Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4004/2022 18.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X2 İddiaçı Hüseyn qızı, nümayəndəsi və vəkili Vəkil1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı Hüseyn qızının Cavabdeh1 qarşı “mənzilə köçürülmə tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Hüseyn qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və azyaşlı övladları X9, X10 və X5 ünvan 1 fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı Hüseyn qızı iddia ərizəsini müdafiə edərək göstərdi ki, o, Cavabdeh1 ilə xx.xx.2013- cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Həmin nikahdan X9-xx.xx.2013-cu il, X10-xx.xx.2015-ci il, X12-xx.xx.2017-ci il təvəllüdlü üç övladları var. Qeyd edir ki, ailə həyatı qurduqdan sonra o, cavabdehlə birlikdə valideynlərinə məxsus mənzildə yaşamışdır. Orada yaşadıqları müddətdə elə həmin ərazidə cavabdehlə birlikdə birgə vəsaitləri hesabına 2014-ci ildə cavabdehlə birgə nikah dövründə ünvan 1 ünvanında yerləşən torpaq sahəsində 2 mərtəbə fərdi yaşayış evi tikmiş və həmin evə köçmüşdür. Bütün cehiz əmlakları da hazırda həmin evdədir. Artıq onların ailə münasibətləri pisləşib və onlar Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-301/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə onlar boşanmışlar. Aralarında mübahisə olduğundan cavabdeh onu evdən qovmuşdur. Cavabdeh onun həmin evdə yaşamağına mane olur, hal-hazırda üç az yaşlı övladı ilə birlikdə kirayədə yaşayırlar. X15 anadan gəlmə “Beta-talassemiya” dioqnozu xəstəsidir, kirayə haqqını ödəməyə imkanı yoxdur. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Onun həmin evdə yaşayış hüququ var. Hesab edir ki, onun və az yaşlı övladları ilə birlikdə həmin fərdi yaşayış evinə köçürülməyi barədə qətnamə qəbul edilməlidir. Mübahisəli mənzil Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyatdan keçirilməyib və mənzilə dair çıxarış verilməyib. Buna görə də mənzil xüsusi mülkiyyətdə olan mənzillərə aid deyil və dövlət mənzil fonduna aid olan mənzillərə dair normalar tətbiq edilməlidir. Göstərilənləri nəzərə alaraq, onun və azyaşlı övladları X9, X10 və X5 ünvan 1 fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə İddiaçı Hüseyn qızının nümayəndəsi və vəkili Vəkil1 iddiaçının izahatına uyğun izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh1 iddia tələbini qəbul etməyərək göstərdi ki, ünvan 2 ünvanında yerləşən 47 nömrəli ev atası Cavabdeh2 mülkiyyətindədir. Həmin ev təxminən 2015-ci il tarixdə atasının vəsaiti hesabına tikilmişdir. O, ümumiyyətlə həmin evdə yaşamamışdır. Hazırda da yaşamır. Evin tikilməsində atasına hər hansı maddi yardım göstərməmişdir. İddiaçı evin o, və onun vəsaiti hesabına tikildiyini qeyd etsə də, bu həqiqəti əks etdirmir. Ümumiyyətlə iddiaçı ilə 2017-ci il tarixdən faktiki nikah münasibətində deyildir. İddiaçının məqsədi atasına məxsus evə köçürüldüyündən sonra mübahisə yaradaraq onları həmin evdən çıxarmaq və oranı mülkiyyətinə keçirməkdir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdeh qismində işə cəlb edilmiş Cavabdeh2 iddia tələbini qəbul etməyərək göstərdi ki, ünvan 2 ünvanında yerləşən 47 nömrəli ev onun mülkiyyətindədir. Həmin ev 2015-ci il tarixdə onun vəsaiti hesabına tikilmişdir. Lakin iddiaçı guya həmin mənzilin oğlu və onun vəsaiti hesabına tikildiyini iddia edir. Halbuki, iddiaçı oğluyla evli olduğu vaxt əmək fəaliyyəti ilə məşğul olmamış, hər hansı gəlir əldə etməmişdir. Mübahisəli evin ona məxsus olduğuna qonşular da şahiddir. Həmçinin həmin evdə quraşdırılmış işıq, su və qaz sayğacı onun adınadır. Hər ay mütəmadi olaraq tərəfindən ödənişlər həyata keçirilir. Oğlu mənə məxsus evdə yaşamamışdır. Lakin iddiaçı oğlunun belə yaşamadığı evə köçürülmə tələb edir, hətta həmin evin öz vəsaitləri hesabına tikildiyini iddia edir. İddia ərizəsində qeyd olunanların heç biri həqiqəti əks etdirmir. Mübahisəli evdə onunla birlikdə həyat yoldaşı X3 və anası X4 yaşayır. O, nəvələrinin onun evinə köçürülməsinə etiraz etmir. Lakin iddiaçının köçürülməsinə razı deyildir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 məhkəmədə iştirak edən zaman iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. Məhkəmə İddiaçı Hüseyn qızı, nümayəndəsi və vəkili Vəkil1, cavabdehlər Cavabdeh1, nümayəndəsi və vəkili Vəkil2 və cavabdeh qismində işə cəlb edilmiş Cavabdeh2 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 21 saylı Mənzil-Kommunal Sahəsinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı Hüseyn qızı Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, “Xəzri” yaşayış massivi, Ceyranbatan küçəsi, ev 47-də qeydiyyatsız yaşayır. İş materiallarında olan, AZ-İİİ №187545 saylı, xx.xx.2013-cü il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X9 xx.xx.2013-cü il tarixdə Sumqayıt şəhərində anadan olub və bu barədə doğum haqqında akt qeydləri kitabında 856 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan, AZ-İİİ № 628649 saylı, xx.xx.2015-ci il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 xx.xx.2015-ci il tarixdə Sumqayıt şəhərində anadan olub və bu barədə doğum haqqında akt qeydləri kitabında 678 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan, AZ-İİİ № 936628 saylı, xx.xx.2017-ci il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X12 xx.xx.2017-ci il tarixdə Sumqayıt şəhərində anadan olub və bu barədə doğum haqqında akt qeydləri kitabında 303 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(072)-423/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, iddiaçı Cavabdeh1 ilə cavabdeh İddiaçı arasında bağlanmış və Cəbrayıl rayon Qeydiyyat Şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 89 № ilə qeyd edilmiş, 29 mart 2013-cü il tarixli nikahın pozulması, tərəflərin birgə nikahından olan 09 oktyabr 2013-cü ildə anadan olmuş X9, 24 oktyabr 2015-ci ildə anadan olmuş X10 və 15 avqust 2017-ci ildə anadan olmuş X12 cavabdeh (ana) İddiaçı himayəsində saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Hüseyn qızı və Cavabdeh1 Bakı 6 saylı Mediasiya Təşkilatının mediatoru X1 xx.xx.2022-ci il tarixində təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. İlkin mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci İddiaçı Hüseyn qızı ödəmişdir. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatları, eləcə də tədqiq olunmuş sübutların məcmusu ilə müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh1 2013-cü il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmaqla, cavabdehin yaşadığı, ünvan 2 ev 47-də yerləşən fərdi yaşayış evinə gəlin köçərək orada yaşamağa başlamış, birgə nikahlarından 09 oktyabr 2013-cü ildə X9, 24 oktyabr 2015-ci ildə X10 və 15 avqust 2017-ci ildə X12 doğulmuşdur. Bundan sonra, tərəflər 8 il ərzində etibarlı ailə münasibətlərində daimi olaraq cavabdehin yaşadığı ünvan 2 ev 47-də yerləşən fərdi yaşayış evində birgə yaşasalar da, iddiaçı ilk dəfə 2021-ci il tarixdə ailədaxili mübahisə nəticəsində övladları ilə birlikdə həmin evi tərk etmişdir. Bu səbəbdən də, iddiaçı hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Bundan əlavə, cavabdehin yaşadığı ünvan 2 ev 47-də yerləşən fərdi yaşayış evi üzərində hüquqla bağlı mübahisə vardır. İşdə olan sübutlardan göründüyü kimi, mübahisəli tikili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş, habelə tərəflərdən hər hansı biri həmin evə dair istifadə, sərəncam, sahibliklə bağlı qanunla müəyyən edilən hər hansı hüquq müəyyənedici sənədə malik deyildirlər. Bununla belə, mübahisə predmeti təşkil edən fərdi yaşayış evi şəhərsalma qaydalarına və tikinti normalarına zidd inşa olunmadığı, həmin tikilinin saxlanılması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığı, fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaratmadığı halda qeyd edilən evə münasibətdə sonuncunun gözlənti ilə mülkiyyət hüquqları yarana bilər. "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında" 30 mart 2006cı il tarixli Ali Məhkəmənin Plenum qərarında isə göstərilir ki, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsinin "Önəryıldız Türkiyəyə qarşı" işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, "Xəzinədarlığa məxsus olan torpağın ərizəçi tərəfindən təxminən beş il ərzində zəbt edilməsi faktı 1 saylı Protokolun 1-ci maddəsinin mənası baxımından "mülkiyyət" hesab oluna bilməz (bax: Marks Belçikaya qarşı, b. 50; Zverjinskinin işi, b. 61). Lakin etiraf etmək lazımdır ki, hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda, ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibi idi və oradakı bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsus idi. 1988-ci ildən bəri o, dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşayırdı. Məhkəmə hesab edir ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə oradakı yaşayış yeri onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından "mülkiyyətə" bərabərdir (bax: İatridisin işi üzrə qərara, b. 55) " Tre Traktöreer AB İsveçə qarşı (xx.xx.1989, A seriyası, c59, s21, .59) və Van Marle və başqaları Niderlanda qarşı (xx.xx.1986, A seriyası,c.101, s13,b.40) işlər üzrə Avropa Məhkəməsinin qərarlarında vurğulanır ki, bu bir həqiqətdir ki, mülkiyyət hüququnun müəyyən olunması və identifikasiya edilməsi milli hüquq sistemi vasitəsi ilə tənzimlənir və ərizəçi həm tələb etdiyi hüququn dəqiq xarakterini, həm də həmin hüququn sərbəst surətdə istifadə etmək imtiyazını müəyyənləşdirməlidir, lakin buna baxmayaraq, Məhkəmə hesab edir ki, istər daxili qanunlar tərəfindən şəxsi marağın "hüquq" kimi tanınması, istərsə də bu qanunlar tərəfindən həmin "mülkiyyət hüququ" hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından müəyyən hallarda "mülkiyyət" hesab edilməsinin qarşısını almır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 27.3-cü maddəsinin tələbinə görə əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Göründüyü kimi tərəflər arasında hüquq münasibəti 2013-cü il tarixdə, yəni hazırda qüvvədə olan Mülki Məcəlləsinin qüvvəyə mindiyi 01 sentyabr 2001-ci il tarixdən sonra yarandığından, eləcə də Azərbaycan Respublikası qanunvericiliyində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş fərdi yaşayış evlərinə istifadə hüququnun tanınması və həmin evlərə köçürülməsi ilə bağlı hüquq normaları mövcud olmadığından, məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisəyə qanunun analogiyası tətbiq edilməklə Mülki Məcəlləsinin 228-ci maddəsinin tələbləri baxımından araşdırılmaqla hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1-ci maddəsinin tələbinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Məhkəmə hesab edir ki, mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməməsinə baxmayaraq Mülki Məcəllənin 11.1-ci maddəsi, yəni mülki qanunvericiliyin analogiya üzrə tətbiqi Mülki Məcəllənin aşağıda qeyd edilən normalarının hazırki iddia tələbinə tətbiq olunmasına əsas verir. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi 27 iyul 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, 2001-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Göründüyü kimi hazırkı iş üzrə hüquq münasibətləri 2001-ci ilin sentyabrın 1-dən sonra yarandığından, mübahisə Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun həll edilməlidir. Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Bu Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfin mübahisəli yaşayış sahəsindən öz iradəsindən asılı olmayan səbəbdən çıxması onun həmin sahədə yaşamaq hüquqlarının itirilməsinə səbəb ola bilməz. İddiaçının normal yaşayış yeri və onun layiqli həyat şəraiti təmin edilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin tikili mövcuddur və cavabdehlər tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Belə ki, bu fakt tərəflərin izahatı, eləcə də mülki iş materiallarında olan digər mötəbər sübutlarla öz təsdiqini tapır. Cavabdehlər mübahisəli yaşayış sahəsində normal şərtlər daxilində yaşadığından, iddiaçının da həmin şərtlər daxilində tikilidə yaşamaq hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, İddiaçı Hüseyn qızı- azyaşlı uşaqları 09 oktyabr 2013-cü il təvəllüdlü X9, 24 oktyabr 2015-ci il təvəllüdlü X10 və 15 avqust 2017-ci il təvəllüdlü X12 ilə birlikdə ünvan 2 ev 47-də yerləşən fərdi yaşayış evinə köçürülməli və iş üzrə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu və mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 (əlli) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı Hüseyn qızına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı Hüseyn qızı- azyaşlı uşaqları 09 oktyabr 2013-cü il təvəllüdlü X9, 24 oktyabr 2015-ci il təvəllüdlü X10 və 15 avqust 2017-ci il təvəllüdlü X12 ilə birlikdə ünvan 2 ev 47-də yerləşən fərdi yaşayış evinə köçürüsün. İş üzrə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu və mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 (əlli) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı Hüseyn qızına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-4004/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4004/2022
18.08.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver