Məhkəmə qərarları › İş №2(060)-4282/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4282/2022

07.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4282/2022 07.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı, Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, müəyyən etdi: Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxx 1963-cü ildə Ermənistan SSR, Yeğeqnadzor rayonu, Ağkənd kəndində doğulması, atasının X1, anasının isə X2 olmasına dair doğumun qeyd edilmə faktının müəyyən olunması və doğum haqqında akt qeydinin bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, daxil olmuş işin materiallarını araşdıraraq hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş P55 ******* nömrəli passportun surətindən görünür ki, Ərizəçi Rusiya Federasiyasının vətəndaşıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin dördüncü bölməsi xarici şəxslərin iştirakı ilə icraat, 46-cı fəsli isə məhkəmələrin beynəlxalq səlahiyyətlərini tənzimləyir. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri xüsusi icraat işlərinə aşağıdakı hallarda baxırlar: 445.0.1. barəsində itkin düşmüş hesab edilmə və yaxud ölmüş elan etmə haqqında məsələ qaldırılan şəxs Azərbaycan Respublikasının vətəndaşı olmuşsa və yaxud Azərbaycan Respublikasının ərazisində sonuncu məlum yaşayış yerinə malik olmuşsa; 445.0.2. barəsində məhdud fəaliyyət qabiliyyətli hesab edilmə haqqında məsələ qaldırılan şəxs Azərbaycan Respublikasının vətəndaşı olduqda, yaxud o, Azərbaycan Respublikasının ərazisində adətən yerləşdiyi yerə malik olduqda; 445.0.3. barəsində sahibsiz hesab etmə haqqında ərizə verilən əşya Azərbaycan Respublikasının ərazisində olduqda; 445.0.4. barəsində itirilmiş hesab edilməsi haqqında və üzərindəki müvafiq hüquqların bərpa edilməsi (çağırış icraatı) haqqında ərizə verilmiş qiymətli kağız Azərbaycan Respublikasının ərazisində yaşayan və ya olan fiziki və ya hüquqi şəxs tərəfindən verildikdə; 445.0.5. barəsində yanlışlıqların müəyyən edilməsi haqqında ərizə verilən vətəndaşlıq vəziyyəti aktlarının qeydləri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirildikdə; 445.0.6. şikayət edilən notarial hərəkətlər (onların edilməsindən imtina) Azərbaycan Respublikasının notariusu və ya digər orqanı tərəfindən edildikdə. Göründüyü kimi xarici şəxslərin iştirakı ilə olan doğum faktının müəyyən edilməsi tələbinə dair xüsusi icraat işlərinə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən baxılması mülki-prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizənin qəbul olunmasından imtina olunmalı və məhkəməyə təqdim olunmuş bütün sənədlər rəsmi qaydada ərizəçiyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunmalıdır ki, iş məhkəmədə baxılmalı olmadıqda iddia tələbinin tam və ya qismən yolverilməzliyini nəzərdə tutan bu institut bir sıra mühüm məqsədlərə xidmət edir. Belə ki, məhkəmədə baxılmalı olmayan iddia ərizələrinin yolverilməzliyi və ya artıq icraata qəbul edilmiş işlərə xitam verilməsi faktiki olaraq mübahisəli hüquq münasibətinin hələ yaranmadığı və məhkəmədən kənar baxılmalı olan işlərlə məhkəmələrin lüzumsuz yüklənməsinin qarşısını alır. Bu institut, eyni zamanda, tərəflərin öz aralarında olan mübahisəli məsələləri həll etmək üçün malik olduqları daha geniş imkanlardan səmərəli istifadə etməsinə şərait yaradır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 149, 150, 153, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin və ərizəyə əlavə olunmuş bütün sənədlər rəsmi qaydada iddiaçıya təqdim olunsun. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətinə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıvediyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar