Məhkəmə qərarları › İş №2(060)-4165/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4165/2020

24.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4165/2020 24.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə yaşayış hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə xx xxxxxx 2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ona məxsus ünvan 1 ünvanda yerləşən 4 saylı mənzilə yaşayış-istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, ünvan 1 ünvanda yerləşən 4 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən 4 saylı mənzil xx.xx.2015-ci ildən tam payda mülkiyyətindədir. Cavabdehlərdən Cavabdeh1 onun keçmiş həyat yoldaşı, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 isə birinci nikahından olan övladlarıdır. 1994-cü il tarixdən onlar rəsmi qaydada boşanmış və o zamandan etibarən cavabdehlər yəni, keçmiş həyat yoldaşı və övladları mənzilindən köçüb daimi yaşamaq üçün başqa yerə getmişlər. Artıq 27 ildir ki, həmin mənzildə yaşamırlar. Lakin formal olaraq mənzilin pasport qeydiyyatında qalmışlar. Bu faktı qonşuları da təsdiq edə bilər. Hazırda aralarında heç bir əlaqə-bağlılıq qalmamışdır. Həmçinin qeyd etdi ki, 1996-cı il tarixdə ikinici dəfə ailə qurmuş və həmin nikahdan da bir övladı var. Hesab edir ki, cavabdehlərin həmin mənzilə yaşayış-istifadə hüququ itirilmiş hesab edilməlidir. Çünki, cavabdehlərin həmin mənzilə qeydiyyatı formal xarakter daşıyır və bu isə, öz növbəsində mülkiyyət hüququna əsassız müdaxilə təşkil edir. Eyni zamanda cavabdehlərə görə adambaşına hesaba alınan kommunal xidmət haqları ödəməli olur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəməyə təqdim etdiyi sübutlardan da görünür ki, qızı X9 adlı şəxslə nikaha daxil olmuş, həmin nikahdan iki uşağı anadan olmuşdur. Həmin uşaqların şəxsiyyət vəsiqələrinin surətindən də görünür ki, onlar ünvan 2 ünvanında qeydiyyatdadırlar. Qızı Cəmilə də ailə qurduğu vaxtdan həmin ünvanda yaşamasına baxmayaraq ona məxsus mənzildən qeydiyyatdan çıxmaq istəmir. Digər tərəfdən Azərsu və Azərişığa oğlu Cavabdeh2 tərəfindən edilmiş ödəniş qəbzlərindən görünür ki, Ramilin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB massivi, 38A ünvanında evi var. Lakin həmin evin sənədi yoxdur. Buna baxmayaraq həmin evin kommunal xidmətlərinə görə abonent kimi Cavabdeh2 qeydə alınmışdır. Bu da Ramilin ona məxsus mənzildə deyil, Bakı şəhərində yerləşən sözügedən mənzildə yaşadığını bir daha sübut edir. Qeyd etdiklərinə əsasən, iddiaçı iddia tələbinin təmin olunmasını və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 4 saylı mənzilinə yaşayışistifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinə etiraz edərək, onun tamamilə əsassız və həqiqətə uyğun olmadığını bildirdi. Belə ki, 1994-cü ildə valideynləri bir-birindən boşanmış və atası 1996-cı ildə ikinci dəfə ailə həyatı qurmuşdur. O və bacısı daimi olaraq atalarının himayəsində qalmışlar. Atası heç bir aliment vermədiyi üçün, anasıyla şərti o olub ki, onlara ataları baxacaq, anaları isə aliment tələb etməyəcək. Anaları da ondan aliment tələb etməyərək, atasının şərtlərini qəbul etmişdir. O, atası ilə birlikdə yaşamış, lakin analığı evdə söz-söhbət yaratdığına görə məcbur olub bir müddət evdən çıxıb getmişdir. Eyni zamanda həyat yoldaşı da söz-söhbətdən bezərək, atası evinə sığınmışdır. Heç bir yerdə xüsusi mülkiyyəti yoxdur. Bacısı isə mübahisə predmeti olan evdə qeydiyyatda qalmaqla, həyat yoldaşı ilə kirayədə yaşayır. Onların da münasibətləri yaxşı deyil. Hətta dəfələrlə evdən çıxıb atası evinə gəlmək istəsə də, atası onu evə buraxmamış, o da başqa bir yerdə qalmağa məcbur olmuşdur. Atasına bu yaxınlarda bildirmişdir ki, mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəkdir. Bunu eşidən atası, onu qabaqlayaraq məhkəməyə müraciət etmişdir. Bacısının heç bir razılığı olmadan ev özəlləşdirilmiş və bu özəlləşmə zamanı onun razılığı belə alınmamışıdr. Hazırda analığı ilə atası birləşərək, onları küçədə qoymaq istəyir. Qeyd etdiklərinə əsasən, o, İddiaçı iddia tələbi əsassız olduğundan, rədd edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Cavabdeh3 Cavabdeh2 ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, İddiaçı onun qonşusudur. O, 1985-ci ildən qonşu mənzildə, yəni ünvan 1 ünvanda yerləşən 5 saylı mənzildə yaşayır. Eldar Sevda ilə rəsmi nikah münsibətlərinə daxil olmaqla ailə qurmuş və həmin nikahdan iki övladları olmuşdur. Lakin aralarında müəyyən problemlər olduğu üçün, 1994-cü ildə boşanmış və uşaqlar anaları ilə qalmışlar. Eldar boşandıqdan sonra yenidən ailə qurmuşdur. Uşaqlar balaca olanda arada bir atasının yanında qalmış, lakin böyüdükdən sonra ora gəldiklərini görməmişdir. İş üzrə digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilsə də, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan RX seriyalı ******* saylı çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 4 (Yeni qaydalarla AZ 5001, Sumqayıt şəhəri, Koroğlu prospekti, 481, M2, m1) xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 276 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixdə qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş 9 saylı MKS-ın xx.xx.2020-ci il tarixli aktından görünür ki, 9 saylı MKS-ın sahə ustası X3, İddiaçı qonşuları X2 və X5 İddiaçı keçmiş həyat yoldaşı Cavabdeh1, həmçinin övladları Cavabdeh2 və Cavabdeh3 ünvan 4 ünvanında qeydiyyatda olsalar da, həmin ünvanda yaşamamalarını öz imzaları ilə təsdiqləmişlər. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 822 nömrəli arayışdan görünür ki, İddiaçı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 daimi olaraq ünvan 4 ünvanında qeydiyyatdadırlar. İşdə olan 300167 nömrəli boşanma haqqında şəhadətnamənin notarial qydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə X1 nikahları xx xxxxxxx 1994-cü il tarixdə ləğv edilmişdir. İş materiallarında olan 277280 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı ilə X8 qızı xx xxxxx 1996-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və bu nikah 209 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Hüseynova soyadı verilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ünvan 4 (Yeni qaydalarla AZ 5001, Sumqayıt şəhəri, Koroğlu prospekti, 481, M2, m1) mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Cavabdeh1 iddiaçının keçmiş həyat yoldaşı, Cavabdeh2 və Cavabdeh3 isə onun övladlarıdır. İddiaçı ilə Cavabdeh1 rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuş və həmin nikahdan Cavabdeh2 və Cavabdeh3 adlı iki uşaqları anadan olmuşdur. Tərəflər arasında rəsmi nikah münasibətlərinə 1994-cü ildə xitam verilmiş və Cavabdeh2 və Cavabdeh3 anaları Cavabdeh1 himayəsində qalmışlar. Cavabdeh1 həmin mənzildə yaşamış, lakin 1994-cü ildə özünə başqa yaşayış yeri seçməklə, uşaqları da götürərək mənzili tərk etmişdir. Cavabdehlər 25 ildən çoxdur ki, mübahisəli mənzildə yaşamırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə mübahisəli hüquq münasibətləri xx xxxxxxx 2009-cu il tarixədək yarandığından hazırki mübahisə həmin tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin normaları əsasında həll edilməlidir. xx xxxxxxx 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 6-cı hissəsinə görə şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə görə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Konstitusiya Məhkəməsinin xx xxxx 1999-cu il tarixli qərarına əsasən Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ-ci hissəsini məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və onun ailə üzvlərinin müvəqqəti o, cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxslərin yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Mübahisənin həlli, yəni cavabdehin mübahisəli mənzildən olan istifadə hüququnun itirilib-itirilməməsinin müəyyən edilməsi üçün onun bu yaşayış sahəsini tərk etməsinin səbəbləri araşdırılmalı və bu tərk etmənin daimi və yaxud müvəqqəti əsaslarla olmasına qiymət verilməlidir. Belə ki, bu münasibətləri tənzimləyən yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri baxımından bu kateqoriya işlər üzrə əsas şərt icarəçi və ya qeydiyyatda olan şəxslərin mənzildə 6 ay və daha artıq müddətdə üzrsüz səbəbdən yaşamamasını və hüquqları mübahisələndirilən şəxslərin başqa yerdə daimi yaşayış yerlərinin olmasını sübut etməkdir. Bu baxımdan məhkəmə iş materiallarında olan sübutları qiymətləndirərək, belə qənaətə gəlir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mübahisəli mənzili məhz daimi əsaslarla tərk etmişlər. Belə ki, onların 1994-cü ildən sözügedən mənzildə yaşamaması ilk növbədə iş materiallarında olan mübahisəli binada yaşayan qonşular tərəfindən tərtib olunmuş aktla təsdiq olunur. Digər tərəfdən cavabdehlər mübahisəli mənzili məcburi olaraq deyil, könüllü olaraq tərk etmişdir. Belə ki, onlar 1994-cü ildən 25 ildən çox keçməsinə baxmayaraq mənzilə köçürülmə barədə iddia qaldırmamış və ya mənzildən istifadəyə maneə törədilməsi ilə bağlı hər hansı orqana şikayət etməmişdir. Bu isə, cavabdehlərin müvəqqəti deyil, məhz daimi əsaslarla mübahisəli mənzildən köçməsi faktını təsdiq edir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçıya məxsus ünvan 4 (Yeni qaydalarla AZ 5001, Sumqayıt şəhəri, Koroğlu prospekti, 481, M2, m1) ünvanından istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı məxsus ünvan 4 (Yeni qaydalarla: AZ 5001, Sumqayıt şəhəri, Koroğlu prospekti, 481, M2, m1) ünvanından istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar