Məhkəmə qərarları › İş №2(060)-4108/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4108/2021

08.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4108/2021 08.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Novruzova Nailə Xəlfəqulu qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi barədə iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi barədə iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, iş üzrə Cavabdeh Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən 66 saylı binadakı yaşayış sahəsi 53 kv.metr, 4 otaqlı 19 saylı mənzilə olan istifadə hüququnun itirilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən 66 saylı binadakı yaşayış sahəsi 53 kv. metr, 4 otaqlı 19 saylı mənzil iddiaçının mülkiyyətinə verilmişdir. Cavabdeh iddiaçının keçmiş gəlinidir. O, həmin ünvanda yaşamır və faktiki olaraq onun mülkiyyətində olan Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən 66 saylı binadakı yaşayış sahəsi 53 kv. metr, 4 otaqlı 19 saylı mənzildə qeydiyyatda qalmışdır. Dəfələrlə xəbərdarlıq edilsə də, cavabdeh buna məhəl qymamışdır. Bu səbəbdən də, Cavabdeh mənzilə olan istifadə hüququna xitam verilməsi məqsədi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddiasının təmin edilməsini və iddia tələbinin mahiyyəti etibarilə istifadə hüququnun itirilmiş hesab edilməsi olduğunu, ona görə də bu cür qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazırki, mülki işə cavabdehlərin iştrakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 66 saylı evin 19 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində********** qeydiyyat nömrəsi ilə 31.10.2014-cü il tarixdə qeydə alınmışdır. - Azərbaycan Respublikası DİN-in ******* saylı, 15.04.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 9-cu mikrorayon, 66 saylı evin 19 saylı mənzilində qeydiyyatdadır. - 04 iyun 2021-ci il tarixli aktdan görünür ki, həqiqətən ünvan 2 ünvanında qeydiyyatda olan evin gəlini Cavabdeh bu ailəyə ərə gəlmiş, 2021-ci ilin aprel ayından etibarən bu ünvandan çıxmışdır. O, özünə məxsus olan mebelləri və əşyaları da, aparmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh mülkiyyətçinin keçmiş gəlinidir. Hal-hazırda orda yaşamasa da, formal olaraq qeydiyyatdadır. Sonuncu orada pasport qeydiyyatında formal olaraq qalmışlar ki, bu da iddiaçının mülkiyyətində olan mənzilinə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur və artıq kommunal xərclərin meydana gəlməsinə səbəb olur. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən - yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Göründüyü kimi, iddiaçının hazırkı tələbindən müəyyən olunur ki, cavabdehin mənzildə qeydiyyatda qalması mülkiyyətçi kimi onun iradəsinə ziddir. Məhkəmə hesab edir ki, cavabdehin mənzildə qeydiyyatda qalması iddiaçıya öz mülkiyyətindən dinc istifadə hüququnu həyata keçirməyə mane olur. Cavabdehin mənzildən qeydiyyatdan çıxarılması üçün isə onun mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə yaşayış sahəsinə istifadə hüquqları itirilmiş hesab edilməli və onlar, mənzildən çıxarılmalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 234-244 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən 66 saylı binadakı yaşayış sahəsi 53 kv.metr, 4 otaqlı 19 saylı mənzilə olan istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar