Məhkəmə qərarları › İş №2(060)-3923/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3923/2025

01.09.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3923/2025 01.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi ilə, İddiaçı Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı cavabdeh X4 qarşı iddia qaldıraraq, iddia tələbinin təmin olunması, Cavabdeh1 ailə üzvüləri ilə birlikdə ona məxsus Sumqayıt Bağlar, 997/Q saylı fərdi yaşayış evindən məcburi şəkildə çıxarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması, Cavabdeh2 ailə üzvüləri ilə birlikdə ona məxsus Sumqayıt Bağlar, 997/Q saylı fərdi yaşayış evindən məcburi şəkildə çıxarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

3. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, azyaşlı uşaqları ilə birlikdə Sumqayıt şəhəri, Bağlar, 997/Q saylı fərdi yaşayış evinə köçürülməyi qət edilmişdir. xx.xx.2021-ci il tarixdə icra vərəqəsi icra edilməsi üçün Sumqayıt İcra İdarəsinə ğöndərilmişdir. Qətnamə üzrə verilmiş icra vərəqəsi icra edilmiş və azyaşlı uşaqları ilə birlikdə Sumqayıt şəhəri, Bağlar, 997/Q saylı fərdi yaşayış evinə köçürülmüşdür. Evdə yaşamışdır. xx.xx.2024-cü il tarixdə atasıgilə qonaq getmişdir. Geriyə qayıdan zaman darvazanı açmaq istədi. Lakin açılmağını, arxadan bağlı olduğunu gördü. Qapını bir az döydükdən sonra bir nəfər tanımadığı şəxsin qapını açdığını, ondan kim olduğunu soruşduqda evin yeni sahibi olduğunu bildirdi və evi Yusif adlı şəxdən aldığını, bu gün köçüb yaşadığını bildirdi. Yusifilə əlaqə saxlayan zaman, evin Yusif tərəfindən cavabdehə satıldğını bildirdi. Yusifdən birgə nikah dövründə inşa etdikləri evin nə üçün xəbəri olmadan satılmasını soruşduqda ona pis cavab verdi. Ona görə də Sumqayıt Pİ-nə rəsmi şikayət verdi. Sumqayıt şəhər Pİ-nin İŞ-də araşdırma aparıldı. Sumqayıt şəhər Pİ-nin İŞ-nin baş müstəntiqi X5 tərəfindən xx.xx.2024-cii il tarixdə “cinayət işinin başlanılinasının rədd edilməsi haqqında" qərar qəbul olunmuşdur. Cavabdeh tərəfindən evə olan hüquqları pozulmuşdur. Qanuni əsas olmadan, razılığı olmadan evə daxil olmuşdur. Onun bu qanunsuz hərəkətləri nəticəsində mənzil hüquqları pozulmuşdur.

Tərəflərin mövqeləri:

4. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdeh orada yaşaya bilməz. O evin kommunal təchizatı yoxdur. Evi cavabdeh tikməmişdir. İddiaçının evini inşa edən ustalara pul bəxşişi vermişdir. Qızı hazır evə gəlin köçmüşdür. Hazırda cavabdeh orada ailəsi ilə yaşayır deyə iddiaçı mənzildə köçüb yaşamaq istəmir.

5. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, həmin mənzildə iki övladı ilə 2022-ci ilin aprel ayından etibarən evin qaz, işıq, su və digər xidmətlərlə təmin etməklə qalır. İddiaçı həmin evdə yaşamır. Qardaşının həyat yoldaşıdır. İcazəsi ilə qardaşı evlənəndən sonra ailəsi ilə 2015-2019-cu illərdə orada yaşamışdır. X3 hazırda anasının yanında qalır.

Tədqiq olunan sübutlar:

6. Sumqayıt ŞPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərardan görünür ki, İddiaçı Sumqayıt Bağları 997/Q saylı fərdi yaşayış evinin tanımadığı şəxslər tərəfindən qeyri-qanuni zəbt olunması ilə bağlı müraciətinə dair toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi qərara alınmışdır.

7. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5263/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı X1 azyaşlı övladları ilə birlikdə Sumqayıt Bağlar, 997/Q saylı fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir.

8. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1282/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5263/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). -146.2-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. -152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. -157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

11. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməməlidir.

12. Belə ki, tərəflər – gəlin və qayındır. İddiaçının cavabdehin çıxarılmasını tələb etdiyi əmlak - Sumqayıt Bağlar, 997/Q saylı fərdi yaşayış evi özbaşına tikili olmaqla, hüquqmüəyyənedici sənədləri yoxdur, dövlət qeydiyyatına alınmamışdır.

13. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5263/2020 saylı qətnaməsi ilə iddiaçı X1 azyaşlı övladları ilə birlikdə Sumqayıt Bağlar, 997/Q saylı fərdi yaşayış evinə köçürülməsi qərara alınmışdır. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1282/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5263/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

14. Hazırda iddiaçı məhkəmə qətnaməsi əsasında həmin evə köçürüldüyünü əsas göstərərək Cavabdeh2 həmin evdən çıxarılmasını məhkəmədən xahiş edir.

15. Məhkəmə ilk növbədə iddiaçının köçürürlməsini istədiyi fərdi yaşayış evinin hüquqi statusuna qiymət verməyi zəruri hesab edir. Bu baxımdan məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinin tələblərindən göründüyü kimi qanunvericiliyin tələbinə əsasən mülkiyyətçi o şəxsə deyilir ki, o əmlak üzərində istifadə və sahiblik hüquqi ilə yanaşı həmin əmlak barəsində sərəncam vermək hüququna da malikdir.

16. Məhkəmə qeyd edir ki, mübahisə predmeti daşınmaz əmlak olduğu üçün, qanunvericiliyin tələbinə əsasən həmin əmlak üzərində sərəncam vermək hüququnun həyata keçirilməsi üçün onun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələb olunur.

17. Hazırki halda isə iddiaçının mübahisələndirdiyi ev hüquqi statusuna görə özbaşına tikilidir və həmin evə dair hüquqlar daşınmaz əmlakın dövlət reyetrində qeydiyyatdan keçməmişdir.

18. Sumqayıt Şəhər Məhkəməsinin yuxarıda adı qeyd edilən qətnaməsi ilə isə X1 azyaşlı övladları ilə birlikdə Sumqayıt Bağlar, 997/Q saylı fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Belə olan halda onun həmin evdən istifadə etmək hüquqlarının olması mübahisəsizdir. Lakin iddiaçının həmin əmlakdan başqa şəxslərin istifadəsini qadağan (hazırki tələb üzrə cavabdehin ailə üzvləri ilə birlikdə həmin evdən çıxarılması onların həmin evdən istifadəsinə son qoyulmasına yönəlmişdir) etməsini tələb etmək üçün, həmin əmlaka ixtiyarı olmalıdır. Bu ixtiyar isə onun yalnız həmin əmlaka sərəncam vermək hüquqi ilə realizə oluna bilər. Lakin iddiaçının mübahisəli ev üzərində sərəncam vermək hüququ olmadığı üçün, yəni iddiaçı mübahisəli ev üzərində ixtiyar sahibi olmadığı üçün, onun hazırki tələblə çıxış etməyə subyektiv hüququ yoxdur.

19. Bundan başqa sözügedən məhkəmə qətnaməsi əsasında mübahisə predmeti olan tikilinin iddiaçının keçmiş ərinin anası tərəfindən inşa edildiyi müəyyən edilmişdir. Məhkəmə qətnaməsinin preyudisial əhəmiyyətə malik olduğunu nəzərə alaraq məhkəmə qeyd edir ki, həmin tikilinin hətta iddiaçının keçmiş əri ilə birgə səyi, birgə vəsaiti, əməyi hesabına da inşa edildiyi müəyyən olunmur. İddiaçının həmin mənzilə köçürülməsinin əsasını isə onun həmin mənzil üzərində hər hansı bir sərəncam hüququnun olması deyil, keçmiş ərinin ailə üzvü olaraq həmin mənzildə yaşamaq hüququ təşkil etmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı hazırki iddianı qaldırmaqda subyektiv hüquqa malik deyildir.

20. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququna malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.

21. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

22. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası rədd edilməlidir

Nəticə:

23. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddiaçı Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar