Məhkəmə qərarları › İş №2(060)-4072/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4072/2021

09.06.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4072/2021 09.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı1 və İddiaçı2, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı şəxsin ləyaqətsiz vərəsə hesab edilməsi tələbi barədə iddiasına dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 09 oktyabr 2020-ci il tarixdə şəhid olmuş X2 ləyaqətsiz vərəsəsi olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 17 oktyabr 1984-cü il tarixdə Cavabdeh ilə evlənmiş, birgə nikahdan üç uşaqları doğulmuşdur. Uşaqlardan biri vəfat etmişdir. Az müddət yaşadıqdan sonra münasibətləri pozulmuş və 18 avqust 1992-ci il tarixdə onların nikahı pozulmuşdur. Həmin vaxtdan uşaqlar ananın himayəsində yaşamış, cavabdeh əvvəllər aliment ödəsə də sonradan aliment də ödəməmişdir. X4 Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şərəflə döyüşərək 09 oktyabr 2020-ci il tarixdə qəhrəmancasına şəhid olmuşdur. Cavabdeh şəhid olmuş oğluna göstərilən imtiyazlardan bəhrələnmək məqsədilə ona da pul vəsaitləri ödənilməsini tələb edir. Halbuki cavabdeh 1992-ci il tarixdən sonra heç vaxt şəhid olmuş oğlunun və digər uşaqlarının taleyilə maraqlanmamışdır. Hesab edirlər ki, cavabdehin şəhid olmuş şəxsin imtiyazlarından istifadə etmək hüququ yoxdur. Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, o, keçmiş həyat yoldaşı İddiaçı1 ilə boşanarkən iki övladının mənafeyini əsas tutaraq yaşadıqları evi onlara vermiş və həmin evdən pay tələb etməmişdir. Lakin sonradan iddiaçı həmin mənzili satmışdır. Aralarında nikah ləğv olunarkən ondan aliment tutulmuş və o uşaqlarına görə öz maddi imkanı çərçivəsində alimenti ödəmiş, mərhum oğlu ilə daima əlaqədə və ünsiyyətdə olmuşdur. O, ikinci dəfə ailə həyatı qurmuş və həmin nikahdan da bir oğlu vardır, mərhum oğlu daima qardaşı ilə ünsiyyət saxlamış və onlara gəlib-getmişdir. O, da oğlu ilə mehriban olmuş, aralarında isti münasibətlər yaranmışdır. O, heç vaxt uşaqlarını atmamış və oğlu, İsmayılı bir ata kimi sevmiş, məhz bu isti münasibət sonradan hər iki qardaşın bir-birinə daha sıx bağlanmasına səbəb olmuşdur.Mərhum oğlunun dəfn, hüzn mərasimlərini də o təşkil etmişdir. Ona qarşı qaldırılmış bu iddia heç bir normaya və qanuna uyğun deyidlir. Belə ki, o, valideynlik hüququndan məhrum edilməmiş, uşaqlarına da məhkəmə qərarı ilə qət edilmiş alimenti ödəməkdən boyun qaçırmamış və daima uşaqlarını düşünmüşdür. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbini qəbul etmədiyini, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçıların və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - İş materiallarında olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 18 dekabr 2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 139596 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 09 oktyabr 2020-ci il tarixdə hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr nəticəsində Füzuli rayonunda ölmüşdür. - Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinin 28 yanvar 2021-ci il tarixli, 05/Q- 162/69 nömrəli arayışından görünür ki, Nəzərli X3 Sadiq Tofiq oğlu ilə 17.10.1984-cü ildə Sumqayıt şəhər qeydiyyat şöbəsində (akt qeydi № 587) nikaha daxil olmuş və həmin nikahın pozulması 18.08.1992-ci ildə Sumqayıt şəhər qeydiyyat şöbəsində (akt qeydi № 320) qeydə alınmışdır. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal Rayon İdarəsinin 29.01.2021-ci il tarixli, 382 nömrəli arayışından görünür ki, 1989-cu il təvəllüdlü əsgər X1 istiqamətində gedən döyüşlərdə 09 oktyabr 2020-ci il tarixdə “Şəhid” olmuşdur. - 198990 nömrəli vəsiqədən görünür ki, Cavabdeh üçüncü qrup əlildir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı1 ilə Cavabdeh aralarındakı nikah 18 avqust 1992-ci il tarixdə pozulmuşdur. Onların birgə nikahından olan övladı X4 Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə 09 oktyabr 2020-ci il tarixdə şəhid olmuşdur. Digər İddiaçı2 cavabdehin qızıdır. İddiaçılar Cavabdeh ləyaqətsiz vərəsə hesab olunmasını xahiş edirlər. Cavabdeh valideynlik hüquqlarından məhrum olunmamışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1138-ci maddəsinə əsasən valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1139-cu maddəsinə əsasən ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1273-cü maddəsinə əsasən mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh ləyaqətsiz vərəsə hesab edilməsi üçün əsaslar mövcud deyildir. Belə ki, iddiaçıların dəlilləri, məhkəməyə təqdim etdikləri sübutlar və işin faktiki halları cavabdehin ləyaqətsiz vərəsə hesab olunmasına əsas vermir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı şəxsin ləyaqətsiz vərəsə hesab edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 238-244-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh 09 oktyabr 2020-ci il tarixdə şəhid olmuş X2 ləyaqətsiz vərəsəsi olması barədə iddiası təmin olunmasın. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar