Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4086/2021 08.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Sumqayıt şəhəri, 8-ci mikrorayonda yerləşən 22/3 saylı evin 13 saylı mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 8-ci mikrorayonda yerləşən 22/3 saylı evin 13 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin mənzil 20.10.2018-ci ildə Muxtarova Qızyetər Əlisa qızı tərəfindən daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında onun mülkiyyətinə keçmişdir. Həmin mənzilə görə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən 25.10.2018-ci ildə RX seriyalı, ******* №-li çıxarış verilmişdir. Cavabdeh1 onun qaynı, digər cavabdehlər isə onun ailə üzvləridir. Cavabdehlər həmin ünvanda yaşamırlar. Bunu qonşuların imzası ilə təsdiq edilmiş 12.04.2021-ci il tarixli, 32№-li akt sübut edir. Cavabdehlərin sözügedən mənzilə qeydiyyatda olmağı onun mülkiyyəti üzərində sərəncam vermək hüquqlarını məhdudlaşdırır. Belə ki, o, mənzil və kommunal xidmətlər haqqını artıq məbləğdə ödəməyə məcbur olmuşdur. Ona görə də hesab edir ki, cavabdehlərin həmin evdən istifadə hüququ itirilmiş hesab edilməlidir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid Muxtarova Qızyetər Əlisa qızı sözügedən mənzili 20.10.2018-ci ildə daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında gəlini İddiaçı hədiyyə etdiyini, cavabdehlərin 1997-ci ildən həmin ünvanda yaşamadıqlarını bildirdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazırki mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iş üzrə iddiaçının izahatını, şahid Muxtarova Qızyetər Əlisa qızının ifadəsini dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - 20.10.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Muxtarova Qızyetər Əlisa qızı Sumqayıt şəhəri, 8-ci mikrorayonda yerləşən 22/3 saylı evin 13 saylı mənzilini İddiaçı hədiyyə etmişdir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 8-ci mikrorayonda yerləşən 22/3 saylı evin 13 saylı (Yeni qaydalarla: AZ 5008, Sumqayıt şəhəri, Koroğlu prospekti, 253, M4, m1) mənzilinin mülkiyyətçisi İddiaçıdır və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə 25.10.2018-ci il tarixdə qeydiyyata alınmışdır. - 12.04.2021-ci il tarixli, 32 №-li aktdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Sumqayıt şəhəri, 8-ci mikrorayonda yerləşən 22/3 saylı evin 13 saylı mənzilində qeydiyyatda olmalarına baxmayaraq, onların Yaşıldərə massivində evləri var və orada yaşayırlar. Qeyd olunanları X1, X3 və X2 öz imzaları ilə təsdiq etmişdir. - Azərbaycan Respublikası DİN-nin ******* saylı 15.04.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Sumqayıt şəhəri, 8-ci mikrorayonda yerləşən 22/3 saylı evin 13 saylı mənzilində qeydiyyatdadırlar. - 25.06.2021-ci il tarixli AR DİN BPQMİ bilavasitə tabe olan Sumqayıt “ASAN xidmət” mərkəzinin məhkəmənin göndərdiyi sorğusuna əsasən təqdim edilmiş məktubundan görünür ki, Cavabdeh2 26.09.2005-ci ildən, Cavabdeh1 23.01.2006-cı ildən, Cavabdeh3 16.05.2012-ci ildən və Cavabdeh4 02.06.2011-ci ildən Sumqayıt şəhəri, 8-ci mikrorayonda yerləşən 22/3 saylı evin, 13 saylı mənzilində qeydiyyatdadırlar. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhəri, 8-ci mikrorayonda yerləşən 22/3 saylı evin 13 saylı mənzil 02.12.2016-cı ildə dövlət reyestrində Muxtarova Qızyetər Əlisa qızının adına qeydiyyata alınmış və o, əmlakı 20.10.2018-ci il tarixli bağışlanma müqaviləsinə əsasən İddiaçı hədiyyə etmişdir. Sözügedən mənzil İddiaçı məxsusdur. Cavabdeh1 onun qaynı, digər cavabdehlər isə sonuncunun ailə üzvləridir. Cavabdehlər mənzil xüsusi mülkiyyətdə olmamışdan əvvəl orada yaşamış və 1997-ci ildə başqa yaşayış sahəsinə köçmüşlər. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə tərəflər arasında yaranan hüquq münasibətlərinə nəzər salaraq hesab edir ki,tərəflər arasında hüquq münasibətləri 2009-cu ilin oktyabr ayının 1-dən qabaq yaranmışdır. Cavabdehin mubahisəli mənzildə istifadə hüququ yarandığı vaxt mübahisəli mənzilin hüquqi rejimi 1982-ci il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinin normaları ilə müəyyən edilirdi. Sadalananları rəhbər tutaraq, məhkəmə hesab edir ki, mübahisəli hüquq münasibəti 1982-ci ildə qəbul olunmuş Mənzil Məcəlləsinin hüquq normasının əsasında qurulmuşdur və həmin Məcəllənin normaları əsasında tənzimlənməlidir. 1982-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli, 2 saylı qərarının 9-cu bəndində isə qeyd olunur ki, kirayəçinin və ya onun ailə üzvlərinin daimi yaşamaq üçün başqa yerə getmələri ilə əlaqədar kirayə müqaviləsinin ləğv edilməsinə dair mübahisəni həll edərkən məhkəmə kirayəçinin başqa yerə köçməsini və ya həmin yaşayış məntəqəsinin başqa yaşayış sahəsinə köçməsini sübut edən sənədləri tələb etməyə borcludur. Belə sübutlara yaşayış sahəsindən qeydiyyatdan çıxmağa, iş yerindən çıxıb yeni yaşayış sahəsində işə düzəlməyə, yeni iş yerindən mənzillə təmin edilməyə və sair sənədlər aid ola bilər. Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən belə hallarda yaşayış sahəsinin kirayə müqaviləsi kirayəçinin və onun ailə üzvlərinin başqa yerə köçdükləri gündən pozulmuş hesab edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdehlər mübahisəli mənzili xeyli müddət tərk edib başqa yaşayış sahəsini əldə etdiklərindən iddia əsaslıdır. Məhkəmə belə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzilə yaşayış sahəsinə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 234-234 və 360-cı maddələrinə əsasən, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Sumqayıt şəhəri, 8-ci mikrorayonda yerləşən 22/3 saylı evin 13 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-4086/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4086/2021
08.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver