Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-40/2021 03.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil2 iştirakı ilə, iddiaçı X1 Cavabdeh Rəhman oğluna qarşı borc və digər tələblərinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq , məhkəmə MÜƏYYƏN ETDİ: X2 (bundan sonra - iddiaçı) Cavabdeh Rəhman oğluna (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən əsas borc üzrə 35000 manat, faiz borcu olaraq 7000 manat, dəbbə pulu olaraq 3500 manat, ümumilikdə 45500 manatın tutularaq ona verilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev ½, mənzil 4-ə yönəldilərək mənzilin açıq hərracdan satılması və cavabdehin həmin mənzildən çıxarılması, eləcə də cavabdehdən 25000 manat borcun tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, iddiaçı müqaviləyə əsaslanaraq əsas borcu cavabdehdən tələb etmişdir. Lakin daha sonra məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunması və bu məbləğin cavabdehdən tutulması qərara alınmışdır. Qeyd edilənlərə əsasən iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi ipoteka predmetinə tutma yönəldilməsi hissəsində baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası İpoteka haqqında Qanuna əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır (36.1.1). İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti, icra olunmalı öhdəlik barədə məlumat, ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq, bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası əks etdirilməlidir (36.2.2). İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır (36.3). İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınması barədə ipoteka saxlayanın ərizəsi elektron imza ilə təsdiqlənmiş elektron sənəd formasında təqdim edildikdə, ipotekanın dövlət qeydiyyatı orqanının səlahiyyətli şəxsi ərizəni elektron imzası ilə təsdiqləməklə elektron formada ərizəçiyə qaytarır (36.3-1.). İş materiallarından göründüyü kimi Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 1/2, mənzil 4 iddiaçı qarşısında kredit öhdəliklərinin təmini üsulu kimi ipoteka ilə yüklü edilmişdir. Lakin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin cavabdehə göndərilməsi, bildirişin cavabdeh tərəfindən alınması, bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə hər hansı bir sübut təqdim edilməmişdir. MPM-in 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya) həlli qaydasına əməl etməmişdir. Bu səbəbdən MPM-nin 259.0.1-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.1, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 Cavabdeh Rəhman oğluna qarşı borcun tutulması və digər tələblərinə dair iddia ərizəsi tutmanın ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev ½, mənzil 4-ə yönəldilərək mənzilin açıq hərracdan satılması və cavabdehin həmin mənzildən çıxarılması hissəsində baxılmamış saxlansın. Qərardaddan onun tərəflərə rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-40/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-40/2021
03.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver