Məhkəmə qərarları › İş №2(060)-3967/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3967/2021

25.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3967/2021 25.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Rais qızına qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Rais qızına qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanını 14.11.2019-cu il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən cavabdeh X5 notariat qaydada satın almışdır. Həmin ünvandakı mənzil xüsusi mülkiyyətindədir və mənzilə mülkiyyət hüququnun tanınmasına dair DƏDRX-dən çıxarış əldə etmişdir. Buna baxmayaraq cavabdehlərin mənzildən qeydiyyatdan çıxmamaları üzündən mənzil üzərindəki sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarını tam həyata keçirə bilmir. Belə ki, cavabdehlər alqı-satqı müqaviləsi bağlandıqdan sonra göstərilən ünvandakı mənzildə yaşamasalar da, formal olaraq orada qeydiyyatda qalmışlar. Bunun nəticəsində mənzil və kommunal xidmətlər haqqını artıq məbləğdə ödəməyə məcburdur. Hesab edir ki, cavabdehlər faktiki olaraq müqavilə bağlanandan mənzildən istifadə etmək hüququnu itirmişlər. Hətta alqı-satqı müqaviləsi notariat qaydada bağlanan zaman cavabdeh tərəf 1 ay müddətində mənzildən qeydiyyatdan çıxacağı barədə öhdəlik götürmüşdür. Lakin, bu müddət ərzində cavabdehlər hərəkətsizlik edərək mənzildən qeydiyyatdan çıxmaqla bağlı heç bir hərəkət etməmişlər. 22.02.2021-ci il tarixdə X1, X6, X4 və Cavabdeh4 Rais qızının ona məxsus mənzildən qeydiyyatdan çıxarılmaları və onların şəxsiyyət vəsiqələrində yaşayış yeri haqqında məlumatların dəyişdirilməsi üçün aidiyyəti struktur şöbələrə göstəriş verilməsi üçün Sumqayıt Şəhər Polis İdarəsinə müraciət etmişdir. Sumqayıt Şəhər Polis İdarəsinin 26.02.2021-ci il tarixli 123-75434-3221 saylı məktubu ilə mübahisənin məhkəmə qaydasında həll olunması tövsiyə olunmuşdur. Bu səbəbdən də hüquqlarının məhkəmə qaydasında müdafiəsinə zərurət yaranmışdır. Məhkəmə iclasında iddiaçı eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasına iştirak edən Cavabdeh2 izahatında göstərdi ki, iddia tələbini qəbul edir, qeyd olunan mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinə etirazı yoxdur. Digər cavabdehlər ailə üzvləridir. Hazırda həmin ünvanda formal olaraq qeydiyyatdadırlar, faktiki olaraq orada yaşamırlar. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Mülki iş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 3 xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 21.11.2019-cu il tarixdə qeydə alınmışdır. AN-İ seriyalı, ******* saylı, 14 noyabr 2019-cu il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, satıcı Cavabdeh2 özünə məxsus ünvan 2 ünvanını alıcı İddiaçının mülkiyyətinə vermişdir. Azərbaycan Respublikası Sumqayıt şəhər İH başçısının MKTİB 11 saylı MKS tərəfindən verilmiş 07.05.2021-ci il tarixli 149 saylı arayışdan görünür ki, mənzilin keçmiş sakinləri X3, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Rais qızı ünvan 3 ünvanında qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 146.1-ci maddəsin əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinəəsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrindəərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdəəmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrli qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (qeyri-rəsmi 1 saylı Protokol) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, keçmiş mülkiyyətçinin adına qeyd olunan mənzilin dövlət reyestrində qeydiyyat yazısı ləğv edilmiş və həmin mənzil dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır. Keçmiş mülkiyyətçi ailə üzvləri ilə birlikdə köçüb başqa yaşayış yerinə getmiş, lakin cavabdehlər mənzildən qeydiyyatdan çıxmamışlar. Mənzildə cavabdehlərə məxsus hər-hansı əmlak yoxdur. Cavabdehlər qeyd olunan mənzildən qeydiyyatdan çıxmamaqla iddiaçının öz mülkiyyəti üzərində sərəncam vermək hüquqlarını, öz mülkiyyətindən maneəsiz istifadə hüququnu məhdudlaşdırır. Cavabdehlərin həmin ünvanda qeydiyyatı formal xarakter daşıyır. Cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılması üçün mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Odur ki, cavabdehlərin mənzildən istifadə hüquqları alqı-satqı müqaviləsinin bağlandığı vaxtdan itirilmiş sayılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Rais qızının ünvan 3 ünvanından istifadə hüquqları itirilmiş hesab edilməlidir. MPM-in 119-cu maddəsinə əsasən iş üzrə 10 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Rais qızının ünvan 3 ünvanından istifadə hüquqları itirilmiş hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonar qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar