Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4283/2022 21.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Cavabdehnın iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın bağlandığı vaxtdan etibarsız hesab edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında xx.xx.2022-ci il tarixində bağlanmış və 233 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə xx.xx.2022-ci il tarixində rəsmi nikah bağlamışdır. Nikahdan övladları yoxdur. İddiaçının cavabdehlə həqiqi nikaha daxil olmaq fikri olmayıb və nikahları formal xarakter daşıyıb. Cavabdehin də onunla ailə qurmaq fikri olmayıb. Onların touu da olmamışdır. Nikaha daxil olmaqda məqsədləri cavabdehə ev verilməsi olub. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək öz etirazını onunla əsaslandırmışdır ki, tərəflər qohumların məsləhəti ilə ailə qurmaq niyyəti ilə tanış olublar. xx.xx.2021-ci il tarixində iddiaçının atası evində elçilik olub, xx.xx.2021-ci il tarixində isə Gəncə şəhərində nişan mərasimi keçirilmişdir. Cavabdeh toyun bu ilin yanvar ayında olmasını planlaşdırırdı. xx.xx.2022-ci il tarixində nigahları qeydə alınmışdır. Nişandan sonra tərəflər tez-tez, demək olar ki, hər gün bir yerdə olurdular. İddiaçı Sumqayıt şəhərində Sumqayıt Dövlət Universitetində təhsil alırdı. Cavabdeh onun bütün xərclərini ödəyirdi. Nişanlı vaxtı və nigah bağlanandan sonra aralarında dəfələrlə söz-söhbət olmuşdu. Bu da iddiaçının açıqsaçıq geyimi və telefonda çılpaq kişilərin şəkillərə və videolara baxdığını, cavabdehin dəfələrlə onun digər şəxlərlə whatshapp, facebook yazışmalarını aşkar etməyi, ümumiyyətlə, cəmiyyətdə özünün qeyri-etik, mentalitetimizə yaraşmayan davranışı ilə əlaqədar olub. Hər dəfə cavbdehin bununla bağlı ona irad tutmağına baxmayaraq bir az keçən kimi yenə də həmin lərəkətləri təkrarlayırdı və bunu “müasirlik” adlandırırdı. Mənzil alınması ilə bağlı iddia ərizəsində göstərilənlərə gəldikdə qeyd edilməlidir ki, hərbi qulluqçulara 20 ildən sonra qüsursuz xidmətə görə mənzil verirlər. Cavabdeh cəmi 11 ildir hərbi xidmətdədir. Belə çıxır iddiaçı onunla 9 il saxta nigahda qalmaq fikrində imiş. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh bildirdi ki, onların məqsədi ailə qurmaq olub. İddiaçı nikahın etibarsızlığını tələb edirsə o, buna etiraz etmir. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.2003-cü ildə anadan olmuş, ünvan 1 ünvanında yaşayır. Cavabdeh isə xx.xx.1994-cü ildə anadan olmuşdur. O, ünvan 2 ünvanında yaşayır. 047114 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı ilə cavabdeh arasında nikah xx.xx.2022-ci il tarixində bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə və arvada Hüseynzadə soyadı verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən bu məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Nikah məhkəmə qaydasında etibarsız sayılır (25.2). Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır (25.4). Qeyd edilən normaların məzmunundan göründüyü kimi nikahın etibarsız sayılması üçün Ailə Məcəlləsinin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulmuş olmalı, yaxud da tərəflərdən biri və ya hər ikisi ailə qurmaq niyyəti olmadan nikaha daxil olmalıdırlar. Ailə Məcəlləsində həmçinin göstərilir ki, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur (10.1). Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, bu Məcəllənin 13.3-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir (11.1). Aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir: yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar); övladlığa götürənlər və övladlığa götürülənlər; ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər; tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən şəxslər; ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər (12). İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında nikah bağlanarkən Ailə Məcəlləsinin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş qaydaların hər hansı biri pozulmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, tərəflər arasında nikahın etibarsız hesab edilməsi üçün hər hansı əsas mövcud deyildir. İddiaçı cavabdehlə ailə qurmaq niyyəti olmadan nikaha daxil olduğunu iddia ərizəsində göstərsə də öz mövqeyini əsaslandıra bilməmişdir. Belə ki, iddia ərizəsində iddiaçı cavabdehə hərbçi kimi ev verilməsi üçün onunla nikaha daxil olduğunu bildirir. Məhkəmə hesab edir ki, bu hal həqiqət olmuş olsa belə, bu sadəcə tərəflər arasında erkən nikahın (el adəti ilə toy mərasimi keçirilmədən) bağlanmasına səbəb olmuşdur. Yəni, toya qədər müəyyən sənədləşmə işlərinin həyata keçirilməsi üçün tərəflər erkən nikaha daxil ola bilərlər. Lakin, iddiaçının özünün, o cümlədən cavabdehin məhkəmə iclasında verdiyi izahatlarla tərəflərin həqiqi niyyətinin məhz ailə qurmaq olması və sonradan münasiblərinin pozulması səbəbindən bunun mümkün olmadığı müəyyən edilmişdir. Cavabdeh məhkəmə iclasında iddia ilə razı olduğunu bildirsə də, məhkəmə həmin etirafı qəbul etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Göründüyü kimi nikahın etibarsız hesab edilməsi üçün qanunda konkret hallar göstərilmişdir. Hazırkı iş üzrə isə belə halların hər hansı mövcud deyildir. Bu səbəbdən iddia əsaslı sayıla və təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-4283/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4283/2022
21.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver