Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4102/2025 13.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etməklə “doğum aktı qeydinin bərpa edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etməklə “doğum aktı qeydinin bərpa edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi X7 xx xxxx 1943-cü ildə Laçın rayonunun Qazdərə kəndində anadan olmuş və həmin kənddə yaşamışdır. 1963-cü ildə ailə həyatı quraraq Qubadlı rayonuna gəlin köçmüşdür. Ailə qurduqdan sonra isə yoldaşının soyadına (Həsənova) soyadına keçmişdir. Qubadlı rayonu işğal olunduqda ərizəçi məcburi köçkün kimi Sumqayıt şəhərinə köçərək burada məskunlaşmışdır. Ermənilərin rayonlarını işğal etməsi zamanı ailə üzvləri ilə yaşayış evlərini tərk edərkən doğum haqqında şəhadətnaməni özü ilə götürə bilməmişdir. Buna baxmayaraq ərizəçi sonradan özümə şəxsiyyət vəsiqəsi almışdır. Lakin müəyyən sənədləşmə işi aparmaq istəyərkən ərizəçidən doğum haqqında şəhadətnamə tələb olundu və ərizəçi Maraqlı şəxsnə müraciət etsə də, ərizəçiyə arayış təqdim edildi ki, ərizəçinin doğum akt qeydim aşkar edilməyib. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçinin 18 dekabr 1963-cü ildə 12 nömrəli nikah akt qeydi var, bundan başqa ərizəçinin bacı qardaşının doğum şəhadətnamələri var. Göstərilənlərə əsasən ərizəçi X3 xx.xx.1943-cü il tarixdə Laçın rayonunun Qazdərə kəndində doğum faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Fərəcova”, adı “Nubar", ata adı "Fərəc", doğum tarixi “xx.xx.1943-cü il", milliyyəti “azərbaycanlı", doğum yeri “Laçın rayonu, Qazdərə kəndi”, ata qrafasında “X2", ana qrafasında “anası X4" kimi qeydiyyat aparılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs qismində cəlb olunan Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
5. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadə verərək göstərmişdir ki, Ərizəçi onun tanışıdır. xx.xx.1943-cü il tarixdə Laçın rayonunda doğulmuşdur. X2, anası X4 olmuşdur.
8. İş materiallarında olan Sumqayıt ŞPİ QŞVB tərəfindən xx.xx.2003-cü il tarixdə verilmiş AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1943-cü il tarixdə Azərbaycan Respublikası, Laçın rayonu, Qazdərə kəndində doğulmuşdur.
9. İş materiallarında olan Muradxanlı kənd soveti tərəfindən 14 fevral 1986-cı il tarixində verilmiş Xİ-ЖГ № 360596 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 01 dekabr 1969-cu il tarixində Qubadlı rayonu Muradxanlı kəndində anadan olmuş, atası X11, anası Ərizəçidır.
10. İş materiallarında olan Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidməti tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş, 05/2-300-01 saylı məlumatın surətindən görünür ki, X11 ilə X9 18 dekabr 1963-cü il tarixdə nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında elə həmin tarixdə 12 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Həsənova soyadı verilmişdir.
11. İş materiallarında olan Maraqlı şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş, 05/70-69 saylı arayışın surətindən görünür ki, X5 doğum haqqında məlumatın müəyyən edilməsi məqsədilə "Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. Qeyd: Arxiv məlumatları Maraqlı şəxs 1940-1949-cu illər ilkin akt qeydləri, 1959-1964 -cü illər bərpa akt qeydləri və 1949-cu il Cicimlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi yoxlanılmışdır.
12. İşin materiallarında olan Maraqlı şəxs tərəfindən Sumqayıt şəhər Qeydiyyat şöbəsinə ünvanlanmış 08 may 2025-ci il tarixli məktubun surətindən görünür ki, X3 doğum akt qeydinin Maraqlı şəxs üzrə 1940-1949-cu illər ilkin akt qeydləri, 1959-1964-cü illər bərpa akt qeydləri, 1949-cu il Cicimli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları”nın informasiya sisteminə daxil olmuş məlumatlar üzrə yoxlanılmış doğum haqqında akt qeydi aşkar edilməmişdir.
13. İş materiallarında olan Qubadlı rayonu İcra Hakimiyyəti başçısının Muradxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2025-ci il tarixli, 5-62-23/2- 83/2025 saylı arayışdan görünür ki, Qubadlı rayon Muradxanlı kənd sakini Ərizəçi ondan ötrü ki, o həqiqətən 1993-cü ildən məcburi köçkün düşmüş və hal-hazırda Sumqayıt şəhəri Novxanı bağlar massivi, ev B 3401A, fərdi həyət evində müvəqqəti məskunlaşmışdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
14. Beləliklə məhkəmədə müəyyən olundu ki, Ərizəçi xx.xx.1943-cü il tarixdə Azərbaycan Respublikası, Laçın rayonu, Qazdərə kəndində anadan olmuş, X2, anası isə X1r. Ərizəçi Maraqlı şəxsnə ərizə ilə müraciət edərək, doğum haqqında akt qeydinin bərpa edilməsini xahiş etmiş, lakin Maraqlı şəxs bundan imtina edərək, məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
15. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktları bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir.
16. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən, itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
18. Eyni Məcəllənin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir.
19. Göstərilən Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir.
20. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
21. Göründüyü kimi ərizəçi doğum haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş və bununla əlaqədar məhkəməyə müraciət etmişdir.
22. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
23. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.
24. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1943-cü il tarixdə Azərbaycan Respublikası, Laçın rayonu, Qazdərə kəndində doğulması barədə doğumun qeyd edilmə faktı müəyyən olunmalı, doğum haqqında akt qeydləri kitabında adının “Nubar”, soyadının “Fərəcova”, ata adının “Fərəc”, doğum tarixinin “xx.xx.1943-cü il”, doğum yerinin “Azərbaycan Respublikası, Laçın rayonu, Qazdərə kəndi”, atasının adının “X10”, milliyyəti “azərbaycanlı”, anasının adı “X4”, milliyyəti “azərbaycanlı” olması ilə bağlı doğum akt qeydi bərpa olunmalıdır.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
27. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
28. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Həmçinin, Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizəçi “doğum aktı qeydinin bərpa edilməsi”nə dair ərizəsi təmin edilsin. Ərizəçi xx.xx.1943-cü il il tarixdə Azərbaycan Respublikası, Laçın rayonu, Qazdərə kəndində doğulması barədə doğumun qeyd edilmə faktı müəyyən olunsun. Doğum haqqında akt qeydləri kitabında adının “Nubar”, soyadının “Fərəcova”, ata adının “Fərəc”, doğum tarixinin “xx.xx.1943-cü il”, doğum yerinin “Azərbaycan Respublikası, Laçın rayonu, Qazdərə kəndi”, atasının adının “X10”, milliyyəti “azərbaycanlı”, anasının adı “X4”, milliyyəti “azərbaycanlı” olması ilə bağlı doğum akt qeydi bərpa olunsun. Hazırkı qətnamə doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Şəbnəm Həxiyeva