Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4/2022 04.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İlkin iddia üzrə İddiaçı, İlkin iddia üzrə Cavabdeh Kamil qızının və onun vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh Kamil qızına qarşı pul tələbi barədə ilkin və Cavabdeh Kamil qızının İddiaçı qarşı maddi və mənəvi ziyan tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İlkin iddia üzrə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Kamil qızından 1.100 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Mikayılova X2 Fariz Alış oğluna qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş 700 manat məbləğində maddi ziyanın, atasının ölümü ilə bağlı mənəvi ziyanın qarşılığı olaraq 1.000 manat məbləğin cavabdeh İddiaçı alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 20 noyabr 2018-ci il tarixdə tanışı X3 ona bildirmişdir ki, uşağının müəlliməsi Cavabdeh Kamil qızının mənzilində təmir işi var və təmir işləri aparılmalıdır. O, Cavabdeh Kamil qızı ilə mənzilin təmir işlərini 1.700 manata görməyə razılaşmışdır. İşlədiyi müddət cavabdeh ona 600 manat ödəniş etmiş və 1.100 manat borcu qalmışdır. Sonuncu bu vaxta qədər müxtəlif bəhanələrlə borcu ödəməkdən imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçının evinə təmir işləri görmək üçün 2018-ci ilin oktyabr ayında gəlmişdir. Aralarında razılığa gəlmişlər ki, o, 15-20 gün ərzində işi bitirəcəkdir. Cavabdeh İddiaçı öncədən 200 manat ödəniş olunmasını istəmiş və işi bitirdikdən sonra qalan pulun ödənilməsini bildirmişdir. Cavabdeh ona tək işləyəcəyini bildirsə də, sonra özü ilə fəhlə gətirərək fəhlə pulunu da ödənilməsini bildirmişdir. Bir neçə gün işlədikdən sonra müxtəlif bəhanələrlə cavabdeh 600 manat pul istəmiş və həmin məbləğdə pulu sonuncuya vermişdir. O, cavabdeh ilə dəqiq məbləğ danışmamışdır. İddiaçı ona lazım olanından artıq materiallar aldırmış və təmir işləri gedən zaman heç birindən istifadə etməmişdir. Belə ki, sonuncu iş görən zaman bir qonşunun tavanını zədələmişdir. O, 20 manat məbləğində yarım lambir alaraq cavabdehin vurduğu ziyanı düzəltdirmişdir. Cavabdeh digər qonşunun isə divarını deşib aspiratorun şüşəsini qırmışdir və o, qonşuya 20 manat məbləğində pul verib təmir elətdirmişdir. Bundan əlavə cavabdeh təmir işlərinə başlayarkən onun evdə atası ilə yaşadığını bilmişdir. O, evdəki işlərin uzandığını görüb, sanitar qovşağının işləmədiyinə görə məcburən atasını qohumunun evinə yerləşdirmişdir. Başqa evdə qalmaq atasına narahatlıq verirdi. Həmin evdə atası yıxılmış, çanaq sümüyü zədələnmiş və bir müddət gibs də qoyulmuşdur. O, məcburən atasını öz evinə gətirmiş, o, artıq yeriyə bilməmiş və get-gedə vəziyyəti ağırlaşmışdır. xx.xx.2018-ci ildə atası dünyasını dəyişmiş və elə həmin gün o, cavabdehi evdən qovmuşdur. Ev yarısöküntülü halda idi, hal-hazırda da həmin vəziyyətdədir. Cavabdeh evdən çıxanda evdə sanitar qovşağı istifadəyə yararsız halda idi. Yas məclisi ilə əlaqədar başqa usta çağıraraq evi biraz səliqəyə saldırmış və ustaya ödəniş etmişdir. Cavabdeh gedəndə evi pis vəziyyətdə qoyub getmişdir. Kombinin boruları havada asılı vəziyyətdə qalmışdır. Bundan sonra da ona xeyli miqdarda pul lazım olmuşdur ki, cavabdehin yarım qoyduğu işləri tamamlayıb evi normal vəziyyətə gətirsin. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh ilkin iddianı müdafiə edərək, bildirdi ki, ilkin iddia üzrə Cavabdeh Kamil qızının mənzilində demək olar ki, təmir işlərini 90% yekunlaşdırmışdır. Belə ki, ayaqyolu və hamam otağının kafel və metlax işlərini tam bitirmiş, digər santexnika işləri görmüş sadəcə kafellərin arasını doldurmamış və duş kabinəsi quraşdırmamışdır ki, bu işi onu satan şirkət həyata keçirməli idi. Bundan başqa evlərə kombi sistemini quraşdırmış və digər zəruri təmir işlərini görmüşdür. Odur ki, qarşılıqlı iddianı qəbul etməyərək, ilkin iddianın təmin olunmasını, qarşılıqlı iddianın isə əsassız olduğu üçün təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Kamil qızı qarşılıqlı iddianı müdafiə edərək, ilkin iddianı isə qəbul etməyərək, qarşılıqlı iddia tələbinə uyğun izahat verərək bildirdi ki, İddiaçı ona söz verdiyi təmir işlərini tam yerinə yetirməmiş, kafel və metlaxları yaxşı vurmamış, arasını doldurmamışdır. Bundan başqa duş kabineti quraşdırmamışdır. Həmçinin kombi sistemini yaxşı çəkməmişdir. Odur ki. qarşılıqlı iddianın təmin olunmasını, ilkin iddianın isə əsassız olduğu üçün təmin olunmamasını xahiş etdi. O, eyni zamanda qeyd etdi ki, təmir xərcini ilkin 1.700 manata danışmış,sonradan bu məsələyə qayıdacaqlarını razılaşmışlar. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Kamil qızının vəkili Nümayəndə məhkəmədən qarşılıqlı iddianın təmin olunmasını, ilkin iddianın isə əsassız olduğu üçün təmin olunmamasını xahiş etdi. Məhkəmə, tərəflərin izahatını, Cavabdeh Kamil qızının vəkili Nümayəndə dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. İş materiallarında olan: - İş üzrə xx.xx.2020-ci il tarixli, 17655 №-li ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdə iş üzrə ekspertiza tədqiqatının dəyərinin 100 manat təşkil etdiyi göstərilmişdir. - İş üzrə xx.xx.2021-ci il tarixli, 10/424 №-li ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdə iş üzrə ekspertiza tədqiqatının dəyərinin 100 manat təşkil etdiyi göstərilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh 1.700 manat müqabilində birinci tərəfindən sonuncunun evinin təmir edilməsi barədə razılığa gəlmiş, müəyyən işlər görülmüş, Cavabdeh İddiaçı 600 manat pul vermiş, lakin işin keyfiyyətindən narazı qaldığı üçün onun təmiri davam etdirməsini istəməmiş, buna görə də pulun qalanını verməmiş, sonra isə müəyyən xərc əsnasında başqa usta qüsurları aradan qaldırmış və təmiri başa çatdırmışdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında podrat müqaviləsinə əsaslanan münasibətlər mövcud olmuş və mübahisənin hüquqi əsası bu sazişin tələblərinə əməl edilməməsidir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2020-ci il tarixli, 17655 №-li rəyindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 72 saylı yaşayış evinin 107 saylı mənzili üzrə İddiaçı tərəfindən yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyəri 2.126 manat məbləğində müəyyən olunmuşdur. Baxış zamanı tədqiq olunan mənzil üzrə İddiaçı tərəfindən yerinə yetirilmiş təmir işlərinin bir qismində qüsurlar olduğu müəyyən edilmişdir. Belə ki, hamam tikilisində köhnə trap yenisi ilə əvəz edilməmiş, kafel plitələrin və dekorların birləşmə yerləri düzgün qoyulmamış, kantlar kafel plitələrin birləşmə yerlərinə uyğun vurulmamış, eləcə də kafel plitələrin arası doldurucu məhlulla doldurulmuşdur. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2021-ci il tarixli, 10/424 №-li rəyindən görünür ki, İddiaçı Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 72 saylı yaşayış evinin 107 saylı mənzilində gördüyü qüsurlu təmir işlərinin nöqsanlarının aradan qaldırılması üçün görülmüş işlərin ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 724 manat məbləğində müəyyən olunur. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Bu Məcəllənin 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Bu Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, podratçının (İddiaçı) işləri qüsurlu yerinə yetirməsi nəticəsində sifarişçi (Cavabdeh Kamil qızı) podrat müqaviləsindən imtina etdiyindən onun yerinə yetirilmiş işin haqqını ödəmək öhdəliyi yaranmışdır. Belə ki, təmirin qüsurlu görülməsi, həmçinin sifarişçinin işlər qurtarmamış müqavilədən imtinası ekspertiza tədqiqatları və izahatlarla təsdiqlənmişdir. Məhkəmə, eyni zamanda şərtləşdirilmiş muzd, ödənilməli məbləğlə bağlı bu qənaətə gəlir ki, ekspert rəyində görülmüş işlərin dəyəri 2.126 manat müəyyən edilsə də, faktiki tərəflərin təmirin qiymətini 1.700 manata razılaşmaları, onların orta bazar qiymətlərindən daha ucuz sövdələşmələrini göstərir. Odur ki, muzd tərəflərin iradə ifadələrinə uyğun 1.700 manat məbləğində şərləşdirilmiş hesab olunmalıdır. Bununla belə başa çatdırılmamış işlərin və qüsurların aradan qaldırılmasına sifarişçi tərəfindən sərf olunan vəsait, yəni 724 manat, habelə ödənilmiş 600 manat razılaşdırılmış məbləğdən çıxılmalıdır (1700-600-724). Belə ki, bütün işin keyfiyyətli görülməsi müqabilində 1.700 manat muzd şərtləşdirildiyindən 724 manatın da həmin məbləğə daxil olması nəticəsinə gəlinir. Odur ki, ilkin iddia qismən əsaslıdır. Qarşılıqlı iddianın 700 manat maddi ziyan hissəsi ilə bağlı məhkəmə hesab edir ki, tələb əsassızdır. Belə ki, həmin məbləğ görülməmiş işlərin və qüsurların aradan qaldırıldığı üçün iddiaçıdan tələb olunur. Məhkəmə hesab edir ki, bu işlərə sərf olunan vəsait ilkin iddia üzrə tələb edilən məbləğdən çıxıldığından, yenidən həmin əsasla pul tələbi irəli sürülməsi əsaslı deyildir. Mənəvi ziyanla bağlı tələblə əlaqədar isə məhkəmə hesab edir ki, iş materialları ilə və məhkəmə araşdırması zamanı cavabdeh İddiaçı Cavabdeh Kamil qızına mənəvi ziyan vurması təsdiqini tapmamış, bununla bağlı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Odur ki, qarşılıqlı iddiahəmin hissədə də əsassızdır. Məhkəmə, ilkin iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, ilkin iddia qismən təmin olunduğundan, dövlət rüsumu ilə bağlı tələb də qismən təmin edilməli, ödənilmiş 10.30 manat dövlət rüsumu Cavabdeh Kamil qızından İddiaçı xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Eyni zamanda məhkəmə ekspertizası tədqiqatının dəyərinin əvəzi olaraq İddiaçı 131.60 manat, Cavabdeh Kamil qızından isə 68.40 manat tutularaq X1 hesabına ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, Cavabdeh Kamil qızından 376 manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, Cavabdeh Kamil qızının İddiaçı qarşı maddi və mənəvi ziyan tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İlkin iddia qismən təmin edilsin. Cavabdeh Kamil qızından 376 manat məbləğində pul və ödənilmiş 10.30 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İlkin iddia qalan hissədə təmin olunmasın. Cavabdeh Kamil qızının İddiaçı qarşı maddi və mənəvi ziyan tələbinə dair qarşılıqlı iddia təmin edilməsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olaraq İddiaçı 131.60 manat, Cavabdeh Kamil qızından isə 68.40 manat tutularaq tutularaq X1 müxbir hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-4/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4/2022
04.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver