Məhkəmə qərarları › İş №2(060)-417/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-417/2022

04.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-417/2022 04.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «mənzildən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 və onların azyaşlı övladları 13.08.2005-ci il təvəllüdlü X1, 10.12.2013-cü il təvəllüdlü X2, 03.06.2014-cü il təvəllüdlü X7, 26.10.2012-ci il təvəllüdlü X4, 24.05.2017-ci il təvəllüdlü X5, 08.07.2011-ci il təvəllüdlü Vəliyeva Aynişan Mehman qızının Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən, 40 saylı evin 8-ci mənzilindən istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini onunla əsaslandırdı ki, Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 40 saylı evin 8-ci mənzili xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. O, həmin mənzili 27.06.2021-ci il tarixdə AN-İ № ******* saylı alqı-satqı müqaviləsi ilə almış və həmin mənzilə DƏDRX tərəfindən 06.07.2021-ci ildə çıxarış verilmişdir. Cavabdehlər mənzilin keçmiş mülkiyyətçiləri və ailə üzvləridir. Bundan əlavə cavabdehlərin azyaşlı övladları 13.08.2005-ci il təvəllüdlü X1, 10.12.2013-cü il təvəllüdlü X3, 03.06.2014-cü il təvəllüdlü X7, 26.10.2012-ci il təvəllüdlü X4, 24.05.2007-ci il təvəllüdlü X5 və 08.07.2011-ci il təvəllüdlü Vəliyeva Aynişan Mehman qızı da həmin mənzildə qeydiyyatdadır. İddia ərizəsinə əlavə etdiyi 19 saylı MKİS tərəfindən verilən arayışdan da görünür ki, qeydiyyatda olan cavabdehlər və onların azyaşlı övladları mübahisəli mənzildə yaşamır. Onda olan məlumata əsasən cavabdehlər hazırda digər tanımadığı ünvanda ev alaarq orada yaşayırlar. Hesab edir ki, cavabdehlərin onun mülkiyyətində olan mənzilə yaşayış-istifadə hüququ itirilmiş hesab edilməlidir. Cavabdehlərin və onların azyaşlı övladlarının həmin mənzilə qeydiyyatı formal xarakter daşıyır və əlavə xərclərin çəkilməsinə səbəb olur. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdehlərin qeydiyyatda olduğu ünvan üzrə məhkəmə bildirişi göndərilmiş, lakin onların faktiki olduqları yer məlum olmadığından məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 29.06.2021-ci il tarixli, AN-İ ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ünvan 1 ünvanda yerləşən mənzili Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və X6 alqı-satqı müqaviləsi əsasında Tağıyeva Sevda Təriş qızına satmışlar. İş materiallarında olan çıxarışın surətindən görünür ki, Sumqayıt şəhər 18-ci mikrorayon, 40 saylı evin 8 nömrəli mənzili iddiaçı Tağıyeva Sevda Təriş qızının adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan 13.08.2021-ci il tarixli arayışdan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və X6 və onların azyaşlı övladları 13.08.2005-ci il təvəllüdlü X1, 10.12.2013-cü il təvəllüdlü X3, 03.06.2014-cü il təvəllüdlü X7, 26.10.2012-ci il təvəllüdlü X4, 24.05.2007-ci il təvəllüdlü X5, 08.07.2011-ci il təvəllüdlü Vəliyeva Aynişan Mehman qızı Sumqayıt şəhəri, 18-ci mikrorayon, 40 saylı evin 8 nömrəli mənzilində rəsmi olaraq qeydiyyatdadırlar. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1. maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Eyni zamanda, həmin Məcəllənin 203.1. maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarına və tədqiq edilən sənədlərə əsasən İddiaçı Sumqayıt şəhəri, 18-ci mikrorayon, 40 saylı evin 8 nömrəli mənzili alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Buna baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 və onların azyaşlı övladları 13.08.2005-ci il təvəllüdlü X1, 10.12.2013-cü il təvəllüdlü X2, 03.06.2014-cü il təvəllüdlü X7, 26.10.2012-ci il təvəllüdlü X4, 24.05.2007-ci il təvəllüdlü X5, 08.07.2011-ci il təvəllüdlü Vəliyeva Aynişan Mehman qızının həmin mənzildə rəsmi olaraq qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını lazımi şəkildə həyata keçirməsinə maneçilik törədərək iddiaçının bu hüququndan tam istifadə etmək imkanını məhdudlaşdırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinin mənasından görünür ki, əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 və onların azyaşlı övladları 13.08.2005-ci il təvəllüdlü X1, 10.12.2013-cü il təvəllüdlü X2, 03.06.2014-cü il təvəllüdlü X7, 26.10.2012-ci il təvəllüdlü X4, 24.05.2007-ci il təvəllüdlü X5 və 08.07.2011-ci il təvəllüdlü Vəliyeva Aynişan Mehman qızının Sumqayıt şəhəri, 18-ci mikrorayon, 40 saylı evin 8 nömrəli mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar