Məhkəmə qərarları › İş №2(060)-4328/2020

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4328/2020

20.07.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4328/2020 20.07.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi Məşğulluq İdarəsinin Sumqayıt şəhər Məşğulluq Mərkəzinə qarşı pul tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi Məşğulluq İdarəsinin Sumqayıt şəhər Məşğulluq Mərkəzinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işsiz və imkansız olduğunu bilə-bilə, qəsdən və bilərəkdən 2013-cü ildən bəri aylar və illərlə tələb etməyinə baxmayaraq onu və gənc ailəsini olduqca maddi sıxıntılar içərisində yaşadan Sumqayıt şəhər Məşğulluq Mərkəzinin əməkdaşları tərəfindən yeddi il ərzində onun adına alaraq xərclədiyi pulların hesablanaraq özünə qaytarılması və Sumqayıt şəhər Məşğulluq Mərkəzindən mənəvi ziyana görə 5000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, daxil olmuş işin materiallarını araşdıraraq hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ bölməsinin 14.1 və 14.1.2-ci bəndlərinə əsasən, Azərbaycan Respublikası Əmək və X1 Nazirliyinin Baş Məşğulluq İdarəsi, onun tabeliyində olan rayon, şəhər məşğulluq mərkəzləri, Bakı şəhər məşğulluq idarəsi, Naxçıvan Muxtar Respublikası Baş Məşğulluq İdarəsi inzibati orqanlar hesab edilir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı cavabdehə qarşı iddia qaldıraraq cavabdeh inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyanın tutulmasını xahiş edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı hazırki iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir Qeyd olunmalıdır ki, iş məhkəmədə baxılmalı olmadıqda iddia tələbinin tam və ya qismən yolverilməzliyini nəzərdə tutan bu institut bir sıra mühüm məqsədlərə xidmət edir. Belə ki, məhkəmədə baxılmalı olmayan iddia ərizələrinin yolverilməzliyi və ya artıq icraata qəbul edilmiş işlərə xitam verilməsi faktiki olaraq mübahisəli hüquq münasibətinin hələ yaranmadığı və məhkəmədən kənar baxılmalı olan işlərlə məhkəmələrin lüzumsuz yüklənməsinin qarşısını alır. Bu institut, eyni zamanda, tərəflərin öz aralarında olan mübahisəli məsələləri həll etmək üçün malik olduqları daha geniş imkanlardan səmərəli istifadə etməsinə şərait yaradır. Belə olan halda məhkəmə hesab edir ki, ərizənin qəbul olunmasından imtina olunmalı və məhkəməyə təqdim olunmuş bütün sənədlər rəsmi qaydada ərizəçiyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin149, 150, 152, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi Məşğulluq İdarəsinin Sumqayıt şəhər Məşğulluq Mərkəzinə qarşı pul tələbinə dair ərizəsinə baxılmasından imtina edilsin və ərizəyə əlavə olunmuş bütün sənədlər rəsmi qaydada ərizəçiyə təqdim olunsun . Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətinə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıvediyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar