Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4293/2021 10.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh2nə qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh2 Sumqayıt Bulvar 2-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, payçı müqaviləsi əsasında Cavabdeh2 Sumqayıt filialı tərəfindən tikintinin gec başa çatdırılmasına görə 1200 manat kirayə pulunun və müqavilə öhdəliklərinin vaxtında həyata keçirilməməsinə görə 5000 manat pulun, ümumilikdə 6200 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçının razılığı ilə Cavabdeh2 Sumqayıt Bulvar 2 əsl Cavabdeh2 ilə əvəz edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 07.05.2020-ci il tarixdə onunla cavabdeh MTK-nın Sumqayıt filialının direktoru X1 arasında №0000299 saylı “payçı” müqaviləsi bağlanmışdır. Müqavilə predmetinin 1.1-ci maddəsinə əsasən cavabdeh Sumqayıt şəhəri, Bulvar 2 ərazisində inşa edilmiş 1-ci bina, 6-cı blok, 5-ci mərtəbə, 30№li 2 otaqlı mənzili tikib, onun mülkiyyətinə vermə öhdəliyini üzərinə götürür. Müqavilənin 3.2-ci maddəsinə əsasən cavabdeh binanın təməli qoyulduğu andan 12 ay müddətinə mənzili təmir edib təhvil vermək öhdəliyini üzərinə götürmüşdür. Müqavilə bağlanan zaman filialın direktoru binanın təməlinin 2019-cu ilin dekabr ayı ərzində qoyulduğunu və 2020-ci ilin dekabr ayında təhvil veriləcəyini bildirmişdir. Lakin hazırda sözügedən binada təmir işləri yekunlaşmamış və payçılar, həmçinin o, binaya köçürülməmişdir. Hazırda ailə üzvləri ilə birlikdə ərizədə qeyd etdiyi ünvanda kirayə qalır və hər ay 300 manat kirayə haqqı ödəyir. Qeyd edilən mənzilə köçürülmə vaxtı 4 ay ləngimiş, bu isə onun əlavə 1200 manat kirayə pulu ödəməsinə səbəb olmuşdur. Bu isə maddi vəziyyətinin pisləşməsinə əsasdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi. Əlavə olaraq göstərdi ki, cavabdeh tərəfindən müqavilə öhdəliyi pozularaq 2020-ci ilin dekabr ayına təhvil verilməsi razılaşdırılmış mənzilə 2021-ci ilin may ayında köçə bilmişdir. Həmin ləngimə cavabdehin səhlənkarlığı və süründürməçiliyi ilə əlaqədardır. Bununla bağlı qurumun aidiyyatı şəxslərinə müraciət etsə də, müxtəlif bəhanələrlə öhdəliyin icrasını gecikdirməkdə davam etmişlər. Hazırda da mənzil təhvil verilməsinə baxmayaraq, hələ də bina tikinti şəraitindədir, eyni zamanda mənzil təhvil verilərkən qaz xətti qoşulmamış, bu səbəbdən bir müddət qaz təchizatından məhrum olmuşlar. Mənzil vaxtında təhvil verilmədiyi üçün 4 ay kirayədə qalmış və buna görə 1200 manat məbləğində xərc çəkmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində o həmin müddət ərzində mənəvi sarsıntı keçirdiyi üçün hesab edir ki, mənəvi ziyanın əvəzi olaraq 5000 manat onun xeyrinə tutulmalıdır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdehin nümayəndəsi Salman Əliyev məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək ərizədə göstərmişdir ki, iddia tələbi tamamilə ziddiyətlidir. Hər kəsə məlum olan bir haldır ki, ölkədə baş verən pandemiya ilə əlaqədar olaraq iş yerləri AR Nazirlər Kabinetinin qərarı əsasında müəyyən dövrlər üzrə dayandırılmış, həmçinin işçilərin sayı məhdudlaşdırılmışdır. Bundan başqa MTK-nın anbarında yanğın hadisəsi baş vermiş və MTK-nın xaricdən idxal etdiyi çox sayda tikinti materialları yanmışdır. Bütün bu fors major hallarının baş verməsinə baxmayaraq, MTK həmin binanı inşa edib və 2021-ci ilin mart ayının əvvəlindən etibarən sakinlərin istifadəsinə vermişdir. Həmçinin iddiaçının mənzili də 2021-ci ilin mart ayının əvvəlindən etibarən istifadəyə hazır vəziyyətə gətirilərək ona təhvil verilib. Lakin o, müxtəlif bəhanələr gətirərək mənzilə köçmür və qərəzli olaraq MTK-ya qarşı məhkəmədə əsassız iddialar irəli sürür. Odur ki, göstərilənlərin nəzərə alınaraq iddianın rədd edilməsini xahiş edirlər. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarına əlavə edilmiş tərəflər arasında 07 may 2020-ci il tarixdə bağlanmış Payçı müqaviləsindən görünür ki, MTK pay qismində çıxış edən Sumqayıt şəhəri bulvar 2 ərazisində inşa edilmiş 1-ci bina, 6-cı blok, 5-ci mərtəbə, 30 nömrəli, 2 otaqlı mənzili tikib və payçının mülkiyyətinə verməyi öhdəsinə götürür. MTK müqavilədə göstərilən bütün şərtləri icra edib, binanın bünövrəsi qoyulduqdan sonra 12 ay müddətində payçıya mənzili təmir edib təvil verməyi öz öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki prosessual qanunvericiliyin tələblərinə görə hər bir tərəf istinad etdiyi halları məhkəmədə sübuta yetirmək vəzifəsi daşıyır. Bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür və təqdim edilən sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan irəli gəlməlidir. İddiaçı iddianın əsası olaraq cavabdeh təşkilatın məsuliyyətsizliyi və süründürməçiliyinə görə payçı müqaviləsi üzrə öhdəliyin gecikdirilərək müqavilədə göstərilən müddətdən xeyli vaxt sonra qeyd edilən mənzilin təhvil verildiyini, bu səbəbdən maddi və mənəvi zərərə məruz qaldığını iddia edir. Məhkəmə sübutetmə yükü iddia edənin üzərinə düşür prinsipinə əsaslanaraq hesab edir ki, iddiaçı iddia tələbini məhkəmədə sübuta yetirə bilmədi. Belə ki, iddiaçının iddia tələbinin əsası olaraq göstərdikləri yalnız özünün şifahi göstərdiklərindən ibarət olmaqla heç bir sübuta əsaslanmır. İddiaçı tərəfindən həmin binanın 2020-ci ilin dekabr ayında təhvil verilməli olduğu göstəriləsə də, həmin halı təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, iddiaçı cavabdehin təqsiri nəticəsində 1200 manat kirayə haqqı ödəməklə maddi zərərə məruz qaldığını iddia etsə də, iddianın əsası olaraq sübutlar – kirayə müqaviləsi, kirayə haqqının ödənilməsi təsdiq edən ödəniş qəbzləri və s. məhkəməyə təqdim etməmişdir. Məhkəmə habelə mənəvi zərərin ödənilməsi hissəsində iddia tələbini əsassız hesab edir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli, 7 №-li qərarında Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir”. Göründüyü kimi mənəvi zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin təmin edilməsi üçün zərərçəkənin, yəni hazırki iş üzrə iddiaçının şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqları və ya əmlak hüquqlarının cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi ilə pozulması, bu pozuntu nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi tələb olunur. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Plenum eləcə də izah etmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması...., anlaşılır. Qeyd edilən Plenum qərarında həmçinin göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Məhkəmə araşdırması zamanı cavabdehin təqsiri, iddiaçıya qarşı qeyri-hüquqi hərəkət və ya hərəkətsizliyi öz təsdiqini tapmadı. Belə olan halda məhkəmə iddiaçının cavabdehə qarşı mənəvi zərərin ödənilməsi ilə bağlı tələbini əsaslı hesab etmir. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Məhkəmə ədalət mühakiməsini tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirərək, məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktları hərtərəfli, tam və qərəzsiz məcmu halda tədqiq edərək bu nəticəyə gəlir ki, iddia sübut yetirilmədiyindən rədd edilməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu MPM-nin 119-cu maddəsinə əsasən iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh2nə qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-4293/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4293/2021
10.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver