Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4104/2023 26.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, Cavabdeh vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, İddiaçı yetkinlik yaşına çatmayan uşaqları 05 oktyabr 2005-ci il təvəllüdlü X7 və 09 aprel 2008-ci il təvəllüdlü X10 ilə birgə ünvan 1 ünvanında yerləşən fərdi evə köçürülmələrinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 03 yanvar 2005ci ildə nikaha daxil olaraq ailə qurmuşdur. Onların 05 oktyabr 2005-ci il təvəllüdlü X7 və 09 aprel 2008-ci il təvəllüdlü X10 adlı uşaqları anadan olmuşlar. İddiaçı cavabdehlə ailə quranda ona məxsus ünvan 2 ünvanına köçmüşdür. Daha sonra nikahda olduqları dövrdə, yəni 2009-cu ildə Sumqayıt şəhəri, 52-ci məhəllə ərazisində torpaq sahəsi əldə edib fərdi yaşayış evi tikərək ora köçmüşlər və orada yaşayaraq birgə təsərrüfat aparmışlar. Eyni zamanda iddiaçı özünə məxsus olan cehiz əmlakları da qeyd olunan fərdi yaşayış evində yerləşdirmişdir. Həmin fərdi yaşayış evi özbaşına tikildir. İddiaçı 05 avqust 2022-ci il tarixdə Cavabdeh qarşı “nikahın pozulması, uşaqların himayədə qalması və aliment” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh arasında bağlanılmış 03 yanvar 2005-ci il tarixli nikah akt qeydinin pozulması, birgə nikahdan olan 05 oktyabr 2005-ci il təvəllüdlü X2 və 09 aprel 2008-ci il təvəllüdlü X8 onun himayəsinə verilməsi və uşaqların saxlanılması üçün cavabdehdən hər äy hər uşaq üçün 193 manat olmaqla, ümumilikdə 386 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5563/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh ilə İddiaçı arasında Sumqayıt şəhər Nikah evində xx.xx.2005-ci il tarixdə 16 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Boşanmadan sonra birgə nikahdan olan 05 oktyabr 2005-ci il təvəllüdlü X7 və 09 aprel 2008-ci il təvəllüdlü X10 anası İddiaçı yanında qalması, 05 avqust 2022-ci il tarixdən başlayaraq Cavabdeh 05 oktyabr 2005ci il təvəllüdlü X2 və 09 aprel 2008-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. İddiaçının cavabdehə qarşı “nikahın pozulması, uşaqların himayədə qalması və aliment” tələbinə dair iddia ərizəsi üzrə məhkəmə prosesi gedən zaman cavabdeh iddiaçını və uşaqlarını evdən qovmuş və bu günə kimi də onların həmin evdə yaşamasına imkan vermir. Hal-hazırda iddiaçı uşaqları ilə birlikdə öz atasının evində yaşayırlar. Başqa gedəcək yerləri yoxdur. Ona görə də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək bildirdi ki, iddiaçı cavabdehlə 03 yanvar 2005-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur və onların 05 oktyabr 2005-ci il təvəllüdlü X7 və 09 aprel 2008-ci il təvəllüdlü X10 adlı 2 övladı var. İddiaçı cavabdehlə ailə qurduğu vaxtlarda cavabdehin atasına məxsus ünvan 2 ünvanında yerləşən mənzildə köçüb yaşamağa başlamışlar. 2011-ci ildə isə Sumqayıt şəhəri, 52-ci məhəllə ünvanından torpaq sahəsi əldə olunmuşdur. 2016-cı ildə həmin torpaq sahəsində mübahisə predmeti olan ev tikildikdən sonra tərəflər həmin evə köçmüşlər. İddia ərizəsində işin halları ilə bağlı bəzi yanlışlıqlara yol verilmişdi ki, bu yanlışlığa yol verilməsinin səbəbini də əvvəlki məhkəmə iclaslarında izah etmişəm. İşdə olan sənədlərlə sübut olunur ki, iddiaçı 2016-cı ildən 2022-ci ilin iyun ayına qədər mübahisə predmeti olan fərdi yaşayış evində qeydiyyatsız yaşamışdır, buna dair akt və arayış da tərəflərindən məhkəməyə təqdim olunmuşdur. Belə ki, nikahın pozulması ərəfəsində iddiaçının mübahisəli evdə yaşaması işdə olan sənədlərlə sübut olunmuşdur. Hal-hazırda iddiaçı öz atası evində yaşayır, iddiaçının gedəcək başqa yeri yoxdur və ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edirlər ki, iddiaçı azyaşlı uşaqları ilə birlikdə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Öz tələblərinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə istinad etmişlər ki, həmin normaya əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Qarşı tərəfin əvvəlki məhkəmə iclasında dindirilən şahidlərinin verdikləri ifadələrdən belə məlum olmuşdur ki, 2016-cı ildə Sumqayıt şəhəri, 52-ci məhəllə ünvanında tikilən fərdi yaşayış evi cavabdehin atasına məxsusdur. Bununla bağlı bildirir ki, ev sənədsizdir, evin cavabdehin atasının vəsaiti hesabına tikilməsi ilə bağlı məhkəməyə sübut təqdim olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən də, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mübahisə predmeti olan ev sənədsiz olduğundan cavabdehin atasının həmin evə heç bir gözlənilən mülkiyyət hüququndan söhbət gedə bilməz. Ümumiyyətlə, həmin evin sənədləşdirilməsi mümkün deyil. Sözügedən evin kommunal ödənişləri cavabdehin adınadır. Ev sənədsizdir, cavabdehin mülki qanunvericiliklə müəyyən edilmiş qaydada iddiaçını həmin evə buraxmamasına icazə verən mülkiyyət hüquqları yoxdur. Cavabdeh iddiaçının sözügedən evə daxil olub yaşamasına heç bir maneə yaratmadığını bildirmişdir, əgər belə bir maneə olmasaydı, iddiaçı məhkəməyə hazırkı iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmazdı. Qeyd olunanlar əsasında iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bidirdi. Məhkəmə iclasında Cavabdeh vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı 2009-cu ildə cavabdehin atasına məxsus olan ünvan 2 ünvanında yerləşən 28 saylı mənzildən uşaqları cavabdehin yanında qoyaraq çıxıb getmişdir. Bundan sonra 2011-ci ildə ünvan 2 ünvanında yerləşən 28 saylı mənzil satılmış və satışdan əldə olunan vəsaitlə cavabdehin atası tərəfindən Sumqayıt şəhəri, 52-ci məhəllə ünvanından torpaq sahəsi alınaraq ev tikilməyə başlanılmışdır. 2016-cı ildə isə cavabdehin öz ailəsi birlikdə yaşaması üçün Sumqayıt şəhəri, 52-ci məhəllə ünvanından torpaq sahəsi alınan zaman tikilmiş evin yanında ayrıca ev tikilmiş və iddiaçı 2016-cı ildə həmin evə gələrək cavabdeh və öz uşaqları ilə birlikdə yaşamağa başlamışdır. Göründüyü kimi mübahisə predmeti olan ev tikilən zaman iddiaçı cavabdehlə birlikdə yaşamamış, həmin ev tikildikdən sonra cavabdehin təşəbbüsü ilə iddiaçı həmin evə gəlib yaşamağa başlamışdır. İddia ərizəsində göstərilən hallar sübuta yetirilməmişdir, belə ki, tərəflərindən məhkəməyə kifayət qədər sübutlar təqdim olunmuş və məhkəmə araşdırması zamanı tərəflərin 2009-cu ildə Sumqayıt şəhəri, 52-ci məhəllə ərazisindən torpaq sahəsi əldə edib fərdi yaşayış evi tikərək həmin evə köçmələri və birgə təsərrüfat aparmaları öz təsdiqini tapmamışdır. Belə ki, tərəflərindən təqdim olunmuş “Google Earth” proqramı vasitəsilə əldə edilən görüntülərlə 2009-cu ildə sözügedən evin olmadığı müəyyən olunmuşdur. Həmçinin onlar cavabdehin atasına məxsus olan ünvan 2 ünvanında yerləşən 28 saylı mənzilin satılması ilə bağlı alqı-satqı müqaviləsi təqdim etmişlər. Belə ki, həmin evin satılmasından əldə olunan vəsaitlə Sumqayıt şəhəri, 52-ci məhəllə ünvanından torpaq sahəsi alınaraq ev tikilmişdir. İddiaçının nümayəndəsi və vəkili iddiaçının gəlin köçdüyü evin cavabdehin atasına məxsus olduğunu da təsdiq etmişdir. İddia ərizəsində iddiaçının cavabdehə qarşı nikahın pozulması, uşaqların himayədə qalması və aliment tələbinə dair iddia ərizəsi üzrə məhkəmə prosesi gedən zaman cavabdehin iddiaçını və uşaqlarını evdən qovduğu və bu günə kimi də onların həmin evdə yaşamalarına imkan vermədiyi qeyd olunmuşdur. Əgər cavabdeh iddiaçını və uşaqlarını evə buraxmırsa, belə olan halda, iddiaçı polisə müraciət edərdi, və ya 1 il ərzində məhkəməyə müraciət edərdi. İddiaçı tərəfindən iddia ərizəsində göstərilən heç bir hal sübuta yetirilməmişdir. Belə ki, iddiaçının həmin evə iddia qaldırmağa subyektiv hüququ yoxdur, iddiaçı ailə üzvü deyil. Odur ki, qeyd olunanlar əsasında iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadə verərək bildirdi ki, cavabdeh Cəmil onun qardaşıdır. X5 nə zaman evləndiklərini dəqiq xatırlamır. X9 ailə qurduqdan sonra atalarına məxsus Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən evində yaşamağa başlamışlar. Atasının Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən evi 4 otaqlı olmuşdur. 2009-cu ildə isə Gülsarə uşaqları Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən evdə qoymuş və həmin evdən çıxıb getmişdir. 2011-ci ildə Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən evi atası satmış və Sumqayıt şəhəri, 52-ci məhəllə ərazisində ev tikmişdir. Sumqayıt şəhəri, 52-ci məhəllə ərazisində tikilən evdə atası, anası, qardaşı Cəmil öz uşaqları ilə birlikdə, digər qardaşı isə öz ailəsi ilə birlikdə yaşamışdır. Qardaşı Cəmil üçün Sumqayıt şəhəri, 52-ci məhəllə ərazisində ayrıca ev 2016-cı ildə tikilmişdir. Cəmilin arvadı və uşaqları ilə birlikdə yaşaması üçün Sumqayıt şəhəri, 52-ci məhəllə ərazisində ayrıca evi atası tikdirmiş, qardaşları da evin tikintisinə kömək etmişdir. Həmin zaman Gülsarə Sumqayıt şəhəri, 52-ci məhəllə ərazisində yerləşən evdə yaşamamışdır. Gülsarə 2009-cu ildə atasına məxsus olmuş Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən evi tərk edib getdikdən sonra 2016-cı ildə Sumqayıt şəhəri, 52-ci məhəllə ərazisində ayrıca olaraq Cəmil üçün tikilmiş evə gələrək yaşamışdır. Gülsarə 2009-cu ildən 2016-cı ilə kimi Sumqayıt şəhəri, 52-ci məhəllə ərazisində yerləşən fərdi yaşayış evində yaşamamışdır, həmin vaxtlar Gülsarənin harada yaşadığını bilmirə yəqin ki, anası, atasıgildə qalmışdır. Gülsarə 2009-cu ildə evdən çıxıb getmiş və uşaqlar öz atalarının yanında qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şirinov Şakir Akif oğlu ifadə verərək bildirdi ki, Gülsarə Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən evdən 2009-cu ildən getmiş, 2011-ci ildə isə Sumqayıt şəhəri, 52-ci məhəllə ərazisində tikdirdikləri evə gəlməmişdir. Gülsarə 2016-cı ildə Sumqayıt şəhəri, 52-ci məhəllə ərazisində qardaşı Cəmil üçün ayrıca ev tikiləndə həmin evə yaşamağa gəlmişdir. Gülsarənin 2016-cı ildən nə vaxta qədər mübahisə predmeti olan evdə yaşadığını bilmir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5563/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Sumqayıt şəhər Nikah evində xx.xx.2005-ci il tarixdə 16 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, boşanmadan sonra 05 oktyabr 2005-ci il təvəllüdlü X7 və 09 aprel 2008-ci il təvəllüdlü X8 anası İddiaçı yanında qalmaları, 05 avqust 2022-ci il tarixdən başlayaraq Cavabdeh 05 oktyabr 2005-ci il təvəllüdlü X2 və 09 aprel 2008-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. - Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsi 245/2023 №-li, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi 2009-cu ildən Cavabdeh mülkiyyətindədir. - AN-İ № 0237475, xx.xx.2011-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Şirinov Şakir Akif oğlu Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən 9 saylı evin 28 saylı mənzilini 35685 manata X1. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5563/2022 saylı mülki işi üzrə xx.xx.2022-ci il tarixli iddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı məhkəməyə müraciət edərək cavabdehlə uzun müddətdir bir yerdə yaşamadığını, birgə təsərrüfat idarə etmədiyini, hazırda nikahlarının formal xarakter daşıdığını, kağız üzərində evli olduqlarını, uzun müddətdir ayrı yaşasalar da cavabdehin onunla və uşaqları ilə maraqlanmadığını bildirmişdir. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5563/2022 saylı mülki işi üzrə xx.xx.2022-ci il tarixli ərizənin məzmunundan görünür ki, İddiaçı məhkəməyə müraciət edərək cavabdehlə uzun illərdir kağız üzərində evli olduqlarını bildirmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki; İddiaçı iddia etdiyi ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə köçməyi tələb etsə də, həmin mənzilə hər hansı bir hüququnun olması müəyyən edilmir. Belə ki, iddiaçı qeyd edilən mənzilin nikah dövründə birgə vəsaitləri hesabına tikildiyini bildirir. Lakin şahid ifadələri və işin məhkəməyə tərəfindən araşdırılan halları ilə ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi cavabdehin atasının vəsaiti hesabına tikildiyi və ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi tikilərkən iddiaçı və cavabdehin birgə təsərrüfat idarə etmədikləri məlum olur. Ona görə də iddiaçının həmin mənzilə köçürülməsinə dair iddia tələbi əsassızdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
35. Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.2. Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 36.4. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. 36.6. Yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan şeylər (geyim, paltar, ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və s.) bölünmür və əvəzi ödənilmədən uşaqları ilə birgə yaşayan valideynə verilir. 36.9. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsində göstərilir ki, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü və 29-cu maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı). Mülkiyyət hüququnun yaranması yalnız qanunvericilikdə nəzərdə tutulan hüquqi faktın və ya belə faktların məcmusunun olması ilə şərtləndirilir. Belə faktlardan biri kimi ikitərəfli əqd olan müqavilələri qeyd etmək olar. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına əsasən - Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Qeyd edilən Qərarda göstərilir ki, hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olubolmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3cü maddələrində göstərilən hallar təşkil edir. Çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə
qət etdi :
İddiaçı yetkinlik yaşına çatmayan uşaqları 05 oktyabr 2005-ci il təvəllüdlü X7 və 09 aprel 2008-ci il təvəllüdlü X10 ilə birgə ünvan 1 ünvanında yerləşən fərdi evə köçürülmələrinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov