Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-42/2022 01.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, məhkəmə iclas katibi X6, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh Mömün oğlunun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh Mömün oğluna qarşı “torpaq sahəsinə müdaxilənin aradan qaldırılması və çıxarışın ləğv edilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 3-cü məhəllə ünvanında yerləşən 19D saylı torpaq sahəsinə gələn yolun açılması, cavabdehin adına verilmiş hüquqların Dövlət Qeydiyyat haqqında Çixarışın ləğv edilməsi və zəbt edilmiş hissənin ləğv olunaraq ona qaytarılması barədə qətnamə qəbul etməyi xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək göstərdi ki, X8 iddiaçının atasıdır. Atası Q.Abasovla Sumqayıt Bağlar idarəsi arasında bağlanmış 31.05.1966-cı il tarixli, 997 saylı müqaviləyə əsasən Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında 0,16 ha torpaq sahəsi onun istifadəsinə verilmişdir. O, 1968-ci ildə həmin torpaq sahəsində fərdi ev tikmiş və vəfatı tarixinə, yəni 23.02.2019-cu il tarixinə orada yaşamışdır. Hal-hazırda həmin torpaq sahəsində mərhumun ailə üzvləri yaşayır. 0,16 ha bağ torpaq sahəsinin 0,10 ha hissəsi hal-hazırda iddiaçıya məxsusdur və həmin torpaq sahəsi iddiaçıya bağışlanmışdır. Bunu 14.03.2015-ci ildə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş RX Seriyalı ******* saylı Çıxarış təsdiq edir. Bildirir ki, Cavabdeh Mömin oğlu iddiaçının qonşusudur. Cavabdeh mülkiyyətçisi olduğu Sumqayıt şəhəri, Corat qəsəbəsi, 3-cü məhəllə ünvanında yerləşən 19D saylı fərdi torpağa gələn yolu bağlayaraq iddiaçının ictimai yola çıxışını bağlamışdır. Cavabdeh tərəfindən tutulmuş torpaq sahəsi əvvəllər yol kimi mövcud olmuş və həmin yoldan dəniz vaxtı istifadə edilmişdir. Onu da bildirir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 28.01.2010-cu il tarixli, 2(105)-17/2010 saylı qətnaməsi ilə cavabdehin mərhum atasına (X8) məxsus torpaq sahəsinin 183,9 kv.m hissəsini zəbt etməyi təsdiq edilmişdir. Həmin qətnamədən verilmiş, Kassasiya şikayəti AR Ali Məhkəməsinin 16.06.2010-ci il tarixli, 2(102)-1894/2010 saylı qərarı ilə dəyişdirilmədən saxlanmışdır. Cavabdeh yol kimi mövcud olmuş torpaq sahəsində qeyri-qanuni zəbt etmişdir. İddiaçı cavabdehin qanunsuz zəbt etdiyi torpaq sahəsinin boşaldılması xahişi ilə Corat Bələdiyyəsinə müraciət etmişdir. Lakin heç bir nəticə verilməmiş, qohumbazlıq edilmişdir. İndi həmin torpağın 0,10 ha hissəsi iddiaçının xüsusi mülkiyyətindədir və cavabdeh mülkiyyətçisi olduğu torpaq sahəsinə gələn yolu bağlayaraq yolu açmaqdan imtina edir. Hesab edir ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 3-cü məhəllə ünvanında yerləşən 19D saylı torpaq sahəsinə gələn yolun açılması barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi idarəsi tərəfindən Ağakərim Kərimova aid olan torpaq sahəsinə Çıxarış verilmişdir. Cavabdeh Ağakərim Kərimovun adına olan torpağı öz adına rəsmiləşdirərək həmin torpaq sahəsinə görə də Çıxarış almışdır. Nəticədə əvvəllər iddiaçıya məxsus olmuş torpağı heç bir təsdiqedici sənəd olmadan həyətinə gələn yol kəsilsin deyə eni 2 metr olan yolu zəbt etmişdir. Bununla da, çalışır ki, iddiaçı hər ehtimala qarşı keçid yolundan istifadə edə bilməmişdir. Buna görə də cavabdeh tərəfindən zəbt olunmuş torpaq sahəsinə görə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi idarəsi tərəfindən verilən çıxarış ləğv edilməlidir. Göstərilənləri nəzərə alaraq, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 3-cü məhəllə ünvanında yerləşən 19D saylı torpaq sahəsinə gələn yolun açılması, cavabdehin adına verilmiş hüquqların Dövlət Qeydiyyat haqqında Çixarışın ləğv edilməsi və zəbt edilmiş hissənin ləğv olunaraq ona qaytarılması barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh Mömün oğlunun nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək göstərdi ki, Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 6, 6A, 6B saylı evlər və onların həyətyanı torpaq sahəsi şəxsi mülki kimi cavabdehə məxsusdur. İddiaçı 2008-ci ilin dekabr ayından Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt ərazi idarəsinə və ona qarşı daşınmaz əmlaka mülkiyyət hüququnun qeydə alınması, qanunsuz zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair dəfələrlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etsə də, onun iddiası rədd edilmişdir. İddiaçı torpaq sahələrinin kəsişdiyi yerdən ictimai yola çıxış açmaqdan ötrü müxtəlif dövlət orqanlarına, inzibati orqanlara, bələdiyyəyə dəfələrlə müraciət etmiş və həmin məsələ yoxlandıqdan sonra iddiaçıya rədd cavabı verilmişdir. Bununla belə X1 məsələnin mahiyyəti üzrə həll olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının ictimai yola çıxışı var. İddiaçı özü də 1965-ci ildən atası tərəfindən sözügedən yolu bağlamasını etiraf etmişdir. Qeyd olunanları nəzərə alaraq, iş üzrə qanuni qüvvəyə minmiş qətnamənin olmasını və iddia tələbinin heç bir qanuni əsası olmamasını nəzərə alaraq rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh Mömün oğlunun nümayəndəsi və vəkili Vəkil dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edib, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. İş materiallarında ola Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, № ******* saylı “çıxarış”ın surətindən müəyyən edilir ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 3-cü məhəllə, 19D saylı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 113 nömrəli reyestr kitabının 45 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materillarında olan AZ-İİ № 001701 saylı, 27.02.2019-cu il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X8 23.02.2019-cu il tarixdə ölmüşdür. İş materiallarında olan 31.05.1966-cı il tarixli, 997 saylı icarə müqaviləsinin surətindən görünür ki, Corat qəsəbəsində yerləşən 0.16 ha torpaq sahəsi X4 icarəsinə verilmişdir. İş materiallarında ola Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, № ******* saylı “çıxarış”ın surətindən müəyyən edilir ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 6-da yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh Mömün oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 17 nömrəli reyestr kitabının 45 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında ola Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, № ******* saylı “çıxarış”ın surətindən müəyyən edilir ki, Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 0.0351 saylı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh Mömün oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 106 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04.05.2012-ci il tarixli qərarının surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 22 iyul 2011-ci il tarixli, 2(060)-2259/2011 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh Mömin oğlunun cavabdeh X5 qarşı müəyyən hərəkətləri etməyin cavabdehə qadağan edilməsi, mənəvi zərərin ödənilməsi və qeyri-qanuni tikilmiş evin sökülməsi tələbi qismən təmin edilərək iddianın yolun açılması ilə əlaqədar X3 qeyri-qanuni hərəkətlərin edilməsinin qadağan edilməsi qət edilmiş, iddiaçının mənəvi zərərin ödənilməsi və qeyriqanuni tikilmiş evin sökülməsi tələbinə dair hissəsi və X2 Cavabdeh Mömin oğluna qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılması, dəmir darvazanın sökülməsi və ümumi keçid yolunun bərpa edilməsi barədə qarşılıqlı iddia tələbi rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.12.2011-ci il tarixli, 2(105)-1276/2011 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 22 iyul 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayəti təmin edilməyərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 07 dekabr 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Bu Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Yaranmış münasibətlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 175-ci maddəsi ilə tənzim olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 175.1-ci maddəsi müəyyən edir ki, əgər torpaq sahəsi mülkiyyətçinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yol veriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafeylər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Göründüyü kimi, dövlət qeydiyyatının hüquqi əhəmiyyəti yalnız dövlət tərəfindən tanınma və təsdiq etmədən ibarətdir, yəni hüququn əmələ gəlməsi, məhdudlaşdırılması, başqasına keçməsi və hüquqa xitam verilməsi dövlət tərəfindən tanınır və təsdiq edilir. Məhkəmə iddianın əsasını nəzərə alaraq qeyd edir ki, cavabdehin mülkiyyət hüququnun əmələ gəlməsi etibarsız hesab edilmədən hüququn əmələ gəlməsinin tanınması və təsdiqi (yəni dövlət qeydiyyatı və həmin qeydiyyatın əsasında verilən reyestrdən çıxarış) ləğv edilə bilməz. Torpaq Məcəlləsinin 55-ci maddəsində torpaq sahəsi üzərində hüquqi və fiziki şəxslərin hüquqlarının yaranma əsasları müəyyən edilmişdir: 1) müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; 2) hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; 3) məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; 4) vərəsəlik hüququ və qanunvericiliklə müəyyən edilmiş digər əsaslar. İddiaçı cavabdehin mülkiyyət hüququnun əmələ gəlməsininin əsasını (qərarı, əqdi və s.) mübahisələndirməmişdir. Mülki-Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Ona görə də məhkəmə hazırkı işdə çıxarışın ləğv edilməsinə dair tələbi təmin edə bilməz. Beləliklə, 1-ci tələb, yəni reyestr çıxarışının ləğv edilməsi barədə tələb təmin oluna bilməz. 2-ci tələb, 1-ci tələbdən asılı olduğuna görə həmin tələblər də təmin oluna bilməz. Göründüyü kimi iddiaçının cavabdehə qarşı çıxarışın ləğv edilməsi, və zəbt edilmiş hissənin ləğv olunub ona qaytarılması tələbi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bununla yanaşı məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddianı digər əsasla da təmin edilməsinə heç bir əsas yoxdur. İş materiallarında olan qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, məhkəmə tərəfindən mübahisəli yerə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Cavabdeh Mömün oğluna məxsus olan torpaq sahəsi üç tərəfdən daş hasarla hasarlanmış, bir tərəfdən isə onun mülkiyyətində olan yaşayış evləri yerləşir. Cavabdehyevə məxsus olan yaşayış evlərinə sağ tərəfdən mişar daşından hörümlüş hasarda dəmir darvaza qoyulmuşdu. Dəmir darvazadan sonra digər qonşuların istifadə etdikləri yol vardır. X4 istifadəsində olan torpaq sahəsi üç tərəfdən qonşuların torpaq sahələrindən daş hasarla ayrılmışdır. X7 məxsus yaşayış evi mübahisəli torpaq sahəsinin əks tərəfində yerləşir və evin yanından ictimai yola çıxışı vardır. Cavabdeh Mömün oğlunun mülkiyyətində olan evin arxa hissəsindən və darvaza qoyulmuş hissədən ictimai yola çıxışı vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan Hüquqlarının və X9 Haqqında” Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları və X9 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh Mömün oğluna qarşı “Sumqayıt şəhəri, Corat qəsəbəsi, 3-cü məhəllə ünvanında yerləşən 19D saylı torpaq sahəsinə gələn yolun açılması, cavabdehin adına verilmiş hüquqların Dövlət Qeydiyyat haqqında çıxarışın ləğv edilməsi və zəbt edilmiş hissənin ləğv olunaraq ona qaytarılması” barədə iddia tələbi təmin edilməməlidir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məçəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-42/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-42/2022
01.03.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver