Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4105/2023 20.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı1, İddiaçıların nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mənzilə köçürmə tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 Əhməd qızının yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü Əhmədova Pəri Əkbər qızı ilə birgə, İddiaçı2 ünvan 1 ünvanına köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı1 xx.xx.2003-cü ildə X6 ilə el adəti ilə toy edərək ailə qurmuş, xx.xx.2004-cü ildə isə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2004-cü il təvəllüdlü Əsmayə, xx.xx.2007-ci il təvəllüdlü Rizvan və 10 iyul 2009-cu il təvəllüdlü Pəri adlı uşaqları dünyaya gəlmişlər. Cavabdeh İddiaçı1 keçmiş qaynatası, digər İddiaçı2 isə babasıdır. İddiaçı1 X6 ilə ailə quranda qaynatası Cavabdeh məxsus ünvan 1 ünvanına köçərək orada yaşamışdır. X6 birgə nikahlarından olan uşaqları da orada dünyaya gəlmişlər. İddiaçı1 X6 ailə qurduğu ilk vaxtlarda münasibətləri yaxşı olsa da, bir müddət sonra münasibətləri pisləşmişdir. Belə ki, X6 mütəmadi olaraq evdə səbəbsiz yerə dava salmış bir neçə dəfə İddiaçı1 və uşaqlarını yaşadıqları mənzildən qovmuş və İddiaçı1 uşaqları ilə birlikdə qonşularda qalmışdır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə X6 iddiaçılar - arvadı İddiaçı1, qızı İddiaçı2 və digər uşaqlarını mənzildən qovmuşdur. İddiaçı1 xx.xx.2022-ci il tarixdə X5 qarşı “nikahın pozulması, uşaqların himayədə qalması və aliment” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-351/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı1 ilə X6 arasında xx.xx.2004-cü il tarixdə bağlanmış 261 saylı nikah qeydinin pozulması, nikah pozulduqdan sonra xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü Əhmədova Pəri Əkbər qızının anaları İddiaçı1 yanında qalmaları qət edilmişdir. X6 xx.xx.2022-ci ildə keçmiş arvadı İddiaçı1 və uşaqlarını evdən qovmuş və bu günə kimi də onların həmin evdə yaşamasına imkan vermir. Hal-hazırda İddiaçı1 uşaqları ilə birlikdə kirayə mənzildə yaşayırlar. Onların başqa gedəcək yerləri yoxdur. Bu səbəbdən də iddiaçılar hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətindədirlər. Cavabdeh məhkəməyə iddia tələbinə etiraz ərizəsi təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 30A/80 ünvanda yerləşən, yaşayış sahəsi 31.36 m2, köməkçi sahəsi 14.17 m2 ibarət olan 8 saylı mənzil xx.xx.1995-ci il tarixdən onun mülkiyyətindədir. İddiaçı1 onun keçmiş gəlini, İddiaçı2 isə onun nəvəsidir. İddiaçı1 ilə oğlu X6 xx.xx.2003-cü ildə faktiki, xx.xx.2004-cü ildə isə rəsmi nikah qeydiyyatından keçərək ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2004-cü il təvəllüdlü İddiaçı2, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü Əhmədova Pəri Əkbər qızı adlı üç övladları olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 351/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuş və uşaqlar anaları İddiaçı1 yanında qalmışdır. İddiaçı1 ünvan 2 ünvanında pasport qeydiyyatındadır və həmin ünvanda da yaşayır. Oğlu isə başqa ünvanda yaşayır. Nəvələri mülkiyyətində olan mənzildə uzun müddətdir yaşamırlar, anaları ilə birlikdə yaşayırlar,onun ilə heç bir əlaqələri yoxdur. İddia ərizəsindən də göründüyü kimi iddiaçılar mənzildən guya X6 tərəfindən qovulmuşlar. Mənzilin mülkiyyətçisi odur. X3 adında və yaxud mülkiyyətində mənzil varsa, qoy ona qarşı iddia qaldırsınlar, iddiaçılar onun mənzilini elə günə qoyublar ki, orada normal yaşamaq üçün şərait belə qalmamışdır. Onun iddiaçılarla birgə yaşamağa heç bir formada imkanı yoxdur. İddiaçılar onun ailə üzvləri deyildirlər. O, İİ qrup əlildir. Ona mülkiyyətindən maneəsiz istifadə ilə yanaşı sakit həyat da vacibdir. İddiaçı1 məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. O, eyni zamanda qeyd etdi ki, mübahisəli mənzildə yalnız özü və ailəsi məskunlaşmış, cavabdeh heç vaxt onlarla birlikdə həmin yaşayış sahəsində yaşamamışdır. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi iddianı müdafiə etdiyini bildirərək, onun təmin olunmasını xahiş etdi. O, eyni zamanda qeyd etdi ki, İddiaçı1 cavabdehin oğlu ilə 2003-cü ildə nikaha girərək ailə qurmuşdur. Sözügedən mənzil isə 1995-ci ildə cavabdehin mükiyyətinə keçmişdir. 2023-cü ildə iddiaçı həyat yoldaşından boşanmışdır. Nikah pozulduqdan sonra iddiaçılar mənzildən çıxarılmışdırlar. Hesab edir ki, iddiaçıların mənzildə yaşamaq hüquqları vardır. Məhkəmə iclasında cavabdeh etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. O, eyni zamanda qeyd etdi ki, İddiaçı1 oğlu ilə ailə quraraq 2003-cü ildə mənzilə köçmüşlər. Onlara mənzildə müvəqqəti yaşamaq üçün icazə vermişdir. O, heç vaxt mübahisəli mənzildə iddiaçı və onun ailəsi ilə birlikdə yaşamamışdır. Məhkəmə, İddiaçı1, iddiaçıların nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - AR-nın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Sumqayıt Regional Vəkil Bürosuna ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 30A/80 ünvanında yerləşən 8 saylı mənzil Sumqayıt şəhər 2-ci dövlət notariat kontorunun təsdiq etdiyi xx.xx.1992-ci il tarixli, 3M-282 reyestr nömrəli mənzilin əvəzsiz bağışlama müqaviləsi əsasında X1 adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. Sumqayıt şəhər 1 nömrəli dövlət notariat kontorunun təsdiq etdiyi 2vər-143 reyestr nömrəli, xx.xx.1995-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında sözügedən mənzil Cavabdeh adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. - Azərbaycan Respublikası DİN-nin ******* №-li, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh, xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü Əhmədova Pəri Əkbər qızı Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən 30A/80 saylı evin 8 saylı mənzilində qeydiyyatdadırlar. - İş materiallarına əlavə edilmiş dörd nəfərin iştirakı ilə tərtib edilmiş və imzalanmış xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı1 2003-cü il tarixdə Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən 30A/80 saylı evin 8 saylı mənzilinə gəlin gəlmiş, həyat yoldaşı və övladları ilə birgə göstərilən ünvanda yaşamışlar. İddiaçı1 xx.xx.2022-ci il tarixinədək Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən 30A/80 saylı evin 8 saylı mənzilində övladları ilə birgə yaşamışlar. Hah-hazırda göstərilən ünvanda yaşamırlar. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-351/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı1 ilə X6 arasında xx.xx.2004-cü il tarixdə bağlanmış, 261 saylı nikah qeydinin pozulması, nikah pozulduqdan sonra xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü Əhmədova Pəri Əkbər qızının anaları İddiaçı1 yanında qalması və xx.xx.2022-ci il tarixdən başlayaraq X2 uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 150 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı1 ödənilməsi qət edilmişdir. - Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən 30A/80 saylı evin 8 saylı mənzilinin mülkiyyətçisi Cavabdehdur və daşınmaz əmlak üzərində hüquq Sumqayıt şəhər texniki iventarlaşdırma bürosu dövlət reyestrində 14 nömrəli kitabda qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı1 xx.xx.2004-cü ildə cavabdehin oğlu - X6 ilə nikaha daxil olaraq Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən 30A/80 saylı evin 8 saylı mənzilinə gəlin köçmüşdür. xx.xx.2023-cü il tarixli məhkəmə qətnaməsi əsasında nikah pozulmuşdur. Bu zaman və hazırda evin mülkiyyətçisi iddiaçının qaynatası Cavabdeh olmuşdur. İddiaçılar xx.xx.2022-ci il tarixinədək orada yaşamışdır. İddiaçılar mübahisəli mənzlinin mülkiyyətçisi olan cavabdehlə heç vaxt həmin yaşayış sahəsində birlikdə yaşamamışlar. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, tərəflər arasında mübahisəyə baxılarkən 2000-ci ilin sentyabr ayında qəbul edilmiş Mülki Məcəllənin normalarına istinad edilməlidir. Belə ki, İddiaçı1 mübahisəli mənzilə 2004-cü ildə köçmüş, digər İddiaçı2 da həmin ildə doğulmuş və onlar xx.xx.2022-ci il tarixinədək orada yaşamışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı1 cavabdehin - mübahisəli mənzilin mülkiyyətçisinin qanunvericilikdə nəzərdə tutulmuş ailə üzvləri dairəsinə mənsub olmadığından, onun mənzilin mülkiyyətçisi ilə notariat qaydasında təsdiqlənən yazılı razılaşması mövcud olmadığından, eləcə də istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, mübahisəli evdən istifadə hüququ əmələ gəlməmiş, belə bir hüquqa malik olmamışdır. Digər İddiaçı2 mənzilin mülkiyyətçisi habelə onunla birlikdə yaşayan ailə üzvü tərəfindən mübahisəli yaşayış sahəsinə köçülmədiyindən, eləcə də onun özü cavabdehlə birlikdə yaşamadığından, həmçinin sonuncunun qanunvericilikdə müəyyən edilmiş ailə üzvü olmadığından sözügedən mənzildən istifadə hüququ mövcud deyildir. Belə ki, İddiaçı2 bu mənzilə orda cavabdehlə birlikdə yaşamayan atası tərəfindən köçürülmüşdür ki, bu hal da ona babasının mülkiyyətində olan yaşayış sahəsindən ailə üzvü kimi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq rəsmiləşmədən kənar istifadə hüququnun yaranmasını istisna edir. Ona görə də iddiaçıların mübahisəli mənzildən istifadə hüququ yaranmadığı üçün oraya köçürülmələrinin hüquqi əsası olmadığından iddia əsassızdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mənzilə köçürmə iddiası təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 İddiaçı1 Əhməd qızının yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü Əhmədova Pəri Əkbər qızı ilə birgə, İddiaçı2 ünvan 1 ünvanına köçürülmələri barədə iddiaları təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-4105/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4105/2023
20.07.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver