Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4197/2023 06.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə (üçüncü şəxs AR ƏMDK yanında DƏDRX) qarşı «daşınmaz əmlakın “alqı-satqı müqaviləsi”-nin rəsmiləşdirilməsi zamanı aparılan notariat hərəkətlərinin qanunsuz hesab edilməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh 17 mart 2021-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın “alqı-satqı müqaviləsi”-nin rəsmiləşdirilməsi zamanı aparılan notariat hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, hal-hazırda dələduzluq etdiyi üçün cəzaçəkmə müəssisəsində cəza çəkən (başqa bir vətəndaşa qarşı oxşar bir məsələyə görə) X6 ilə iddiaçı arasında rəsmiləşdirilmiş, 17 mart 2021-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi Sumqayıt şəhər 3 saylı Notariat ofisi tərəfindən rəsmiləşdirilmiş və həmin proseslər aparılarkən, cavabdeh tərəf olan Sumqayıt şəhər 3 saylı Notariat ofisinin rəisi daşınmaz əmlakın alqı-satqı müqaviləsini qanuna zidd formada tərtibin və qeydiyyata alınmasını icra etmişdir. 17 mart 2021-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə dair bütün notariat qovluğuna aid sənədlərin sürətlərindən görünür ki, Sumqayıt şəhər 3 saylı notariat ofisinin rəisi olaraq o, həmin alqı-satqı “nisyə alqı-satqı” adı altından rəsmiləşdirərkən, “Notariat haqqında qanun”, “Notariat hərəkətlərinin aparılmasına dair təlimat”-ın və digər qanunların tələblərini kobud formada pozmuşdur. Belə ki, 17 mart 2021-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsində qeyd olunmuş 70.000 manat tam olaraq ona ödənilməmişdir. Notariat orqan alıcı X4 şərait yaradaraq, xx.xx.2021-ci il tarixində 40.000 manatın saat 13:47-də notariat ofisin "xxxx" ASC-nin Sumqayıt filialında depozit hesabında ödədikdən sonra, yenidən həmin pul vəsaitinin depozit hesabından çıxarılaraq, 2-ci dəfə alqı-satqı müqaviləsində qeyd edilə və guya ödənilməli olan digər 30.000 min manatın elə əvvəlki 40.000 manat vasitəsi ilə ödənişin görüntüsünü yaratmışdır. 3 saylı notariat işindən görünür ki, 17 mart 2021-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsində qeyd edilmiş 70.000 manatın 40.000 manatı depozit hesab vasitəsi ilə saat 13:47 və digər 30.000 manatı isə 16:18-də qeydiyyata alındığı halda, ödənişin tam ödənilmədiyi halda o saat 15:37-də AR ƏMDK yanında DƏDRX-nə elektron sənəddaşıyıcı vasitəsilə məktub ünvanlayaraq, alqı-satqısı qeyd edilən ünvan 1 ünvanlı daşınmaz əmlakın (mülkiyyətində olmuş) ona qarşı dələduzluq etmiş (alqı-satqı üzrə alıcı qismində olan) X3 adına qeydiyyata alınmasını reyestr xidmətindən istəmişdir. Halbuki, o alqı-satqı müqaviləsinin müqavilədə qeyd edildiyi kimi 70.000 manatı tam ödənilmədən və depozit hesabına oturmadan, təsdiqləndikdən sonra notariat ofisinin rəisi elektron sənəddaşıyıcı vasitəsilə məktub ünvanlayaraq, AR ƏMDK yanında DƏDRX-də alıcının hüquqlarının qeydiyyata alınmasına dair müraciət edə bilərdi. Bundan əlavə o xx.xx.2023-cü il tarixli bütün notariat hərəkətlərinin qeydiyyatı aparılan müvafiq qeydiyyat kitabçası və depozit hesablarına mədaxil edilməli olan pul qəbzlərinin (alıcının ödəyəcəyi 70.000 manatın (40.000-30.000 manat olmaqla) pul vəsaitinə dair qeydiyyat nömrəsi və eyni zamanda notariat ofisinin bankdakı depozit hesabı üzrə "xxxx" ASC-nin bankdan məxaric edilən pul çeklərinin qeydiyyat nömrələrindəki sıralama nömrələrinin pozulması, alqı-satqı üzrə nəzərdə tutulan vergi ödənişinin normal hesablanarkən müəyyən edilən 760 manatdan aşağı məbləğdə ödənilməsi və digər pozuntular 3 saylı notariat ofisinin “alqı-satqı” müqaviləsi üzrə ödənilməli olan pul vəsaitindən (70.000 manat) 40.000 manat verildiyi halda, eyni pul vəsaitinin 2 dəfə depozit hesabına keçirilməsinə şərait yaratmışdır. Qanunamüvafiq formada cavabdeh orqana müraciət edərək “3 saylı notariat ofisinin xüsusi notarisi olan Telman Mustafazadənin 17 mart 2021-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın “alqı-satqı müqaviləsi”-ni qanuna zidd apardığı notariat hərəkətlərinin və 3 saylı notariat ofisi tərəfindən notariat xidmətinin elektron sistemində 17 mart 2021-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın “alqı-satqı müqaviləsi”-nə dair aparılmış qeydiyyatın qanunsuz hesab edilməsini və həmin qeydlərin elektron sistemdən ləğv edilərək silinməsini təmin edilməsi” tələbi imtina ilə cavablandırılmışdır. Məhkəmənin hazırlıq iclasında AR ƏMDK yanında DƏDRX üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddiaçı nümayəndəsi Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, 17 mart 2021-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı satqı müqaviləsində qeyd edilmiş 70.000 manatın 40.000 manatı depozit hesab vasitəsilə saat 13:47 və digər 30.000 manatı isə 16:18 də qeydiyyata alındığı halda, ödənişin tam ödənilmədiyi halda saat 15:37-də AR ƏMDK yanında DƏDRX-nə elektron sənəddaşıyıcı vasitəsilə məktub ünvanlayaraq, alqı-satqısı qeyd edilən ünvan 1 ünvanlı daşınmaz əmlakın (mülkiyyətində olmuş) ona qarşı dələduzluq etmiş (alqı satqı üzrə alıcı qismində olan) X3 adına qeydiyyata alınmasını reyestr xidmətindən istəmişdir. Halbuki, o alqı-satqı müqaviləsinin müqavilədə qeyd edildiyi kimi 70.000 manatı tam ödənilmədən və depozit hesabına oturmadan, təsdiqləndikdən sonra notariat ofisinin rəisi elektron sənəddaşıyıcı vasitəsilə məktub ünvanlayaraq, AR ƏMDK yanında DƏDRX-də alıcının hüquqlarının qeydiyyata alınmasına dair müraciət edə bilərdi. Onlar tərəfindən adiyyatı üzrə AR ƏMDK yanında DƏDRX-nə sorğu ünvanlanaraq müvafiq məsələyə dair cavabın alınması tələb edilsə də həmin orqan tərəfindən müraciətləri cavabsız qalmışdır. AR MPM- nin 82 və 85-ci maddələrini rəhbər tutaraq vəsatətlərini təmin edib, aidiyyatı üzrə AR ƏMDK yanında DƏDRX-nə "məhkəmə sorğusu" ünvanlanaraq ünvan 1 ünvanlı daşınmaz əmlakın X3 adına hansı tarix və saatda qeyd edilməklə reyestrdə qeydiyyata alınmasına dair məlumatın əldə edilməsinə köməklik göstərilməsini xahiş etmişdir Məhkəmədə İddiaçı nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək göstərdi ki, notarial işinin təsdiq olunmuş surətini vermişdir. Oradan da müəyyən olunur ki, alıcı qismində Xıdırov Elxan tərəfindən ikinci ödəniş olmadan, notariat orqanı 2 saat öncədən reyestr xidmətinə qərəzli olaraq alqı-satqı müqaviləsini təsdiqləyərək, sənəd daşıyıcı vasitəsi ilə məlumat göndərmişdir ki, çıxarış şəxsin adına keçsin. Eyni zamanda sorğudan məlum olur ki, 16:18-də ikinci ödəniş ödənildiyi halda notariat orqanı nə üçün 13:47-də, 16:06-da qeydiyyatdan keçən çıxarışı onun adına qeydiyyatdan keçirmək üçün müraciət ünvanlamışdır. Burada notariat orqanının nə marağı ola bilər? Vətəndaş ikinci ödənişi etməlidir. Məktubun məzmunundan müəyyən olunur ki, notariat orqanı qeyd edir ki, ikinci ödəniş təsdiqləndikdən sonra reyestr xidmətinə alqı-satqı müqaviləsi təsdiqlənməlidir. Elektron sistem bazasında saatlar ilə izlədikdə müəyyən olunur ki, notariat orqanı burada qərəzli mövqe göstərmişdir. Bildikləri qədər banka köçürmə olmuş və girovdan azad edilmişdir. Bank tərəfindən razılıq verilməsə idi, notariat orqanı tərəfindən rəsmiləşdirilə bilməzdi. Mənzil iddiaçının istifadəsindədir. Xıdırov Elxan sələmçi olmuş, evi ipotekaya qoyacağını demiş, xanımın hüquqi savadı olmadığı üçün alqı-satqı olmuşdur. Qarşı tərəf saxtakarlıqla məşğul olmaq istəyirsə belə, notariat orqanının rəhbəri hüquqi savadlı olduğu üçün bu işə nəzarət etməli idi. Müqavilədə qeyd olunur ki, 70.000 manat həmin tarix üçün ödənilməlidir. 40 min manat ödəniş olduqdan bir saat sonra reystrə məktub göndərilmişdir ki, ev digər şəxsin adına keçsin. Bəlkə heç ikinci ödəniş olmayacaqdır ? Müqavilə üzrə öhdəlik tam yerinə yetirildikdən sonra bu təsdiqlənməli idi. 40 min manat olmuş, 10 min manatı bankın hesabına köçürülmüş, 20 min manat isə xanıma qaytarılmışdır. Həmin şəxs xuliqanlıq hadisəsində belə o şəxsə qarşı dələduzluq etmişdir. Həmin şəxs xəstə qadının çarəsiz vəziyyətindən istifadə etmişdir. İddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmədə İddiaçı nümayəndəsi və vəkilinin dediklərinə əlavəsi olmadığını bildirdi. İş üzrə Cavabdeh və üçüncü şəxs AR ƏMDK yanında DƏDRX qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci və 185.6-cı maddələrinə əsasən məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı və onun nümayəndəsi Vəkil izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən iddia tələbi əsaslıdır və təmin olunmalıdır. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdehnə ünvanlanmış şikayətdən görünür ki, 17 mart 2021-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın “alqı-satqı müqaviləsi”-ni qanuna zidd apardığı notariat hərəkətlərinin və 3 saylı notariat ofisi tərəfindən notariat xidmətinin elektron sistemində 17 mart 2021-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə dair aparılmış qeydiyyatın qanunsuz hesab edilməsini və həmin qeydlərin elektron sistemdən ləğv edilərək silinməsinin təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh 349 nömrəli, 14 fevral 2023-cü il tarixli Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkili Vəkil ünvanlanmış məktuba cavabdan görünür ki, İddiaçı ilə X6 arasında ünvan 1 ünvanında yerləşən mənzilə dair Cavabdehndə xx.xx.2021-ci il tarixdə 4Ə-324 reyestrlə təsdiq edilmiş alqı-satqı müqaviləsi “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”-a və mülki qanunvericiliyə əsasən düzgün qadada təsdiq edilmişdir. Alqı-satqı müqaviləsi onun tərəfindən 15:35-də təsdiq edilmiş, saat 15:37-də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə elektron formada göndərilmişdir. Məlumat üçün bildirir ki, müqavilə nisyə də olsa, tam da olsa, hər bir halda müqavilənin ötürülməsi prosesi alqı-satqı müqaviləsi təsdiq ediləndən dərhal sonra həyata keçirilir, kod isə nisyə alqı-satqı müqaviləsində qeyd olunan məbləğ tam ödənildikdən sonra vətəndaşa verilir. Həmin qəbzdə qeyd olunan saat müqavilənin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə elektron formada notarius tərəfindən göndərilməsi saatdır. Onu da qeyd edir ki, nisyə alqı-satqı müqaviləsində məbləğ tam ödənildikdən sonra alıcının məbləği tam ödəməsi və ona mülkiyyət hüququnu təsdiq edən sənədin verilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə məktub ünvanlanır. Notariat işinin materiallarında olan 17 mart 2021-ci il tarixli mədaxil orderindən görünür ki, 13:47-də X6 alqı-satqı müqaviləsi üzrə 40 min manat məbləğində "xxxx" ASC vasitəsilə mədaxil etmişdir. Notariat işinin materiallarında olan 17 mart 2021-ci il tarixli mədaxil orderindən görünür ki, 16:18-də X6 alqı-satqı müqaviləsi üzrə 30 min manat məbləğində "xxxx" ASC vasitəsilə mədaxil etmişdir. Notariat işinin materiallarında olan 17 mart 2021-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı (66.15 kv/m)- alıcı X4 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 66.15 kv/m olan mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəsindən AR DƏDRX Əİ tərəfindən xx.xx.2014 tarixdə İddiaçı verilmiş **********67-05101-093044 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 66.15 kv/m hissəni alıcının mülkiyyətinə vermişdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2021-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan arayışa əsasən müqavilə bağlanan anda ünvan 1 ünvanında yerləşən mənzil yüklüdür. Bu müqavilənin 3-cü bəndində qeyd edilən arayışa əsasən mənzil müqavilə bağlanadək "xxxx" QSC-nin Mərdəkan filialının xeyrinə ipoteka ilə yüklü edilmiş və "xxxx" QSC-nin xx.xx.2021-ci il tarixli, 7626 qeydiyyat nömrəli məktubuna əsasən girovda qalmaqla şəxsin adina özgəninkiləşdirilməsinə etiraz edilmir. Satıcı daşınmaz əmlakı 70000 manat qiymətinə satdı, alıcı isə həmin qiymətə aldı. Alıcı mənzilin bu müqavilənin 4-cü bəndində nəzərdə 70000 manatın 40000 manatını "xxxx" ASC 3 saylı şöbəsi vasitəsi ilə satıcıya tam ödəmiş, satıcı isə həmin məbləği almaq üçün notariusdan bank çekini qəbul etdi. Məbləğin qalan 30000 manatını isə satıcıya xx.xx.2021-ci ildə "xxxx" ASC 3 saylı şöbəsi vasitəsi ilə satıcıya ödəməyi öhdəsinə götürür. Məbləğin 14400.11 manatı isə "xxxx" ASC 3 saylı şöbəsi vasitəsi ilə "xxxx" QSC-nin Mərdəkan filialına köçürmə yolu ilə ödəyir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 220.8-ci maddəsinə əsasən təqdim edilmiş daşınmaz əmlaklara görə satıcı İddiaçı 650.70 manat, ümumillikdə 650.70 manat miqdarda sadələşdirilmiş vergi tutulmuşdur. Notariat işinin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, hüququ rəsmiləşdirilən şəxs İddiaçı olmaqla, mənzil növündə daşınmaz əmlak ünvan 1 ünvanında yerləşir. Xüsusi mülkiyyət hüququ üzrə tam payda İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014-cü il tarixdə rəsmiləşdirilmişdir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 2129 nömrəli reyestr kitabının 197192 nömrəli vərəqində qeydiyyata alınmışdır. Notariat işinin materiallarında olan “Elektron notariat” avtomatlaşdırılmış İnformasiya sistemindən çıxarışdan görünür ki, ünvan 7 ünvanında axtarış zamanı qeydiyyatda heç bir şəxs aşkar edilməmişdir. Notariat işinin materiallarında olan İddiaçı tərəfindən Notariat ofisinə ünvanlanmış **********345 nömrəli ərizədən görünür ki, DƏDRX-nin ərazi idarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş reyestr **********67-05101-093044 və ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında mülkiyyətində ünvan 1 ünvanında yerləşən əmlakı (ev, mənzil, otaq) satmaq istəyir. Bununla əlaqədar həmin əmlak üzərində daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudulaşdırılmasına (yüklülüyünə) dair arayışın “Elektron notariat” informasiya sistemi vasitəsi ilə real vaxt rejimində əldə edilməsini təmin etməyi xahiş etmişdir. Notariat işinin materiallarında olan İV-ЖГ seriyalı, 256873 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə İddiaçı arasında 16 oktyabr 1985-ci il tarixdə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 16 oktyabr 1985-ci il tarixdə 43 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə “Bəylərov”, arvada isə “Şahbazova” soyadı verilmişdir. Notariat işinin materiallarında olan X5 tərəfindən Notariat ofisinə ünvanlanmış **********905 nömrəli ərizədən görünür ki, arvadı- X2 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 119 ünvanında yerləşən 65 nömrəli mənzilin satılmasına, mənzildən istifadə hüququnun xitam verilməsinə etiraz etmir və razıdır. Notariat işinin materiallarında olan X6 tərəfindən Notariat ofisinə ünvanlanmış **********353 nömrəli ərizədən görünür ki, ünvan 8 tərəfindən xx.xx.2021-ci il tarixində 4Ə-324 reyestr ilə rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinin onun adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına görə 15 iş günü müddətində yəni xx.xx.2021-ci il tarixində Daşınmaz Əmlakın çıxarışın və texniki pasportun alınmasına görə ərizəni DƏDRX-nin Ərazi İdarəsinə göndərilməsini xahiş etmişdir. Notariat işinin materiallarında olan daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsinin surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 119 ünvanında yerləşən 65 nömrəli mənzil 25000 manat sığorta məbləği olmaqla, sığorta haqqı 50 manat, azadolma məbləği 250 manat təşkil etmiş, müqavilə 2021.03.18 tarixdə qüvvəyə minmiş, 2022.03.18 tarixdə qüvvədən düşmüşdür. "xxxx" ASC sığortaçı, X6 isə sığortalı olmuşdur. Notariat işinin materiallarında olan "xxxx" QSC tərəfindən notariat kontoruna ünvalanmış məlumatdan görünür ki, "xxxx" QSC-nin “Mərdəkan” filialının xeyrinə ipoteka ilə yüklü edilmiş və İddiaçı şəxsi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivi, 119 nömrəli mənzili evin 6-cı mərtəbəsində yerləşən, xüsusi mülkiyyətdə olan, 66.15 kvadrat metr ümumi sahədən ibarət, 3 otaqlı, 65 nömrəli mənzilin yüklü vəziyyətdə satılmasına ipoteka saxlayan kimi o şərtlə etiraz etmirlər ki, alqı-satqı müqaviləsi üzrə İddiaçı alacağı puldan 14400.11 manat vəsait kredit müqaviləsi üzrə öhdəlikləri yuxarıda qeyd olunmuş daşınmaz əmlakın ipotekası ilə "xxxx" QSC-nin xeyrinə yüklü edilmiş İddiaçı "xxxx" QSC-də olan kredit borcunun ödənilməsi üçün rekvizitlər üzrə köçürülməsini təmin etməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 sentyabr 2023-cü il tarixli müvafiq məlumatın verilməsi barədə məktubdan cavabdan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən ünvan 9 ünvanında yerləşən 65 nömrəli mənzil xx.xx.2021-ci il tarixli, 4Ə-324 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X3 adına xx.xx.2021-ci il tarixində (saat 16:06) **********67-05101-093044 reyestr nömrəsi ilə qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri) Əqdlərin etibarsız sayılması üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəllənin 337-349-cu maddələrində təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.1,337.3-337.5-ci maddələrinə əsasən bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir . Mülki Məcəllənin 339-cu maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər (339.1). Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin (339.2). Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin (339.3). Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır (339.4). Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir (339.5). Məhkəmə qeyd edir ki, iddia tələbi əsaslıdır. Belə ki, n otariat işinin materiallarında olan 17 mart 2021-ci il tarixli mədaxil orderindən görünür ki, 13:47-də X6 alqı-satqı müqaviləsi üzrə 40 min manat məbləğində "xxxx" ASC vasitəsilə mədaxil etmişdir. Notariat işinin materiallarında olan 17 mart 2021-ci il tarixli mədaxil orderindən görünür ki, 16:18-də X6 alqı-satqı müqaviləsi üzrə 30 min manat məbləğində "xxxx" ASC vasitəsilə mədaxil etmişdir. Alqı-satqı müqaviləsi Cavabdeh tərəfindən 15:35-də təsdiq edilmiş, saat 15:37-də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə elektron formada göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 sentyabr 2023-cü il tarixli məlumata əsasən müəyyən olunur ki, ünvan 9 ünvanında yerləşən 65 nömrəli mənzil xx.xx.2021-ci il tarixli, 4Ə-324 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X3 adına xx.xx.2021-ci il tarixində (saat 16:06) **********67-05101-093044 reyestr nömrəsi ilə qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. İş materiallarında tədqiq edilmiş sənədlərdən görünür ki, ödəniş qəbzləri ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydiyyata alınma tarixləri arasında pozuntular müşahidə olunur. Bu isə özlüyündə mübahisə predmeti olan daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsasdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair). Həmin Qanunun 31.1-ci maddəsinə əsasən, ipoteka predmetinə Qanunun 30-cu maddəsində nəzərdə tutulmuş qaydaları pozmaqla sərəncam verildikdə, ipoteka saxlayan ipoteka predmetinə sərəncam verilməsi haqqında əqdin etibarsız sayılmasını və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsində nəzərdə tutulmuş nəticələrin tətbiq olunmasını və ya ipoteka ilə təmin olunmuş əsas öhdəliyin vaxtından əvvəl icrasını, həmin öhdəlik icra olunmadıqda ipoteka predmetinə tutmanın yönəldilməsini tələb edə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1-ci maddəsinə görə Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Eyni Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 39.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.3-cü maddəsində müəyyən edilmişdir ki, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 119 ünvanında yerləşən 65 nömrəli mənzilinə dair Cavabdehndə qeydə alınmış 17 mart 2021-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi zamanı aparılan notariat hərəkətləri qanunsuz hesab edilməli, onun nəticəsində bağlanmış 17 mart 2021-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdehndən alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 119 ünvanında yerləşən 65 nömrəli mənzilinə dair Cavabdehndə qeydə alınmış 17 mart 2021-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi zamanı aparılan notariat hərəkətləri qanunsuz hesab edilməklə onun nəticəsində bağlanmış 17 mart 2021-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdehndən alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-4197/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4197/2023
06.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver