Məhkəmə qərarları › İş №2(060)-4261/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4261/2023

19.09.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4261/2023 19.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma tələbi”nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilk öncə rəhmətlik anasına məxsus evi sataraq özünə Sumqayıt şəhəri, 5-ci mikrorayonda birotaqlı mənzil almışdır. Daha sonradan 1999-cu ildə həmin birotaqlı mənzili sataraq Sumqayıt şəhəri, Beton zavod ərazisində yerləşən ikiotaqlı həyət evi almışdır. Bir müddət mehriban şəkildə üç oğlu və həyat yoldaşı ilə birgə həmin evdə yaşayırdılar. 2005-ci ildə ailəvi söz-söhbətlərə görə, yəni oğlanlarının onu gözləri götürmədikləri üçün öz evindən çıxmışdır ki, ailədə sakitçilik olsun. Məcburiyyət qarşısında qalaraq 6-7 ay bacısının evində yaşayası olmuşdur. Sonra həyat yoldaşı iddiaçıya zəng edərək dolana bilmədiyini, uşaqların onun sözünə qulaq asmadıqlarını dilə gətirərək evə qayıtmağını istəmişdir. Ev yarımtikili olduğundan qalan tamamlanma işləri iddiaçı tərəfindən həyata keçirildi. 2005-ci ildən indiyənədək fasiləsiz olaraq Sumqayıt şəhəri, Beton zavod üzrə 1 saylı "İnşaatçı” məhəllə komitəsinin əhatə etdiyi ərazidə yerləşən ev № 610-da yaşayır. Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 889 saylı sorğuya cavab olaraq həmin evin iddiaçıya məxsus olması təsdiqlənmişdir. Üç oğlundan ikisi, hazırki iş üzrə cavabdeh olanlar Cavabdeh1 və Cavabdeh2 onunla bir həyətdə yaşayırlar. xx.xx.2021-ci ildə həyat yoldaşı dünyasını dəyişmişdir. Hər şey bundan sonra baş verdi. Böyük oğlundan başqa digər iki oğlu (cavabdehlər) və gəlinləri ona qarşı qərəzli mövqedən çıxış etməyə başladılar. Belə ki, cavabdehlərin qeyri-qanuni hərəkətləri üzündən ona məxsus və qanuni istifadəsində olan fərdi yaşayış evi və torpaq sahəsi üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını tam həyata keçirə bilmir. Cavabdehlər iddiaçının sığındığı 1 otaqlı evə gələn elektrik və qaz xəttlərini dəfələrlə qanunsuz olaraq kəsirlər. Cavabdehlər tərəfindən dəfələrlə şiddətə məruz qalır, bir sözlə yaşamaq olmur. İşıq İdarəsinə gedərkən oradakı əməkdaşlar iddiaçıya bildirirlər ki, yalnız oğlanları icazə verdikdən sonra onun yaşadığı evə işıq verilə bilər. İddiaçının oğlanları onun köməksiz vəziyyətindən və tək olmağından hər cür istifadə edib onu həmin evdən uzaqlaşdırmaq istəyirlər. Hətta Sumqayıt Şəhər Məhkəməsində aralarında olan münaqişələrə görə dəfələrlə inzibati işlər olub. Hətta sonuncu dəfə hakim onları bağışlamağını və son şans verməyinin müqabilində işə xitam vermişdir. İddiaçının bu cür insani münasibətinə qarşı yenə də cavabdehlər bu qış ona evində istiliyə və işığa həsrət qoymuşlar. Gah qonşuluqdakı çayçıda, gah işdə, gah da qohumların evində vaxt keçirmişdir ki, soyuq olmasın. Məhkəmədən kənar nə qədər cəhd eləsə də, heç bir nəticəsi olmamışdır. Ona görə də bu mübahisə ilə bağlı ilkin mərhələdə Mediasiya xidmətinə müraciət etmiş, lakin cavabdehlər, onlara göndərilən bildirişə baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişlər. Cavabdehlər iddiaçıya məxsus evdə onun mülkiyyətindən istifadə hüququnu məhdudlaşdırdıqlarından, hüquqları kobud surətdə pozulmuşdur. Onların həmin evdə yaşaması pozulmuş hüququnu daha da çətinləşdirir. İddiaçının mübahisəli yaşayış sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, iddiaçının həmin mənzilə gözlənilən mülkiyyət hüququ vardır. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ailələri ilə birgə Sumqayıt şəhəri, Beton zavodu üzrə 1 saylı “İnşaatçı” məhəllə komitəsinin əhatə etdiyi ərazidə yerləşən ev 610-dan birdəfəlik çıxarılması, cavabdehlər və onların ailə üzvləri tərəfindən boşaldılması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

5. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

6. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

7. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd olunmalıdır.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

9. İş materiallarında olan “İnşaatçı” 1 saylı məhəllə komitəsinin sədri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, 610 saylı fərdi yaşayış evi İddiaçı Sahib oğluna məxsusdur.

10. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsinin xx.xx.2023cü il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, Beton zavod ərazisi üzrə 1 saylı “İnşaatçı” 1 saylı məhəllə komitəsinin sədri tərəfindən təqdim edilmiş arayışa əsasən həmin ərazidə yerləşən 610 saylı fərdi yaşayış evi İddiaçı Sahib oğluna məxsusdur. 11.İş materiallarında olan xx.xx.2023-cü il tarixli MŞS/MT030/2023/00803 saylı İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan məlum olur ki, İddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

12. Beləliklə, göründüyü kimi tərəflər - ata və oğullarıdır. İddiaçının cavabdehlərin çıxarılmasını tələb etdiyi əmlak- Sumqayıt şəhəri, Beton zavodu üzrə 1 saylı “İnşaatçı” məhəllə komitəsinin əhatə etdiyi ərazidə yerləşən ev 610 özbaşına tikili olmaqla, hüquqmüəyyənedici sənədləri yoxdur, dövlət qeydiyyatına alınmamışdır. Eyni zamanda, tərəflər təsdiq etmişdir ki, onlar bir tikilidə yaşasalar da, sahələri biri digərindən ayrıdır. Yəni, tərəflər göstərilən tikilidə artıq uzun illərdir ki, istifadə qaydalarını özləri müəyyən etmişdilər.

c)Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

14. Göründüyü kimi iddiaçının mübahisələndirdiyi ev hüquqi statusuna görə özbaşına tikilidir və həmin evə dair hüquqlar daşınmaz əmlakın dövlət reyetrində qeydiyyatdan keçməmişdir.

15. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

16. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən mülkiyyətçi o şəxsə deyilir ki, o əmlak üzərində istifadə və sahiblik hüquqi ilə yanaşı həmin əmlak barəsində sərəncam vermək hüququna da malikdir.

17. Azərbaycan Respublikası Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

18. Həmin Məcəllənin 146.2-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

19. Məhkəmə qeyd edir ki, mübahisə predmeti daşınmaz əmlak olduğu üçün, qanunvericiliyin tələbinə əsasən həmin əmlak üzərində sərəncam vermək hüququnun həyata keçirilməsi üçün onun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda olması tələb olunur.

20. İddiaçı mübahisəli evdə yaşayır və onun həmin evdən istifadə etmək hüquqlarının olması mübahisəsizdir. Lakin iddiaçının həmin əmlakdan başqa şəxslərin istifadəsini qadağan (hazırki tələb üzrə cavabdehlərin həmin evdən çıxarılması onların həmin evdən istifadəsinə son qoyulmasına yönəlmişdir) etməsini tələb etmək üçün, həmin əmlaka ixtiyarı olmalıdır. Bu ixtiyar isə onun yalnız həmin əmlaka sərəncam vermək hüquqi ilə realizə oluna bilər. Lakin iddiaçının mübahisəli ev üzərində sərəncam vermək hüquqları olmadığı üçün, yəni iddiaçı mübahisəli ev üzərində ixtiyar sahibi olmadığı üçün, onun hazırki tələblə çıxış etməyə subyektiv hüququ yoxdur.

21. Belə ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququna malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.

22. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

23. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma tələbi”nə dair iddia tələbi təmin edilməməlidir.

24. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

25. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

27. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Nəticə hissəsi:

29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma tələbi”nə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar