Məhkəmə qərarları › İş №2(060)-4236/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4236/2025

14.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4236/2025 14.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı cavabdeh X1 qarşı iddia qaldıraraq, Cavabdeh Sumqayıt şəhəri, Yaşma bağlar massivi ünvanında yerləşən 263 saylı bağ sahəsindən çıxarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Yaşma bağlar massivi ünvanında yerləşən 263 saylı bağ sahəsi ona məxsus olmuşdur. Həmin bağ sahəsində 2 mərtəbəli (1-ei mərtəbəsində 3, ikinci mərtəbəsində 5 otaq) fərdi ev tikmişdir. 13 may 2023cü ildə həmin fərdi evin alqı-satqısma dair onunla Cavabdeh arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə Cavabdeh ilkin 10000 manat ödəməli, 2-3 ay ərzində əlavə 3000 manat verməli, yerdə qalan məbləğ hər ay 400 manat ödənilməklə satıcıya 77 aya tam ödəməli idi. Müqavilə disk formasında iddia ərizəsinə əlavə olunur. Fərdi evin ümumi qiyməti 43800 manat təşkil edir. Cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi pozmuş, bir neçə ay 400 manat ödəməli olduğu halda 100-200 manat ödəniş etmişdir. Bir neçə ay isə tamamilə ödəniş etməmişdir. Dələlərlə cavabdehə pulu ödəməsi üçün müraciət etmişdir. İ.akin cavabdeh buna məhəl qoymamışdır. Məsələ ilə əlaqədar olaraq Sumqayıt şəhər Polis İdarəsinin Tağıvev qəsəbə nümayəndəliyinə müraciət etmişdir. Ona şifahi formada məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur.

Tərəflərin mövqeləri:

3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdeh cəmi 16000 manat ödəmişdir. Cavabdeh hər ay 1000 manat məbləğində pul vəsaiti ödəyəcəyini bildirmişdir. İlk 3 ayın ödənişləri razılaşdırılmış qaydada ödənilmiş, sonrakı aylarda isə gecikmələr olmuşdur. Borcu cavabdehdən tələb etdikdə onlara qarşı kobud münasibət göstərilmişdir. Cavabdeh tərəfindən evin təmirinə xərc çəkilməmişdir.

5. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında bildirdi ki, 2023-cü ildə internet vasitəsilə ev axtarışına başlamışdır. Yaşma bağlarında yerləşən mübahisəli evi 43300 manata, ilk olaraq 10000-15000 manat ödəməklə hər ay 400 manat ödənilməsi barədə razılığa gəlmişdirlər. 2023-cü ilin may ayında 13000 manat pul vermişdir. 2023-cü ilin iyun ayından 2025-ci ilin iyun ayına qədər hər ay ödəniş olunmuşdur. Əməliyyat olunduğuna görə 5-6 ay müddətində aylıq 100 manat ödəniş etmişdir. Evin ikinci mərtəbəsi təmirsiz olmuşdur. Oranı təmir etdirmişdir. Hər ay 400 manat ödəniş etməyə razıdır. 2 kartı onların özləri veriblər. 13 may 2023-cü ildə 10000 manat bir ödənilmişdir. Özü də bunu təsdiq edir. 41 ilə başlayan 67 ilə bitən karta 3000 manat ödənilib, daha sonra kartın nömrəsini dəyişdirmişdirlər. 51 ilə başlayan 54 ilə bitən karta 400 manat ödənilmişdir. Daha sonra onlara ABB kartı vermişdir. 51 ilə başlayan kartdır.

6. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh nümayəndəsi X4 izahatında bildirdi ki, 2023-cü ilin may ayında iddiaçıya 13000 manat məbləğində pul vəsaiti vermişdir. Sonra isə müntəzəm olaraq hər ay 400 manat pul vermişdir. İddiaçıya hər ay 365 manat məbləğində pul vəsaiti çıxarması üçün kart vermişdir. Həmin kart yoldaşının xalası oğluna aiddir. Onların himayəsində yaşayır. Xəstəliklə bağlı pensiya alır. 2023-cü il dekabr ayında həmin kartla bağlı problem yaranmışdır. 5-6 aydır ki, kartdan 105 manat məbləğində pul vəsaiti götürürlər. Dekabr ayından etibarən kartdan 400 manat əvəzinə 105 manat məbləğində pul vəsaiti götürürlər. Yerdə qalan borcu ödəyəcəkdir. Hal-hazırda həyat yoldaşının əməliyyatı ilə əlaqədar işdən çıxmışdır.

Tədqiq olunan sübutlar:

7. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı 09 oktyabr 2017-ci ildən ünvan 2 ünvanında qeydiyyatdadır.

8. 13 may 2023-cü il tarixli X2 tərəfindən tərtib edilmiş əlyazmada qeyd olunmuşdur ki, X2 13 may 2023-cü il tarixdə Cavabdeh 10000 manat pul götürmüş, ümumi məbləğ 43800 manat, yerdə qalan 33800 manatı 6 il 5 ay ərzində ayda 400 manat ödənildikfən sonra ev 263 nömrəli torpaq sahəsi 2 mərtəbəli evlə birlikdə Cavabdeh xanımın adına keçiriləcək. Ona veriləcək pul geri qaytarılmayacaq, yuxarıda ki, şərtlərə dəyişiklik olunmayacaq. X3 müqaviləni pozarsa verilən məbləği və evə çəkilən xərci geri qaytaracaqdır.

Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 43 (1-ci hissə). Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

Maddə 157.8 Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 164.1 Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 402.2. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansıformada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

12. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməməlidir.

13. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Sumqayıt şəhəri, Yaşma bağlar massivi ünvanında yerləşən 263 saylı bağ sahəsi 13 may 2023-cü il tarixə qədər iddiaçının faktiki sahibliyində olmuşdur. İddiaçı 13 may 2023-cü ildə həmin yaşayış evinin Cavabdeh satılmasına dair şifahi razılığa gələrək, həmin evi faktiki olaraq sonuncunun sahibliyinə və idarəçiliyinə vermişdir. Razılaşmalarına əsasən, iddiaçı mübahisəli fərdi yaşayış evini 43800 manata, cavabdeh isə fərdi yaşayış evinin dəyərinin 10000 manatını ilkin olaraq ödəməyi, 2-3 ay ərzində əlavə 3000 manat ödəməyi, qalan məbləği isə hər ay 400 manat olmaqla 77 aya ödəməyi öhdələrinə götürmüşlər. Həmin evdə 2023-cü ildən başlayaraq, cavabdeh və onun ailə üzvləri yaşayır. Hal-hazırda iddiaçı cavabdeh tərəfindən aylıq ödənişlərin olunmadığını bildirərək cavabdehin Sumqayıt şəhəri, Yaşma bağlar massivi ünvanında yerləşən 263 saylı bağ sahəsindən çıxarılmasını məhkəmədən xahiş edir. Qeyd edilən halları cavabdeh də təsdiq etmiş, aralarında razılaşma olsa da müəyyən müddət sonra ödənişləri həyata keçirə bilmədiyini bildirmişdir.

14. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında daşınmaz əmlakın alqı-satqısına dair hər hansı yazılı müqavilə bağlanmamışdır. Tərəflərin şifahi razılaşmasının əks olunduğu video yazı, habelə alqı-satqı ilə bağlı tərtib edilmiş əlyazmanı isə ilkin alqı-satqı müqaviləsi kimi qiymətləndirmək mümkün deyildir. Belə ki, daşınmaz əmlakın ilkin alqı-satqısına dair müqavilə əsas müqavilənin formasına uyğun bağlanmalıdır. Beləliklə, tərəflər arasında hər hansı etibarlı müqavilə münasibəti yaranmamışdır və iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin müqavilə ilə bağlı müddəlarına istinad oluna bilməz. Bu kontekstdə iddiaçının iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin sahibliyin müdafiəsi ilə bağlı müddalarının nəzərdən keçirilməsi mümkündür. Məhkəmə qeyd edir ki, iddianın mümkün qanuni əsasları kimi Mülki Məcəllənin 157.8 və 164 və 165-ci maddələri nəzərdən keçirilə bilər.

15. Hazırkı iş üzrə müəyyən olunan odur ki, iddiaçı sözügedən ev üzərindəki sahiblik hüququnu öz iradəsi əsasında cavabdehə vermiş (ötürmüş) və cavabdeh bunun müqabilində ona ödəməli olduğu pulun bir hissəsini ödəmədiyi üçün hazırda baxılan iddia tələbini irəli sürmüşdür. Qanunvericiliyin mənasına görə isə, sahiblikdən məhrumetmə və onu pozma o halda qadağan edilmiş özbaşınalıq sayılır ki, bu hal sahibin iradəsi olmadan baş versin. Əgər sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulmuşdursa, sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. İşin hallarının ağlabatan mühakimə əsasında təhlili o qənaətə gəlməyə əsas verir ki, cavabdehin əmlaka sahibliyi “qadağan edilmiş özbaşınalıq” yolu ilə əldə olunmuş sahiblik hesab edilə bilməz.

16. Hazırki halda iddiaçıya izah olunur ki, evin ona qaytarılması barədə deyil, ödənilməmiş məbləğin, zərərə düşmüşdürsə düşdüyü zərərin cavabdehdən tutulması barədə iddia tələbi irəli sürə bilər.

17. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilməsin.

18. İddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq ödənilmiş dövlət rüsumu da iddiaçıya aid edilməlidir. Nəticə:

19. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar