Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4053/2022 04.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1961-ci ildə Qazax rayonu, Kəmərli kəndində doğumunun qeyd edilməsi faktını müəyyən etməklə onun doğum qeydinin bərpası və adına yeni doğum haqqında şəhadətnamənin verilməsi, bərpa ediləcək yeni doğum haqqında şəhadətnamədə ata qrafasında ata barədə qeydin “X3”, ana qrafasında ana barədə qeydin “X4” kimi göstərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1961-ci ildə Qazax rayonu, Kəmərli kəndində anadan olmuşdur. X1, anası isə X2r. Ona məxsus doğum haqqında şəhadətnamə naməlum şəraitdə itmişdir. O, təkrar olaraq doğum haqqında şəhadətnamənin verilməsi üçün Sumqayıt şəhər qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin müraciəti təmin olunmamışdır. Hazırda doğum haqqında akt qeydini məhkəmədən kənar bərpa etmək mümkün deyildir. Doğum haqqında şəhadətnamənin olmaması ona bir sıra hüquqlarını realizə etmək üçün ciddi çətinliklər yaradır. Sumqayıt şəhər qeydiyyat şöbəsinin cavab məktubu ilə doğum haqqında akt qeydinin bərpasından imtina edilmişdir. Həmçinin Sumqayıt şəhər qeydiyyat şöbəsindən ona izah olunmuşdur ki, doğum haqqında akt qeydinin bərpası üçün məhkəməyə müraciət etməlidir. Doğum haqqında akt qeydinin bərpası ona şəxsiyyət vəsiqəsi almaq üçün lazımdır. Məhkəmə iclasında ərizəçi ərizə ilə eyni məzmunlu izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Sumqayıt şəhər qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş P75 ******* nömrəli passportun surətindən görünür ki, Ərizəçi Rusiya Federasiyasının vətəndaşıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin dördüncü bölməsi xarici şəxslərin iştirakı ilə icraat, 46-cı fəsli isə məhkəmələrin beynəlxalq səlahiyyətlərini tənzimləyir. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri xüsusi icraat işlərinə aşağıdakı hallarda baxırlar: 445.0.1. barəsində itkin düşmüş hesab edilmə və yaxud ölmüş elan etmə haqqında məsələ qaldırılan şəxs Azərbaycan Respublikasının vətəndaşı olmuşsa və yaxud Azərbaycan Respublikasının ərazisində sonuncu məlum yaşayış yerinə malik olmuşsa; 445.0.2. barəsində məhdud fəaliyyət qabiliyyətli hesab edilmə haqqında məsələ qaldırılan şəxs Azərbaycan Respublikasının vətəndaşı olduqda, yaxud o, Azərbaycan Respublikasının ərazisində adətən yerləşdiyi yerə malik olduqda; 445.0.3. barəsində sahibsiz hesab etmə haqqında ərizə verilən əşya Azərbaycan Respublikasının ərazisində olduqda; 445.0.4. barəsində itirilmiş hesab edilməsi haqqında və üzərindəki müvafiq hüquqların bərpa edilməsi (çağırış icraatı) haqqında ərizə verilmiş qiymətli kağız Azərbaycan Respublikasının ərazisində yaşayan və ya olan fiziki və ya hüquqi şəxs tərəfindən verildikdə; 445.0.5. barəsində yanlışlıqların müəyyən edilməsi haqqında ərizə verilən vətəndaşlıq vəziyyəti aktlarının qeydləri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirildikdə; 445.0.6. şikayət edilən notarial hərəkətlər (onların edilməsindən imtina) Azərbaycan Respublikasının notariusu və ya digər orqanı tərəfindən edildikdə. Göründüyü kimi xarici şəxslərin iştirakı ilə olan doğum faktının müəyyən edilməsi tələbinə dair xüsusi icraat işlərinə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən baxılması mülki-prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iş məhkəmədə baxılmalı olmadığından işin icraatına xitam verilməlidir. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarında, 1.3-cü bənddə qeyd olunmuşdur ki, «Məhkəmələr nəzərə almalıdırlar ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir» Həmin qərarda 4-cü maddədə məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Bu qərarda, 4.1-ci bənddə qeyd olunmuşdur ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Qeyd olunmalıdır ki, iş məhkəmədə baxılmalı olmadıqda iddia tələbinin tam və ya qismən yolverilməzliyini nəzərdə tutan bu institut bir sıra mühüm məqsədlərə xidmət edir. Belə ki, məhkəmədə baxılmalı olmayan iddia ərizələrinin yolverilməzliyi və ya artıq icraata qəbul edilmiş işlərə xitam verilməsi faktiki olaraq mübahisəli hüquq münasibətinin hələ yaranmadığı və məhkəmədən kənar baxılmalı olan işlərlə məhkəmələrin lüzumsuz yüklənməsinin qarşısını alır. Bu institut, eyni zamanda, tərəflərin öz aralarında olan mübahisəli məsələləri həll etmək üçün malik olduqları daha geniş imkanlardan səmərəli istifadə etməsinə şərait yaradır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında göstərilmiş hüquqi mövqeyə əsaslanaraq, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. AR MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261- 262, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Ərizəçiyə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-4053/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4053/2022
04.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver