Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4262/2025 14.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və evdən çıxarılma tələbinə dair mülki işə, Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05 iyun 2024cü il tarixli ilkin alqı-satqı müqaviləsinin ləğv edilməsi, müqavilənin şərtlərini pozduğuna görə cavabdeh tərəfindən fərdi evin boşaldılaraq iddiaçıya təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Yaşıl dərə yaşayış massivində 0,013 ha torpaq sahəsi mülkiyyət hüququ ilə ona məxsus olmuşdur. Razılaşmaya görə 0,013 ha torpaq sahəsini cavabdehin adına keçirmişdir. Hal-hazırda torpağın mülkiyyətçisi cavabdehdir. O, 05 iyun 2024-cü ildə cavabdehlə ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə görə mülkiyyətində olan 0,01 3 ha torpaq sahəsi və onun üzərində tikiləcək fərdi yaşayış evini 50000 manata “Alıcı” (hazırki iddia tələbi üzrə cavabdeh) Cavabdeh qızma verməyi öhdəsinə götürmüş, müqavilənin 2-ci bəndinə görə ümumulikdə 30000 manat olmaqla, 3 ay müddətinə cavabdeh ilkin olaraq 12000 (on iki min) manat, 2-ci ayda 10000 (on min) manat, 3-cü ayda isə 8000 (səkkiz min) manat ödəməli idi. Razılaşmaya görə fərdi ev 3 ay müddətinə tikilib istifadəyə verilməli idi. Müqavilənin 4-cü bəndinə görə yerdə qalan 20000 manatı 40 ay müddətinə, hər ay 500 (beş yüz) manat olmaqla alıcı satıcıya ödəməli idi. Müqaviləyə görə alıcı tərəfindən ödəniş satıcının kart hesabına edilməli idi. Həmçinin tərəflər razılaşmışlar ki, alıcıya məxsus Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ünvanında yerləşən ticarət köşkü 20000 manat ödənilənədək satıcının girovlıığuna verilməli idi. Həmin məbləğ ödənildikdən sonra ticarət köşkü girovluqdan azad ediləcəkdir. Cavabdehlə razılaşmaya görə o, həmin torpaq sahəsində 2 mərtəbəli, hər mərtəbəsində 3 otaq (1-ci mərtəbə təmirsiz, 2-ci mərtəbə isə tam təmirli olmaq şərti ilə) fərdi ev tikmişdir. Cavabdeh ona ilkin olaraq 12000 manat, daha sonra 10000 manat ödənişi vaxtında etmişdir. Sonuncu 8000 manatı 3 ay gecikmə ilə ödəmişdir. Hər ay ödəməli olduğu 500 manatı isə ödəməmişdir. Həmçinin ticarət köşkünü satıb ona 5000 manat ödəməli idi. Lakin cavabdeh köşkü satmamış, aylıq ödənişləri etməmişdir. Hazırki tarixdə cavabdeh ona 33500 manat (24500 manat + 4500 manat dəyərində avtomaşın + 4500 nəğd pul) ödəmişdir. Cavabdeh tərəfindən qeyd olunan məbləğ ona 3 ay müddətinə ödənilməli olduğu halda, 6 aydan artıq müddətə ödənilmişdir. Bu səbəbdən də o, fərdi evi gec tikib cavabdehə vermişdir. Cavabdeh fərdi evdə təqribən 3500 manat dəyərində təmir işləri aparmışdır. Cavabdehin hal-hazırda ona 13000 manat borcu vardır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. O, əlavə etdi ki, cavabdeh ona cəmi 33500 manatı 6 aya ödəmişdir. Hazırda onun 13000 manat borcu qalıb. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd edilməsini xahiş etdi. O, qeyd etdi ki, iddiaçı müqavilə üzrə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Evin bəzi inşaat işlərini və təmirini özü etmişdir. Əgər iddiaçı ona normal şəraitli evi təhvil versə idi, müqavilədəki bütün öhdəliklərini yerinə yetirərdi. Hazırki vaxta kimi iddiaçıya 35500 manat vəsait ödənilmişdir. Məhkəmə iclasında şahid kimi dindirilən X1 göstərdi ki, həqiqətən də tərəflər arasında xx.xx.2024-cü il tarixli ilkin alqı-satqı müqaviləsi imzalanmış və orada o da iştirak etmişdir. Cavabdeh qeyd edir ki, evin inşası başa çatmamışdır, iddiaçı isə qeyd edir ki, pul ona tam verilməmişdir. Bu barədə cavabdeh ilə danışsa da, ondan nə qədər borcu qaldığını müəyyənləşdirə bilməmişdir. Mübahisə yarandıqdan sonra cavabdeh tərəf iddiaçını mübahisəli evdən qovmuşlar. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2024-cü il tarixli ilkin alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı mülkiyyətində olan 0,013 ha torpaq sahəsi və onun üzərində tikəcəyi fərdi yaşayış evini 50000 manata Cavabdeh mülkiyyətinə verməyi öhdəsinə götürür. İlkin olaraq 30000 manat 3 ay müddətinə (ilkin olaraq 12000 manat, sonrakı ayda 10000 manat, 3-cü ay 8000 manat) satıcıya alıcı tərəfindən ödəniləcəkdir. Tərəflər razılaşır ki, fərdi ev 3 ay müddətinə tikilib istifadəyə veriləcəkdir. Tərəflər razılaşır ki, yerə qalan 20000 manatı alıcı satıcıya hər ay 500 manat ödəməklə, 40 ay müddətinə kart hesabına ödəyəcəkdir. Tərəflər razılaşır ki, alıcıya məxsus olan Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ünvanında yerləşən ticarət köşkü 20000 manat ödənilənədək satıcının girovluğuna verilir. 20000 manat ödənildikdən sonra ticarət köşkü girovluqdan azad edilir. 20000 manat qoyulmuş girov satıcı tərəfindən vaxtından əvvəl satıldığı halda, satıcı alıcıya 5000 manat ödəməyi öhdəsinə götürür, 20000 manat borcun hesabına. Bu müqavilə notarial qaydada təsdiq edilməmişdir. - xx.xx.2024-cü il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0,0129 ha torpaq sahəsindəki 123,60 kv.metrlik fərdi yaşayış evi Cavabdeh adına qeydə alınmışdır. Onun adına xx.xx.2024-cü il tarixli texniki pasport tərtib edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ünvan 2 ünvanında yerləşən və mülkiyyətində olan 0,013 ha torpaq sahəsi üzərində tikəcəyi fərdi yaşayış evini 50000 manata Cavabdeh mülkiyyətinə verməyi öhdəsinə götürmüş, bu barədə tərəflər arasında müqavilə imzalanmışdır. Müqaviləyə görə ilkin olaraq 30000 manat 3 ay müddətinə (həmin gün 12000 manat, sonrakı ayda 10000 manat, 3-cü ay 8000 manat satıcıya alıcı tərəfindən ödəniləcəkdir. Tərəflər razılaşmışlar ki, fərdi ev 3 ay müddətinə tikilib istifadəyə veriləcək, qalan 20000 manatı alıcı satıcıya hər ay 500 manat olmaqla, 40 ay müddətinə kart hesabına ödəyəcəkdir. Tərəflər razılaşmışlar ki, alıcıya məxsus olan Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ünvanında yerləşən ticarət köşkü 20000 manat ödənilənədək satıcının girovluğuna verilir. 20000 manat ödənildikdən sonra ticarət köşkü girovluqdan azad edilir. 20000 manat qoyulmuş girov satıcı tərəfindən vaxtından əvvəl satıldığı halda, satıcı alıcıya 5000 manat ödəməyi öhdəsinə götürür, 20000 manat borcun hesabına. Bu müqavilə notarial qaydada təsdiq edilməmişdir. Qüvvədə olan mülki qanunvericiliyə görə hər hansı daşınmaz əmlakla bağlı müqavilələr notarial qaydada təsdiq olunmalıdır. İşdən isə görünür ki, tərəflər qanunun bu tələbinə əməl etməmiş, öz aralarında sadə yazılı formada müqavilə tərtib etmiş və onu icra etməyə başlamışlar. Məhkəmə qeyd edir ki, təqdim edilmiş xx.xx.2024-cü il tarixli ilkin alqısatqı müqaviləsi notarial qaydada təqsdiq edilmədiyindən heç bir hüquqi qüvvəyə malik deyildir. Bununla belə, tərəflər arasında öhdəlik və münasibətlər bu əqdlə yarandığından məhkəmə mübahisə üzrə aşağıdakıları qeyd edir. Məhkəmə ilk öncə qeyd edir ki, əqdin ləğv edilməsi və onun etibarsız hesab olunması fərqli institutlardır və fərqli nəticələrə səbəb olur. Belə ki, Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Həmin Məcəllənin 402.2-ci maddəsinə görə ilkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. Həmin Məcəllənin 406.1-ci maddəsinə görə müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Qaldırılmış iddianın ilk tələbi tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli ilkin alqı-satqı müqaviləsinin ləğvi barədədir. Yuxarıda da qeyd olunduğu kimi, bu əqd notarial qaydada təsdiq edilmədiyindən bağlandığı andan etibarsızdır və onun ləğv edilməsinə zərurət yoxdur. Mülki Məcəllənin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 646.1-ci maddəsinə görə daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 647-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir. Mübahisənin mahiyyətindən görünür ki, o, əslində ödənişin vaxtında və tam ödənilməməsindən yaranmışdır. Tərəflərin razılaşması üzrə ödəniş təqdim edilmiş müqavilə üzrə ümumilikdə 50000 manat təşkil etmişdir. Məhkəmə iclasında iddiaçı tərəf bunun 33500 manat hissəsinin, cavabdeh tərəf isə 35500 manat hissəsinin verildiyini bildirmişdir, yəni ödənilmiş məbləğlər arasında fərqlilik mövcuddur. Cavabdeh ödənişin tam ödənilmədiyini iddiaçının üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməməsi ilə, İddiaçı isə ödəniş ödənilmədiyindən evi normal şəraitdə təhvil verə bilməməsi ilə izah etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflərin hər ikisi razılaşmaya tam əməl etməmişlər. Bununla belə, işdə olan xx.xx.2024-cü il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0,0129 ha torpaq sahəsindəki 123,60 kv.metrlik fərdi yaşayış evi artıq Cavabdeh adına qeydə alınmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, hazırda notarial qaydada təsdiq edilməmiş xx.xx.2024-cü il tarixli ilkin alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə tələb öz əhəmiyyətini itirmişdir və təmin edilməməlidir. İddiaçı pozulmuş hüquqlarını bu cür tələblə deyil, cavabdehə qarşı pul tələbi vasitəsilə bərpa edə bilər. Qeyd edildiyi kimi, mübahisəli əmlak artıq xx.xx.2024-cü il tarixdən cavabdehin mülkiyyətindədir və onun adına olna reyestrdən çıxarış hazırda qüvvədədir. Buna görə də cavabdehin bu daşınmaz əmlakdan çıxarılması barədə tələb təmin edilə bilməz və mülkiyyətin toxunulmazlığı prinsipinə ziddir. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Beləliklə də, göstərilən hallara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və evdən çıxarılma tələbinə dair iddiası əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və evdən çıxarılma tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov
Məhkəmə qərarları › İş №2(060)-4262/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4262/2025
14.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver