Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4235/2023 05.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X12 oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh və onun nümayəndəsi, Vəkil, üçüncü şəxs Xəlilov Məhəmməd-Mehdi Soltan oğlunun, üçüncü şəxs "xxxx" QSC-nin nümayəndəsi X2 iştirakları ilə, iddiaçı Sumqayıt Bələdiyyəsinin Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: Xəlilov Məhəmməd-Mehdi Soltan oğlu və "xxxx" QSC) torpaq sahəsinin boşaldılması və digər tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Bələdiyyəsi (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən zəbt olunmuş Sumqayıt şəhəri, 50-ci məhəllə ərazisində Xəlilov Məhəmməd-Mehdi Soltan oğlunun istifadəsində olan torpaq sahəsinin hasarının qarşısında yerləşən torpaq sahəsindən istifadənin cavabdehə qadağan edilməsi, həmin torpaq sahəsində çəkilən çəpərin cavabdehin hesabına sökülməklə onun hesabına torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vətəndaş Xəlilov Məhəmməd-Mehdi Soltan oğlu ərizə ilə iddiaçıya müraciət edərək Sumqayıt şəhərinin 50-ci məhəlləsi ərazisində onunla iddiaçı arasında bağlanmış torpaq icarə müqavilələri əsasında istifadəsinə verilmiş sahəsi müvafiq olaraq 600 kv.metr və 400 kv.metr olan torpaq sahələrinin girişində cavabdeh tərəfindən qanunsuz hasarlama işləri aparıldığı və həmin hasarın istifadəsində olan torpaqdan normal şəkildə istifadə etməsinə maneələr yaratdığını bildirərək, həmin hasarın sökülməsi üçün tədbir görülməsini xahiş etmişdir. Bundan əlavə Xəlilov Məhəmməd-Mehdi Soltan oğlu ərizə ilə Sumqayıt Regional Ədliyyə İdarəsinə müraciət etmiş və qeyd olunan idarə tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli, 05/367 saylı məktub ünvanlanaraq iddiaçı tərəfindən cavabdehə qarşı tədbir görülməsi bildirilmişdir. İddiaçı tərəfindən aparılmış araşdırmalar zamanı məlum olmuşdur ki, vətəndaş Xəlilov Məhəmməd-Mehdi Soltan oğlu ilə cavabdeh arasında zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbi ilə məhkəmə mübahisəsi olmuş və məhkəmə mübahisəsinin nəticəsi olaraq Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixli 2(105)-94/2023 qətnamə çıxarılaraq iddiaçı Xəlilov Məhəmməd-Mehdi Soltan oğlunun iddia tələbi təmin edilməmişdir. Qeyd olunan məhkəmə qətnaməsi ilə mübahisələndirilən torpaq sahəsinin iddiaçının mülkiyyətində olduğu sübuta yetirilmişdir. İddiaçı özünün torpaq sahəsi üzərində olan mülkiyyət hüququnun qorunması məqsədilə iddia ərizəsi ilə məhkəməyə müraciət etməyi və Cavabdeh zəbt etdiyi Sumqayıt şəhərinin 50-ci məhəllə ərazisində yerləşən və bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən çıxarılmasını,orada qanunsuz çəkilən çəpərin cavabdehin hesabına sökülməsini xahiş etməyi məqsədəuyğun sayır. Cavabdeh tərəfindən iddia tələbinə yazılı etiraz ərizəsi təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd olunan mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olması qeyd olunsa da, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 13-1/2-122/2023 saylı məktubuna əsasən keçmiş dəmir yolçu X6 bağ-bostan bitkiləri becərmək məqsədi ilə istifadəyə verilmiş, dəmir yolunun Pirşağı- Sumqayıt sərnişin mənzili 48 km pk 3+80 m-dən pk 4+30 m-dək yolun kilometr artımı istiqamətinin sağ tərəfində yerləşən mübahisəli torpaq sahəsi dəmir yolu nəqliyyatı təyinatlı olmaqla dövlət mülkiyyətindədir və ADY-nın daimi istifadəsindədir. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi "xxxx" Departamenti 10 saylı X8 Müəssisəsinin 18 fevral 2004-cü il tarixli, 43 saylı məktubundan da görünür ki, qeyd olunan torpaq sahəsi mövcud dövlət qanunları əsasında X6 bağ-bostan bitkiləri becərmək məqsədi ilə əsaslı tikinti işləri aparmamaq şərti ilə istifadəsinə verilmişdir. 11 aprel 2014-cü il tarixli, 330272 saylı etibarnamə ilə mübahisəli torpaq sahəsindən istifadə etmək və digər səlahiyyətlər X7 tərəfindən xx.xx.2058-ci ilədək cavabdehə verilmişdir. Hal hazıra kimi, cavabdeh həmin torpaq sahəsindən təyinatı üzrə istifadə edir və iddiaçının qeyd etdiyi kimi cavabdehin onun yaşadığı fərdi yaşayış evinə girib-çıxmağına heç bir maneəçiliyi yoxdur. Qeyd olunan mübahisəli torpaq sahəsinin hüquqi rejiminin müəyyən edilməsi ilə bağlı iş materiallarında heç bir mötəbər sübut yoxdur. Yəni, həmin torpaq sahəsinin faktiki olaraq kimin mülkiyyətində olması qeyri-müəyyəndir. Odur ki, iş üzrə mübahisəli torpaq sahəsinin hüquqi rejiminin müəyyən edilməsi ilə bağlı müvafiq ekspertiza təyin edilməlidir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında bildirdi ki, araşdırmalar zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus torpaq sahəsi cavabdh tərəfindən zəbt edilmiş və hasarlanmışdır. Bu səbəbdən cavabdehin həmin ərazidən çıxarılması zərurəti yaranmışdı. Torpaq sahəsi "xxxx" QSC-nin mühafizə zonasına düşsə də, sözügedən qapalı səhmdar cəmiyyətinin balansında deyil, iddiaçının mülkiyyətindədir. İş üzrə müvafiq ekspert rəyi də bunu təsdiq edir. Qeyd edilənlərə əsasən iddiaçının nümayəndəsi iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Mübahisəli torpaq sahəsi "xxxx" QSC-nin mülkiyyətindədir. O, həmin torpaq sahəsinin ətrafında taxta çəpər şəkib və ağaclar əkib. Çəpərlədiyi ərazi Xəlilov Məhəmməd-Mehdi Soltan oğlunun evinə giriş-çıxışına hər hansı maneə törətmir. Məhəmməd-Mehdi Xəlilova məxsus həyətin ayrıca darvazası var. Hazırda Məhəmməd-Mehdi Xəlilov öz torpağının bir hissəsini satmaq istəyir və bu səbəbdən özünə əlavə darvaza açmaq üçün onu həmin sahədən çıxarmaq istəyir. Qeyd edilənlərə əsasən cavabdeh iddianın rədd edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi, Vəkil məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Torpaq sahəsi "xxxx" QSC-nin mülkiyyətindədir. Eyni zamanda mühafizə zonasına düşən torpaqdan istifadə qaydaları var. Həmin torpaq sahəsində bağbostan bitlikləri becərmək olar. Cavabdehin orada bitkilər becərməsi Xəlilov Məhəmməd- Mehdi Soltan oğlunun öz torpaq sahəsinə girişinə maneə yaratmır. "xxxx" QSC-nin icazəsi ilə cavabdeh qohumu tərəfindən verilən etibarnamə əsasənda orada becərmə işləri aparıb. Bu halın iddiaçıya heç bir maneəsi yoxdur. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etdi. Üçüncü şəxs Xəlilov Məhəmməd-Mehdi Soltan oğlu məhkəmə iclasında izahat verərək bildirdi ki, özünə məxsus torpaq sahəsini 2014-cü ildən almışdır. Torpaq ona iddiaçı tərəfindən icarə əsasında verilib. Torpaq sahəsində ev yoxdur və oranı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədiylə almışdır. Onun torpaq sahəsinin hasarına bitişik ərazi cavabdeh tərəfindən tutululmuşdur. Bununla bağlı cavabdehə dəfələrlə müraciət edilsə də, heç bir nəticə əldə olunmayıb. Qeyd edilənlərə əsasən üçüncü şəxs iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Üçüncü şəxs "xxxx" QSC-nin nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdehin hasarladığı sözügedən torpaq sahəsi "xxxx" QSC-nin sanitariyamühafizə zonasına düşür. Buradan belə çıxır ki, həmin torpaq sahəsi dövlət mülkiyyətindədir. Hazırda həmin ərazi Sumqayıt Bələdiyyəsinin istifadəsindədir. Cavabdehə gəldikdə isə o, qanunsuz işlər görmür, həmin torpaq sahəsində bostançılıq işləri apara bilər. Qeyd edilənlərə əsasən üçüncü şəxsin nümayəndəsi iddianın təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə tərəfindən iş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətinə əsasən cavabdeh xx.xx.1962ci ildə, Ağsu rayonu, Nüydi kəndində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatdadır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7860/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Xəlilov Məhəmməd-Mehdi Soltan oğlunun cavabdehə qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması və digər tələblərinə dair iddia tələbi qismən təmin edilmiş, cavabdeh tərəfindən Sumqayıt şəhərinin 50-ci məhəlləsi ərazisində zəbt edilmiş torpaq sahəsinin boşaldılması, həmin torpaq sahəsində özbaşına quraşdırılmış hasarın cavabdehin hesabına sökülərək torpaq sahəsinin cavabdehin hesabına əvvəlki vəziyyətə qaytarılması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-94/2023 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2(060)-7860/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iddiaçı Xəlilov Məhəmməd- Mehdi Soltan oğlunun Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması, torpaq sahəsindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi "xxxx" Departamenti 10 saylı X8 X1 ünvanlanmış 18 fevral 2004-cü il tarixli, 43 saylı məktubunda göstərilmişdir ki, mövcud dövlət qanunları əsasında və Yol rəisinin 03 aprel 1979-cu il tarixli, 29 saylı əmrin çərçivəsində Dəmir Yolu altında (Dəmir Yoluna məxsus torpaq sahəsi) olan torpaq sahələrindən istifadə etmə qaydalanı əsas tutaraq ADDY Pirşağı-Sumqayıt mənzilinin 48 km pk 3+80.m-dən pk 4+30 m-ə qədər artım istiqamətinin sağ tərəfində yerləşən torpaq sahəsi X4 bağ-bostan bitkiləri becərmək məqsədi ilə əsaslı tikinti işləri aparmamaq şərti ilə istifadəsinə verilir. Sahənin yaşıllaşdırılması və ağacların əkilməsi həmin şəxsə tapşırılır. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 13-1/2-122/2023 saylı məktubunda göstərilmişdir ki, keçmiş dəmir yolçu X6 bağ-bostan bitkiləri becərmək məqsədi ilə istifadəyə verilmiş dəmir yolunun Pirşağı-Sumqayıt sərnişin mənzili 48 km pk 3+80 m-dən pk 4+30 m-dək yolun kilometr artımı istiqamətinin sağ tərəfində yerləşən torpaq sahəsi dəmir yolu nəqliyyatı təyinatlı olmaqla dövlət mülkiyyətindədir və ADY-nın daimi istifadəsindədir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını, iddia ərizəsinin və ona yazılı etirazın dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən (bundan sonra – Mülki Məcəllə) mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (152.1.). Bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər (153.1.). Bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir (156.1.). Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (157.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2.). İddiaçı Sumqayıt şəhəri, 50-ci məhəllə ərazisində olan və cavabdeh tərəfindən hasarlanmış torpaq sahəsinin onun mülkiyyətində olduğuna əsaslanaraq həmin torpaq sahəsindən cavabdehin çıxarılmasını tələb edir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 46.1-ci maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin — dağmədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarix-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”nın (bundan sonra - Qaydalar) 2-ci bəndində göstərilmişdir ki, xüsusi mühafizə zonası - uçqun, sürüşmə, sel suları və digər təbii təsirlərin təhlükəsi olan yerlərdə dəmir yol nəqliyyatı obyektlərinin mühafizəsi məqsədilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və ya həmin təbii təsirlərin təhlükəsi olan yerlərdə dalan yollarının mühafizəsi üçün başqa təşkilatlara, müəssisələrə və ya idarələrə verilmiş yol nəqliyyatı təyinatlı torpaqlardır; təhkim zolağı - dəmir yolunun mühafizə zonasına aid olan və dəmir yol xətlərinin torpaq yatağına bitişən, dəmir yol nəqliyyatının təhlükəsiz fəaliyyət göstərməsi məqsədilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və ya başqa təşkilatlara, müəssisələrə və ya idarələrə verilmiş dəmir yol nəqliyyatı təyinatlı torpaqlardır; sanitariya-mühafizə zonası - yaşayış məntəqələrində əhalinin təhlükəsizliyinin təmin olunması, dəmir yol nəqliyyatı obyektlərinin istismarına lazımi şərait yaradılması üçün həmin obyektlərin ətrafında yaradılan xüsusi hüquqi rejimli mühafizə zonasıdır. Göründüyü kimi “Qaydalar”da istər dəmiryolu xətlərinin xüsusi mühafizə zonasına, istər təhkim zolağına, istərsə də sanitariya-mühafizə zonasına düşən torpaqların mütləq olartaq dövlət mülkiyyətində olması əks olunmamışdır. Yəni, həmin torpaqlar müəyyən olunmuş rejimə əməl olunmaqla digər şəxslərin və mülkiyyətində və istifadəsində ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən (bundan sonra – MPM) qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (81). Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir (82.3.). Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli, 2(105)-94/2023 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, iş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/5354 saylı ekspert rəyindən görünür ki, RX seriyalı, ******* saylı çıxarışa əsasən Xəlilov Məhəmməd-Mehdi Soltan oğluna icarəyə verilmiş Sumqayıt şəhəri, 50-ci məhəllə, 0,06 ha torpaq sahəsinin (naturada) koordinatları müəyyən edilmişdir. RX seriyalı, ******* saylı çıxarışa əsasən Xəlilov Məhəmməd-Mehdi Soltan oğluna icarəyə verilmiş Sumqayıt şəhəri, 50-ci məhəllə ünvanında yerləşən, 0,04 ha torpaq sahəsinin (naturada) koordinatları müəyyən edilmişdir. Zəbt edildiyi iddia olunan torpaq sahəsi dəmir yolu xəttinin mühafizə zolağına düşür. ******* saylı və RX seriyalı ******* saylı çıxarışlı torpaq sahələri zəbt edilməmişdir. Heç bir tikinti və yenidən qurma işləri aparılmayıb. İddia olunan torpaq sahəsi Xəlilov Məhəmməd-Mehdi Soltan oğlunun icarə bağladığı torpaq sahəsinin giriş hissəsi olduğu müəyyən edilmişdir. Zəbt edildiyi iddia olunan torpaq sahəsinin bələdiyyənin 2019-cu ildə təsdiq olunmuş xəritəsinə əsasən bələdiyyə mülkiyyətində olduğu müəyyən edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X4 iştifadəsinə verilmiş dəmir yolunun Pirşağı- Sumqayıt sərnişin mənzili 48 km pk3-80 m-dən pk 4+30 m-ə qədər artım istiqamətinin sağ tərəfində yerləşən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Həmçinin elektron kadastr məlumat bazasında yoxlanan zaman torpaq sahəsinin dəmir yolunun mühafizə zolağında yerləşməsi və mülkiyyət növü kimi bələdiyyə mülkiyyəti olması müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin zəbt etdiyi iddia olunan torpaq sahəsi "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin mühafizə zonasında olmaqla bələdiyyə mülkiyyətində olduğundan həmin torpaq sahəsinə görə hazırkı iş üzrə iddiaçının torpaq sahəsinin boşaldılması ilə bağlı iddia qaldırmaq hüququ olmamışdır. Beləliklə hazırkı iş üzrə cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə cavabdehin həmin torpaq sahəsinin dövlət mülkiyyətində olması ilə bağlı cavabdehin dəlillərini əsassız hesab edir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən zəbt olunmuş Sumqayıt şəhəri, 50-ci məhəllə ərazisində, üçüncü şəxs Xəlilov Məhəmməd-Mehdi Soltan oğlunun istifadəsində olan torpaq sahəsinin qarşısında yerləşən torpaq sahəsinin istifadəsi cavabdehə qadağan edilməklə həmin torpaq sahəsində çəkilən çəpər Cavabdeh hesabına sökülsün və torpaq sahəsi əvvəlki vəziyyətə qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-4235/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4235/2023
05.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver