Məhkəmə qərarları › İş №2(060)-4265/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4265/2025

21.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4265/2025 21.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs 1 saylı Sumqayıt regional “ASAN” xidmət mərkəzi qeydiyyat şöbəsi olmaqla doğum haqqında akt qeydinin bərpa edilməsi tələbinə dair iş üzrə (açar sözlər: doğum faktı) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt regional “ASAN” xidmət mərkəzi qeydiyyat şöbəsi olmaqla doğum haqqında akt qeydinin bərpa edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) tələb

1. Ərizəçi ərizə, daha sonra tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 21 fevral 2024-cü ildə vəfat etmiş mərhum həyat yoldaşı Hacıyeva (Paşayeva) Cəvahir Qasım qızının 10 fevral 1950-ci ildə Ermənistan SSRİ, Sisian (Qarakilsə) rayonunda doğumunun qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, X6 onun həyat yoldaşı olmuşdur. Cəvahir Hacıyeva xx.xx.1950-ci ildə Ermənistan Respublikası Sisian rayonunda (hazırda adı Qarakilsə) anadan olmuşdur. O, Cəvahir Hacıyeva ilə 13 may 1969-cu ildə nikaha girmişdir. Birgə nikahdan xx.xx.1979-cu ildə X11 anadan olmuşdur. Həyat yoldaşı Cəvahir Hacıyeva xx.xx.2024-cü ildə vəfat etmişdir. Bunu işə əlavə etdiyi ölüm haqqında şəhadətnamə təsdiq edir. Mərhum həyat yoldaşının doğum haqqında şəhadətnaməsi Ermənistan Respublikasının Qarakilsə rayonunda qalmışdır. Məlum səbəblərdən mərhum həyat yoldaşının doğumunu təsdiq edən arxiv sənədlərini ala bilmir. Mərhumun doğum haqqında akt qeydinin bərpası məqsədilə 1 saylı Sumqayıt regional “ASAN» xidmət mərkəzi qeydiyyat şöbəsinə müraciət etmişdir. Maraqlı tərəf özünün xx.xx.2025-ci il tarixli imtina məktubu ilə doğum haqqında akt qeydinin bərpa edilməsi məqsədilə məhkəməyə müraciət etməyi ona tövsiyə etmişdir. Mərhumun vəfatı tarixinə mülkiyyətində ünvan 1 olmuşdur. Həmin əmlakı vərəsəlik qaydasında qəbul etmək üçün mərhumun həyat yoldaşının doğum haqqında şəhadətnaməsi tələb edilir. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

b) tələbə qarşı etiraz

3. Tələbə qarşı etiraz daxil olmamışdır.

c) məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizəsini müdafiə etdiyini qeyd etdi. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, həyat yoldaşı xx.xx.1950-ci ildə anadan olmuş və təxminən 1 il əvvəl vəfat etmişdir. Hazırkı faktın təsdiqi ona yoldaşından qalmış evi öz adına keçirmək, daha sonra nəvəsinə bağışlamaq üçün lazımdır. Ərizəçi qeyd edilənlərə əsasən ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi.

5. Maraqlı şəxs 1 saylı Sumqayıt regional “ASAN” xidmət mərkəzi qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5ifadəsində bildirmişdir ki, Ərizəçi bacısının yoldaşıdır. X1 ondan 7 yaş böyük olmuşdur. Bacısı da Ermənistan SSRİ, Sisian (Qarakilsə) rayonunda anadan olmuşdur. Bacısının doğum tarixini dəqiq xatırlamır.

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, X1 1950-ci ildə anadan olmuşdur. Ondan 11 yaş böyükdür. Bacısının qızlıq soyadı Paşayeva olmuşdur. Bacısı keçən il vəfat etmişdir.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, X6 onun anasıdır. Anası 1950-ci ilin fevral ayında anadan olmuş, keçən il vəfat etmişdir. Əsaslandırıcı hissə:

a) mülki işin materialları:

9. Əslinə baxmaqla tədqiq edilmiş İ-ЗЖ seriyalı, 238321 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi və X7 arasında bağlanmış nikah xx.xx.1969-cu il tarixdə Ermənistan Respublikası Sisian rayonu Sofulu kənd sovetliyində 8 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Hacıyeva soyadı verilmişdir.

10. Əslinə baxmaqla tədqiq edilmiş Vİ-ЖГ seriyalı, 378576 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.1979-cu ildə Naxçıvan şəhərində doğulmuşdur. Atası Ərizəçi, anası X4r.

11. Əslinə baxmaqla tədqiq edilmiş AZ-İİ seriyalı, 404358 nömrəsli ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2024-cü ildə Sumqayıt şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü ildə 98 nömrə ilə qeydə alınmışdır.

12. AZE seriyalı, 09820359 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1950-ci ildə Ermənistan Respublikası Sisian rayonunda doğulmuş və ünvan 1 ünvanında qeydiyyatda olmuşdur.

13. 1 saylı Sumqayıt regional "ASAN" xidmət mərkəzi qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16-5/8-12xx-xx/2025 nömrəli məktubundan görünür ki, itmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadığından Ərizəçi Aqil oğluna mərhum həyat yoldaşının doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir.

14. RX seriyalı, ******* nömrəli çıxarışdan surətindən görünür ki, Sumqayıt şəhəri, 8ci mikrorayon, ev 10V ünvanında yerləşən 1 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə X2 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2012-ci il tarixdə qeydə alınmışdır.

a) mülki iş üzrə tətbiq edilən hüquq:

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında; Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

16. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli, 03 nömrəli Qərarı: “4. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.1. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.”

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar: “14. İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.”

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

b) məhkəmənin mövqeyi

19. Məhkəmə ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir.

20. İddia ərizəsinə əlavə edilən və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, mərhum X2 şəxsiyyətini təsdiq edən sənədi olmuşdur. Belə ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, X6 10 fevral 1950-ci il tarixdə Ermənistanın Sisian rayonunda doğulmuş, xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Bundan başqa mərhum X2 doğum akt qeydinin bərpası ilə bağlı 1 saylı Sumqayıt regional “ASAN” xidmət mərkəzinin qeydiyyat şöbəsinə müraciət edilmiş, lakin ərizəçiyə xx.xx.2025-ci il tarixli məktubla bildirilmişdir ki, doğum akt qeydinin həqiqətən olduğunu təsdiq edən sənəd (doğum haqqında şəhadətnamə) təqdim olunmadığından doğum faktı müəyyən edilməmişdir.

21. İşin hallarından göründüyü kimi ərizəçinin mərhum həyat yoldaşının doğumu barədə müvafiq qeyd əvvəllər mövcud olmuşdur, çünki şəxsiyyət vəsiqəsində ərizəçinin doğum tarixi və yeri barədə məlumatlar əks olunmuşdur. Ərizəçi mərhum həyat yoldaşının doğum qeydi ilə bağlı müvafiq orqana müraciət etsə də, arxiv məlumatları olmadığından bərpa etmək mümkün olmamışdır. Ərizəçinin mərhum həyat yoldaşının doğum qeydinin bərpası başqa qaydada mümkün deyildir.

22. Odur ki, X2 doğum akt qeydi bərpa edilməli, Hacıyeva (Paşayeva) Cəvahir Qasım qızının xx.xx.1950-ci il tarixdə Ermənistanın Sisian rayonunda doğulması barədə doğumunun qeyd edilmə faktı müəyyən edilməlidir. Nəticə hissəsi:

23. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

Ərizə təmin edilsin. xx.xx.2024-cü il tarixdə vəfat etmiş Hacıyeva (Paşayeva) Cəvahir Qasım qızının xx.xx.1950-ci il tarixdə Ermənistanın Sisian (Qarakilsə) rayonunda doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Doğum haqqında akt qeydləri kitabında X3 doğum tarixi xx.xx.1950-ci il, doğulduğu yer Ermənistan, Sisian (Qarakilsə) rayonu kimi məlumatlar göstərilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X3 adına göstərilən məlumatlar əsasında yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Pərvin İmamverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar