Məhkəmə qərarları › İş №2(060)-4300/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4300/2021

31.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4300/2021 31.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Sumqayıt şəhər Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində işə cəlb etməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Sumqayıt şəhər Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində işə cəlb etməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək onun 10 sentyabr 1963-cü ildə Ermənistan, Krasnoselo rayonu, Cıvıxlı kəndində doğumunun qeyd edilmə faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamədə ata qrafasında X11, ana qrafasında isə X7 qeyd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbi onunla əsaslandırmışdır ki, o, 10 sentyabr 1963-cü ildə Ermənistan, Krasnoselo rayonu, Cıvıxlı kəndində anadan olmuşdur. X4 1928-ci ildə Ermənistan, Krasnoselo rayonu, Gölkənd kəndində anadan olmuş və 28.07.2004-cü il tarixdə rəhmətə getmişdir. X2 1933-cü ildə Ermənistan, Krasnoselo rayonu, Cıvıxlı kəndində anadan olmuş və 13.05.2020-ci il tarixdə rəhmətə getmişdir. X1 və X6 doğum haqqında şəhadətnaməsi vardır. Onun doğumu da Ermənistan, Krasnoselo rayonu, Cıvıxlı kəndində qeydə alınmış, ata qrafasında X11, ana qrafasında isə X7 qeyd olunmuşdur. Məlum hadisələrlə əlaqədar Ermənistandan Azərbaycan Respublikasına gəlmişlər, Azərbaycana Respublikasına gələrkən doğum haqqında şəhadətnaməmin əslini itirmişdir. Doğum haqqında şəhadətnamə almaq üçün Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə müraciət etsə də, Qeydiyyat Şöbəsi onun doğumu Ermənistan Respublikasında qeydə alındığından Sumqayıt şəhər Qeydiyyat Şöbəsi doğum akt qeydini bərpa etməkdən imtina etmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, o, Rusiya Federasiyasının vətəndaşıdır. Azərbaycan Respublikasına gələrkən müvəqqəti qeydiyyata götürülmüşdür. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, ərizəçi onun doğma qardaşıdır. Ərizəçi 10 sentyabr 1963-cü ildə Ermənistan, Krasnoselo rayonu, Cıvıxlı kəndində doğulmuşdur. Onlar ailədə dörd övlad olmuşlar, ərizəçi ailənin sonuncu övladıdır. Valideynlərinin hər ikisi vəfat etmişlər. Sumqayıt şəhərində anasına məxsus əmlak olmuş, anası öldükdən sonra miras qalmış əmlakı Ərizəçi vərəsə kimi qəbul etmək istəyir, lakin doğum şəhadətnaməsi olmadığından mirası qəbul edə bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində, ərizəçi qayınıdır, Ərizəçi onun ərinin qardaşıdır. Ərizəçi 10 sentyabr 1963-cü ildə Ermənistan, Krasnoselo rayonu, Cıvıxlı kəndində doğulub. Ərizəçinin valideynləri -X4 və anası X10 olmuşdur. Onlar hər ikisi vəfat edib. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Rusiya Federasiyasının P seriyalı 76 ******* nömrəli pasportundan görünür ki, Ərizəçi Rusiya Federasiyasının vətəndaşıdır. Məhkəmə hesab edir ki, hazırki ərizənin həlli ilə bağlı Azərbaycan Respublikası MPM-nin 4-cü bölməsinin (xarici şəxslərin iştirakı ilə icraat) müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 439.1-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların (bundan sonra—xarici şəxslər) pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır. Bununla yanaşı məhkəmə hesab edir ki, baxış predmeti olan hazırkı tələb özözlüyündə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 445-ci maddəsində əks olunmuş xarici şəxslərin iştirakı ilə olan xüsusi icraat işləri üzrə Azərbaycan Respublikası məhkəmələrinin səlahiyyətləri ilə bağlı tələblərə də cavab vermir. Belə ki, MPM-nin 445-ci maddəsinə əsasən xarici şəxslərin iştirakı ilə xüsusi icraat üzrə işlərə Azərbaycan Respublikası məhkəmələri tərəfindən yalnız bu maddədə göstərilən hallarda baxıla bilər. Maddənin tələbinə əsasən barəsində itkin düşmüş hesab edilmə və yaxud ölmüş elan etmə haqqında, məhdud fəaliyyət qabiliyyətli hesab edilmə haqqında, sahibsiz hesab etmə haqqında, itirilmiş hesab edilməsi haqqında və üzərindəki müvafiq hüquqların bərpa edilməsi (çağırış icraatı) haqqında, yanlışlıqların müəyyən edilməsi haqqında və şikayət edilən notarial hərəkətlər (onların edilməsindən imtina) Azərbaycan Respublikasının notariusu və ya digər orqanı tərəfindən edildikdə həmin işlərə Azərbaycan Respublikasının məhkəmələrində baxıla bilər. Göründüyü kimi göstərilən maddədə doğumunun qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı məsələlərə baxılması haqqında işlərə baxılması nəzərdə tutulmamışdır. MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır Odur ki, qeyd edilən tələb məhkəmədə baxılmalı olmadığından MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. MPM-nin 262.3-cü maddəsinə əsasən işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Bu baxımdan məhkəmə qeyd edir ki, ərizəçi hazırki ərizə ilə vətəndaşı olduğu Rusiya Federasiyasının müvafiq məhkəmələrinə müraciət etməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi Sumqayıt şəhər Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində işə cəlb etməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar