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-38-33/2-2350/25 saylı məktubdan görünür ki, X1 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında xx.xx.2014-çıxış kimi məlumat qeyd alınmışdır.

12. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsi tərəfindən Ərizəçi1 Hacıəli qızına ünvanlanan xx.xx.2025-ci il tarixli, 3- 13-58/2-H-101293/11/25 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ünvanlanan müraciətə Sumqayıt şəhər Polis İdarəsində baxılmışdır. Müraciətdə qeyd olunan xüsusatlar araşdırılarkən müəyyən olunmuşdur ki, oğlu xx.xx.1991-ci il təvəllüdlü X3 xx.xx.2014-cü il tarixdə ölkə hüdudlarını tərk edərək Türkiyə Respublikasına getmişdir. Oğlu İ. Həsənovun Suriya Respublikasında gedən döyüşlərdə iştirak etməsi ilə bağlı Sumqayıt şəhər Polis İdarəsində heç bir məlumat qeydə alınmamışdır. Oğlu İ.Həsənovun ölmüş şəxs elan olunması üçün Sumqayıt şəhər Məhkəməsinə müraciət edilməsi məqsədəmüvafiq hesab edilir.

13. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsi tərəfindən Ərizəçi2 ünvanlanan xx.xx.2025-ci il tarixli, 3-13-58/2-1468 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ünvanlanan müraciətə Sumqayıt şəhər Polis İdarəsində baxılmışdır. Müraciətdə qeyd olunan xüsusatlar araşdırılarkən müəyyən olunmuşdur ki, oğlu xx.xx.1991-ci il təvəllüdlü X4 xx.xx.2014-cü il tarixdə ölkə hüdudlarını tərk edərək Türkiyə Respublikasına getmişdir. Oğlu İ.Həsənovun Suriya Respublikasında gedən döyüşlərdə iştirak etməsi ilə bağlı Sumqayıt şəhər polis idarəsində heç bir məlumat qeydə alınmamışdır. Oğlu İ.Həsənovun ölmüş şəxs elan olunması üçün Sumqayıt şəhər Məhkəməsinə müraciət edilməsi məqsədəmüvafiq hesab edilir.

14. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi1 ünvanlanan xx.xx.2025-ci il tarixli, 3-16-5/8-H-3xx/xx/2025 saylı məktubundan görünür ki, Maraqlı şəxs xx.xx.2025-ci il tarixli oğlu X1 ölümünün qeydiyyata alınması barədə ərizəyə cavab olaraq bildirilir ki, Azərbaycan Respulikası Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Azərbaycan Respulikası Ailə Məcəlləsinin 194-cü maddəsi tələblərini və ölümü təsdiq edən sənədin olmadığını nəzərə alaraq, Maraqlı şəxs tərəfindən ərizənin təmin edilməsi mümkün deyil.

b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

15. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

16. Azərbaycan Respublikası MPM-nin 305.1.2-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır.

17. Həmin Məcəllənin 312.1-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir.

18. Həmin Məcəllənin 315.2-ci maddəsinə əsasən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə görə, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər.

20. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən, şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır.

21. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9.5-ci bəndinə əsasən şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir.

22. Göründüyü kimi, şəxsin ölmüş elan edilməsi yuxarıda yuxarıda qeyd edilən norma iki müstəqil əsas nəzərdə tutmuşdur. Şəxsin həyat üçün təhlükəli şəraitdə itkin düşməsi halında ölmüş elan edilmə və şəxsin harada olması barədə 5 il ərzində məlumatın olmaması şəraitində. İkinci halda, qanunverici itkin düşmə şəraitini nəzərə alaraq, ölmüş elan edilmə üçün daha qısa müddət nəzərdə tutmuşdur. Bu əsaslardan hər hansı biri müstəqil şəkildə mövcud olarsa, şəxs məhkəmə tərəfindən ölmüş elan edilə bilər. Hazırkı işdə ikinci halın mövcud olması müəyyən edilir. Belə ki, şəxs uzun illər əvvəl, ərizəçinin deməsinə görə 2014-cü ildə ölkəni tərk edib getmiş və bir daha geri qayıtmamışdır. İş üzrə verilən sorğuların cavabları da ərizənin dəlillərinə tənqidi yanaşılması üçün əsas vermir. Çünki, barəsində ərizə verilən şəxsin göstərilən tarixdə anadan olması, Azərbaycan Respublikasında ailəsinin olması və daimi yaşaması müəyyən edilir, eyni zamanda isə onun 2014-cü ildən sonra Azərbaycana gəlməsi müəyyən edilmir. Ona görə də, məhkəmə hesab edir ki, ərizənin dəlilləri maddi hüquq normaları baxımından əsaslıdır.

23. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1991-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş X1 2014-cü ildə İraq Respublikasında itkin düşməsi ilə əlaqədar ölmüş elan edilməsi iş materiallarında olan sübutlarla təsdiq olunduğundan, xüsusi icraat qaydasında verilmiş ərizə təmin olunmalı, qətnamənin qanuni qüvvəyə mindiyi gün xx.xx.1991-ci il tarixdə anadan olmuş X1 ölüm günü hesab edilməlidir.

24. Məhkəmə “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın və qanunvericiliyin tələblərini nəzərə alaraq qeyd edir ki, ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında qeydə alınmaya və akt kitablarında qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə yazılmasına əsaslardan biri məhkəmənin qətnaməsidir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

27. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1991-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş X3 ölmüş elan edilsin. Qətnamənin qanuni qüvvəyə mindiyi gün 10 dekabr 1991-ci il təvəllüdlü X1 ölüm günü hesab edilsin. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında X1 ölməsi barədə qeyd aparılması və onun adına ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar